Sevgiylə yazmaq
İlin ədəbi yekunları, hekayə
2023
Giriş
Artıq
neçə on ildir ilin ədəbi yekunları
yazılır, eyni format, eyni janr ölçüləri
daxilində. Bizə belə gəlir, icmal xarakterini yadda
saxlayıb janr məsələsindən konseptual əsasda bəhs
etməyin vaxtıdır.
Köhnə qəlibdə az qala, hər şeydən,
cızma- qaralar da daxil olmaqla hər əsərdən, hər
bir dəyər-dəyməz mətndən bəhs edilir.
İndi toplam məhsuldan vaz keçib janr kontekstindən,
janrların bir-birinə nüfuzu, onların
transformasiyasından danışmağın vaxtıdır. Nə
qədər bədii səviyyəsi aşağı roman,
povest və hekayə var, nə qədər yavan və pafosun
yoluxduğu şeir var. Həm tənqidçilər də əsasən,
səviyyəsi olmayan mətnlər üzərində qələm
çalırlar. Deyilmi? Mən ad çəkmədən bunu
deyirəm və hamı da bilir ki, tənqidçi və ədəbiyyatşünas,
yaxud "ədəbiyyatsevərlər"in
ixtisaslaşdığı müəlliflərin roman və nəsr adına
yazdıqları mənasız mətnlərdir. Bir misal. Vaxtilə
haqqında "Min bir gecə" nağıllarından
çox yazılan Mirələmovun "kulis.az"
portalında Qarabağ müharibəsi ilə bağlı bir
hekayəsi çıxmışdı. İçində
heç bir ədəbi-bədii mətləbin
olmadığı bu hekayə haqqında danışmağa dəyərmi?
Və təkcə adını çəkdiyimiz müəllifin
əsərləri bu gündə deyil. 20-30 ildir bu proses davam
edir və bu məkanda cərəyan edən çox qəliz,
çox mürəkkəb hadisələrin yazılan mətnlərdə
izi-tozu belə yoxdur. İki Vətən müharibəsinin
faciə və dəhşətlərini əks etdirən,
Qarabağ tarixini, bu tarixin içindəki talebəlirləyici
məqamlara güzgü tutan əsərlər, hekayə və
romanlar yazıldı. Daha sonra Böyük Zəfər
tarixi... Fikrimizcə, Vətən müharibəsi müstəqillikdən
üzü bəri qələmə alınan hər bir bədii
nəsr nümunəsində mövcuddur. Anarın "Otel
odası" povestindən Orxan Həsəninin
"Qırmızı ayaqqabılar" hekayəsinə qədər.
Yaxud Samirə Əşrəfin hər bir hekayəsində toxumlar birbaşa ürəkdən,
ruhdan ağ vərəqlərə düşən nəsnələrdir,
onları janr prosesləri kontekstində araşdırmaq indi
çox çətindir, çünki son dərəcə
mürəkkəb bir dövrün məhsuludurlar.
Gerçəklik və fantastika
Hekayə
sahəsinə ümumi prosesi müxtəlif mövzu
kateqoriyası üzrə qruplaşdırmaq olar. Beləliklə,
janrın fantastik özəyi.
Bəri
başdan deyək: elə hekayə tipləri var, oxunduqca
içinə yığılır, çünki onun
"qara qutusu"na atılan faktlar təhkiyə boyu
açıldıqca-açılır, müəllifin nəzərdə
tutduğu və oxucunun "kəşf etdiyi" məqamlar
hekayənin sonunda bircə fakt
"qırıntısı"na söykənir. Bir də
oxuyanda hər şey o bircə nöqtədən
başlayır, baş verən hadisələri həmin
nöqtənin ekranında izləyə, ona film kimi tamaşa
edə bilərsən. Oxucunun bu halda ikincili müəllif
statusuna yiyələnməsi daha kreativ xarakter daşıyır.
