Ədəbi publisistika-2023
Azərbaycanın
ədəbi-bədii və ictimai-siyasi fikir tarixində
publisistikanın əhəmiyyətli yer tutmasını
yaşanılan dövrün gerçəkləri,
çoxsaylı sənət və mədəniyyət
nümunələri, faktları, jurnalistikaya dair zəngin arxiv
sənədləri əsaslı şəkildə təsdiqləməkdədir.
Publisistika
tarixinin araşdırılması göstərir ki, onun
inkişafında dövrün təfəkkür sahiblərinin
- görkəmli tənqidçi, filosof, tarixçi və ədəbiyyatşünaslarının
böyük xidmətləri olmuşdur. Ədəbiyyatımızda
publisistikanın ilk nümunələrinə hələ
M.F.Axundzadə, H.B.Zərdabi və N.B.Vəzirov qələmə
aldığı məqalələrdə rast gəlirik.
Bununla belə, Azərbaycan
publisistikasının istər mövzu-problem və ideya məzmun,
istərsə də sənətkarlıq baxımından
çiçəklənməsi, XX əsrin əvvəllərinə
təsadüf edir. Həmin dövrdə ictimai-siyasi
şəraitin mürəkkəbləşməsi, milli
oyanış və milli müqəddərat uğrunda
mübarizələr, rus inqilabları, I Dünya müharibəsi
kimi ciddi amillər dövrün zəka sahibləri
qızğın müzakirələrə sövq edir,
"Kaspi", "Şərqi-Rus",
"İrşad", "Tərəqqi", "Molla Nəsrəddin",
Füyuzat", "Həyat" kimi qəzet və jurnallardan
istifadə etməklə xalq kütlələrinin həyatında,
güzəranında baş verən tarixi-siyasi hadisələrə
münasibət önə çəkilir, bir küll
halında bu yaşantıların səbəb və nəticələri
ictimai-siyasi həyatın axarında verilir. Həmin
illərdə C.Məmmədquluzadə, N.Nərimanov,
Ö.F.Nemanzadə, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli,
Y.V.Çəmənzəminli və başqaları zamanın
və cəmiyyətin aktual problemləri ilə yüklənmiş
siyasi, bədii və elmi publisistikamızın gözəl
nümunələrini yaratmışlar.
Azərbaycan
Yazıçılar Birliyinin mətbu ədəbi orqanı
olan "Ədəbiyyat qəzeti" ilə Ədəbi
proses yaradıcılıq müşavirəsinin təşkilatçıları
və iştirakçıları arasında baş tutmuş
etibarlı dialoq geniş mənada, Ədəbiyyat İnstitutu
ilə "Ədəbiyyat qəzeti" arasında
yaradıcılıq əlaqələrinin ardıcıl
xarakter almasına səbəb olmuşdur. Artıq neçə
illərdir ki, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu əməkdaşlarının ən yeni və
maraqlı elmi axtarışlarından ibarət olan məqalələri
"Ədəbiyyat qəzeti"ndə dərhal çap
olunaraq elmi-ədəbi ictimaiyyətə
çatdırılır.
"Ədəbiyyat qəzeti" bu gün müstəqillik
dövrümüzün ədəbi panoramını
yaradır, milli ədəbi prosesə orijinal töhfələr
verir; Azərbaycanın strateji mövqe və maraqlarına,
tarixi gerçəkliklərinə layiqli xidmət nümunəsi
göstərir. Bu, tarix yaradan və tarixə yazılan
xidmət, ədəbi və əbədi xidmətdir. Qəzetdə
xalq yazıçılarımızdan Anar, Elçin, Sabir
Rüstəmxanlı, Elmira Axundova, akademiklərdən İsa
Həbibbəyli, Teymur Kərimli, Nizami Cəfərov, Rafael
Hüseynov, Muxtar İmanov, tənqidçi-ədəbiyyatşünaslardan
Vaqif Yusifli, Cavanşir Yusifli, Sona Vəliyeva, Bədirxan Əhmədli,
Rüstəm Kamal, Elnarə Akimova, Gülbəniz Babayeva,
Əsəd Cahangir kimi imzalar tez-tez çıxış edir.
"Ədəbiyyat
qəzeti"nin 6 may 2023-cü il sayı
ümummillilLider Heydər Əliyevin 100 illiyinə həsr
olunmuşdur.
