2023-cü ildə bədii ədəbiyyatın
tərcüməsi: problemlər və perspektivlər
Y.V.Höte
yazırdı ki, "Tərcümə sadəcə,
orijinalın əvəzinə xidmət etməli deyil, tamamilə
onun yerində olmalıdır". Azərbaycan ədəbiyyatında
bədii tərcümə məsələləri orta əsrlərdən
üzü bəri daim klassiklərin və qüdrətli
söz ustalarının diqqət mərkəzində
saxlanılmışdır. Elə son yüz ildə professionallıqla
fəaliyyət göstərmiş, özünü bu sahəyə
həsr etmiş bir çox mütərcimin adını
çəkə bilərik. Eyni zamanda tərcümə
yaradıcılığında qələm
çalmış böyük Azərbaycan sənətkarlarının
və alimlərinin, akademiklərin, xalq şairi və
yazıçılarının adları da uzun bir siyahı təşkil
edir: Ə.Vahid, C.Cabbarlı, M.A.Dadaşzadə,
S.Vurğun, S.Rüstəm, M.Müşfiq, R.Rza, M.Rəfili,
C.Xəndan, Ə.Məmmədxanlı, M.İbrahimov,
M.Rzaquluzadə, B.Qasımzadə, Ə.Kürçaylı,
N.Xəzri, B.Vahabzadə, H.Arif, C.Novruz, T.Bayram, X.Rza, Anar,
Ə.Əylisli, Elçin,
İ.Qasımzadə... Onlar həmişə tərcümə
işinə hobbi kimi yox, əsas yaradıcılıq istiqamətlərindən
biri kimi baxmışlar. Məhz belə nəhəng
qələm sahiblərinin sayəsində ədəbiyyatımız
xeyli sayda, yüksək keyfiyyətli tərcümə əsərlərilə
zənginləşmiş, həmin əsasda milli tərcüməşünaslıq
təşəkkül tapıb inkişaf etmişdir. Bizim orijinaldan, xüsusilə, əsas Qərb dillərindən
biri olan ingilis dilindən birbaşa tərcümə ilə, həmçinin
tərcümə tənqidi və nəzəriyyəsi ilə
peşəkarcasına məşğul olan görkəmli
mütəxəssislərimiz də az olmayıb:
R.Qayıbova, İ.Rəhimov, Ənvər Rza, Z.Ağayev,
S.Mustafa, V.Ərəbov... və elə indi də vardır.
Q.Paşayev, Q.Bayramov, Ş.Xəlilli, A.Abbasov,
Ş.Nağıyeva, L.Əliyeva, K.Nəzirov... Bədii tərcümə
yaradıcılığı hər bir milli ədəbiyyatın
və ədəbiyyatşünaslığın vacib sahələrindən
biridir. Müxtəlif ədəbi növ və janrları əhatə
edən 2023-cü ilin bədii tərcümə ədəbiyyatımız
ayrı-ayrı mətbuat orqanlarında çap olunmuş və
kitablar şəklində nəşr edilmişdir. Keçən ilin tərcümələri rus ədəbiyyatının
və əsasən, rus dili vasitəsilə yerinə
yetirilmiş Qərb və qismən Şərq bədii
söz sənətinin nümunələridir; bir sıra ədəbi
əsərlər isə orijinaldan Azərbaycan dilinə
çevrilmişdir. Biz tərcümə məsələlərindən
danışarkən, təkcə xarici ölkə ədəbiyyatı
nümunələrini deyil, həm də bilavasitə xarici ədəbiyyatla
və əcnəbi müəlliflərlə əlaqədar
olan tənqidi, elmi-nəzəri məqalələrin,
ayrı-ayrı müsahibələrin də ana dilimizdə
çapını nəzərdə tuturuq.
"Azərbaycan" ədəbi-bədii
jurnalının "Yeni tərcümələr"
rubrikasında aşağıdakı əsərləri
görürük: M.V.Lyosa - "Əlbəyaxa
döyüş". (Tərcümə edəni:
A.Yaşar). ¹1; X.Kortasar - "Parisli xanıma məktub".
