2023-cü ilin ədəbi tənqidi
Adətən
ədəbi gedişatın inkişaf meyllərini, yadda qalan
fakt və hadisələrini onilliklər üzrə yuvarlaq bir
zaman kəsiyində dəyərləndirmək bir ənənə
halını almışdır. İndi beş və
hətta on beş ilin ədəbi prosesini təhlilə
yönəltmək cəhdləri ilə də rastlaşmaq
olur. Ancaq elə bir ilin - kiçik zaman vahidinin
içərisində böyük hadisəyə çevrilə
biləcək yadda qalan əlamətdar hadisənin baş verməsi
də istisna deyil. Bu bəlkə də ilk
baxışda bir zaman şərtiliyi kimi nəzərə
çarpa bilər. Belə bir zaman şərtiliyinin
içərisində mütləq həqiqətdən uzaq,
heç nəyi ilə yadda qalmayan, boşluqlara sürüklənən
ədəbi nümunə qeydə alına bilməz.
Əlbəttə, ədəbi tənqidin elmi-nəzəri
siqləti, meyar, yanaşma prinsiplərinin obyektivliyi, obyektiv səviyyəyə
nə dərəcədə yiyələnməsi bədii mətn
üzərində təhlil zamanı üzə çıxır. Əlbəttə, uzun illər
(hətta onilliklər boyu) ədəbi tənqid sahəsində
fasiləsiz, səmərəli fəaliyyəti ilə
seçilən Akif Hüseynlinin, Elçinin, Tehran
Əlişanoğlunun, Vaqif Yusiflinin, Kamal Abdullanın, Rəhim
Əliyevin, Vilayət Quliyevin, Şirindil
Alışanlının (rəhmətlə anırıq)
Nizaməddin Şəmsizadənin (şəfa diləyirik), Bədirxan
Əhmədlinin, Nizami Cəfərovun, Məti Osmanoğlunun,
Cavanşir Yusiflinin, Elnarə Akimovanın, Təyyar
Salamoğlunun, Rüstəm Kamalın, Bəsti Əlibəylinin,
Lalə Həsənovanın, Nərgiz Cabbarlının, Seyfəddin
Hüseynlinin, Mətanət Vahidin ən yaxşı ədəbi-tənqidi
yazıları nümunə olaraq qalır. Keçən
ilki ədəbi tənqidin ümumi mənzərəsinə nəzər
salarkən müşahidə olunan ilk təəssürat onun
ölkə həyatında baş verən ictimai-siyasi proseslərlə
ədəbi, elmi-nəzəri fikri paralel və vəhdət
halında götürmək tendensiyası ilə diqqəti
çəkir. AMEA-nın müxbir üzvü Tehran
Əlişanoğlu əvvəlcə kitab (toplu), daha sonra
"Ədəbiyyat qəzeti"ndə (16 dekabr 2023-cü il) dərc etdirdiyi məruzə-icmal mətninin
adını Şuşa ilə əlaqələndirir -
"Şuşa ilində ədəbi tənqid"! Burada tənqidçinin Azərbaycanın tarixi
taleyində baş verən mühüm ictimai-siyasi, hərbi-
strateji, sosial-iqtisadi məsələlərə ədəbiyyatın
münasibəti, ədəbi tənqidin qələbə ruhlu
ədəbi düşüncəni təhlil müstəvisinə
çıxarmaq səyləri xüsusilə diqqət mərkəzinə
çəkilir. Təhlil və
yanaşmalarda "Qarabağ haqqında romanlar nə
üçün yazılmır?" kimi fikirlər səsləndirən
tənqiddən və ona haqq qazandıran ad və
imzalarından imtina edilməsi bir taktiki gediş və tənqidçi
ustalığı kimi dəyərləndirilə bilər.
Əməli işə keçmək, hərbi-iqtisadi
qüdrət, özünə güvən, mükəmməl
ordu quruculuğu sayəsində nail olunan qələbənin
sevincini yaşamaq reallığı Tehran
Əlişanoğlunun yazısına analitik təhlil və
düşüncə təzəliyi aşılaya bilir.
Onu da bəri
başdan qeyd edək ki, 2023-cü il ədəbi
tənqid üçün yubiley ili kimi yadda qaldı. Azərbaycan
ədəbi tənqidinin tanınmış nümayəndəsi
- tənqidşünaslığının banisi, akademik Kamal
Talıbzadənin 100 illiyi altmış ildən artıq bir
dövrdə elmi-nəzəri, təşkilati işlərdə
fəaliyyət göstərdiyi doğma divarlar arasında -
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin Muzey Mərkəzində, Azərbaycan
Yazıçılar Birliyində elmi sessiya və yubiley tədbiri
səviyyəsində keçirilmişdir. "Akademik Kamal
Talıbzadə" kitabı institutun "Sənətkarın
elmi pasportu layihəsindən 42-ci nəşridir.