Qəzetin
səhifəsində Yaşar Qarayev - "Müstəqillik
dövrünün milli öndəri" Anar - "Qalib gəldi,
qalib getdi", Çingiz Abdullayev - "Bütün
zamanların siyasətçisi", Elçin - "O bir məktəb
idi...", İsa Həbibbəyli - "Heydər Əliyevin
böyük ədəbiyyat siyasəti, "Ulu Öndərə
heyran olmamaq mümkün deyildi", Azər Turan - "Turan əfsanəsi",
Elnarə Akimova - "Heydər Əliyevin gücü - Cavidanə
bir eşq ilə", Nəriman Həsənzadə - "Rəhbərin
"Ədəbiyyat qəzeti"nə tövsiyələri",
Nizami Cəfərov - "Ümummilli Liderin sözləri",
Hüseynbala Mirələmov - "Tarixin yüz anı...",
Tehran Əlişanoğlu - "Müstəqillik dövrü
nəsrində Heydər Əliyev", Südabə
Ağabalayeva - "Şəxsiyyətin zamanı", Qulu
Ağsəs - "Heydər Əliyev və müasir ədəbiyyat",
İmir Məmmədli - "Şərəfli anlar",
İftixar Piriyev - "Xoş anların xatirəsi", Xeyrəddin
Qoca - "Heydər Əliyevin işığı", Səyyad
Aran - "Ən böyük Azərbaycan sevdalısı",
Gülbəniz Babaxanlı - "İki əbədiyyət:
Heydər Əliyev və Hüseyn Cavid", Aygün
Bağırlı - "Ədəbiyyata həyatdan gələn
qəhrəman", Təyyar Salamoğlu - "Ümummilli
Liderin Nəriman Nərimanovu müdafiə sisteminin
görünən və görünməyən tərəfləri",
Vaqif Yusifli - "97-ci ilin bir payız günü..." məqalələrində
böyük şəxsiyyətin obrazı yaradılır,
xalqın tarixi taleyində xidmətləri önə çəkilir.
Akademik İsa Həbibbəylinin məqalələri bu
baxımdan diqqəti xüsusilə cəlb edir. Bu silsilədə yer alan " Ədəbi prosesin inkişaf
dialektikası və Böyük Qayıdış"
(16.07.2023), "Heydər Əliyevin böyük ədəbiyyat
siyasəti" (11 may 2023), kimi yazılarında Azərbaycan
Prezidentinin xalqının strateji maraq və mövqelərini dəstəkləyərək
beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin
ərazi bütövlüyünə toxunulmadan həlli
variantına üstünlük verməsi diqqət mərkəzinə
çəkilir.
Akademik
İsa Həbibəylinin, həmçinin il
ərzində, ən müxtəlif mövzularda dərc
etdirdiyi yazıları "Yeni tarixi mərhələ:
Reallıqlar və çağırışlar",
(02.10.2023), "Nuhçıxandan Naxçıvana",
(09.02.2023), "Qədim diyarın müasir inkişaf
konsepsiyası" (21.06.23), alim-publisistik qələmlə ən
müxtəlif mövzularda yeni baxış və münasibət
sərgiləmək bacarığı haqqında yetərincə
təsəvvür yaradır.
"525-ci
qəzet"in 16 noyabr sayında Əli Əmirlinin
araşdırması - "Heydər Əliyev obrazı Azərbaycan
dramaturgiyasında"; "Heydər Əliyev sözün
gücünə və müdrikliyinə inanırdı",
Nərmin Eminlinin "Ulu öndər Heydər Əliyev Azərbaycanımızın
qurucusudur", Əməkdar jurnalist, Azərbaycan
Yazıçılar Birliyinin üzvü Bəbir Hüseynovun
"Böyük şəxsiyyət, görkəmli dövlət
xadimi Heydər Əliyev-100", Anar Qasımovun qeydləri
"Yaxın Şərq: yeni dünya düzəninin əsas
müharibə meydanı"; "...Yaşayacaq o
dağların eşqinə" - Unudulmaz Qənbər Şəmşiroğlu
hər zaman böyük ehtiramla xatırlanacaq;
"Laçına Qayıdışın sonsuz sevinci" -
30 ildən sonra laçınlılar doğma yurdlarına
böyük ruh yüksəkliyi ilə dönürlər;
Allahşükür Qurbanov Xalq şairi Sabir Rüstəmxanlının
"Ömür kitabi" haqqında - "Vətən və
millət dastanı" kimi çoxçeşidli, sənətkarlıq
baxımından bir-birindən maraqlı yaradıcılıq
nümunələri ilə tanış oluruq.