Başqa
tip hekayələr var, oxuduqca, yaxud nəfəs dəydikcə
içinə atılan sirlərdən xilas olur, hər
şeyi açıb faş edir, yelkənləri o qədər
geniş və sona qədər açır ki, sanki bir an əvvəl
hadisələr dənizində üzəcək, səfərə
çıxacaq. Ona bu dünyadan daha geniş bir aləm
lazımdır, gözlərini geniş açıb hər
şeyi ölçüsündən böyük görmək
üçün. Qəzetin keçən nömrələrinin
birində Alpay Azərin haqqında danışılan hekayəsi
("Bubu və qatar") bu tipdən idi. Sərdar Aminin hekayələri
də bu tipdəndir, ancaq bircə fərqli özəlliklə,
Sərdarın hekayələrindəki məkan hər yerdən
ayrılmış, qopmuş bir ərazidir. Metaforalardan
inşa edilmiş məkan. Təhkiyənin daxili niyyəti və
inkişaf istiqaməti bu "itirilmiş cənnət"i
dünyanın virtual varlığıyla bütövləşdirməkdir.
Bu tipli hekayələrdə metafora işləkdir, adi,
gerçək hadisəni metaforik düşüncə
"suyuna çəkib" ifadə etmək onlar
üçün əsasdır.
Birinci tip
hekayələrdə isə metaforadan, metaforik
düşüncəyə önəm verməkdən
çox, şüuraltı hadisələrin
dinamikasını əks etdirmək ən mühüm şərtdir.
Belədə hadisənin, fakt və məqamın gerçək
üzü ilə təxəyyüldən, fantaziyadan
doğmuş üzü arasında şəffaf keçidlər
yaranır, onları tanıyıb aldanır, aldanıb
gerçəkliyin əzablı səhnələrinə
qayıdırsan. Sən əşyaları tanıdıqca,
onlara baxışınla və oxucu düşüncəsi ilə
nüfuz etdikcə onlar da səni "tanıyır",
gözdən itib, haçansa oxuduğun nağıllarda
"tapılır".
Sənan
İsmayılovun "Həyat sığortası" hekayəsi
və digər bədii mətnləri bizim nəsrdə
çox fərqli yanaşma tipi sayıla bilər. Hekayədə
iki əsas personaj var: Lul və Kuk - iki dost, Kuk bir zamanlar
ağır xəstəliyə tutulub, sağalsa da, bir müddət
müalicə proseduruna riayət etsə də, sonradan hər
şeyi atmış, bu xəstəliyin haçansa geri
qayıda biləcəyini unutmuşdur. Hər şey beləcə
geri qayıdır, keçmişdən indiyə və gələcəyə.
Geri qayıdış hekayənin əsas metaforasına
çevrilir. Hekayədə baş verən hadisələri,
real faktları elə real ardıcıllıqla sadalaya bilərik.
Əslində
hekayənin, yəni təhkiyənin iki üzü var: hər
şeyi danışa bilirsən, faktlar arasında məntiqi əlaqələr
də öz yerində. Ancaq bütün bunların yuxuyla,
irreal aləmlə gerçəklik arasındakı sərhəddə
baş verdiyini (yəni başverməmə şansının
daha yüksək olduğu bir ortamda - !) nəzərə
aldıqda vəziyyət dəyişir. Arvadına çox
sevib bəyəndiyi, vitrində həsrət və
heyranlıqla süzdüyü, çox baha qiymətə
satılan boyunbağını ala bilmək üçün
vaxtilə bağladığı həyat
sığortasını nəzərdən keçirir və
kədərlənir. Şərtlər əlverişli deyil. Xəstəliyi
geri qayıtsa, öldüyü halda sığorta haqqı
arvadına ödənilməyəcək. İntihar etmək də
sığorta haqqını almağın üstündən xətt
çəkir. Lulun yanına gedir. Dostu ona elə məsləhətlər
verir ki, bir an əvvəl özünü öldürməkdə
çox cəsur olan Kuk ölüm qorxusundan xoflanır.
Şüuraltından sızıb gələn bir nüans
deyir ki, ölüm sizin harda olduğunuzu çox dəqiq
bilir. Demək, Lulun məsləhəti ilə Kuk
yaxınlıqdakı yarıuçuq və çoxmərtəbəli
tikiliyə yollanır, ora çatıb çətirini yerə
atıb binaya tərəf qaçır, guya kimsə onu təqib
edir, qaçıb qurtulmalı, ölüm təhlükəsindən
xilas olmalıdır. Elə qaça-qaça hiss edir ki, hər
bir hərəkəti alınmır, süni
çıxır, məlum mərtəbəyə çatanda
arxadan kiminsə nəfəsini hiss edir. Üzünü saqqal
basmış, cır-cındır geyinmiş kişi onu
qamarlayıb (guya - !) pəncərədən
yerə atmaq istəyir...
