2023-cü il Azərbaycan
dramaturgiyası müasir ədəbi tendensiyalar kontekstində
2020-ci
illər nəinki Azərbaycan, ümumilikdə dünya
dramaturgiyasında dəyişikliklərlə yadda qaldı. İstər postpandemiya
dövrü, istərsə də son texnoloji yeniliklər
dramın mahiyyətində və dram növünə tələbatda
köklü dəyişikliklərə gətirib
çıxartdı: həyatın gedişi, hadisələrin
sürətli olaraq bir-birini əvəz etməsi baş verənlərin
uzunmüddətli yaddaşda qalmasına imkan vermir,
qısamüddətli yaddaş isə daha çevik,
birbaşa informasiya ötürən formalar tələb edir.
Müasir dünyada hadisələrin, ideyaların
çatdırılması və dərki alternativ üsullarla
gedir: internetin bəşəriyyətə
açdığı imkanlar baş verənlərin daha sürətli
çatdırılmasına və anında reaksiya verilməsinə
şərait yaradır. Bir-birini sürətlə
əvəzləyən informasiya seli, yeni ideyalar axını
qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa
keçməyə imkan tapmayaraq sanki qeyb olurlar. Düşünürük, məhz bu səbəbdən
hadisə və situasiyaların uzunmüddətli yaddaşda
qalaraq bədii dərkinin mümkünsüzlüyü klassik
anlamda qəbul etdiyimiz dram əsərlərinin meydana
çıxmasına şərait yaratmır. Və bu
hal təkcə bizdə yox, o cümlədən dünya
dramaturgiyasında da
müşahidə edilir. Bəs bu əvəzlənmə
hansı istiqamət üzrə gedir? Hansı
tendensiya klassik və müasir dram nümunələrinin yerini
tutmağa daha iddialıdır? Bu suala cavab
vermədən öncə hal-hazırda dram nümunələrinin,
daha dəqiq ifadə etsək pyeslərin məzmun və
funksiyasına nəzər salmaq lazımdır. Amma ilk öncə günümüzdə daha
çox işlənən pyes təyininin işləkliyinə
də diqqəti cəlb etmək istərdim. Çünki müasir mətnlərdə pyes təyini
demək olar ki, digər təyinləri
sıxışdırıb çıxarmış, dramın
janrlar üzrə bölgüsü müəyyən qədər
aradan götürülmüşdür. Aydın
Talıbzadənin də ifadə etdiyi kimi, "oyun
yazarları əksərən janr definisiyalarından
qaçıb, sanki onlara etiraz edib öz bədii mətnlərini,
sadəcə "pyes" adlandırmaqla, əsərlərini
janrsız-filansız tanıtmaqla kifayətlənirlər".
Müasir
ədəbi prosesdə dramın mövqeyinə nəzər
yetirdikdə əsas qırmızı xətt kimi keçən
məqam dramın mahiyyətində və funksiyasında
baş verən dəyişiklikdir: belə ki, ümumi mənzərəyə
nəzər yetirdikdə görə bilərik ki, artıq ali ideyalar yox, konkret istiqamətli layihələr
aktualdır. Xüsusilə sinkretik növ olan
dramaturgiya bir neçə sənət istiqamətinin elementlərini
özündə ehtiva etdiyindən, sanki ədəbi
materialın arxa planda olduğu, daha çox performativ, hər
hansı layihənin tərkib hissəsi kimi ortaya
çıxan dram nümunələrinin sayı artır.
Məlumdur ki, dram əsəri səhnədə
oynanılmaq üçün yazılır və dram mətnlərinin
funksiyasının dəyişməsi tamamilə fərqli
tendensiyaların meydana çıxmasına gətirib
çıxarır.
Son illərdə dünya səhnəsində
müşahidə edilən immersiv və interaktiv teatr, rəqəmsal
və hibrid teatr, inklüziv teatr, sosial teatr, xüsusi
yönümlü və açıq hava teatrı, disiplinlərarası
və əməkdaşlıq teatrı kimi istiqamətlər
dramın funksiyasını daha çox sosial istiqamətə
yönəldir. Obrazlar teatrından göstəri
(performans) teatrına qədər yol keçmiş dramaturgiya
klassik dram nümunələrinə alternativ sosial-psixoloji təlqin
performansı ortaya qoyur.
2023-cü
il Azərbaycan dramaturgiyası
üçün bir neçə cəhətdən əlamətdar
oldu. Azərbaycan milli teatrının yaranmasının 150
illik yubileyinin qeyd edilməsi, "Azərbaycan dili və ədəbiyyatı"
forumunun, "Azərbaycan teatrı - 150: inkişaf perspektivləri"
adlı teatr forumunun keçirilməsi, bir sıra beynəlxalq
layihələrlə əməkdaşlıq və müasir
dünya dramaturgiyasında gedən ən son proseslərin izlənməsi
baxımından təşkil edilən layihələr öncəki
illərdə müşahidə edilən durğunluğa
canlılıq gətirə bildi.
