2023-cü ilin nəsr mənzərəsi
2023-cü
ilin nəsr mənzərəsinə həsr etdiyimiz bu
yazıda əsas məqsəd ilin ədəbi mənzərəsində
əks olunan aparıcı tendensiyaları müəyyənləşdirməkdir.
İlin
ədəbi mənzərəsində həm janr eksperimentləri,
həm yazıçılar tərəfindən əvvəlki
əsərlərin tam fərqli, yeni variantda təqdimi, həm
də əvvəlki ildə dərc olunan əsərlərin ədəbi
prosesdə öz mövqeyini, aktuallığını
saxlaması müşahidə olunur. Lakin məruzədə
əsas diqqət yetirdiyimiz məqam Qarabağ və Zəfər
mövzusunun bədii mətndə reallaşma tendensiyaları
və həmin bədii əsərlərin ədəbi prosesdə
mövqeyi məsələsidir. Məruzədə məhz
ədəbiyyatımızın qarşısında duran əsas
vəzifənin - 44 günlük Vətən müharibəsinin
və Zəfərin bədii obrazının yaradılması
kimi mühüm ideoloji məqamın hansı səviyyədə,
hansı janrlar kontekstində və hansı baxış
bucağından reallaşdırılmasına dair fikir
formalaşdırılmasına imkan yaradan bədii faktlar
xüsusi vurğulanır.
2023-cü
ilin nəsr mənzərəsində hekayə janrı ənənəvi
olaraq say üstünlüyü ilə diqqəti cəlb edir.
Mütəhərrik və lakonik olduğuna görə
"Ədəbiyyat qəzeti", "Azərbaycan" və
"Ulduz" jurnalları, "Kredo", "525-ci qəzet",
"Türküstan", "Ədalət", "Azad Azərbaycan",
"Xalq qəzeti" kimi ədəbi və qeyri-ədəbi
mətbu orqanlar hekayə janrına həvəslə yer verirlər.
İl ərzində hekayə janrı ilə bağlı həyata
keçirilən layihələr - "Ədibin Evi" tərəfindən
elan edilən Mir Cəlal adına hekayə
müsabiqəsi, "Ulduz" jurnalının "Yeni nəsil:
nəsr" özəl sayı və kulis.az saytının həyata
keçirdiyi hekayə müzakirələri janrın
inkişafını izləmək, yeni imzaların kəşfi
baxımından xüsusi qeyd edilməlidir. Bu
layihələr janra marağı artırmaqla yanaşı ədəbi
prosesdə müəyyən aktivliyə də səbəb
olması ilə yadda qaldı. Ədəbi cameəmizdə
və müasir ədəbi prosesdə özünəməxsus
yeri olan "Ulduz" jurnalının 2023-cü ilin iyun
nömrəsi "Yeni nəsil: nəsr" sayı barədə
özəl danışmaq istərdik. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə
ortaq layihə çərçivəsində ərsəyə
gələn bu buraxılış "Yeni nəsil: proza"
devizi ilə təqdim edilib. Jurnalın baş
redaktoru Qulu Ağsəs ədəbi prosesimiz üçün
unikal bir addıma imza ataraq jurnalın bu nömrəsinin tərtibini
gənc imzalardan olan Furqana həvalə edib. Furqanın təqdim
etdiyi "Ulduz"un səhifələrində yeni nəsil
imzalardan Orxan Saffarinin, Təvəkkül Boysunarın, Orxan
Cuvarlının, Sərdar Aminin, Nihat Pirin, Həmid Piriyevin,
Orxan Həsəninin, Rəvan Cavidin, Nadir Yalçının,
eləcə də Furqanın özünün hekayələri
işıq üzü görüb. Bu hekayələr
içində Qarabağ, müharibə, hərb mövzusuna
birbaşa yaxud mətnaltı işarə edən iki hekayəni
xüsusi qeyd etmək istərdik. Belə
hekayələrdən biri olan, Orxan Cuvarlının
"Güzgü" hekayəsində baş qəhrəman və
nəqledici güzgüdür. Obraz olaraq məhz
divar güzgüsünün seçilməsi də təsdüfi
deyil. Çünki kiçik əl güzgüsü
yalnız bir şəxsin mübhəm duyğularına tərcüman
ola bilərdi. Əvvəlcə
hamama vurulan güzgü bir ailənin həyatına,
cızılıb binanın giriş qapısına vurulduqdan
sonra isə bütöv bir məhəllənin həyatına
şahidlik edir. Güzgünün bina
girişindəki həyatında gördükləri daha
maraqlı və rəngarəngdir. Xüsusilə
sərxoşla görüş, onun cibindən
çıxardığı, güzgüdə əks olunan
"1993 may Ağdərə" imzalı üç gənc
əsgərin fotosu və cəbhədə kontuziya alıb
havalanan istedadlı cərrahla bağlı hekayət bu
gündən dünənə, ağrılarımıza, itkilərimizə
baxışı əks etdirir. "Dünya
bir pəncərədir, hər gələn baxar gedər"
ifadəsini Orxan Cuvarlı dəyişərək dünyaya
güzgüdən baxır, çünki pəncərə
yalnız dünyanı göstərir, güzgü isə həm
dünyanı, həm də ona baxan insanı əks etdirir.