(Hekayə. A.Yaşar). ¹2; F.İskəndər -
"Keçilər və Şekspir" (Hekayə.
S.Hüseynli). ¹3; İ.Brodski - "Şair və nəsr"
(Hekayə. A.Yaşar). ¹3; A.Soljenitsın - (Esselər.
S.Hüseynli). ¹5; V.Sorokin - "Mən ədəbiyyatda təknüsxəli,
təkrarsız istehsalın tərəfdarıyam"
(A.Yaşar). ¹5; A.Erno - "Atamın yeri" (Roman.
A.Yaşar). ¹11; M.Tven - "Çarın monoloqu" (Esse. K.Nəzirli).
¹11; U.S.Moem - "Yağış" (Roman. A.Abbasov). ¹12; V.Krupin
- (Hekayələr. S.Hüseynli). ¹12; Q.Gültəkin
- "Şeirlər" (A.Əhmədgil). ¹12. "Ulduz" aylıq ədəbiyyat dərgisinin
"Tərcümə saatı" rubrikalarda silsiləvi
başlıqlar altında: yanvar sayı - ingilis
yazıçısı Ç.Dikkensin "İşarətçi"
mistik hekayəsi (A.Yaşar), J.Jovliyevin (Özbəkistan)
"Buxara, Buxara, Buxara..." əsəri (T.Vahid); fevral-mart -
Q.Q.Markesin "Qarda sənin qan ləkən" (ispancadan
çevirdi: M.Məmmədli); may - tatar
nasiri, ssenaristi Gözəl Yaxınaya məxsus
"Soyağac" hekayəsi (S.Hüseynli); iyun - türk ədibi
Ö.Seyfəddinin "Üç nəsihət" hekayəsi
(A.Yaşar); iyul-avqust - tatar yazıçısı
R.Batullanın "Canından can ver" (M.Mirzəli);
oktyabr - fantast yazıçı E.Lukyanenkonun hekayəsi
(S.Hüseynli); noyabr-dekabr - B.Okucavanın
orijinalları ilə birlikdə poetik tərcümələri
(H.Hüseynova) və s. çap edilmişdir. "Ədəbiyyat
qəzeti" də ilboyu xarici ölkə
yazıçılarının həm orijinaldan, həm də
rus dili vasitəsilə yerinə yetirilmiş ədəbi
nümunələrinin tərcümələrini müntəzəm
olaraq çap etmişdir. Kitab kimi nəşr olunmuş tərcümələrdən:
F.Kafka. "Məhkəmə" romanı ("Der
Prozes"). Təkrar nəşr, 2023 (alman dilindən tərcümə
edən mərhum V.Hacıyev); Dövlət Tərcümə
Mərkəzi: A.Morua. "Seçilmiş əsərləri"
(fransızcadan çevirəni mərhum H.Qoca, M.Qarayev,
N.Əbdülrəhmanlı); AMEA N.Gəncəvi adına
Ədəbiyyat İnstitutu və Azərbaycan Dillər
Universiteti "Fransız poeziyasından yarpaqlar" (M.Sofiyeva
və tələbələr)...
Artıq bir neçə ildir ki, AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu ADU ilə təcrübəçi
tələbə mübadiləsi aparmaqdadır. Hər il
ADU-dan göndərilən tələbələrin
böyük əksəriyyəti prof. G.Abdullabəyovanın
müdiri olduğu "Dünya ədəbiyyatı və
komparativistika" şöbəsinə təhkim olunur.
