“Dünya ədəbiyyatı” dərgisinin
“Çeçenistan” sayı
- nəşr olunub
Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəşri olan
“Dünya ədəbiyyatı”
dərgisinin yeni sayı bütövlükdə
Çeçenistana həsr edilib.
Bu barədə dərginin
baş redaktoru Seyfəddin Hüseynli məlumat verib. Onun bildirdiyinə
görə, nəşrin
“Çeçenistan” sayında
fərqli ədəbi
nəsillərə mənsub
sanballı imzaların
seçmə proza və poeziya nümunələri toplanıb.
Nəşrdə Çeçenistanın tarixinə və bugününə, çeçen
dili və ədəbiyyatına dair məqalələr də öz əksini tapıb.
S.Hüseynli qeyd edib ki, AYB-nin beynəlxalq
əlaqələr üzrə
katibi, şair Səlim Babullaoğlunun rəhbərliyi və təşkilatçılığı ilə gerçəkləşən
bu yaradıcılıq
layihəsi Azərbaycan-Çeçenistan
ədəbi əlaqələrinə
böyük töhfədir:
“Fikrimcə, dərgimizin
“Çeçenistan” sayı
çeçen ədəbiyyatının
Azərbaycan dilinə
sistemli tərcüməsi,
bizim ədəbi mühitdə layiqincə tanıdılması yolunda
ilk mühüm addım
kimi də əlamətdardır!”
Xalq yazıçısı, akademik,
Azərbaycan Dillər
Universitetinin rektoru
Kamal Abdulla nəşrdəki “Qafqaz dağlarıtək məğrur çeçen
ədəbiyyatı” adlı
təqdimat yazısında
qeyd edir ki, “Dünya ədəbiyyatı” dərgisinin
Çeçenistan ədəbi
cameəsinə həsr
olunmuş bu sayında təqdim olunan klassik və müasir nümunələrdə çeçen
həyatı, xalqın
quruculuq və mübarizə tarixi boy göstərir: “Bu yazılarda
çeçen xarakteri,
xalqın gələnəklərini
ortaya qoyan qəhrəmanlıq motivləri,
çeçenlərin bugünkü
həyatı öz əksini tapıb”. Akademikin fikrincə, “çeçen
ədəbiyyatı mənsub
olduğu xalqla eyni taleyi yaşayıb,
dəfələrlə repressiyalarla
üz-üzə qalıb,
lakin sınmayıb, tarix səhnəsini tərk etməyib, çətinliklərdən keçərək,
sınaqlardan çıxaraq
öz bədii mövcudluğunu qoruyub saxlamağı bacarıb,
xalqın taleyini, özünəməxsus mədəniyyətini
bugünümüzə daşıyıb”.
Şair
və tərcüməçi,
AYB-nin katibi Səlim Babullaoğlu “Ən vacib mövzularda
çeçen ruhu ilə yazmaq...” essesində həm bu sayın ərsəyə
gəlməsinə yol
açan hadisələr,
həm də çeçen xalqının
tarixi, ədəbiyyatı
və bugünü ilə bağlı düşüncələrini, təəssüratını
qələmə alıb.
Onun qənaətinə
görə, Şimali
Qafqaz xalqlarının
yeni yazılı ədəbiyyatları sırasına
aid edilən hazırkı
çeçen ədəbiyyatının
tarixi son iki yüz ili əhatə
eləsə də, əlverişli olmayan sosial-tarixi şərait üzündən onun yaranması, pərvərişi,
sistemli öyrənilməsi
əsasən son yüz
ildə baş verib: “Hərçənd elə həmin o son yüz il də
əsla sadə dövr olmayıb; 3 dəfə “əlifba (ərəb-latın-kiril) islahatı”nın
hər bir xalqın dili və ədəbiyyatı
üçün yumşaq
desək, nə qədər böyük çətinliklər yaratdığını
biz azərbaycanlılar pis
bilmirik; üstəgəl,
bütün bu əlifba dəyişiklikləri
məlum tarixi hadisələrin, təlatümlərin,
qanlı savaşların,
repressiya və təqiblərin, sürgün,
terror və vətəndaş
qarşıdurmalarının təzahürü olub...”