25 dekabr
2023-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi, Teatr Xadimləri İttifaqı və Dövlət
Teatr Muzeyinin təşkilatçılığı ilə Azərbaycan milli professional
teatrının 150 illik yubileyinə həsr olunmuş "Azərbaycan
teatrı - 150 - üç əsrdən keçən
teatr" mövzusunda elmi-praktik konfransda Əli Əmirlinin
"Yeni dram, yeni dramaturgiya" adlı məruzəsi bir
sıra məsələləri aktuallaşdırdı. "Yeni dram" təyininin
arxasında duran meyillərin sosial-psixoloji köklərə
malik olduğunu söyləyən müəllif "həyat
həqiqətlərinin bədii həqiqətləri üstələdiyi"
ssenarilərin məşhurluğunu günümüzün
reallığına bağlayır. Həqiqətən
də, oxucu, tamaşaçı pyesdən və ya
tamaşadan artıq bədii həqiqət yox, sadəcə
alternativ reallıq gözləyir. Bu
alternativ reallıq maksimum çılpaq, hətta absurd, qrotesk
şəkildə də təqdim edilə bilər. Yeni məzmun yeni forma tələb etdiyi kimi, yeni tipli
pyeslər də daim yeni təqdimat formaları
axtarışında olur. Bu baxımdan son
illərdə dram əsərlərinin ilk olaraq klassik səhnə
quruluşu əvəzinə vörkşoplarda -
yaradıcılıq emalatxanalarında təqdimi gerçəkləşməkdədir.
2023-cü ilin 6 iyun - 4 iyul tarixlərində rusdilli
dramaturqların pyeslərini üzə çıxaran müstəqil
dramaturgiya festivalı olan Lübimovkanın
"Lübimovkanın əks-sədası Bakıda"
adlı bölümü (Bakı Marionet Teatrı, Teatro.az sənət
portalı və Katalizator art-habın dəstəyi baş
tutan festival) müasir dünya dramaturgiyası nümayəndələrinin
və yerli müəlliflərin pyeslərinin oxunuşu həyata
keçirməklə prosesi müəyyən qədər
canlandırdı. Dünyada baş verən yeni tendensiyalardan xəbər
tutmaq və bizim bu prosesdə hansı nöqtədə
olduğumuzu müəyyənləşdirmək
üçün oxu günlərinin xüsusi əhəmiyyəti
var. Həmçinin, "Azərbaycanda müasir dramaturgiya: o
haradadır?" adlı panel müzakirədə, Tərlan Rəsulovun
"Postdramatik teatr kontekstində dramaturqun rolu" adlı
ustad dərsində səslənən fikirlər müasir
dramaturgiyanın mövcud vəziyyəti, yeni dramın mahiyyəti
və dramaturqlar və teatr arasında əlaqələr məsələlərinə
aydınlıq gətirməyə çalışdı.
Britaniya
Şurasının (British Council) Kreativ Prodüserlər
Proqramı layihəsi çərçivəsində
Elçin Cəfərov tərəfindən 2023-cü ildə
təqdim edilən "KATALİZATOR ArtHub" layihəsi də
yeni dramaturji tendensiyaların ölkəmizdə
tanıdılması baxımından bir sıra layihələr
həyata keçirtmiş, "Lübimovkanın əks-sədası
Bakıda" və "CHARACTERS" Müasir Dramaturgiya
Festivalının tərəfdaşı kimi fəaliyyət
göstərmişdir. Onu da xatırladaq ki, 2023-cü ilin
sonunda CHARACTERS Müasir Dramaturgiya Festivalı çərçivəsində
pyes müsabiqəsi elan edilib, bu il ərzində
pyes oxunuşları baş tutub və qaliblər müəyyənləşdirilib.
Son illər
dramaturgiyanın əsas mövzuları arasında Qarabağ
müharibəsi və
zəfər tarixi mövzusu da aktualdır. Mədəniyyət
Nazirliyinin təşkil etdiyi İkinci Qarabağ müharibəsində
qazanılan zəfərə həsr olunan ədəbi
müsabiqədə Sevinc Elsevər "Çiçək məktublar" pyesi ilə
birinci yeri tutmuşdur.
Dram əsərləri daim lirik, epik növdə
yazılan mətnlərə nisbətən azsaylı
olması ilə seçilib. layihələr,
forumlar çərçivəsində yeni dram, müasir
dramaturq kimliyi, yeni dramaturji dilə dair maraqlı
çıxışlar və fikirlər səslənsə də,
nəzəri olaraq səslənən müddəaların tətbiqinə
dair nümunələrin ortaya qoyulması baxımından
2023-cü ili məhsuldar hesab etmək olmur.