Orxan Həsəninin "Çiy balıq"
hekayəsi hərbi hissədəki əsgər həyatına
həsr edilib. Gürzə ilə savaş
və əsgərin yoldaşına ad günündə
qadağanı pozaraq telefon tapıb mahnı hədiyyə etməsi
kimi detallar müharibədən kənar mühitdə hərbçi
həyatının təsviri mövzusunda uğurlu bir hekayənin
meydana çıxmasına rəvac verib. Jurnalda
toplanan hekayələr həm stilistika, həm də mövzu
baxımından fərqli olduğundan çağdaş ədəbiyyatımızda
hekayə janrının təzahürü haqqında ümumi
fikir yürütməyə, janrın bu günü
haqqında söz söyləməyə imkan verir. Müəlliflərin jurnala təqdim etdikləri
hekayələrin polifonikliyi janrın ədəbiyyatımızda
klassik ənənələri qorumaqla yeni inkişaf meyilləri
ilə zənginləşdiyindən xəbər verir.
Bəhs edilən ilin ədəbi prosesində hekayə
silsilələri də diqqəti cəlb edir. Novruz Nəcəfoğlunun
"Kişilərin ömür yolu" silsiləsindən
olan hekayələrinin "525-ci qəzet də, Alpay Azərin
"Yaddaş eskizləri" silsiləsindən olan hekayələrinin
"Ədəbiyyat qəzeti"ndə yayımlanması
oxucu marağına və nəsrin izlənmə
motivasiyasının artmasına səbəb olmuşdur.
İlin hekayə hesabatında görünən əsas
imzalar: Anar, Elçin, Kamal Abdulla, Əlisəfa Azayev, Pərviz
Cəbrayıl, İlham Əziz, Vaqif İsaqoğlu, Nərmin
Kamal , Azər Qismət, Qərib Mehdi, İlqar Rəsul , Hədiyyə
Şəfaqət, Sərdar Amin, Malik Atilay, Nurlana
İşıq, Nüşabə Əsəd Məmmədli,
Günel Natiq, Pərviz Seyidli , Təvəkkül Boysunar, Saday
Budaqlı , Vüsal Nuru, Nihat
Pir, Vaqif Sultanlı, Mübariz Cəfərli, Qəşəm
Nəcəfzadə, Həmid Piriyev,
Ulucay Akif , Sərdar Amin, Ayxan Ayvaz, Alpay Azər,Vidadi Babanlı, Nərmin
Kamal, Çinarə Ömray, Şərif Ağayar, Kənan
Hacı, Aytac Sahəd, Mirmehdi Ağaoğlu, Qan Turalı,
Zemfira Məhərrəmli, Mübariz Örən,Varis,
Nüşabə Əsəd Məmmədli, İlqar Rəsul,
Turan Uğur, İradə Aytel, Oğuz Ayvaz, Samirə
Əşrəf, Emin Piri, Əli Çağla (Təbrizdən!),
Aysel Fikrət, Vahid Məhərrəmov, Səma Muğanna, Təranə
Vahid. Bu hekayə bolluğu içində Anarın
""Balaca Fuad"ın son xahişi", Elçinin
"Salyerinin son günü: (Birpərdəli hekayə)",
Kamal Abdullanın "Bir yas mərasiminin yeddinci
günü", Ulucay Akifin "Pul axtaranlar", Çinarə
Nüsrətlinin "Dərs", Mübariz Örənin
"Dəli Əjdər", Aysel Fikrətin "Kaktus
çiçəyi", Şərif Ağayarın
"Arıların səssizliyi", Orxan Cuvarlının
"Kərəm haqlı idi" əsərləri ilin nəsr
mənzərəsində seçilə və janra yeni
baxış gətirə bilir.
