Güney Azərbaycanda ədəbi
mühit
Hər
bir xalqın bütün çətinlikləri və istəkləri
ədəbiyyata yüklənir, yazılan əsərlərdə
iz qoyur. Onsuz da uzun illər ədəbi-mədəni həyatın
inkişaf mərhələlərini normal şəkildə
keçməyən və öz təbii hüququndan məhrum
olan güneyli yazarlar bütün çətinliklərə rəğmən
zamanla ayaqlaşır. Bu məkanın şairi və alimi
çaba göstərib öz mənəvi həyatının
davamına çalışır.
Güney Azərbaycanda illərlə qapalı və dar
şovinist çərçivədə qalan ədəbiyyat
söz azadlığını əldə etməyə
çalışır və ədəbiyyata olan sevgi
bütün məhdudiyyətlərə baxmayaraq sərhədləri
aşmaq gücündədir. Bu durumda yazar çətinliklə də
olsa, ədəbi təcrübələri mənimsəyir,
dünya ədəbiyyatında gedən ədəbi proseslərlə
tanış olur, bədii təsvir və təzə
fikirlər meydana gətirir.
Güneydə vətənə, xalqa bağlılıq
çox güclüdür. Vətənpərvərliyin
mahiyyəti vətənə məhəbbətə əsaslanan
emosional bağlılıqdır və çox zaman "millət"
anlayışı ilə eyniləşdirilir. Bu bağlılıq həm də özünün mənsub
olduğu millətin etnik, mədəni, siyasi və tarixi
xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli
qürur kimi də hallanır. Vətənpərvərlik
milli və milli-azadlıq hərəkatlarının
yaranması zamanı və müharibələr ərəfəsində
daha da güclü olur. Azərbaycanda tarix
boyu vətənpərvərlik mühüm rol
oynamışdır. Vətənimizin Güneyində bu
hiss çağdaş dövrümüzdə daha
aktualdır, özünü bütün emosiya
çalarları ilə ədəbiyyatda göstərir.
Güneyli yazar real həyatını, problemlərini
özündə əks etdirməyə
çalışır. Şeirdə sərbəst biçim,
modern üslub və təsvir vasitələrindən
yararlanır. Lakin forma, qəlib və və s. onlar arxa
plana keçir. Elə bu səbəbdən
İranda Azərbaycan ədəbiyyatı janrlara və qəliblərə
hesablanmadan, daha çox məzmuna söykənən ədəbiyyatdır.
2023-cü ildə, eləcə də ötən illərdə
nəşr olunmuş məlum səbəblərdən məhdud
sayda olan, əlimizə çətinliklə çatan
kitabları təqdim etmək istərdik. Bunlar İsmayıl
Lütfinin "Sən bir pionistsən, şairim", Nasir Davəranın
"Gözüm yoldadır", Nadir İlahinin
"Ölür adam", Abduləli Ayrumlunun "Yar
küçəsi", İsmayıl Cəmilinin "Təbrizin
sevgi payı", Vüqar Nemətin "Dirənən
çiçəklərin mahnısı" adlı şeir
topluları, Hüseyn Vahidin "Bizim hekayələr " nəsr
antologiyası, Abdulla Yalçının "Olmasa, olmaz",
Əli Səmədinin (Elyar Səmədli) "Bir göyərçin
bir uçuş", Leyli Kəramətinin "Bağlı cəftə",
"Yanaqdan öpmək zamanı sovuşdu", Rəhim
Xyavınin "Qara kölgələr", Hulya Bəşirzadənin,
"Heç üz yoxdu", Saleh Ətayınin "Kəlmələrin
ardınca" adlı nəsr əsərləridir.
Tanınmış
şair M.E.Yurdaqulun məşhur bir kəlamı var:
"Unutma ki, şairləri qışqırmayan bir millət,
sevənləri torpaq olmuş yetim uşaq kimidir".
Şair İsmayıl Cəmili də məhz mənsub
olduğu xalqının haqqını, hüququnu dilə gətirən,
taleyüklü həssas məsələləri şeirlərinə
yansıdan milli şairlərdəndir. Onun şeirlərində
vətənsevərlik, pafos hissləri çox
güclüdür. Və bunu da deyə bilərik
ki, bu şairin poeziyası xalqının qan
yaddaşının poetik daşıyıcısıdır.