Kitabda
Kamal Talıbzadə "Ədəbi-tənqidi fikrin
patriarxı" (İsa Həbibbəyli) olmaqla yanaşı,
həm də bir elm təşkilatçısı, gənc ədəbiyyatşünas
kadrların yetişməsində əvəzsiz xidmətləri
olan görkəmli alim, bir şəxsiyyət olaraq
"Kübarlıq məktəbi"nin
layiqli davamçısı və nümayəndəsi kimi
"Şaiqanə yad etmək istəyi" özünü
qabarıq şəkildə nümayiş etdirməkdədir.
Akademik Kamal Talıbzadə ədəbi tənqid məktəbinin
layiqli yetirmələrindən biri olan Vaqif Yusiflinin 75 illiyi
münasibətilə işıq üzü görən məqalələr
toplusu "Tənqidimizin Vaqifi" adlanır. Məqalələrdə
Vaqif Yusiflinin tənqidçi fitrəti, ədəbi prosesin ən
qaynar nöqtələrində müntəzəm və fasiləsiz
"gəzişmə məqamları" barədə təfərrüatlı
təhlillər aparılır. Füzuli
aşiqi, muğam sevdalısı olan tənqidçinin
"Ədəbi həyat"da yeri, mövqeyi qədirşünaslıqla
dəyərləndirilir.
Vaqif Yusiflinin mərhum tənqidçi Şamil Salmanovun
anadan olmasının 90 illiyini "Azərbaycan"
jurnalının 12-ci sayında "Şair kimi doğuldu, amma
professor oldu" məqaləsində şair kimi ədəbi
aləmə gələn, daha sonralar şairlikdən şeirin
təhlil və şərhinə keçid edən,
ömür boyu poeziyanın, ədəbi-tənqidi fikrimizin
paralel şəkildə tədqiqi istiqamətində fəal
yaradıcılıq axtarışları aparan tənqidçi
barədə əyani təsəvvür yaradır.
"Azərbaycan" jurnalı ədəbi gəncliyin
yaradıcılığına öz səhifələrində
səxavətlə yer ayırdığı kimi, onların
poetik axtarışlarının mövzu və sənətkarlıq
xüsusiyyətlərini, əsas aparıcı meyllərini təhlil
edən yazılara da eyni həssaslıqla yanaşmağa
üstünlük verir. Ədəbi gəncliyin dəyişməz şərhçisi
Vaqif Yusiflinin təxminən on-on üç ilin şeir təsərrüfatını
təhlil edən silsilə məqaləsindən birinci məqalədə
müharibə, qaçqın və köçkün həyatının,
ən nəhayət, qələbə müjdəli qələmi
silahla əvəzləyən şəhid - qazi şairlərin
və arxa cəbhədə ürəyi döyüşən
əsgərin yanında olanların poetik dünyasını
incələyən mülahizələri özünün diqqətçəkici
xüsusiyyətləri ilə seçilir.
İlqar
Fəhmi "Ədəbiyyat qəzeti"ndə dərc
etdirdiyi yazısının adını heç də təsadüfi
olaraq belə adlandırmayıb: "Gənclər
üçün ən çox yazan tənqidçimiz..."
Həmin məqalədə irəli sürülən bir
mülahizə də son dərəcə obyektiv səciyyə
daşıyır: "Gənclər haqqında ən
çox yazan tənqidçimiz deyərkən, ilk olaraq o yada
düşür. Bölgədə yaşayan
yazıçılarımız haqqında ən çox yazan
tənqidçimiz deyərkən, o yada düşür.
AYB tədbirlərində ən çətin məruzələrdən
danışarkən, o yada düşür... Öz vicdanı,
öz zəhmətkeşliyi və təəssübkeşliyi
ilə..." ("Ədəbiyyat qəzeti" 8 aprel
2023-cü il).
"Ədəbi gəncliyin axtarışları"nda
müəllifin "özünütəkrar qorxu və həyəcanı"
yaşaması da başa düşüləndir. Bu, həm də
gənc qələmləri müntəzəm izləməkdən,
imzalar bolluğunda uzunmüddətli müşahidələrdən
irəli gələn bir xüsusiyyətdir.