Usta Həmid Piriyev - folklor
poetikasının o biri üzü
Realist
üslubda yazılan hekayələr haqqında belə bir nəzəri
müddəa mövcuddur ki, bu tipli nümunələrdə əsas
məqam, yəni bütün mətnin sirri qəhrəmanın
həyat tarixçəsinin açılması məqamıdır.
Bu məqam doğulan kimi bədii mətndə "təhkiyə
simmetriyası" yaradır, yəni, bir tərəfdən həm
hər şey, bütün düyünlü nöqtələr
aydınlaşır, qəhrəmanın hərəkətlərinin,
əhvalı və davranışının mənası
açılır, həm də və ən əsası, həyata
bənzəyən və onun dibindən qalxaraq
gözümüz önündə canlanan hadisələr
estetik vituallıq qazanır: bu, hekayədir, insan həyatındakı
dönüşləri, daha çox isə, bunların
heç kəsin görmədiyi və məhəl
qoymadığı bir aləmdə - iç dünyasında
baş verməsinin şərtiliyi təhkiyə boyunca dərinləşir,
faktlar, onlardan düzələn hadisələr, motiv və
detalların "əvvəlki həyatı" bu cərəyan
edən hadisələrə paralel şəkildə təhkiyə
müstəvisinin bir yerində cücərməyə və
boy göstərməyə başlayır. Güzgünün
qara boya ilə rənglənmiş hissəsi daha da
qalınlaşır və bu proses həyata bənzəyən
virtual həyatı məhz dünyanın, gerçəkliyin
bütün olar-olmazlarından təcrid etməklə ona
qarşı qoyur. Əks halda, söhbət hekayədən gedə
bilməz.
Həmid
Piriyevin "Ölüm və başqa xoşbəxtliklər"
hekayəsi də istisna deyil: bu hekayədə bir tərəfdən
(hekayənin adından tutmuş, fakturasına qədər)
insanı düşünməyə, danışmağa (mətndə
dil açıb danışmaq istəyən faktura səbəbindən
- !) sövq edən semantik sahə, digər tərəfdən
isə, ona qarşı duran, danışmaq və bu faktura ilə
bağlı hər şeyi çözmək istəyən
"dilə" qıfıl vuran virtual sahə mövcuddur.
Bu sahələrin kəsişmə xətti birbaşa deyək:
oxucunun qavrayışından keçir və onu bu virtual həyata
qarşı çıxmağa, müəllifin guya
"sırıdığı" mülahizələrlə
mübahisə etməyə məcbur edir. Hekayənin əsas
strukturyaradıcı özülü inancdır. İnsanlar
ömür boyunca hadisələri müşahidə edərkən,
bir çox təkrarlanan nəsnələri sınayır və
həmin inancın cızdığı çərçivədən
kənara adlamaq istəmirlər və bu, onların həyata
münasibətlərinin özülünə çevrilir,
xüsusən, yaşlaşdıqda, dünyadan köçmək
məqamı gəldikdə və sair. İnsan, hətta
öz ömrünə, yaşam tərzinə qarşı da
mübahisə, imtina etmək, indiyə kimi aldığı nəfəslərin
hədər getməsi kimi düşüncə mövqeyində
dayanır. Vəfat etmiş adamı dəfn edərkən
yağış yağarsa, demək, həmin məkanda ard-arda
neçə insansa yenə dünyadan köçməlidir,
hekayədə qəhrəmanın düşüncəsində
bu insanların sayı da göstərilir. Əgər onlardan
biri əskik çıxarsa, demək, məsələ lap qəlizdir.
Hər şey qan qaynayan məqama təsadüf edir.
