Bir quş rəsmi
yaratmaqdan ötrü
Bir quş rəsmi yaratmaqdan ötrü
ən əvvəl sən bir qəfəs çəkməlisən,
qapısı da açıq olmalıdır
onun.
Sonra həmin qəfəsin içində
bir quşun könlünü
oxşayacaq
daha nə isə çəkməlisən -
adi bir şey,
gözəl bir şey,
o quşa gərəkli sayılacaq nəsə.
Ardınca bu rəsmi aparıb bir ağacdan -
hansısa bağçadakı,
taladakı, ya da meşədəki,
- heç fərq eləməz -
bir ağacdan asmalısan.
Həmin
ağacın ardında
gizlənməklə,
cınqırını çıxarmadan,
yəni
heç qımıldanmadan
durmalısan.
Bəzən quş o yuvaya dərhal gələr,
bəzən isə bu iş illərlə uzana bilər.
Amma sən əsla ruhdan düşməməli,
yəni
usanmadan, bezmədən
gözləməli,
həm də quşun oraya gələcəyindən
ümidini əsla üzməməlisən.
Hətta
lazım gələrsə,
bu intizar illər uzunu da sürməlidir.
Çünki quşun qəfəsə
gec,
yaxud tez girməsinin
çəkdiyin rəsmin inandırıcılığıyla
hər hansı əlaqəsi olmaz, təbii ki.
Hə, deməli, sən nəfəsini içinə
çəkib, pusquya yatmaqla,
quşun
gəlib (gələrsə,
əlbəttə!)
o qəfəsə girəcəyi
anı
lal-dinməzcə gözləməlisən.
Elə
ki o, içəri girdi,
təkrar
əlinə alacağın
fırça ilə
rəsmdəki qəfəsin qapısını
ehmalca qapamalı,
quşu
duyuq salmadan
qəfəsi çevrələyən bütün məftilləri
birbəbir silib, ortadan qaldırmalısan.
Sonra onların yerində bir ağac rəsmi
çəkməli,
həmin
quşu da budaqların
ən şahanəsinə
qondurmalısan.
Amma o arada yamyaşıl yarpaqların sərin meh əsdikcə titrəyişini,
yayın
bürküsündə budaqlar
arasında uçuşan
böcəklərin şux
vızıltısını
verməyi də unutmayasan,
ha!
Sonra quşun cəh-cəh vuracağı məqamı
böyük səbirlə
gözləməlisən:
əgər bu umduğun baş tutmasa,
deməli,
çəkdiyin rəsm
bir işə yaramayıb.
Yox, əgər quş cəh-cəhə başladısa,
deməli,
rəsmin xeyli canlı alınıb.
Bundan sonra görəcəyin tək iş -
rəsmin
aşağı küncünə
öz adını yazmaqdan ötrü
çəkdiyin o quşun qanadından
bircə
dənə lələk
qoparmaq olacaq -
təbii
ki, onun ruhunu incitməyəcək şəkildə.
Birgə qəlyanaltı
Fincanına
qəhvə süzdü.
Qəhvəyə
süd qatdı.
Südlü qəhvəsinə
şəkər tozu əlavə
etdi.
Sonra bunları
qaşıqla qarışdırdı.
Südlü qəhvəsini içib
bitirdi.
Mənimlə bircə kəlmə
də kəsmədi.
Bir siqaret
yandırdı.
Tüstünü halqalar şəklində
havaya buraxdı.
Külü
külqabıya çırpdı.
Mənimlə bircə kəlmə
də kəsmədi.
Sonra üzümə baxmadan yerindən qalxdı,
Şlyapasını başına taxdı,
Plaşını əyninə geyindi,
Üzümə heç baxmadı.
Mənimlə kəlmə kəsməyə
gərək duymadı.
Bayırda yağış çisələyirdi,
Yağışa məhəl-zad qoymadan
durub, getdi.
Mənə isə əllərimlə
üzümü qapayaraq,
hönkürüb ağlamaq qaldı.
Sardina balığı
satan
qadınlar üçün şərqi
Haydı, ay balaca qızlar,
fırlanıb dövrə vurun
görüm
bu emalatxananın başına.
Qismət
olsa,
bəlkə siz də bir gün girdiniz
içəri.
Haydı,
fırlanıb-dönün,
ay balıqçı qızları,
ay balıqçı yetimçələri.
Vaxtilə beşiyinizin ətrafına
düzülən o mələklərin
də
bu emalatxana sahibindən
ara-sıra pul "qırpdıqlarını"
düşünürəm, nədənsə -
yəqin
elə o səbəbdən
alın yazınızı
onlar sırf belə yazıbmışlar,
(sanki yazacaq
başqa şey tapmayıblar!):
"Siz yoxsulluq içində
ömür sürəcəksiniz,
külfətiniz başdan aşacaq,
hələ balalarınız da qıtlıq
çəkəcək,
yoxsulluğa qatlaşacaq,
külfətləri başlarından
aşacaq,
onları
da oğul-uşaq basacaq,
xeyli oğul-uşaq..."
Haydı, bir fırlanıb-dönün,
görüm,
ay balaca qızlar,
bu emalatxananın başına.
Qismətdə varsa,
bəlkə siz də bir gün girdiniz
içəri.
Haydı,
fırlanıb-dönün, görüm,
ay balıqçı qızları,
ay balıqçı yetimçələri...
Güllələnmiş adam
Bu tərəfdə
çiçəklər, bağçalar,
fəvvarələr,
qəhqəhələr
və bir də... bitib-tükənməz
həyat eşqi
Qarşı tərəfdə isə
bir kişi sərilib yerə,
al qana bələnib adam.
O biri tərəfdə xatirələr, çiçəklər,
fəvvarələr, bağçalar
və bir də uşaqlıq
yuxuları...
Qarşı tərəfdə bir
kişi sərilib, qalıb yerdə...
adam qana bələnmiş boğçanı xatırladır
indi...
O biri tərəfdə isə çiçəklər,
fəvvarələr,
bağçalar,
xatirələr və
bitib-tükənməz həyat
eşqi...
O yerdə uzanan kişi indi
əl boyda körpə kimi mışıl-mışıl
uyuyur...
Jak Preverin
Dilimizə çevirdi: Azad YAŞAR
Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, ¹27.- S.5.