Xalq yazıçısı Anarın neorealist hekayəsi
olan "Kəbirlinskinin son etirafı" 2023-cü ilin ədəbi
gündəmində rezonans doğurması ilə yadda
qaldı. Belə görünür ki, Anar 1968-ci ildə
tamamladığı "Dantenin yubileyi" əsərindəki
bəzi məqamlarla 2023-cü ildə "Kəbirlinskinin son
etirafı" hekayəsinin yazılması üçün zəmin
hazırlayəb. "Kəbirlinskinin son
etirafı" hekayəsi Həcərin Feyzullanı xəstəxanada
ziyarəti ilə başlayır. Bu dəfə
yazıçı "Dantenin yubileyi" əsərinin əvvəlindəki
deyingən Həcəri yox, əsərin sonundakı Feyzullaya
rəhmli davranan, onu anlayan Həcəri oxucuya təqdim edir.
Deməli, Anarın Dantenin yubileyində əsas
inkişaf etdirdiyi, transformasiaya uğratdığı
obrazlardan biri də məhz Həcərdir. Ölüm yatağında olan Kəbirlinski də dəyişib,
artıq əvvəllki kimi sadəlövh deyil, Həcərin
onu ovutduğunu, sağalıb ayağa
qalxmayacağını, əslində teatrdan heç kimin onu
axtarmadığını yaxşı bilir. Amma ilk dəfə Həcərin sözlərinə
inandığını göstərərək sonuncu rolunu
mükəmməl ifa edir. Fikrimizcə, 2021-ci ildə dərc
olunmuş hekayəsini "Təhminənin son sirri",
2023-cü ildə dərc olunmuş hekayəsini isə "Kəbirlinskinin
son etirafı" adlandıran yazıçı bununla illər
öncə başladığı süjetlərin son
akkordlarını vurmaqla yanaşı, həm də oxucuya məlum
obrazın yeni qatlarını, aspektlərini açır, həmin
obrazların alternativ, transformativ variantını məhz
müstəqillik dövrünün yazıçısı
Anar olaraq təqdim edir. Anarın "Balaca Fuadın son
xahişi" hekayəsi isə "Macal" və
"Gürcü familiyası" əsərlərinin dekonstruktiv-sinkretik
bədii həllinə əsaslanan neorealitik hekayədir. Bu hekayəsində də Anar yeni yaradıcı
istiqamətinə uyğun olaraq oxuculara məlum əsərinin
qəhrəmanlarını əvvəlki əsərə nisbətdə
alternativ seçimlərinin nəticəsində
yaşadıqları həyat kontekstində təqdim edir.
Aysel Fikrətin "Kaktus çiçəyi" hekayəsi
lakonik olsa da, məğz baxımından böyükdür. Hekayə ailə
quran bir qadının öz ata evindən ayrılması kimi
sıradan, amma əslində sıradan olmayan bir hadisənin
fonunda insanın həyatı və bu həyat yolunda seçim
imkanlarının, seçim cəsarətinin
oynadığı roldan söz açır. Müəllif kaktus çiçəyini ata evindən
ayrılan qadınların təhtəlşüurundakı
doğma ocaq həsrətinin simvolu kimi təqdim edir.
Ulucay Akifin "Pul axtaranlar" hekayəsində
retrospeksiya, müəllif təhkiyəsi önə
çıxsa da əsas diqqətçəkən məqam
müəllifin nəqletmədə təfərrüatlara
varma meyli və məhz xatirə-detallar vasitəsilə məğzi
açma cəhdidir.