Gülər xanım
"Fransız poeziyasından yarpaqlar"
kitabının "Uğurlu layihə" Ön
sözündə yazır: "AMEA-nın
prezidenti, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli
ədəbi əlaqələrin genişlənməsi istiqamətində
hər zaman müsbət mənalı yeniliklərə qucaq
açıb, ev sahibliyi edib" (s.7). O, sözünə davam edərək
göstərir ki,"İnstitutun nəşrlərindən
"Plyus bədii yaradıcılıq" dərgisinin də
xüsusi tərcümə bölməsi mövcuddur və
burada elm adamlarının elmi-nəzəri
axtarışları ilə paralel, bədii tərcümə
fəaliyyətləri əks olunur. İnstitutun əməkdaşları
C.Yusifli, R.Nəbioğlu, Y.Qasımbəyli, T.Bədəlova,
C.Məmmədova, X.Zairova, M.Sofiyeva və digərlərinin tərcümələri
müxtəlif saylarda təqdim olunmuşdur"(s.8). Tələbələrin
fəaliyyətinə elmi işçi M.Sofiyeva rəhbərlik
edir. Mərcan xanımın təşəbbüsü
və təşkilatçılığı ilə IV kurs tələbələrinin
ərsəyə gətirdikləri tərcümə
kitabında Ş.Bodler (M.Sofiyeva), S.Malarme (R.Yusifova), P.Verlen
(A.Nəcəfova), P.Valeri (L.Hacıyeva), J.Prever (H.Mərdanlı)
və G.Apolliner (N.Səlimova) yaradıcılığından
nümunələr verilmişdir. Seçilmiş şeirlərin
tərcümələrində rəhbərlə birlikdə tələbələr
də orijinaldakı məzmun və formanı, hətta bəzən
qafiyə sistemini qoruyub saxlamağa nail olmuşlar. Gənclərin yaradıcılığına diqqət
baxımından ADU tərcümə fakültəsinin IV kurs
tələbəsi B.Qasımzadənin ingilis dilindən
"Lidia Deyvisdən qısa hekayələr"ini
("Əd", 04.11.23, s.26) və BDU-dan Alsu adlı II kurs tələbəsinin
ABŞ yazıçısı B.Uolkerin "Dişi canavar" əsərini orijinaldan tərcümə
("Ulduz", sentyabr, s.12-14) etdiklərini
vurğulamalıyıq. 2023-cü ilin xarici ədəbiyyat
mütərcimləri öz püxtə qələmləri ilə
tərcümədə səriştə göstərmiş,
məhsuldar işləyərək Azərbaycan oxucusunu
müxtəlif ölkə
yazıçılarının əsərləri ilə
tanış etmişlər. A.P.Çexovun "Qara rahib"
hekayəsini dilimizə çevirən görkəmli nasir,
Dövlət Tərcümə Mərkəzinin rəhbəri A.Məsud
mükəmməl tərcümə əsəri
yaratmışdır; sanki böyük rus
yazıçısı bu hekayəsini bizim dildə qələmə
almışdır ("Əd",¹52, 2022; 07.01.23; 04.02.23). Türkdilli xalqların ədəbiyyatından bədii
tərcümələrin əsasən, orijinaldan yerinə
yetirildiyini müsbət hadisə kimi qeyd etmək
lazımdır. Özbək ədibi X.Sultanın "Atabəyin
dəfni" hekayəsi (R.Əskər,
"Əd",15.04.23,s.29),
Çuvaş xalq şairi P.Xuzayqanın "Biz
vardıq, bir varıq, biz olacağıq" şeiri
(İ.İlyaslı, "Əd", 29.05.23, s.29) məhz belə
nümunələrdəndir. N.Tağısoyun Qazaxıstan
ədəbiyyatından etdiyi tərcümə də - I
Türkoloji Qurultayın iştirakçısı (1926),
şair, alim, mütərcim, ictimai-siyasi xadim Ə.Baytursunlunun
"Mən Qazaxam" poeması orijinaldan olmaqla rəvan dillə
çevrilmişdir ("Əd", 28.01.23, s.17). Ədəbi
əlaqələr üzrə tanınmış mütəxəssis,
tərcüməşünas və mütərcim
Ş.Xəlillinin B.Britaniya və Amerika uşaq şeirindən
seçmələri - on iki şairin on yeddi şeiri ana
dilimizdə yüksək poetik ifadəsini tapmışdır
("Əd", 22.05.23, s.8).
