Mədəniyyət Nazirliyi
yanında İctimai Şura ilə ANAİB - birgə
müzakirə keçirib
İyulun
2-də Azərbaycanda Atatürk Mərkəzində Mədəniyyət
Nazirliyi yanında İctimai Şura ilə “Azərbaycan Nəşriyyatları
Assosiasiyası” İctimai Birliyi (ANAİB) “Azərbaycan
kitabçılığının durumu: dövlət və
özəl sektor əməkdaşlığı” adlı birgə
müzakirə keçirib.
Edebiyyatqazeti.az
xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında
İctimai Şuranın sədr müavini Əkbər
Qoşalının aparıcılığı ilə
keçən görüşdə Milli Məclisin Mədəniyyət
komitəsinin sədri Fazil Mustafa, Mədəniyyət nazirinin
müavini Fərid Cəfərov, nazirliyin Kitab sənayesi
şöbəsinin müdiri Akif Marifli, o cümlədən həmin
şöbənin iki əməkdaşı, ANAİB-ə
üzv olan iyirmi iki, üzv olmayan üç nəşriyyatın
rəhbəri, QHT və media nümayəndələri, təşkilatçı
qurumların rəhbərləri – ANAİB İdarə heyətinin
sədri Şəmil Sadiq, Mədəniyyət Nazirliyi
yanında İctimai Şuranın sədri, deputat, akademik
Nizami Cəfərov və Şura üzvləri iştirak edib.
Giriş
nitqi ilə çıxış edən ANAİB İdarə
heyətinin sədri Şəmil Sadiq görüşün məqsədindən,
kitabçılıq sahəsində dövlət və
özəl sektorun rahat və sıx ünsiyyətinin
vacibliyindən danışıb, 27 nəşriyyatın
ANAİB-də bir amal uğrunda birləşdiyini dilə gətirib.
Ş.Sadiq Azərbaycan Naşirlərinin I Forumu və III
Uşaq Kitab Festivalından söz açıb; kitaba təşviq
layihələrinin yetərli olmadığını, gənc ədiblərin
əsərlərinin nəşrinin arzuolunan şəkildə
stimullaşdırılmadığını, kitabxanalara kitab
alışının azlığını, tərcüməyə
dəstək proqramının hələ də həyata
keçirilmədiyini vurğulayıb.
O bildirib
ki, ölkəmizdə özəl qurumların təsis etdiyi ədəbiyyat
və sənət dərgilərinin durumu
acınacaqlıdır. Dərgi mədəniyyəti
demək olar, tənəzzüldədir. Dərgilərin
diqqətdən qıraqda qalması, onların kitabxanaların
fonduna əlavə edilməməsi, dövlət dəstəyinin
yoxluğu nəşriyyat sahəsinin xüsusi problemidir.
ANAİB sədri digər media orqanlarına edildiyi kimi ədəbi
dərgilərə də dəstəyin vacibliyini dilə gətirib.
“Təhsil” nəşriyyatının direktoru Tural Axundov
mətbəə ilə nəşriyyat sahələrinin vəhdətdə
inkişafını önə çəkib və bu sahələri
ayırmağın doğru olmadığını
vurğulayıb. O, Mədəniyyət Nazirliyi ilə Elm və Təhsil
Nazirliyinin kitab alışı siyasətindən
razılığını ifadə edib.
Çıxış üçün növbəti
söz “Parlaq İmzalar” nəşriyyatının direktoru
Nurman Tariqə verilib.
N.Tariq ədəbiyyatın və dilin dövlətin mədəniyyət
strategiyasında ən önəmli faktor olduğunu
vurğulayıb.
O bildirib
ki, kitabxanaların fəaliyyəti genişləndirilməli,
bu qurumların fondu üçün kitab alışı
artırılmalı, eyni zamanda, kitabxanalardakı kiril
qrafikalı kitablar latın qrafikalı
olanlarla əvəzlənməlidir.
Nurman Tariq ölkədə Kino Agentliyinin olduğu kimi
Kitab Agentliyinə də ehtiyac duyulduğunu bildirib.
“Əlfəcin” nəşriyyatı və Göygöl
şəhərində fəaliyyət göstərən
“Göygöl” kitab evinin rəhbəri Mübariz Həsənov
bölgələrdə kitabçılığın əsas
problemlərindən söz açıb. Mədəniyyət
Nazirliyinin regionda təşkil edilən kitab sərgilərinə
dəstəyinin, kitabxanalar üçün kitabların mətbəələrdən
yox, nəşriyyatlardan satın alınmasının, hər
rayon mərkəzində (ilkin olaraq) bir pilot kitabxananın
yaradılmasının və bu təcrübənin daha sonra qəsəbə-kənd
kitabxanalarında tətbiqinin, Bakı Beynəlxalq Kitab Sərgisində
nəşriyyatlara daha çox yer ayrılmasının önəmini
qeyd edib.
Növbəti
çıxış üçün söz alan
“Ağıllı Bala” nəşriyyatının rəhbəri
Fatimə Alxaz ölkədə uşaq kitabları, uşaq
yazarları və illüstratorları probleminə diqqət
çəkib, uşaq ədəbiyyatının
inkişafı ilə bağlı məsələlərdən
danışıb.
F.Alxaz uşaq ədəbiyyatı ilə bağlı bir
neçə nominasiyada mükafatın təsisi, uşaq
yazıçılarının həvəsləndirilməsi,
ölkədə və xaricdə tanınması yönündə
silsilə tədbirlərin həyata keçirilməsi
mövzusunda təkliflər irəli sürüb.