S.Babullaoğlu essesini Çeçenistanın
paytaxtı Qroznıya
səfərindən bir
xatirə və çeçen xalqının
gələcəyinə dair
çox mühüm diləklə tamamlayır:
“Axşamüstüdür. Mərkəzdə türk
ustaların inşa etdiyi 4 minarəli “Çeçenistanın ürəyi”
məscidinə tərəf
addımlayıram. Görüşdüyüm
universitet müəllimlərinin
və gənc tələbələrin, gün
ərzində üz-üzə
gəldiyim insanların
elə yol boyu da təkəmseyrək
qarşılaşdığım adamlar kimi sarışın,
ağbəniz, işıqlı
simaları, ağıllı
baxışları təkrar-təkrar
gözümün önündən keçir və anlayıram ki, Çeçenistan yaralarını sağaldıb,
sağaldır. Qoy Allah bu mərd
xalqa bir də savaş, qırğın nəsib eləməsin!”
Dərginin bu
sayı AYB ilə Çeçenistan Dövlət
Pedaqoji Universitetinin əməkdaşlığı çərçivəsində ərsəyə gəlib.
Nəşrin hazırlanmasında
Çeçenistan DPU-nun
rektoru İsmayıl Bayxanovun, əsərlərin
tərcüməsi üçün
hüquqların təmin
olunmasında Çeçenistan
Yazıçılar İttifaqının
sədri Aləməhəd
Yelsayevin xüsusi rolu var. Layihənin
koordinator və məsləhətçiləri Tamara Avtayeva və Raisa Buralovadır.
Nəşrin “Proza” bölümündə
Səidbəy Arsanov, Xalid Oşayev, Səid Budayev, Məhəmməd-Salah Qadayev,
Umar Qaysultanov, İsa Zakriyev, Səid-Həmzət Nunuyev,
Musa Əhmədov, Əminət Tapalayeva, Asya Umarova və
başqa müəlliflərin
yaradıcılığından nümunələr var.
“Poeziya” bölümündə Məryəm
İsayeva, Məhəmməd
Mamakayev, Nurdin Muzayev, Bilal Səidov, Əhməd Süleymanov, Raisa Əhmədova, Şeyxi Arsanukayev, Yamlixan Xaspoladov, Musbəy Kibiyev, Vahid İtayev, Şahid Rəşidov, Məhəmməd
Dikayev, Ömər Yariçev və digər şairlərin əsərləri verilib.
Çeçen poeziyası nümunələri
Azərbaycan oxucusuna Səlim Babullaoğlunun tərcüməsində təqdim
olunub. Bədii nəsr və ədəbiyyatşünaslıq materiallarını isə
Seyfəddin Hüseynli,
Azad Yaşar, Dürdanə İbrahimova-Hüseynbəyli,
Şəfiqə Şəfa,
Səadət Sultan və Həmid Piriyev tərcümə ediblər.
Mövsur İbrahimovun “Çeçen
Respublikası: tarix və çağdaş dövr” məqaləsini S.Hüseynli, Aysa Xalidovun “Çeçenlərin
yazı mədəniyyəti:
tarixi keçmiş və müasir vəziyyət” yazısını
A.Yaşar, Zarema Çukuyevanın “Çeçen
ədəbiyyatı: inkişafının
əsas mərhələləri
və tendensiyaları”
məqaləsini Ş.Şəfa
çevirib.
Nəşrin bədii tərtibatında
Çeçenistanın tanınmış
rəssamlarından Məhəmməd
Zakriyev və Rüstəm Yaxixanovun təsviri sənət nümunələrindən istifadə
olunub.
Dizayneri Emil
Camalov, korrektorları
Gülzar Vaqifqızı
və İbrahim Cəfərov olan dərginin bu sayı “Mücrü” nəşriyyatında çap
edilib.
Ədəbiyyat qəzeti:
xüsusi buraxılış 2024.- 13 iyul, ¹26.- S.24.