Ana dilimizə tərcümədə rus
poeziyasının Gümüş dövrü
oxucularımıza təqdim edilmişdir: O.Mandelştam,
M.Voloşin, A.Axmatova, D.Xarms, M.Svetayeva, S.Yesenin - 6 şeirin tərcüməsi
(M.Qarayev, "Əd", 30.09.23, s.38-39), A.Yaşarın təqdimatında
R.Kiplinqin "Miss Yolun mehtəri" məqaləsi
("Əd",13.05.23, s. 27, 32) və klassik rus
poeziyasından tərcümələr: İ.Krılov,
F.Tyutçev, M.Lermontov, A.Fet - cəmi 11 şeir
("Əd", 30.09.23, s.46), habelə H.Piriyevin rus dilindən,
o cümlədən, U.Ekonun "Üç nağıl"
kitabından etdiyi tərcümələr səlist dili ilə
oxucunu razı salır. Hər üç mütərcimin səviyyəli
fəaliyyəti müasir ədəbi-bədii tələblərə,
tərcümə prinsiplərinə əsasən cavab verir.
K.Nəzirlinin C.Qolsuorsi, M.Tven, M.Pyuzo, rus və polyak ədəbiyyatından,
həmçinin S.Hüseynlinin rus dili vasitəsi ilə etdiyi
tərcümələri də xüsusilə qeyd etmək
lazımdır.
Bir dilin vasitələrilə
başqa bir dildə yazılmış bədii əsərin
canlandırılmasında, yəni tərcümədə onun
təkcə ideya-məzmunu deyil, həm də müəllif təhkiyəsinin
və obrazların dili, özünəməxsusluğu, yerli
kolorit, realilərin izahlı təqdimatı, frazeoloji birləşmələrin
ekvivalentləri, düzəltmə və mürəkkəb
sözlərin birbaşa mənası, cümlələrin
sintaktik quruluşu, ritmi və bir çox digər bədii
xüsusiyyətləri ifadə edilməlidir. Sözbəsöz
və sətri tərcümə dəqiq bədii tərcümə
hesab edilə bilməz; məzmun və forma elementlərini vəhdətdə
ifadə etməyən, verə bilməyən tərcümə
məqbul sayılmır. Bir dildəki şeirin müvafiq
poetik tərcüməsi isə müstəqil bədii əsər
səviyyəsində dura bilər. Bu mənada,
fikrimizcə, yenə orijinaldan tərcüməyə
üstünlük verilməsi məqsədəuyğundur,
lakin bu gün dünya ədəbiyyatı nümunələrinin
bir çoxu hələ də rus dili vasitəsilə ana
dilimizə çevrilir. Şübhəsiz, milli tərcümənin
tarixi və müasir praktikası göstərir ki, ikinci
dilin vasitəsilə ana dilimizdə səsləndirilən ədəbi
əsərlər heç də həmişə zəif və
nöqsanlı olmur. Bununla belə, aydın məsələdir
ki, xüsusilə xarici şeir nümunələrinin
birbaşa orijinaldan Azərbaycan dilinə tərcümə
edilməsi ədəbiyyatımızın daha da zənginləşməsinə
layiqli töhfələr verir.