Çıxışçı 6 – 9 iyun tarixlərində
keçirilən III Uşaq Kitab Festivalının konsepti barədə
danışıb və müvafiq qurumların rəsmilərinin
məsələyə daha üstün diqqətinin arzu
olunduğunu deyib.
“Altun Kitab” nəşriyyatının rəhbəri Rafiq
İsmayılov vurğulayıb ki, özəl sektorun bu sahəyə
nə dərəcədə məsuliyyətlə
yanaşacağını dövlətin strategiyası təyin
edir. Ona görə də kitabçılığın,
ədəbiyyatın əsas qoruyucu qurumu olan Mədəniyyət
Nazirliyi bu sahəyə diqqətini artırmalı, yeni layihələrlə
çıxış etməlidir.
Daha sonra “Libra Kitab” nəşriyyatının direktoru
Veysəl Məmmədov çıxışında bu sahə
üzrə xarici əlaqələrdən, beynəlxalq kitab sərgilərindən
bəhs edib.
Ölkəmizdə keçirilən Bakı Beynəlxalq Kitab
Sərgisinin hazırlıqlarının il
boyu aparılması, naşirlərin bu prosesdə yer
alması, il boyu dövlət tərəfindən keçirilən
sərgi və tədbirlər barədə geniş məlumatların
verilməsi kimi məsələlərinin vacibliyini
vurğulayıb.
İctimai Şuranın sədr müavini Vüqar Qədirov
öz çıxışında bir sıra köklü məsələlərə,
o cümlədən təhsil mövzusuna toxunub.
“Qələm” nəşriyyatının rəhbəri
Hafiz Eyyubov bildirib ki, ölkəyə idxal olunan kağız
ƏDV-dən azad olunsa da, bu qayda yalnız Rusiyadan gətirilən
kağızlara şamil edilir, Avropadan gətirilənlərə
şamil edilmir. O, sözügedən problemin tezliklə həll edilməsinin
vacibiyini diqqətə çatdırıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Fazil Mustafa bu tədbirə, əsasən, problem dinləməyə
gəldiyini deyib. Ölkədə kitab oxumayan, özünü kadr kimi
yetişdirməyən gənclərin az
olmadığından, dərin fəlsəfi kitabların
yazılmamasından, tərcümələrin isə qənaətbəxş
olmadığından, bu sferada terminologiyanın inkişaf etməməsindən,
məktəblilərin yazı bacarıqlarının əskikliyindən,
məktəblərdə oxuya təşviqin
azlığından söz açıb.
F.Mustafa vurğulayıb ki, dövlət son zamanlar aktivləşən
kitab sərgilərinə bacardıqca çox dəstək
verməli, bunun üçün özəl sektordan layihələr
istəməli, bu təşkilatçılıqda öz
resurslarından səmərəli istifadə etməlidir.
İctimai
Şuranın sədri Nizami Cəfərov öz nitqində Mədəniyyət
Nazirliyi Nəşr Planının Tərtibi və Nəşriyyat
Məhsullarının Satınalınması üzrə
Komissiyasının fəaliyyətinin genişləndirilməsini
təklif edib, qurumu ANAİB tərəfindən təşkil
olunan silsilə kitab sərgilərinə aktiv dəstək
verməyə çağırıb.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov
regionlarda keçirilən kitab sərgilərində Mədəniyyət
Nazirliyinin həmişə öz resurslarından istifadəyə
hazır olduğunu bildirib. Hətta indiyə kimi
keçirilən kitab sərgilərinin bir xeylisi
üçün müxtəlif bölgələrdə məkan
və bəzi imkanların təşkilatçılara təklif
edildiyini deyib.
O, xaricdə
keçirilən müxtəlif beynəlxalq kitab sərgilərində
iştirak üçün həmişə yerli nəşriyyatlara
şərait yaradıldığını, bu il
bir neçə sərgiyə özəl sektor nümayəndələrinin
də cəlb olunduğunu, bütün xərclərin nazirlik
tərəfindən qarşılandığını qeyd
edib.
F.Cəfərov
Mədəniyyət Nazirliyi Nəşr Planının Tərtibi
və Nəşriyyat Məhsullarının
Satınalınması üzrə Komissiyasının fəaliyyət
planının hər il detallı şəkildə elan
edildiyini, nazirliyin kiril qrafikalı kitabların latın
qrafikalı kitablarla əvəzlənməsi üçün
işlər apardığını, Kitab Agentliyinin
yaradılmasının planlar arasında olduğunu, Azərbaycan
ədəbiyyatına dəstək layihəsi üzərində
işlər getdiyini, kitabxanaların effektiv fəaliyyəti ilə
bağlı “yol xəritəsi”
hazırlandığını və son olaraq ANAİB tərəfindən
təşkil olunan Azərbaycan Naşirlərinin I Forumu və
III Uşaq Kitab Festivalında Mədəniyyət Nazirliyinin
müvafiq şöbəsinin əməkdaşlarının
qatıldığını bildirib.
Nazir müavini müzakirələrin gələcək fəaliyyət
və işbirliyi üçün faydalı olacağına
inandığını söyləyib.
Ədəbiyyat qəzeti: xüsusi buraxılış 2024.- 13 iyul, ¹26.- S.17.