Çağdaş ədəbiyyatşünaslıq
elminin böyük yaradıcılarından biri, akademik İsa
Həbibbəylinin elmi düşüncəmizi hədəflərə
doğru yönəldən və bununla da qəzeti rövnəqləndirən
qlobal mahiyyəti ilə fərqlənən, konseptual məqalələri
elmi ictimaiyyətdə sonsuz maraq doğurur.
***
"Maarif
və mədəniyyət" adı ilə nəşrə
başlayan "Azərbaycan" jurnalı müxtəlif illərdə
"İnqilab və mədəniyyət" (1928-1936), "Revolyusiya
və kultura" (1936-1941), "Vətən uğrunda"
(1941-1946), yenidən "İnqilab və mədəniyyət"
(1946-1952) adları altında nəşr olunub. 1953-cü
ildən isə jurnal "Azərbaycan" adlanır. Keçən 85 ildə Azərbaycan ədəbiyyatının
ümumi mənzərəsi bu jurnalda əksini tapıb.
Jurnalın
2023-cü il mart buraxılışında
görkəmli ədib, ədəbiyyatşünas alim Mir Cəlal
Paşayevin 115 illiyinə həsr olunmuş yazılar yer
alıb. Jurnal Kərim Tahirovun "Ədəbiyyatda
romantizm" əsərinin yeni nəşrinə" , Vaqif Yusiflinin 75 illiyinə, Şirindil
Alışanlının "Yarım əsr ədəbi
prosesdə", Nərgiz Cabbarlının "Söz"
adlı gözəlin əsiri oldu" adlı məqaləsi
ilə açılır. "Azərbaycan"
jurnalının 100 illiyi münasibətilə Nəriman Həsənzadənin
"Yüksək ədəbi tribunam!",
Südabə Ağabalayevanın "Yüz ilin birinciləri
- Mustafa Quliyev" adlı məqalələri ilə oxucular
bu sayda tanış ola bilərlər.
2023-cü
il üzrə ədəbi dərgilər
arasında "Xəzan" ədəbi-bədii jurnalı
xüsusilə seçilir. Hər nömrədə
"Redaktor guşəsi"ndə verilən məqalələr,
sanki ədəbiyyat adına baş verənlərə
işıq tutmaq rolunu oynayır. Baş redaktor Əli bəy
Azərinin "AYB dilimizin müdafiəsinə qalxdı",
"Ədəbiyyatın mətbuatla vəhdəti",
"Ədəbiyyatda dil problemi", "Azərbaycan ədəbiyyatının
rusdilliləri", "Xaqani hücrəsində
görüş" kimi məqalələrində, sanki
"Xəzan" jurnalında əsərləri dərc olunan
müəlliflər və oxucular üçün bir istiqamət
cizgilənir. Jurnalın iki ayda bir dəfə
çapı nəzərdə tutulub. Cəmisi
43 müəllifin 60-dan çox məqaləsi dərc olunub.
Onlardan Elnarə Akimovanı, Vüqar Əhmədi, Zaur
Ustacı, Əyyub Türkayı, İbrahim Yusifoğlunu,
Hacıməmməd Məmmədovu, Ələsgər
Talıboğlunu, Kirman Rüstəmlini, Şahnaz Şahini,
Elvin İntiqamoğlunu, Leyla Səfərovanı, Ələddin
Allahverdiyevi, Əhməd Haqsevəri, Sədaqət
Əliyevanı, Dilbər Rzayevanı, Kifayət Məmmədovanı,
Nəzakət Cavadovanı və başqalarının
adını çəkmək olar. Adıçəkilən
müəlliflər Azərbaycanın müxtəlif guşələrində,
hətta ölkənin hüdudlarından kənarda
yazıb-yaradan adamların yaradıcılıqları haqda,
ümumiyyətlə, ədəbiyyatşünaslığa və
publisistikaya dair məqalələri Azərbaycan ədəbiyyatında
ümumi mənzərə cızmaqla ədəbi prosesə
öz töhfələrini yetirmişdir. Bu
sahədə müstəqil ədəbi dərgilər üzrə
"Xəzan" ədəbi-bədii jurnalı redaksiya heyətinin
işini təqdirəlayiq hal kimi qiymətləndirmək
mümkündür.