Bizdə dünya ədəbiyyatına dair
müasir elmi-nəzəri tədqiqlər və tərcüməşünaslıq
- ayrı-ayrı tərcümə əsərlərinin təhlili
və araşdırılması praktik tərcümədən
nisbətən geri qalır. Bununla belə, az da olsa, bəzi məqalələr
var ki, xarici ölkə
yazıçılarına, tərcümə əsərlərinə və
mütərcimlərə dəyər vermək mənasında
diqqəti cəlb edir. Məsələn, Qazaxıstan prezidenti
K.J.Tokayevin atası - Qazax detektiv janrının banisi K.Tokayev tərəfindən
qələmə alınmış "Gecə açılan
atəş" kitabındakı
povestləri N.Əbdülrəhmanlı orijinaldan tərcümə
etmişdir. Bu baxımdan, akad. N.Cəfərovun "Qazax
yazıçısı Azərbaycan dilində" məqaləsi
oxucularımıza geniş ədəbi-elmi informasiya verir
("Əd", 21.10.23, s.10-12). Fransız və
ingilis dillərindən yüksək keyfiyyətli tərcümələri
ilə tanınan ("Əd", 15.04.23, s.30), habelə xarici
ədəbiyyatla əlaqədar mütəmadi olaraq mətbuatda
çıxış edən tənqidçi və mütərcim
C.Yusiflinin yaradıcılığında elmi-nəzəri təhlillər
geniş yer tutur. Onun "Bədii tərcümə
problemləri", "Rilke və Eliot - XX əsr bir ovuc
külün içində", "Röne Şar - məkanın
sehri, yaxud Qurbaninin bənövşəsi", "Tatar
çölü" və "Kvant mexanikası" (Dino
Bussatinin romanı), "Unutduqlarımın adı"
(U.Ekonun "Qızılgülün adı" romanı
haqqında) və s. məqalələrini göstərə
bilərik. AYB Ədəbi Əlaqələr və
Bədii Tərcümə Mərkəzinin rəhbəri
S.Babullaoğlunun "Rumın ədəbiyyatı və
M.Emineskunun şeirləri Azərbaycan dilində",
M.Ağaoğlunun yapon yazıçısı Y.Mişima
haqqında "Mişima möcüzəsi" adlı məqalələri
analitik xarakterdədir. Və yaxud fəlsəfə
doktoru A.Nəzərovanın "Bədii tərcümələr
mədəni zənginlik kimi" sərlövhəli məqaləsindəki
fikirlərini, ümumiyyətlə bütün istedadlı və
zəhmətkeş mütərcimlərə şamil etmək
olar: "Yazıçı A.Abbasovun tərcümələri
ilə tanışlıqdan görünür ki, ingilis və
rus dillərindən azərbaycancaya çevrilmiş bu əsərlər
orijinala yaxınlıq və bədiilik baxımından təkmildir.
Tərcümələr oxunaqlıdır, ona görə ki,
Akif müəllim, ilk növbədə, Azərbaycan dilinin incəliklərinə,
gözəlliklərinə məharətlə yiyələnmişdir,
söz ehtiyatı zəngindir. Tərcümə edərkən,
təkrarlara yol vermir, söz oynatmır" ("Əd", 28.01.23,
s.16).Yeri gəlmişkən, A.Abbasovun tərcüməsində S.Moemin
"Yağış" əsərini redaksiya gah roman, gah da
povest kimi təqdim edir. Orijinalda
isə əsərin daxil olduğu kitab belə adlanır:
"Rain and other short stories" (M., Progress Publishers, 1977, s.25-83)
- yəni "Yağış və digər qısa hekayələr".
Əlbəttə,
bütün tərcümələrin və hər bir tərcümənin
əvvəldən-axıra qədər səviyyəsi eyni deyil. Tərcüməçilərin
buraxdıqları leksik-morfoloji, sintaktik, üslubi səhv, xəta
və nöqsanları isə, hər şeydən əvvəl,
onların bəzən təcrübəsizliyi, bəzən də
ədəbi dilimizin bilgisindəki çətinliklərilə
bağlı olur. Canlı danışıq dilini dərindən
bilməklə xarici ölkə
yazıçılarının əsərlərini anadilli
oxuculara adekvat səviyyədə çatdırmaq da mütəxəssislərdən
məsuliyyət tələb edir. A.Yaşarın
tərcümələrində "hacət", "mətah",
"cəzbə", "məzur", "hüdüləmək"
kimi arxaik və dialekt sözlərə, kirayə əvəzinə,
"kiralaya", habelə "samizdat", "katastrofik
tip", "butulka", "adülter" və s. bu kimi
"tərcüməyə gəlməyən" və
yersiz işlədilən leksik vahidlərə rast gəlirik
ki, bunlar da tərcümənin dil və üslubuna
ağırlıq gətirir; məsələn, məlumdur ki,
"adülter" bir termin olaraq fransız klassisizminin
nümayəndəsi J.Rasinin (1639-1699) teatrına aiddir. Bəzən
onun tərcüməsində bizim üçün
anlaşılmaz olan cümlələr də oxuyuruq: "Nə
isə deməkdən ötrü ağzını açan həkim
daha heçcə nə deyə bilmədi"
("Əd",16.09.23, s.13). A.S.Puşkinin
"Qaraçılar" poemasından (M.Müşfiqin tərcüməsi,
1930) ənənəvi tanıdığımız Zemfira ismi
J.İsmayılın rumın dilindən etdiyi tərcümədə
"Zamfira" kimi verilmişdir ki, bunun da oxucu
üçün bir mütərcim qeydi ilə izahatı
göstərilməsi yaxşı olardı (V.Aleksandri.