Həmidin
hekayələrində insanın içində, xatirə və
olacaqların dərin qatlarında hər şey bir-birinə ən
dərinlərdə qarşı duran seqmentlər kimi təsvir
edilir. Bu hal, sadəcə, təsvirin günün ən
müxtəlif məqamlarında çəkilən fotolar kimi
olmasını şərtləndirir. Sözlər, vədlər,
danışıqlar bu qarşıdurmadan mənaya
çevrilir....
Nərmin Kamal metaforası, yaxud
dirijor üslubu
Mətndə
"zaman" konsepti çox işlənsə də
(xüsusilə "zaman durbini" kimi ifadələr, yaxud
"Nöyüt ili" ifadəsi), əslində daha
çox məkan təsviri yerli-yataqlıdır, koloritli və
yapışqandır. Bu məkanda əşyalar həm var, həm
də yoxdur, çünki məkanın özü
sürüşkən və
açılıb-yığılandır, belə
sürüşkən (həm də yapışqan) məkanda
təsvir sehrli-magik səciyyə daşıyır,
danışıq, ləhcə, baxış, küsmək,
ayrılmaq, dava-qırğın... hamısı bir
sözdür, bu aləmdə söz, bəlkə də hələ
maddiləşməyib, hara gəldi axır, sən onu deyil, o
səni idarə edir. Sözün belə bir mövcudluq
forması insanların taleyini idarə edir. Sözlər də,
əşyalar da bir-birinə nüfuz edir, qəribə həlməşik
mühit formalaşır, zarafat, ironiya, insanların
yaşayış tərzi elədir ki, bir-birinə əks
anlamlar "matryoşka" kimi bir-birinin içindən
çıxır, hər şey mümkün (- !) ifrat dərəcədə
deformasiya vəziyyətində (sərhəd vəziyyətində
- !) təsvir edilir ki, canındakı həqiqət
qırıntıları yerə tökülsün.
Bütün sirlər, deyiləsi mümkün olmayan nəsnələrin
sirri faş olsun. Bu mənada, yəni belə bir perspektivdən
insanı tam olaraq öyrənməklə bağlı ədəbi
cəfəngiyyat da altdan-altdan lağ obyektinə çevrilir.
Hər bir hekayə insanı dərinə dartmaq
üçün (yaxud batırmaq üçün) vasitədir,
hadisənin, reallığın, zülmün, sevincin, kədərin
... sözün dərinliyinə. Müəllif buna bəzən
nail olur, bəzən yer-yerdən uduzur...
"İtaətsiz
otlar"da musiqi partiturası eşidilən və
"susan" səslərlə müşayiət edilir. Bu mətndən
müəllifin "Ülvi küçəsi" hekayəsinə
keçidlər görünür, orda dəmir dolabın
içində qalan kirpinin taleyi "İtaətsiz otlar"da
atasının itkisini heç cürə sinirə bilməyən
qadının həyatından keçməkdədir. Pəncələri
ağ pişiyin yabanı əncir qurusuyla göstərdiyi
"etüd" hər şeyin qarşısını
alır. "Ülvi
küçəsi" hekayəsində hər bir pasajda
personajlar, hadisələr, detal və işarələrdən,
sanki o atmosferə qəfil girəcək yad səslərdən
qorunur. Diqqət edin: "...Musiqi təkrar
çalınırdı, indi də tamam yad bir səs
özünü ortalığa salır, sanki yatan adamın
üstünə yaş yorğan sərirdin, bütün
halını pozurdu."
İnsanın
da bir itaətsiz halı olur. Başına nə gəlirsə,
içində iqlim necə dəyişirsə,
çıxış yolu tapmır, bütün yolların
bağlandığını, rahatlığınsa onu
biryolluq tərk etdiyini zənn edir. Bu zaman onu daha çox ətrafındakı
ən yaxınları, ona nəfəs qədər yaxın
insanlar bezdirir və verdikləri ümidlə həyatının
sonunu gətirirlər. Bir gün olur anlayırsan: alıb
verdiyin nəfəs yalnız sənə məxsusdur,
ölümdən qaçış yoxdur,
şüuraltındakı qasırğalar sənin
bütün həyatını alt-üst edir, hər şey
qıcıq yaradır. Bütün yollar ümidsizliyə
aparır. "Əsl payız havasıydı. Quşlar
yağışa düşməmək üçün
vaxtında şəhərlə sağollaşırdı.
