Salur Qazan və
Aruz Qoca
"Gizli Dədə Qorqud" silsiləsindən
Dastan deyir ki, Aruz Qoca Salur Qazanın
dayısıdır. Heç
bir boyda biz bu qohumluq dərəcəsinin
verdiyi imtiyazların biruzəsini görmürük.
Bu informasiya son dərəcə
adi təsvir səviyyəsində təqdim
edilir. Bu qəhrəmanların
bir-birinə münasibəti
Dastanın aşkar qatında bu qohumluğa görə nə daha yaxın
olur, nə də daha uzaq
olur. Qohumluq amili münasibət qurmaq işində heç bir rol oynamır.
Amma Dastanın başqa bir gizli qatı
da var. Salur Qazan ova getməyə hazırlşırkən
Aruz Qoca ondan soruşur: elini-obanı qoyub gedirsən. Sası dinli Gürcüstan ağzına gedirsən. Ordun üstünə kimi qorsan?
Bəlkə də təhlilin
sentimental (intim) tərəfi
belə bir təxmin üçün
əsas verir ki, Aruz Qoca bu
sualı verərkən
məhz özünü
ordu başında görmək istəyir. Bu
onun gizli niyyəti kimi qəbul edilə bilər. Salur Qazan isə təcrübəli Aruz Qocanı deyil, təcrübəsiz oğlu
Uruzu evini qoruyan ordunun başına təyin edib ağır səfərə yola düşür. Salur Qazanın bu addımını Aruz Qocaya qarşı bir münasibət bildirişi kimi anlamaq olar.
Qədim
əcdadlarımız da digər
dünya xalqları kimi öz qədim
tarixlərində matriarxat
dönəmində yaşamışlar.
Anaxaqanlıq kimi qəbul etdiyimiz bu dönəm qadınların cəmiyyət
daxilində aparıcı
mövqeyi ilə səciyyələnir. Bu dönəmin
ən əsas göstəricisi Dastanın
Müqəddimə hissəsində
belə bir ifadə ilə öz təzahürünü
tapır: "Oğul
kimdən olduğun
ana bilir". Məhz bu ifadə öz
semantikası ilə ananın (qadının) cəmiyyətdə tutduğu
əsas yerə aydın şəkildə
işarə edir.
Ananın
(qadının) rolu bu şəkildə başlayır və elə Dastanın bizə daha yaxın dövrünün
məhsulu olan məqamlarında "Ana haqqı
- Tanrı haqqı"
ifadəsi ilə başa çatır.
"Oğul kimdən
olduğun ana bilir"dən
"Ana haqqı - Tanrı
haqqı" düşüncəsinə
qədər gələn
inkişaf yolu, əslində, matriarxatdan daha sonrakı patriarxat dövrünü
kompressiyalaşmış (sıxılmış)
şəkildə əhatə
edən bir bədii modeldir.
Matriarxat
dövründə "ana" və onun təmsil
etdiyi mənəvi - genetik zümrənin nümayəndələri cəmiyyətdə
(əslində, tayfada)
xüsusi bir "nəvazişlə" dəyərləndirilir.
Qədim dövrlərdəki
münasibətlərdən birini ifadə edən belə bir anlayış var: avankulat. Bu, dayıya münasibətin adıdır.
Dayı kultu deməkdir. Aydındır
ki, bu anlayışın
arxasında anaya itaət durur. Avankulat mtriarxatın ən bariz münasibətbildirmə
göstəricilərindən biridir. Qədim cəmiyyətlərdə bu
şəkildə dayı
kultunun mövcudluğunu
görə bilirik.
Aruz Qocaya bir dayı
kimi münasibət, hətta onun faciəli şəkildə
sonuncu boyda iki bacıoğlu (Salur Qazan və
Qaragünə) tərəfindən
amansızcasına öldürülməsi
onu göstərir ki, Oğuz cəmiyyəti matriarxat dönəmidən
artıq sıyrılıb
çıxmaqdadır.
Sual edilə bilər: Aruz Qocanın suçu böyük idi. O, Qazanın sevimlisi Beyrəyi hiylə ilə evinə çağırmış,
onu Qazana qarşı mübarizəyə
dəvət etmiş,
rədd cavabı almış və ölümünə
səbəb olan qılınc zərbələri
ilə yaralamışdır.