"Qızıl pulun macəraları". "Azərbaycan",
¹10, s.131-158). Onun tərcümələrində
-"zambir" kimi ləhcə sözlərinə və
yaxud: "...Necə ki, tərbiyə görmüş insanlar
belə edirlər" (?) - tipli cümlələrə də
rast gəlirik ki, bunlar da ədəbi dilimizə bir növ
yaddır. A.Nəbinin A.Podan çevirdiyi "Morella" hekayəsində
belə bir cümlə var: "Onun kəhanəti düz
çıxmadı". Kəhanət nə deməkdir, gərək
lüğətlərdə axtaraq: kəhanət gələcəkdə
baş verəcək hadisələri bilmək və qeybdən
xəbər vermək mənasında işlənən
termindir. ABŞ dollarının üstündə
yazılan "İn God We Trust" - "Ulduz" dərgisinin
baş redaktoru, şair Q.Ağsəsin dilimizdə səsləndirdiyi
kimi, "Biz Tanrının varlığına
inanırıq" mənasını vermir; amerikalılar
bütün dünyaya bəyan edirlər ki, "Biz Allaha təvəkkül
edirik". "C.Coysun ən qəddar əsəri:
"Uliss" materialında onu hazırlayan mütərcim
M.Qarayev əsərin adını gah "Uliss", gah da
"Odissey" kimi çevirmişdir ki, bu da bəzi
oxucuları çaşdıra bilər, halbuki həmin
sözlərin sinonim olduğu bəllidir.
Bizə belə gəlir ki, Azərbaycan dilindəki
bədii tərcümədən danışarkən, təkcə
rus və Qərb dillərindən deyil, həm də Şərq
dillərindən edilmiş tərcümələr də diqqətdə
saxlanılmalıdır. Keçən il Ə.Səlah
(İraq), N.Məhfuz (Misir), İdris şah (Hindistan) kimi
görkəmli yazıçılardan, hansı dildən
çevrildiyi göstərilməsə də, əsərlər
tərcümə edilmişdir. Sənətşünas
A.Talıbzadənin "Quranın sirləri tükənməz"
məqaləsində şərqşünas T.A.Şumovski və
onun "Müqəddəs Quran. Poetik tərcümə"
adlı kitabı ilə bağlı mülahizələri
polemika yarada bilən materialdır. Müəllif yazır: "Fikrimcə, T.A.Şumovskinin Quran, surə, islam,
din sözlərinin yeni yozum versiyasının
işığında aktuallaşdırdığı məqamlar
dünya çapında islamın imicini daha da pozitivləşdirmək
(?) baxımından son dərəcə dəyərli ola bilər"(!)