Onun "Təbrizin sevgi payı" adlı şeirlər
toplusu ötən il İsveçdə nəşr
olunmuşdur.
İsmayıl Cəmili elə ilk şeirlərindən
özünü azadlıq şairi, mücadilə şairi
kimi göstərib. Azadlıq bir millətin canlı bayrağıdır,
şair də bu bayrağı hər zaman yüksəklərə
qaldırmaq istəyir: və şair üçün ən
acınacaqlısı da yan-yana düzülən azadlıq
bayraqlarının içində vətəni Güney Azərbaycanın
bayrağının olmamasıdır:
Burası
vətən,
...Burası
Muğan, ceyranı yaralı,
Sürgün maralı.
Burası
Quzey, Qarabağı şikəstə,
Burası Güney Segahı yetim, Nigarı bəstə.
...Burası
son səngər Əmirə qız,
Burası
Şərqin incisi Təbriz,
Burası
Xiyabani güllələnən
Azadistan.
Burası
şəhid Səttarxan,
Burası
elinə dilinə zindan,
Burası
21 Azər, dillərə dastan
Burası vətən, Azərbaycan.
Heca vəznində gözəl nümunələr yaradan
və əsərlərində, milli koloritini əks etdirən
ədəbi nəslin nümayəndələrindən biri də
Nadir İlahidir.
Nadir İlahinin şeirləri klassik şeir üslubuna
yaxındır. Rübai və qəzəllərlə
yanaşı, sərbəst şeirlər də yazır.
Bu zaman misraları başdan-başa rəngarəng
xəyallara güzgü tutsa da, əsas poetik predmeti gizlətməsi
onu divan şeiri estetikasına yaxınlaşdırır.
Bununla bərabər şeirlərində Qərb imajist
şairlərinin də təsiri duyulur:
Saçlarının
həsrətindən,
Dedim,
darağa dönəcək.
Ay
gülüm! Nə biləydim mən
Əlim orağa dönəcək?!
Ay bu
qaranlığa qadam,
Qoymadı
bir ulduz dadam
Vallah, bu
asılan adam.
Şeir,
hər şeydən öncə, dilin musiqisidir, - deyirlər. Onu yansıdan vəzn və dil ancaq və ancaq bir
vasitədir. Şairin başqa bir poetik parçasında
bunu görmək çətin deyil:
Buludam...
amma ağlağan deyiləm,
Ürəyim dolmasa, yağan deyiləm.
Artıq
xeyli müddətdir ki, "Ədəbiyyat və incəsənət"
portalının sevilən "Güneydən gələn səslər"
rubrikasında Güney Azərbaycan təmsilçiləri
Əli Çağla və Vida Heşməti oxucuları
güneyli yazarlarla vaxtaşırı tanış edirlər.
Əli Nurvəş (Çağla)
yazıçıdır, tərcüməçilik və
naşirlik fəaliyyəti ilə də məşğuldur. "Dəlilərin
sevgisi" və "Niyar karvanı" romanlarının
müəllifidir. Baba Vəziroğlu, Qənirə
Paşayeva, İntiqam Yaşar, Əjdər Ol, Musa Yaqub kimi qələm
adamlarının kitablarının Güney Azərbaycanda
çapını və yayılmasını gerçəkləşdirib.
Əli
Çağlanın yaradıcılığı haqda Cəlil
Cavanşirin yazdığı xoş sözlərə
qoşuluruq: "Onun çox sadə cümlələrlə
böyük mətləbləri ifadə etməyə
çalışması, ənənəvi üslublu şeirlərindəki
müasirlik çalarları onun parlaq gələcəyinin
müjdəçisidir". "Vətənin
oyunu" şeiri onun özünün və həmyaşıdlarının
bir kiçik kədərli həyat tarixçəsidir. Əli dərin düşüncəli, güclü
duyğulu və yenilik sevən gənc şairdir.
"Savadlı, oyaq kiçik uşaqları dustaq edib incitdilər,
çoxunu sütül boyunlarından asdılar, bir çoxu
da oyundan qaçıb özün asdı" deyir Əli
Çağla "Vətən oyunu" şeirində:
Oyunumuzun
adın,
Səsləyərdilər
"Vətən".