Oğuz içinə
ikitirəlik salmış,
üsyan bayrağını
qaldırmışdır. Ona görə də Salur Qazanın hətta döğma dayısına qarşı
bu cür amansız hərəkəti
anlaşılan deyilmi?!
Bu suala belə bir sualla cavab
vermək olar. Bütün bunlara baxmayaraq matriarxat dövründə avankulata
qarşı belə bir addım atmaq mümkün olardımı?! Yəqin
ki, bu suala "yox" deməli olacağıq. Mifoloji təfəkkür belə
bir faciəli sonluğa yol verməzdi. Ya da biz bu gün başqa
bir strutur-semantik mikromətnlə üz-üzə
qalmış olardıq.
Aruz Qocanın Dastanda təsvir edilən kimi nümayişkəranə
(bizə görə -
amansız, mətnə
görə geridönməz)
şəkildə məhv
edilməsi (başının
bədəndən ayrılması)
Dədə Qorqudun Oğuz cəmiyyəti üçün nəzərdə
tutulmuş həyat dərslərindən biri kimi diqqəti cəlb edir. Cəmiyyətin Dədə
Qorqud dərslərinə
ehtiyacı var idi və ulu ustad cəmiyyətin inkişafı
naminə bu dərsləri bir-bir, usanmadan cəmiyyət üzvlərinə təqdim
edirdi.
Dayı
kultundan (avankulatdan) uzaqlaşmaq, düşünürük
ki, qədim cəmiyyətin
ilk növbədə fiziki
gücünü təmin
edə bilən reallıqlara üz tutmaq demək idi. Və cəmiyyət
üzvü bu şəkildə dayı qəzəbindən, ana qəzəbindən
azad olmağa hazırlanırdı. Bu bir
keçid dönəmi
idi və Dastan bu keçid dönəmini məhz bu şəkildə modelləşdirirdi.
"Bacıoğlu-dayı" münasibətlərinin
dərininə, Dastandakı
gizli məqamlarına
keçmək istəyiriksə,
onların ayrı-ayrılıqda
bəzi səciyyələrinə
bir daha nəzər salmaq lazımdır. Bu nəzər
nöqtəsi bizə
qəhrəmanlarda indiyə
qədər görmədiyimiz
bəzi cəhətləri
üzə çıxarmağa
imkan verir.
Salur Qazandan başlayaq. Bəylərbəyinin bir sıra düşünülməmiş
hərəkətləri Oğuz
tayfaları üçün
əməlli-başlı təhlükəli
məqamlar yarada bilər deyə düşünürük. Misal
üçün "Bəkil
oğlu İmran" boyuna
müraciət edək.
Bəkil
Oğuzun sərhəddini
qoruyan bir qəhrəmandır. Bayındır
Xanın sərhəddə
bu missiyanı həyata keçirmək təklifini Oğuz bəyləri içindən
təkcə o qəbul
etdi. Onu Oğuzda ağırlamağı,
zəhmətinə və
xidmətinə qarşılıq
olaraq isti-ilıq münasibət bildirməyi
Oğuz bəyləri
özlərinə borc
bilir.
Bəylər Bəkili ova dəvət
edirlər. Onlar Bəkilin ov məharətindən ağız
dolusu danışıb
ona hədiyyələr
verir, Bəkilə xoş gəlsin deyə öyüb dururlar. Bəkilin bir ovçu kimi şücaəti bir oxla heyvanın
qabaq ayağını
qulağına vurub pərçimləməkdir. Onun
bu məharətindən
bütün Oğuz əhli xəbərdardır,
çünki Bəkil
bu şəkildə ovladığı heyvanı
hər dəfə Oğuza göndərirmiş.
Oğuz bəyləri
bunu əsl ovçu məharəti kimi qəbul edir və Bəkili
dəvət etdikləri
ov zamanı tərif edib könlünü xoş etmək istəyirlər. Bəs Salur Qazan nə edir?!
Salur Qazan Bəkilin bu məharətinə ağız büzür, məharətin Bəkilə
deyil, onun atına aid olduğunu iddia edir. Bu sözlərdən pərt
olan Bəkil bəylərin hədiyyələrini
yerə tökür, təkcə Qazana deyil, bütün Oğuza küsür, dəstəsini çəkib
evinə, Oğuz sərhəddinə qayıdır.