"525-ci qəzet", "Kredo", "Ədəbiyyat
qəzeti" və bəzi adlarını çəkmədiyimiz
qəzetlərə oxucu marağı yüksələn xətt
üzrə inkişaf edir. Bu qəzetlər içərisində
"Kredo" öz dəsti-xətti ilə seçilir. Bu
gün "Kredo" mətbuat aləmindəki problemlərlə
çiyin-çiyinə dayanaraq dözüm, iradə və cəsarət
nümayiş etdirir. Onun səhifələrində Azərbaycanın
mədəni quruculuğunun, sosial həyatının hər sahəsinin
izi var.
Qəzet 2023-cü il ərzində
Vaqif Yusifli, Vüqar Əhməd, Baba Babayev, Əlirza Xələfli,
Qulu Məhərrəmli, Elman Eldaroğlu, Təyyar
Salamoğlu, Əli Rza Xələfli, Şəddat Cəfərov,
Sevindik Nəsiboğlu, Gülbəniz Babayeva, Şakir
Albalıyev, Tamara Rüstəmova kimi onlarla müəllifin
müxtəlif mövzularda publisistik məqalələrini
dərc etmişdir. Həmin yazılardan bir qismi
mövzu-problem ətrafında araşdırma və
fikiryürütmə orijinallığı, mövcud problemlərin
həllini qabartmaq məramı
ilə maraq doğurur. Məsələn,
Gülbəniz Babayevanın Vüqar Əhmədin 60 illik
yubileyinə həsr olunmuş "Sözümüzün cəfakeşi",
Qürbət Mirzəzadənin "Tənqidçi
ehtirası ilə müasirlik meyar olanda", Şakir
Albalıyevin "Azsaylı xalqların folkloru", Elman
Eldaroğlunun "Böyük Yolun üstündə", Təyyar
Salamoğlunun "Əsrin ədəbiyyatı ümummilli
liderin analitik siyasi və ədəbi düşüncəsində",
Sevindik Nəsiboğlunun "Qəhrəman xalqın qəhrəman
oğlu" yazıları diqqəti cəlb edir.
Mütəmadi olaraq "Kredo"nun səhifələrində
ordu quruculuğunu, döyüşən zabit və əsgərləri,
vətənpərvərliyi və qəhrəmanlığı
vəsf edən məqalə, hekayə və şeirlərlə
yanaşı, publisistik yazılar da dərc olunur.
"Kredo" qəzetinin 12
sentyabr 2023-cü il tarixli sayında Sevindik Nəsiboğlunun
"Möhtəşəm Zəfərin nişanəsi Ulu
Naxçıvanımda", iqtisadiyyat üzrə fəlsəfə
doktoru Şəddat Cəfərovun "Səvavinin şəhidlik
nəğmələri" bu qəbildən olan
yazılardır.
Qəzet 2023-ci ildə Vüqar Əhmədin,
Baba Babayevin, Əlirza Xələflinin, Qulu Məhərrəmlinin,
Şəddat Cəfərov, Sevindik Nəsiboğlu, Gülbəniz
Babayeva, Şakir Albalıyev, ən müxtəlif mövzularda
publisist məqalələrini dərc etmişdir. Qəzetin oktyabr sayında Əli Rza Xələflinin
70 illiyi münasibətilə Sərvaz Hüseynoğlunun
"Böyük çöldən əsən yellər",
Vaqif İsaoğlunun "Sözə bükülmüş
şair ürəyi", Elçin Mehrəliyevin
"İnsana sevgi ruhunda" və bir çox məqalələr
qəzetdə yer alır.
29 sentyabr 2023-cü il tarixli
sayında qəzetin ilk səhifəsində şair-publisist
Əli Rza Xələflinin mərhum millət vəkilimiz Qənirə
xanım Paşayevanın əziz xatirəsinə həsr
etdiyi "Yerin ulduzu getdi" adlı təsirli şeiri dərc
olunmuşdur. Şeirdə Qənirə xanımın bədii
obrazının yaradılmasında publisistik çalarlar
da özünü qabarıq nümayiş etdirir.
Beləliklə, yuxarıda
adları çəkilmiş qəzet və jurnalların hər
birinin nəzəri-estetik keyfiyyəti və ictimai-mədəni
təyinatı əsas götürülmüş, ümumiyyətlə
milli publisistik fikrin inkişaf tarixində və müstəqillik
dövründə bu sahənin ideya-estetik prinsipləri müəyyənləşdirilir,
yeni dövrdə onun mövzu dairəsi, ideya-bədii
istiqamətləri haqqında əyani təsəvvür
yaradılır.
Vüqar Əhməd
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 13 iyul,
№26.- S.18.