Bu oyunda
çoxları
Oldu
uduzan, itən...
Vətən,
vətən, ay vətən,
Səndən
acığım gəlir!
Sənin
bu oyununda
Bütün
dostlarım ölür...
Dedik, bəs
oyun idi,
Bizi dustaq etdilər.
Sənin
öz qucağında
Bizi hey
incitdilər...
Vətən,
vətən, ay vətən...
Heydər Bayatın yaşadığı ölkə
haqqında poetik düşüncələri 80-90-cı illər
Cənub şeirindəki poetik üslubdan tamam fərqlidir. Onun şeirlərindəki ənənəvi
sarsıntı, məyusluq və iztirab ovqatının alt
qatında kin, nifrət və ironiya var. "Dar
ağacı" şeirində "Boynumu qucaqlamağa, bilirəm,
boyun çatmaz - bu ölkənin dar ağacları
ucadır" söyləyən şair "Yalançı
şeiri" şeirində cəmiyyətin ruhi xəstəliyinə
çevrilən yalançılığı tənqid edir:
Uşaqlıqda,
Ay əllərimi aldatdı, gölməcədə,
Cavanlıqda,
sən ürəyimi aldatdın, həyətdə,
İndi baxıram, yol ayaqlarımı aldadır,
küçədə.
Şeir hansı janrda olursa-olsun, əsas əsərin
mövzusunun xalqın həyatı, el və onun insani istəkləri
ilə yanaşması və bütün bunları ədəbi
mətndə adekvat şəkildə əks etdirməsidir.
İsmayıl Lütfi "Sən bir pionistsən,
şairim" kitabındakı şeirlərdə təsvir
etdiyi mənzərələri kiçik detallara qədər
araşdırır, onlara yeni ruh verir. Bu şeirlər lirik və fəlsəfi
məzmun daşıyır:
Yasa var
gözlərində,
Son bir duraq, son bir trendir.
"Savaş və barış" kitabını
oxudunmu heç?
Sən bir acı Tolstoysan, sevgilim.
Saçların
tanrı kimi sevgi yaradıb
Əllərimdəki boğulmuş barmaqlarda.
İyirminci yüzilliyin 40-cı illərində,
İranda - Güney Azərbaycanda baş verən
milli-azadlıq hərəkatında bir çox şair,
yazıçı və ziyalılar da ön sıralarda yer
almış, süngü və qələmi ilə
vuruşmuşdu. 1946-cı ildə milli hərəkatın
qan içində boğulması həmin yazarların
çox hissəsini Sovet Azərbaycanına mühacirətə
vadar etdi. Onlar ömürləri boyu
şahidi və iştirakçısı olduğu hadisələri
ürəklərində və əsərlərində
yaşatdılar. Həmin şairlərdən
biri də Əli Tudə idi. Son 10 ildə
şairin yaradıcılığının 20 cildliyi və
2023-cü ildə "Əli Tudə - 100" kitabı
işıq üzü gördü.
Quzeydə mühacirət həyatı yaşayan
yazarların əsərlərində Cənub həsrəti,
bölünmüş millət dərdi motivləri
üstünlük təşkil etsə də, onların əsərlərində
daha çox Güney Azərbaycanda demokratik hərəkatın
yenidən qələbə çalacağına ümid və
inam duyğusu ifadə edilirdi. Əli Tudə də həmin
nəslin nümayəndəsi və mühacirət ədəbiyyatının
yaradıcılarından idi.
İnqilab şairin yaradıcılığının
çiçəklənməsinə imkan yaratmışdı. Mübarizlik,
cəsarət, mərdlik, azadlıq ruhu Əli Tudə
şeirinin əsas motivinə çevrildi. Gənc, döyüşkən şair inqilabı vəsf
edən şeirlər yazırdı.
Əli
Tudənin milli hökumət dövründə
yazdığı ilk şeirlərində meydan, süngər od, alov, yanğı sonralar, zaman keçdikcə
fikir və məntiq ilə əvəz olunacaqdı, öz
yerini obrazlı ifadələrə verəcəkdi...
2004-cü
ildən başlayaraq şairin oğlu Natiq Cavadzadə onun 20
cildlik "Əsərləri"ni peşəkarlıqla nəşrə
hazırlayaraq, nəfis şəkildə nəşr etdirib.