Ədəbi
tənqidi tele-radio, kino studiya, tərcümə və ən nəhayət,
"Azərbaycan" jurnalın baş mühərriri kimi fəaliyyətə
"qurban verən", Əməkdar incəsənət
xadimi İntiqam Qasımzadənin 80 illiyi elə həmin
aylıq nəşrin səhifələrində qeyd olunur,
yubileyə ölkənin baş yazarı Anar "Teleqram"
göndərir, gənclik dostunun çoxlarına məlum
olmayan, gizli qalan şairliyindən, şairlikdən və
professor olmaq istəklərindən imtina etmək cəhdlərindən
səmimi söhbət açır, Şuşada anadan olan
yubilyarın 80-ni Qarabağın tacı və mədəniyyət
beşiyi olan həmin məkanda qeyd etmələrini də
yağılardan bir intiqam hadisəsi kimi məna
daşıdığını qürurla qeyd edir.
Xalq
yazıçısı, tənqidçi Elçinin uzun illərin
- onilliklərin xatirələrini, unudulmaz anlarını
ustalıqla təsirli bir yazıya gətirən "İntiqamın
iki missiyası", Nərgiz Cabbarlının
"Bakılı oğlan" görünüşlü
Şuşa sevdalısına...", Məmməd Orucun "40
ilin dostuna", Vüsal Nurunun "Taleyimin adamı" və
Vaqif Yusiflinin "İntiqam Böyükağa oğlu"
(Portret və tərcümeyi-hal cizgiləri) "Azərbaycan"
jurnalının səhifələrini bəzəyir, bu da
yubiley yazısının məqalə, xatirə-məqalə,
portret, esse kimi janrların imkanlarından yararlanmaqla gerçəkləşir
Jurnalın
3-cü sayında AYB-nin sədri, xalq yazıçısı
Anarın 85 illiyinə həsr olunan yazılar: İntiqam
Qasımzadənin "...Elə bil dünən idi",
filologiya elmləri doktoru, professor Təyyar Salamoğlunun
"Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndən
"Otel otağı"na gedən "Vahimə"li
yollar", mərhum tənqidçi Nadir Cabbarovun
yazıçının nail olduğu yaradıcılıq məziyyətlərini
konkret bir nümunə əsasında üzə
çıxaran, vaxtilə jurnalın 1977-ci ilin birinci
sayında işıq üzü görən
"İnsanı sevmək azdır..." retro məqaləsinin
yeni nəzərlərlə və yanaşma bucağından
oxuma imkanı qazandırması hər iki tənqidçinin
analitik təfəkkürü, təhlil və yanaşma texnologiyasındakı
maraq doğuran məqamlar barədə fikir yürütməyə
kifayət qədər əsas verir.
Səfurə Quliyevanın "Mənim nağıl qəhrəmanım"
(Professor Həbib Babayevi xatırlayarkən), "Ömür
yolu" (Qasım Qasımzadə -100) yazılarında xatirələrlə
elmi, ədəbi axtarışlar münasibət müstəvisinə
çıxarılır. Səfərnamələr
müəllifi kimi tanınan Dilarə Adilgilin "Bir daha
İmran Qasımov haqqında" məqaləsi
başlanğıc və sonluq çıxılmaq şərti
ilə yazıçı fərdiyyətinə və ədəbi
fəaliyyətinə real faktlardan çıxış edilməsi
baxımından maraq doğuran yazılar hesab oluna bilər.
Biz qeyd etdik ki, 2023-cü il yubiley ili kimi əlamətdar
hadisələrlə zəngindir. Elə bu il
"Azərbaycan" jurnalının da 100 illiyi tamam oldu.
Jurnalın ədəbi, elmi-nəzəri fikrimizin
inkişafında müstəsna rolu milli ədəbiyyatşünaslığımızın,
o cümlədən ədəbi tənqidimizin nüfuzlu
nümayəndələrindən olan Məmməd Arif
haqqında Südabə Ağabalayevanın "Yüz ilin
birinciləri" yazısı "Azərbaycan - 100" və
AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov tərəfindən
jurnalın 80 illiyinə retro-təbriklərinin 100-də
oxunuşuna səxavətlə yer ayrılması geridə
qalan uzaq onilliklərin yaradıcılıq təcrübəsinin
bu gün üçün əhəmiyyətli görünən
tərəfləri barədə düşünmək
imkanı qazandırır.
"Azərbaycan" jurnalının "Tənqid və
ədəbiyyatşünaslıq" rubrikasında ədəbi-tənqidi
yazılara ötən ilki saylarında xüsusi yer
ayırır.