Çinarə
Nüsrətlinin "Dərs" hekayəsində atası
aprel döyüşlərində həlak olmuş şagirdin
- Azərbaycanın Milli Qəhrəmanının oğlu
Muradın obrazı vasitəsilə müharibə, müharibə
yaraları, arxa cəbhə, ata-oğul, müəllim-şagird,
insan-insan konteksti önə çəkilir.
Esselər və felyetonlar. İlin esse mənzərəsində
Elçin, Kamal Abdulla, Yunus Oğuz, Rəşad Məcid, Qulu
Ağsəs, Nargis, Rəvan Cavid, Şahanə Müşfiq,
Aytac Sahəd, Mehman Qaraxanoğlu, Rüstəm Kamal, Türkan
Turan imzaları oxucuya janrın estetikasından tam zövq alma
imkanı verir. Esse janrı sahəsində
yaddaqalan məqam Yunus Oğuzun esselərin "Mən
Şuşada yazıram", felyetonların isə "Deyirəm
oyan, gözünü aç, ayağa dur! İstəmir" başlığı ilə
oxuculara təqdim edildiyi "Felyetonlar və esselər"
toplusunun çapı və Rəşad Məcidin "Qələmsiz
yazılanlar: status-esselər" silsiləsinin yeni
çalarlarla davam etməsi oldu.
2023-cü ildə felyeton janrı da öz
yaşamını sürdürməkdə davam etdi. Felyeton
janrında 2023-cü ildə sözünü deyən əsas
imzalar Yunus Oğuz, Elçin Bayramlı və Mətanət Məmmədova
oldu. Elçin Bayramlının "Hər gün yalan
danışın", Mətanət Məmmədovanın
"Bank-bank...", "Maşallah", "Mədəniyyət
küləyi", "Pul yığmaq məsələsi",
"Saqqız", "Tərzi-dəb", "Bizə həkim
lazımdır...", Yunus Oğuzun "Əsəbləşmə...düzələr...", "Hə...necədir, səninçün?: Ziqzaqlar silsiləsindən"
felyetonları janrı yaşadır.
Roman və povestlər. 2023-cü ildə dərc
olunan povestlər sırasında Xalq yazıçısı
Anarın "Azərbaycan" jurnalının 9-cu nömrəsində
dərc olunan "Əcəl" povesti öz özəlliyi
ilə seçilir. Belə ki, Anar neorealizm cərəyanı
kontekstində "Qırmızı limuzin" hekayəsinin və
"Təqib" ssenarisinin əsasında qələmə
aldığı bu əsərdə qeyd edilən mətnlərin
süjet və motivləri üzərindən, istinad
texnikası ilə tam yeni bir əsər təqdim edir və
yeni mesajlar verir.
Qarabağ və Zəfər mövzusu povest janrında
da aktualdır.
Rəfiqə Sadıqovanın "Talesizlər
şəhəri" povestində 44 günlük Vətən
müharibəsində qazanılmış böyük Zəfər
və Qarabağdakı quruculuq işlərindən bəhs
edilir. Aqşin Hacızadənin "Göyçədən
başlanan şəhidlik yolu" povesti isə Birinci
Qarabağ müharibəsinə, "Babək 44" taborunun kəşfiyyatçısı
və rabitəçisi, şəhid Mehdi Əmirxan oğlu Məhərrəmova
həsr edilmişdir.
İlin povest janrında xatirə, ithaf tendensiyası
aktualdır.
Bu məqam Aqil Abbasın Abdal-Gülablı Şakirin xatirəsinə
həsr etdiyi "Çay qırağında bitib, susuz qalan
ağacların sağlığına...", Azad Qaradərəlinin
İkinci Qarabağ müharibəsinin yeganə qadın şəhidi
Arəstə Baxışovanın xatirəsinə həsr
etdiyi "Sevgilim Vətən" povestlərində
özünün qabarıq ifadəsini tapıb.