("Əd",13.05.23, s.18-19). İlk misirli Nobel
mükafatçısı N.Məhfuzun Stokholmda M.Səlmani
tərəfindən yazıçının dilində oxunan
"Nobel nitqi" maraqlıdır. Burada M.Atilayın tərcüməsində
belə bir yer var: "Şairimiz Əbu-l-Əla əl-Maari
haqlı olaraq demişdir"; aydındır ki, söhbət
filosof şair, böyük Azərbaycan alimi X.Təbrizinin
ustadı Ə.Məəridən gedir. Lakin tərcümə
rus dilindən edildiyinə görə, mütərcim də
mexaniki olaraq hərfbəhərf tərcüməyə yol
vermişdir. Bu baxımdan prof. İ.Həmidovun "Xətib Təbrizi
və Məərinin bədii surəti" adlı məqaləsi
diqqətəlayiqdir ("Az", 23,¹ 6-7, s.153-159). Bu məqalədə
müəllif Misir yazıçısı və alimi
Ə.Kordi tərəfindən yazılmış
"Hazırcavab" romanı haqqında məlumat verərək
göstərir ki, əsərin bir sıra bölmələri
X.Təbriziyə həsr edilmişdir. Fikrimizcə, tarixi
faktlara əsaslanan həmin əsərin gələcəkdə
Azərbaycan dilinə tərcümə edilməsi ədəbi-elmi
ictimaiyyətimiz üçün çox maraqlı ola bilər.
Perspektivdə dünya xalqları ədəbiyyatından
klassiklərin birbaşa orijinaldan tərcüməsinə
xüsusi yer vermək zəruridir. Əlbəttə, artıq
klassikləşmiş müasir xarici ölkə
yazıçı, şair və dramaturqlarının dəyərli
əsərlərini də unutmaq olmaz. Təəssüflər
olsun ki, bir çox hallarda tərcümə olunan materialın
hansı dildən çevrildiyi göstərilmir. Eyni zamanda bəzən
xarici müəlliflər haqqında bioqrafik məlumatlar
verilmir. Bu baxımdan, prof. Q.Paşayevin Amerika
yazıçısı C.Steynbekin "Nobel nitqi"ni tərcümə
etmiş M.Atilaya göstərdiyi irad çox yerindədir və
elə bir sıra tərcüməçilərə də
bilavasitə aiddir: "Hörmətli M.Atilay
Nobel mükafatı təqdimatı mərasimində ABŞ
yazıçısı C.Steynbekin söylədiyi tarixi nitqini
oxuculara ərməğan etməklə bərabər,
yazıçının Azərbaycan ədəbi mühitində
və elmi aləmində tanındığından bəhs etsəydi,
ədəbi-elmi ictimaiyyətə töhfə vermiş
olardı"(Q.Paşayev. "Dahilik mərtəbəsindən
vida nəğməsi" ("Əd", 10. 06. 2023, s.16). Tərcümə ədəbiyyatımızın
problem və perspektivlərindən danışarkən, ilk
növbədə, xarici dilləri mükəmməl bilən,
bədii istedadlı gənclərin bu sahəyə, maddi və
mənəvi cəhətdən həvəsləndirməklə
cəlb edilməsi ön planda olmalıdır. Burada mühüm amillərdən biri əsərlərin
orijinal mətndən öyrənilməsi və tərcüməsidir.
İkinci dildən tərcümə zamanı artıq bir dəfə
dəyişikliyə uğramış əsər növbəti
tərcümədə xarakterini dəyişir, olsun ki, əsas
forma və məzmunundan bir qədər də
uzaqlaşır. Bu gün orijinaldan tərcümə üzrə
mütəxəssislərin, habelə xarici dil bilən
redaktorların yetişməsi aktual bir məsələ olaraq
qalmaqdadır. Bununla belə, "ən
yaxşı tərcüməçi ana dilini yaxşı bilən
və ondan bir yaradıcı kimi istifadə etməyi bacaran tərcüməçidir"
(akad. Məmməd Arif).
Beləliklə, heç də tamamilə əhatə
edə bilmədiyimiz 2023-cü ilin bədii ədəbiyyat tərcüməsi
əslində rəngarəng və əlvan xarakterdədir.
Bir sözlə, müəyyən səhv, qüsur və
nöqsanların olmasına baxmayaraq, mütərcimlərimiz
məhsuldar işləmiş, ədəbiyyatımızı
bu və ya digər dərəcədə zənginləşdirmişlər.
Rasim Nəbioğlu
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 13 iyul,
¹26.- S.22-23.