Bu baxımdan Nərgiz Cabbarlının xalq
yazıçısı Afaq Məsudun
yaradıcılığını modern və yenilikçi nəsr
hadisəsi kimi təhlilə yönəldən "Modern nəsr,
yadlaşma və tənhalıq problemi, "şüur
axını" texnikası və Afaq Məsud
yaradıcılığı" adlı yazı janr
baxımından problem-məqalə səviyyəsində qələmə
alınan, ümumilikdə maraq doğuran tənqid faktı
kimi diqqəti çəkir. "Şüur axını"nı Salidə Şərifovanın İranda
yazıb-yaradan, əslən azərbaycanlı olan Fəriba Vəfinin
"Zirzəmi quşu" romanında izləməsi də bu
yaradıcılıq probleminin miqyas və
hüdudlarının daha geniş coğrafiyalarda öyrənilmə
zərurətini qaçılmaz edir. ...Eyni mənzərəni
biz "Azərbaycan" jurnalının "Xatirələr,
duyğular" rubrikasındakı Xalq
yazıçısı Yusif Səmədoğlu haqqında məqalələrdə
görürük. "Aysberqin görünən
üzü" məqaləsində Vaqif Yusifli bir
yazıçı, ictimai xadim, şəxsiyyət kimi Yusif Səmədoğlunun
mükəmməl portretini çəkir. Və
o yazıda elə bir detal və təfərrüat yoxdur ki,
unudulsun, yaddan çıxsın, çəkilən portretə
natamamlıq gətirsin. Ustalıq,
professionallıq budur. Hətta bu yazıda
zərif tülə bürünmüş incə tənqidi
qeydlərlə də rastlaşmaq olur ki, bu da təbii
qarşılanmalıdır.
Zərəngiz Dəmirçi Qayalının "Yusif Səmədoğlu"
yazısının sonluğu Xalq yazıçısına həsr
olunan "Baba, sənin xəbərin var?" şeiri ilə
tamamlanır.
Yazıçı, ictimai xadim, milli
düşüncə sahibi və vətənpərvər
ziyalı ilə bağlı xatirələr üstə
köklənən yazıda, belə demək mümkünsə,
Yusif Səmədoğluya bir qədər fərqli rakurslardan
yanaşma sərgilənib.
Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin
2023-cü ilin ədəbi tənqidində imzası tez-tez
görünən məhsuldar müəlliflərdən
biridir. Onun
"Nəriman Əbdülrəhmanlının nəsri:
tarixilik və müasirliyin vəhdəti" monoqrafiyası
belə bir qənaətə gəlməyə əsas verir.
Haqqında söhbət açılan monoqrafiyada
yazıçının ömür fraqmentləri, hekayə
yaradıcılığı, "Göy adamı" və
"Dönəlgə" kimi keçid adlandırdığı povestləri,
tarixi mövzuda qələmə alınan romanları təhlil
və dəyərləndirmə predmeti seçilir, sənətkarın
ədəbi dünyasının xarakterik məqamları
orijinal baxış süzgəcindən keçirilir. Ədəbi tənqidin cari ildəki
fakturasındakı boşluğu qismən ödəyən,
onu öləziməyə qoymayan monoqrafiya haqqında səviyyəli
elmi münasibət və rəylərin yoxluğu da təəccüb
doğurmaya bilməz.
Kəmiyyət etibarilə 2023-cü ildə dərc
olunan ədəbi-tənqidi yazılar içərisində
yazıçı tənqidinin fəallıq
qazandığı müşahidə olunur. Belə ki,
müxtəlif nəsilləri təmsil edən qələm
sahiblərinin öz həmkarlarının
yaradıcılığı və yeni işıq üzü
görən kitabları haqqında təəssürat və
mülahizələri də ədəbi tənqidin bir
növü kimi maraqla oxunur, bədii əsər qədər
diqqətçəkici təsiri ilə yadda qalır.
Yazıçı-publisist
Mənzər Niyarlı 2023-cü ildə nəşr etdirdiyi məqalələr
toplusunu "Sənətin sehri" adlandırır. Onun yazılarında bədii mətnin
işıqlı, humanist tərəfləri incələnir, təqdir
edilən qələm və sənət sahiblərinin
yaradıcılıq portreti ustalıqla yaradılır.