2023-cü
ildə roman janrı Mübariz Cəfərlinin "Möhlət",
Kənan Hacının "Dünyanın damı", Hidayətin
"Burdan min atlı keçdi", Elçin Hüseynbəylinin
"Pərixan", Mübariz Cəfərlinin "Zirvə",
Hüseynbala Mirələmovun "Ənvər Paşa", Hədiyyə
Şəfaqətin "Uzaq adamlar", Orxan Həsəninin
"Və dalğalandı yaddaş tarlası", Nərmin
Abdullayevanın "Yad adam", Xəyal Hüseynovun
"Paralel sevgi", Rüfət İsgəndərzadənin
"Əks-dejavü", Ayaz İmranoğlunun "Gizli
qapı", Tahir Əlinin (Əlizadə)
"Mişoppa", Nicat Məmmədovun "Əlifba
sırası ilə", Natəvan Dəmirçioğlunun
"Açar", Fəxrəddin Qasımoğlunun
"İkibaşlı əjdaha" , Arif Alimin "Tülək",
Rasim Qaracanın "Zülmətdə alatoran", Vahid Məmmədlinin
"Leyli və Məcnun", Əlisəfa Azayevin
"Qarlı zirvə", Vüsal Nurunun "Çəhrayı
buludun adamları", Günel Natiqin "Kişilərə
dur deyin", Müşfiq Abbasovun "Şeytanın
siması" əsərləri ilə təmsil olunur.
Elçin
Hüseynbəylinin "Pərixan" romanında Şah
İsmayılın nəvəsi, I Təhmasibin qızı,
naibüssəltənə Pərixan obrazı əsərin mərkəz
sütunu olsa da, yazıçı bu obraz vasitəsilə Səfəvi
xənadanın başlanğıcı, I Təhmasib, I Şah
Abbas dövrünün bədii xronikal təsvirini verməyə,
mövzunu janrın imkanları çərçivəsində
reallaşdırmağa nail olmuşdur. Qeyd etmək
lazımdır ki, əsərin sonluğundakı qeyri-müəyyənlik,
cəzbedici təsvirlər, obrazın tarixi kontekstinə bir qədər
avanqard yanaşma oxucunu mətnə cəlb edir. Mübariz Cəfərlinin "Möhlət"
romanı isə müəllifin magik realizm xəttinə
sadiqliyini təsdiqləyir. Adəm, Həvva, Xaliq
obrazlarının adlarının simvolikası isə sadə
insan kontekstindən dini arxetip səviyyəsinə qədər
yüksəldildiyi əsərin əsas mesajı Xaliqin Adəmə
vəsiyyətidir: "Adəm səbrli, təmkinli olsa
özünə qalib gələcək".
Dedektiv romanlar müəllifi Əlisəfa Azayevin
"Qarlı zirvə" romanı Ümummilli lider Heydər
Əliyevin həyat yoluna həsr edilmişdir. Romanda ulu
öndərin ömrünün və siyasi fəalliyyətinin
Moskva, Naxçıvan, Bakı dönəmləri, Heydər
Əliyevə xalq sevgisi, dövlətçilik tariximizin
çətin və şanlı tarixi
işıqlandırılır.
Rusdilli azərbaycanlı yazıçı Tahir
Əlinin (Əlizadə) "Azərbaycan" jurnalında
çap olunmuş "Mişoppa" romanı da 2023-cü
ilin ədəbi kontekstinə daxil olmuşdur. Bu roman magik
realizm cərəyanının ədəbiyyatımızda fərqli
ampulada realizə olunması ilə yadda qaldı.
2023-cü ildə roman janrına avanqard - ekperimental
yanaşmanı Nicat Məmmədovun "Əlifba sırası
ilə" avtofikşn romanı təmsil edir. Rüstəm
Kamalın "Yurd yerindən yuxular" əsəri də
avtofikşn janrına professional yanaşma ilə yadda
qaldı.
İlin
roman kontekstində ən maraqlı və əks-sədalı
nəsr əsərlərindən biri Vüsal Nurunun qələminə
məxsus, "Əsərdəki obrazlar uydurmadır, amma kim istəsə özünə, dostuna bənzədə
bilər" epiqraflı "Çəhrayı buludun
adamları" kuryoz-fentezi romanı oldu.
Günel
Natiqin "Kişilərə dur deyin" romanında Qaradivar
şəhəri fantastik toposunda baş verənlər
kontekstində feminist çalarlar qabarıq görünsə
də əslində əsərdə əsas olan ümumiyyətlə
gender mesajlarıdır.
Firuz Mustafanın 2023-cü ildə dərc olunan
"Qapı" romanı 80-ci illərdə yazılıb,
lakin nə o zaman, nə də 90-cı illərdə nəşr
edilməyib.