2023-cü
il ərzində mətbu orqanlarda
yayımlanmış pyeslərin kəmiyyəti o qədər
də çox deyil. "Azərbaycan" jurnalının
xüsusi buraxılışı olan 10-cu sayı Azərbaycan
teatrının 150 illiyinə həsr edilib və jurnalda əvvəlki
illərə aid bir sıra pyeslər - Əli Əmirlinin
"Siz teatrı sevirsinizmi?", Hidayətin "Burdan min
atlı keçdi", Firuz Mustafanın
"Üçüncü sahil və yaxud "Sonuncu
instansiya" pyesləri, Ülviyyə Heydərovanın
"İnanıram" monopyesi yer alıb. Xüsusi
buraxılışda, həmçinin, Türkiyəli yazar
Tuncər Cücənoğlunun "Qadın
sığınacağı", rumın dramaturqu Vasile
Aleksandrinin "Qızıl pulun macəraları" pyesləri tərcümə edilərək dərc
edilmişdir.
Elçinin
"Azərbaycan" jurnalının 2023-cü ilin 5-ci
sayında dərc edilmiş "Beşyüzüncü tamaşa, yaxud
güzgünü sevməyən qız" pyesi kifayət qədər
maraqlı süjeti ilə diqqəti çəkir. "Otello" faciəsinin 500-cü tamaşası ətrafında
baş verən hadisələr Şekspirin faciəsinə yeni
alternativ final təklif edir. İllərdir səhnədə
qoyulan ssenariyə uyğun olaraq hiyləyə aldanıb
Dezdemonanı boğan və həyatına
qəsd edən Otello qəfil məlum hadisələrin
gedişatını pozur, personajın sözləri ilə
ifadə etsək əsrlərdən bəri davam edən
"tilsimi qırır". Otellonun öz
daxilindəki yırtıcılığa, şərə
qalib gəlməsi, rolu ifa edən aktyor Qəmərlinin də
mənəvi cəhətdən saflaşmasına, həyata
başqa rakursdan baxmağına səbəb olur.
Mövcud
mətnlərə alternativ süjetlər təqdim etmək və
ya mövcud mətnlərin davamını yazmaq nəzəri cəhətdən
intertekstuallığa meydan verirsə, digər tərəfdən
sosial-psixoloji məqamlardan qaynaqlanır: oxucunun, yaxud
tamaşaçının diqqətini çəkmək,
informasiya selində itib batmış oxucuda nostalji duyğular
oyadaraq marağını mətnə yönəltmək də
dövrümüzdə ədəbi priyom ola
bilir. Aydın Talıbzadənin eyni nömrədə ("Azərbaycan"
jurnalı, 2023, N5) dərc olunan "Bir də buralara gəlmə"
pyesi də oxucuya mövcud tanış mətnə
müraciət etmə məcburiyyəti yaradır. Pyes
Rüstəm İbrahibəyovun "Ölsəm,
bağışla" film ssenarisinin ardı kimi qələmə
alınıb və Gülzarın Yusifin ölümündən
sonrakı həyatından bəhs edir. Monopyes
şəklində Gülzarın dilindən nağıl edilən
bu sikvel həm də ilkin mətn müəlliflərini tez-tez
xatırladır, Gülzar başına gələn hadisələrdə
dəfələrlə ssenari müəllifini (Rüstəm
İbrahimbəyovu) qınayır. Gülzarın
dilindən səslənən "Rüstəm belə
yazmışdı. Allah Rüstəmin əliylə
belə yazmışdı. Mən neyləyə bilərdim"
deməsi də personajın öz yaradıcısının -
müəllifin çəkdiyi çərçivələrə
işarə edirsə, Yusifin ölümündən sonrakı
həyatı barədə danışarkən "Bundan o
yanasını Rüstəm daha yazmamışdı: Rüstəm
də, Rasim də gecənin içində özgə şəhərdə
məni tək-tənha buraxıb əkilmişdilər"
ifadəsi personajın müəlliflərə
etirazıdır. Məhz bu etiraz ruhu "Bir də
buralara gəlmə" pyesinin yaranmasını şərtləndirir.
Bu tendensiya 2022-ci ilin ədəbi faktı olan Kamal
Abdullanın "Gülçöhrə xanım və
Əsgər ağa" telefilm ssenarisində də
müşahidə edilir. Üzeyir Hacıbəylinin "Arşın mal alan" komediyasının davamı kimi
yazılan telefilm ssenarisi Əsgər ağa və
Gülçöhrənin Bakının bolşevik
işğalından sonrakı həyatını əks
etdirir.