Azərbaycanın ikiyə bölünməsi faciəsini
bir daha həyatında yaşayan şairin əsərlərində
bu ağrılı mövzu qırmızı xətt kimi
keçib.
Əli
Tudə ömrü uzunu nə Ərdəbili, nə də Təbrizi
unuda bildi:
Gül
bitər qayada da,
Dürr
parlar dəryada da,
Yatanda
röyada da
Təbriz yadıma düşdü.
Yazıçı
və şair Əli Səmədi (Elyar Səmədli)nin "Bir göyərçin bir
uçuş" adlı hekayələr toplusu Urmiyanın
"Yaz" nəşriyyatı tərəfindən
yayınlanmışdır və müəllifin doqquzuncu
kitabıdır. İyirmi beş kiçik
hekayəni birləşdirən bu kitaba yazıçının
bir çox xatirələri və şəxsi həyat
yaşantılarından alınmış əsərlər
daxıldır. Bu nəsr
parçalarının bir çoxunda
yazıçının dəyişən əhval-ovqatını
və yumor çalarlarını görmək
mümkündür.
Tanınmış
tənqidçi və yazar Hümmət Şahbazi Leyli Kəramətinin
"Bağlı cəftə", "Yanaqdan öpmək
zamanı sovuşdu" adlı hekayələr toplusunu
araşdıraraq, onun qadınları "boz dünya"dan
işıqlı həyata çıxarmaq üçün cəhd
etdiyini göstərib yazır: "Onun hekayələrində
diqqətçəkən məsələ, qadınlara aid
olan davranış, danışıq və ifadələrin
gerçəklikdən doğan təbiilikləridir. Bu iki kitabda (bir hekayəni istisna etməklə) demək
olar kı, hekayələrin motivlərini qadın və
qadın naturası təşkil edir. Bu
hekayələrdə qadın dünyasında yaradılan
üzdəniraq "boz dünya" ilə tanış
oluruq".
2023-ci ildə Güney Azərbaycanla bağlı Avropa və
Türkiyədə iki elmi kitab nəşr olunub. "Güney
Azərbaycan mətbuatı tarixi" (The PRESS HISTORY OF SOUTH
(İRANİAN) AZERBAIJAN) monoqrafiyası İsveçdə
(Stokholm, 2023) "Diktonius Text" nəşriyyatında
ingilis dilində çapdan çıxıb. Kitabda XIX əsrin birinci yarısından müasir
dövrümüzədək İranda və ondan kənarda
yaşayan azərbaycanlı ziyalıların ədəbi-ictimai
fəaliyyətindən, onların nəşr etdikləri
çeşidli mətbu orqanlarından sistemli məlumat
bazası əsasında geniş bəhs olunur.
Digər kitab, Türkiyədə Ötüken nəşriyyatı
tərəfindən türkcə çap olunan "XX
yüzil Güney Azərbaycan ədəbiyyatının
öncülləri" ("XX. Yüzil Güney
Azerbaycan Edebiyatının Öncüleri"
monoqrafiyasıdır. Güney Azərbaycanda
öndə gedən və ədəbi proseslərə
böyük təsir göstərən yazarların həyat və
yaradıcılıqları təhlilə cəlb olunub. Hər iki kitabın müəllifi elmlər doktoru Pərvanə
Məmmədlidir.
Apardığımız araşdırma və
müşahidələrdən belə qənaətə gəlmək
olar ki, Güney Azərbaycan çağdaş ədəbiyyatda
mövzu, eləcə də üslub və janr əlvanlığı
geniş və çeşidlidir. Bu ədəbiyyatın təmsilçiləri
dil və təbliğat imkanlarının məhdudluğuna
baxmayaraq, öz milli kimliyini, öz ədəbiyyatını
tanıtdırmağa çalışırlar. Burada ənənəvi
şeir və müasir şeir formaları bütün
növləri ilə paralel şəkildə istifadə edilir.
Bu inkişaf daimi və keyfiyyətli olaraq yüksələn xətlə
irəliləyir.
Pərvanə Məmmədli
Ədəbiyyat qəzeti: xüsusi buraxılış 2024.- 13 iyul, ¹26.- S.12-13.