Bəkil hətta kafir
elinə gedib məskən salmaq, Oğuza asi olmaq barədə düşünür. Qazanın,
belə deyək, düşünmədən dediyi
sözlər Oğuz üçün belə acı perspektivlər yarada bilərmiş.
Başqa
bir məqama diqqət yetirək. Dastan deyir ki, "ol zamanlar" Salur Qazan İç Oğuz və Dış Oğuz bəylərini ağırlamaq
üçün ildə
bir dəfə halalı Boyu uzun Burla xatunun əlindən tutub evindən çıxar, İş Oğuz, Dış Oğuz bəyləri bundan sonra onun evinə
girər, evdə nə varsa yağmalar,
kim nə istərsə özü üçün götürərdi.
Qədim bir cəmiyyət üçün
səciyyəvi olan və bu günkü
təsəvvürdə demokratik
münasibətin ilkin
qədim təsəvvürü
kimi özünü göstərən bu prinsip bir dəfə
Salur Qazan tərəfindən pozulur
və Dış Oğuz bəyləri yağmaya çağrılmır.
Aruz Qoca Dış Oğuz bəyi və ağsaqqalıdır.
O, Qazanın bu hərəkətinə qarşı
üsyan bayrağını
qaldırır, digər
Dış Oğuz bəylərini ətrafına
yığır və
İç Oğuzla,
bəylərbəyi Salur
Qazanla münasibətini
kəsir.
Əslində, "əgər...onda..."
kimi qeyri-səlis məntiq prinsipini tətbiq edərsək, cərəyan edən hadisələrin münasibətini
belə qura bilərik: əgər cəmiyyətdə demokratik
prinsiplərin pozulması
səbəb kimi özünü göstərərsə,, onda nəticədə
hakimiyyətə qarşı
üsyan baş erə bilər".
Salur Qazan məhz bu prinsipi pozmuşdu
və onun doğma dayısı Aruz Qoca, əslində,
bu demokratik prinsipin pozulmasının qarşısını almaq
üçün üsyan
bayrağını qaldırmışdı.
Oğuz cəmiyyəti
iki yerə bölünmüş, qarşıdurma
yaranmış və üsyan Aruz Qocanın qanı bahasına yatırılmışdı.
Yenə də Salur Qazanın bir bəylərbəyi kimi əsaslandırılmamış,
Oğuzun başına
bəlalar gətirə
bilən hərəkətinin
şahidi oluruq.
Beləliklə, biz nəyi görə
bilirik?! Biz qədim bir cəmiyyətə xas olan və
bəlkə də Salur Qazanın özünün ortaya atdığı ilkin demokratik prinsipin onun özü tərəfindən pozulmasını
və bu demokratik prinsipin bərpası uğrunda öldürən və ölən Aruz Qocanı görürük.
"Kitabi-dədə Qorqud"
dastanı öz ideoloji-bədii yönü
ilə qədim cəmiyyətin inkişaf
kompasıdır. O, cəmiyyətin
xaosdan kosmosa, sistemsizlikdən sistemə,
matriarxatdan patriarxata keçid dönəmini mənəvi cəhətdən
hazırlamaq funksiyasını
həyata keçirir.
Bir növ unudulmuş
bir mənəvi məkandan yeni bir dünyaya aparan körpü kimi özünü göstərir.
"Bacıoğlu-dayı" münasibətlərinin
Dastanda bu şəkildə dərin,
gizli qatdakı təzahürü həmin
körpünün etibarlı
olmasının daha bir göstəricisidir.
Bu gün özündən razı ölkələrdə
bəzi siyasətçilərin
"yeri gəldi-gəlmədi",
demokratiyadan danışması
fonunda əcdadlarımızın
hələ, Dastan dili
ilə desək, "ol zamanlar" demokratiya uğrunda apardıqları mücadilə
bizə belə deyir: qədim təsəvvürlərimizi öz
dərin qatında bəzən gizlədib yaşadan Dastanımız
bu gün dünyaya təqdim etdiyimiz Azərbaycan həqiqətləri istiqamətində
hələ çox mətləblər ortaya qoya bilər.
Kamal Abdulla
Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, ¹27.- S.3.