Bu yazılarda səfər və ekskurslar ikili səciyyə
daşıyır: işğaldan azad olunan Şuşa,
Qarabağın otuz ildən artıq bir müddətdə
düşmən tapdağı altına inləyən,
xarabazarlığa çevrilən ərazilərinin vəhşi
qəbilə tərəfindən yerlə yeksan edilmiş
ürək parçalayan mənzərələri və 44+1
günlük qələbənin təntənəsi kimi
quruculuq işləri, bir də yaradıcılıq və sənət
dünyasında bu ağrı-acıların sonradan fərəhli
anlarla əvəzlənməsindən doğan qürurun salnaməsini
yaradan yaradıcılıq dünyasına səyahət də
unudulmur.
Dayandur Sevgin "Tanrı ənamı kimi"
yazısı ilə yazıçı tənqidində qələmini
sınayır, Qəzənfər Bəxtiyarın "Bu
ömür əriyən şamdı..." adlı şeir kitabındakı
poetik düşüncələri təhlil etmək, şairin
yaradıcılıq məziyyətlərinin diqqətçəkici
məqamları barədə mülahizələrini oxucularla
bölüşməyə çalışır. Əlbəttə,
belə bir cəhd də bəzən özünün maraq
doğuran təfərrüatları ilə, müəllifin
yaradıcılıq təcrübəsindən irəli gələn
müşahidələrlə real ədəbi fakt barədə
müəyyən təsəvvür yarada bilir. Təəssüf ki, Dayandur Sevginin təqdir etdiyi
poetik parçalar bəzən təriflə bir araya
sığmır.
...Yazıçı
tənqidi silsiləsindən məqalələr qələmə
alan tanınmış şair Qəşəm
Nəcəfzadənin "Ədəbiyyat qəzeti"ndə
şair Zabil Pərviz haqqında dərc etdirdiyi
yazısını ədəbi tənqidin (yazıçı
tənqidinin) tipik bir nümunəsi hesab etmək olar. Qəşəm Nəcəfzadə əvvəllər
də bu silsilədən məqalələrlə mətbuat səhifələrində
çıxış etmişdi. Bu sahədə
qazanılan təcrübə haqqında söhbət
açılan yazıda özünün gerçək təsdiqini
tapır.
Qərib Mehdi təəssürat kimi qələmə
aldığı yazısını "İkinci yolu
unutma" adlandırır. Gənc yazıçı Təranə
Vahidin "Qarışqa təqvimi" adlı hekayələr kitabı haqqında kifayət
qədər yaradıcılıq təcrübəsi olan bir ədibin
həcm etibarı ilə kiçik olan təəssürat-rəyi
kimi düşünülüb. Yazının əvvəli
hərb meydanına məxsus taktiki gedişləri sadalamaqla
başlasa da, bir qədər sonra "Ədəbi
döyüşlər"lə əvəzlənir. Müəllif yazıçının otuz səkkiz
hekayəsinin mövzusu, süjet xətti, obrazlar aləminin təhlilindən
vaz keçər, onlardan yalnız biri ilə gənc həmkarının
yaradıcılıq dünyasının maraq doğuran məqamlarını
açmağa nail olur.
Təranə Vahidin "Ədəbiyyat qəzeti"ndə
və "Azərbaycan" jurnalında ədəbi tənqidin
mürəkkəb struktura, mühakimə tərzinə
görə seçilən janrlarından biri olan esse ilə də
çıxış etməsi maraq doğurur. "Azərbaycan"
jurnalının 3-cü sayında dərc olunan
"Ağrıya elegiya" adlı essesi üzərində
dayanmağı məqsədəuyğun hesab edirik. Həmin esse Vüsal Nurunun "İlğımda
çimən atlar" romanına həsr olunub. Essedə müəllif dərhal
yazıçının Miroqrad adlandırdığı
şəhərə üz tutur, oranın təbiəti, ora
düşən insanların aqibəti haqqında əsərdən
hasil olan informasiyanı yaxşı mənada interpetasiya edir, əsəri
təqdir etməkdə də öz səxavətini əsirgəmir.
...Samirə
Məmmədlinin "Azərbaycan" jurnalının 6-7
saylarında gedən "Axına qarşı"
yazısı esse janrında qələmə alınıb. Müəllif bəhs edəcəyi
yazıçının yaradıcılığını
üç əsas hissədə təhlil etməyi
planlayır. Birinci iki hissədə müəllifin kimin
yaradıcılığından bəhs etməsi
"sirr" kimi saxlanılır, belə demək
mümkünsə, texniki nailiyyətlər əsrində
informasiya tezliyinin "ləngiməsi" baş verir.
2023-cü ilin ədəbi tənqidin ümumi mənzərəsi
belə görüntüyə gəlir.
Qürbət Mirzəzadə
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 13 iyul,
¹26.- S.10-11.