Dramaturgiyamızda geniş yayılmış hallardan biri
də dram əsərlərində portret yaradılmasına cəhddir. Tağilə
Mehdiyevanın Həsənağa Turabovun 85 illik yubileyinə həsr
edilmiş "Altımış dörd şəkilli
drama" adlı pyesi onun həyatının müxtəlif mərhələlərinin
təsvirini verir və portretini yaradır. Yalnız
remarkalardan ibarət və daha çox təsvir, təhkiyə
vasitəsilə qələmə alınan və Həsənağa
Turabovun bioqrafiyası üzərində qurulan bu mətn daha
çox səhnələşdiriləcək pyesin ilkin
plan-prospektini, eskizini xatırladır.
Dramaturgiyanın əsasında duran konfliktin mahiyyətinin
dəyişməsi, dinamik ünsiyyət aktının aradan
çıxması klassik anlamda qəbul etdiyimiz
qarşıdurmanın (xeyir-şər, ideal-həqiqət və
s.) da öz yerini mərkəzi təhkiyəçiyə təslim
etməsi ilə nəticələnir. Yevreinovun "fəaliyyətin
vahid subyekti" adlandırdığı monodram qəhrəmanının
konflikti daha çox öz daxilində - xatirələrində,
psixikasında, düşüncələrindədir. Məhz bu gözönü situativ konfliktdən
qaçış milli dramaturgiyamızda epik növə xas təhkiyənin
dinamik fəaliyyəti sıxışdırmasına, birsəsli
monopyeslərin meydana çıxmasına gətirib
çıxarır. Son illərin tendensiyaları
arasında monopyeslərin artımı - yeni dramaturqlar nəslinin
- Ülviyyə Heydərova ("Uşaqlıq", Pələng","İnanıram"),
Sevinc Elsevər ("Həyat elə bir oyun ki"), Jalə
İsmayıl ("Güzgüyə inan"), Şəbnəm
Xeyrulla ("Mənim "DÜŞMƏN"
oyuncağım"), Cəlil Cavanşirin ("Əvvəl
boşluq vardı...") periodik olaraq monopyeslərə
müraciəti də fikrimizi təsdiqləyir.
İsmayıl İmanın ilk oxunuşu
"Lübimovkanın əks-sədası Bakıda"
festivalı çərçivəsində baş tutan rus
dilində qələmə aldığı "Hamar üzdə"
("Na qladkoy storone") pyesi yeni dram istiqamətində
yazılmış bədii-sənədli nümunədir. İntervü
əsasında yazılan və monoloji təhkiyənin dominant
olduğu pyes öz çoxsəsliliyi ilə seçilir.
Başına gələn müxtəlif əhvalatları
nəql edən bələdçi klassik yol filmi (road movie)
üslubunda təhkiyəsiylə diqqəti cəlb edir. Çoxsəsliliyin hakim olduğu pyes miqrant həyatının
kəskinləşdirdiyi sosial-siyasi, mənəvi problemləri
çılpaq dillə, bəzən isə qeyri-normativ leksika
ilə verərək, öz yerini axtaran, amma heç bir mədəniyyətə,
icmaya mənsub olmayan, hansısa emosional, genetik və ya
intellektual bağlarla müəyyən bir məkana (geniş mənada)
bağlana bilməyən insanın faciəsidir.
Müasir
dünya dramaturgiyasında əsas mövzulardan olan mədəniyyətlərarası toqquşma
və inteqrasiyanın çətinlikləri, sosial
mühit, şəxsin özünüidentifikasiyası,
texnoloji inqilablar, sürət və informasiya əsrində
insanın yeri və bir çox öncələr tabu hesab edilən
mövzulara müraciət, ekoloji vəziyyət dramın
sosial funksiyasının qabardılmasına, ədəbiyyata,
daha konkret dramaturgiyaya yeni funksiyanın - terapevtik funksiyanın
əlavə olunmasına gətirib çıxarır. Dramaturgiyanı
sosial medium kimi qəbul etmə tendensiyasının güclənməsi
dramın sosial terapiya funksiyasını yeni trendə
çevrilir, dram əsərlərinin terapevtik mahiyyəti
qabardılır. Bu isə
düşünürük ki, Aristoteldən gəlmə
katarsisin yeni mahiyyətini üzə çıxarmağa
yönəlmişdir: əgər katarsis faciə nəticəsində insanın ruhunda baş verən dəyişikliyə
(pisdən yaxşıya doğru) səbəb olurdusa,
müasir katarsis bu dəyişikliyin müalicəvi effektinin
üzərində durur. İnsan ruhunda, daha konkret ifadə
etsək, psixikasında baş verən təmizlənmənin
fiziki sağlamlığa səbəb olacağı
düşüncəsi dramın terapevtik funksiyasını aktuallaşdırır.
Şəhanə Əliyeva
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 13 iyul,
¹26.- S.9; 13.