Roman ilk dəfə bu il ədəbi prosesə
tam şəkildə təqdim edilmişdir. Firuz
Mustafanın "Qapı" romanı repressiya mövzsusunun
tam fərqli rakursdan işləndiyi əsər kimi diqqəti
cəlb edir.
2023-cü ildə roman janrında izlənən əsas
tendensiya Qarabağ, Vətən müharibəsi, Zəfərlə
bağlı mövzuların bu böyük nəsr janrında
həllinə edilən cəhdlərdir. Maraqlıdır
ki, bu cəhdlər müxtəlif kontekstlərdə - mifik,
realist, detektiv kontekstlərdə
reallaşdırılmışdır. Məsələn
Fəxrəddin Qasımoğlunun "İkibaşlı əjdaha"
romanı Vətən müharibəsi mövzusunu fərqli
kontekstdə - Bakıya terror törətmək məqsədilə
göndərilən "Koramal"ın ələ
keçirilməsi dedektiv süjeti vasitəsilə təqdim
edir.Yazıçı-hüquqşünas Əlisəfa
Azayevin "Mübariz cəsurluğu" romanı da dedektiv
romanlar müəllifinin mövzuya fərqli yanaşmaları
ilə yadda qalır. Arif Alimin "Tülək"
əsəri isə Qarabağ müharibəsinin arxa cəbhəsinə
həsr edilib. Romanda savaş zamanında
yaşayan insanın həyatı, ağrı-acıları,
döyüşçü taleyi kimi məqamlar
işıqlandırılır. S.Qarayevin
"N saylı qəhrəmanlıq" romanının əsasını
elmlə bədii ədəbiyyatın sintezini özündə
ehtiva edən akademizm cərəyanı təşkil edir və
Vətən müharibəsini fərqli kontekstdə tərənnüm
edən bu romanın tədqiqi akademizm cərəyanının
ədəbiyyatımızda təzahür xüsusiyyətlərinin
müəyyənləşdirilməsi baxımından
böyük əhəmiyyət kəsb edir.
Bir
sıra hallarda 2022-ci ilin sonunda çap olunan romanlar 2022-ci ildən
daha çox 2023-cü ilin ədəbi proses mənzərəsində
görünür. Növbəti ilin ədəbi
prosesində mövqeyini saxlayan romanlar təkrar nəşr və
təqdim olunur. Buna misal olaraq 2023-cü ilin 14 sentyabrında
Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evində
yazıçı-publisist Yunus Oğuzun
"Cığır" tarixi romanının
qeyri-hökümət təşkilatının təşəbbüsü
və dəstəyi ilə təkrar nəşrinin təqdimatı
və general-mayor şəhid Polad Həşimovun ailə
üzvləri ilə görüşünün keçirilməsini
qeyd edə bilərik. 44 günlük Vətən
müharibəsinin və Zəfərin bədii salnaməsi
olan "Cığır" romanı ölkə xaricində
də böyük maraqla qarşılanmış və
2023-cü ildə özbək dilində nəşr
edilmişdir. Daşkənddəki Azərbaycan
Mədəniyyət Mərkəzinin təşəbbüsü
ilə çap edilən kitabı orijinaldan özbək dilinə
dosent Gülbahar Aşurova çevirib.
2024-cü ilin ədəbi prosesinin ilkin konturları. Ədəbi proses
müşavirəsinin təqdim olunduğu zaman 2024-cü ilin
ilk yarısına təsadüf etdiyi üçün
artıq növbəti, yaranmaqda olan ədəbi gündəm
haqqında da söz demək mümkündür. 2024-cü
ilin yarımillik ədəbi gündəmində görünən
irihəcmli nəsr nümunələri - Əfşan
Yusifqızının "Bədirlənmiş ay"
romanı, Əli Rzazadənin "Cənab Leytenant"
romanı və digər nəsr nümunələri növbəti
ilin də nəsr mənzərəsində Qarabağın
tarixi, Vətən müharibəsi, Zəfər ilə
bağlı əsərlərin üstünlük təşkil
edəcəyindən xəbər verir.
Elnarə Qaragözova
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 13 iyul,
¹26.- S.8-9.