Saçı təzə ağaran adamlar kimi parkın
yaşıl ağaclarında ilk sarı, narıncı
yarpaqlar görünürdü. Qoca bağban itaətsiz
otların öhdəsindən gəlməkdə aciz qalıb
özünü boş oturacaqların birinə
yıxmışdı."
Nərminin
hekayələrində "dirijor üslubu" var, hər
şey, təsvir edilən hər şey dəhşətli
gözlənti effekti yaradır, dirijor çubuğunun
hökmüylə axıb gedən hadisələr arxada iz
buraxır, bu izlər narahat şırımlar yaradır,
baxmayaraq ki, mətnlərdə hər şey zahirən sakit və
həyəcansızdır, məqsəd və niyyətlər,
arzu və istəklər, insan niyyəti... bu axında yox olub
gedir və hansı məqamdasa "səyyah" obrazı
yaranıb-formalaşır (bu şırımlarla gedib
ağlın dərk etmədiyi, ürəyinlə hiss etdiyin məkanı
tapmalısan...). Elə bir obraz ki, hadisələrdən
düşən iz, insan qəlbinin ehtizazlarından qopub qalan ləpirlərin
ağrılı şırımlara
dönüşdüyünü nişan verir.
Sevgiylə yazmaq...
Gənc
nasir Əli Zərbəli istənilən hadisəni, yaxud hadisələr
qovşağını proses kimi verə bilir. Belədə
janr özünün bütün parametr və
ölçüləriyə ifadə olunur. Əhvalat əhvalat
xassəsini itirir, ürəkdən gülür, yaxud kədərlənirsən,
amma hadisəni "unudursan".
Orxan Həsənidə hekayə diskursu tam fərqlidir. Hər şey yaddaşdan gəlir və yaddaşa dönür. Romanı da yaddaşla bağlıdı, ancaq fərqli kontekstdə: məsələ təkcə tələbəlik illərinin dostlarını fərqləndirən xarakter cizgiləri deyil, həm də onların necə, nə vaxta qədər yadda qala bilmək potensialını bəlirləməkdir. Həyat fanidir, ömür - vəfasız, ancaq unudulmayan şeylər var, Orxan bu məsələni sətirlər arasında saxlayır, buna görə onun metaforası səhranı xatırladır, həm də birdən-birə gül-çiçəyin fontan vurduğu səhra.
Jalə. Jalə necə hekayəçidir? Onun əhvalat danışmaq, süjet qurmaq üsulu necədir? Bu hekayədə ("Mənim xalam qızı") onun 2000-ci illərdən üzü bəri yazdığı bütün mətnlərdəki əsas nöqtələr artıq normativləşib, yəni süjeti əksər halda "gəzinti" üzərində qurulan hekayələr janrın ən qaynar məqamlarını özündə mükəmməl şəkildə əks etdirə bilir. Jalə insan ömründə əsas yerlərdən birini tutan, onun ömrünün mənasını açıb-ağardan təəssüf hissini, kədər və dərd susqunluğunu, hərdən, ancaq vaz keçə bilmədiyin məqamda çoxluq içində belə içində gəzib danışdığını çox incə ştrix və detallarla verə bilir. "Mənim xalam qızı" mətnində, sanki yaşadığın müddətdə hardasa, hansı məqamlardasa səndən xəbərsiz çəkilən şəkillərin üzə çıxması (yəni, Rusiyada yaşayıb vətənə qayıtmış, ana dilini zəif bilən, ömründə ilk dəfə Bakıya gələn xalası qızını gəzməyə çıxaran təhkiyəçi şəhərdə həm də özüylə rastlaşır...) sənə qəribə hisslər bağışlayır, hara gedirsənsə yol ayrıcı var, tək olmadığın üçün hər şeyi gülüşün altında gizlətməyə məcbur olursan... Jalə hekayə yazanda da dili düşünür, təmiz yazmaq, sevgiylə yazmaq...
Cavanşir Yusifli
Ədəbiyyat qəzeti:
xüsusi buraxılış
2024.- 13 iyul, ¹26.- S.16-17.