Natürmort şeir
1
Hər hansı əşyanın
rəsmini çəkəndə
ilk diqqət etdiyin şey əşyanın konturlarını, onu kənardan ayıran cizgiləri düzgün tutmaqdır. Əşya qoyulduğu yerdə, onsuz da, sakit, tərpənməzdir (zamansızdır...).
Cizgilərin o məkandan
dışa çıxmamasına
çalışanda sən
ani olaraq həmin əşyanın (bərni,
stəkan, gül, daş və sair) bətnində çırpınan hərəkəti
duymuş kimi olursan və bu hal, işarə
bir daha təkrarlanmır (zaman dalğaları...).
Hər hansı gülün, yaxud başqa bir əşyanın rəsmini
çəkəndə sən,
şübhəsiz ki, onu
büsbütün dəyişdirdiyinin
fərqində olmursan.
Sənin çəkdiyin
rəsmin içindən
bir gün bir qadın oyanıb çıxarsa, bu
artıq rəsm içində rəsm, söz içində söz, sükut içində yuxudur, demək...
Əşyaları şairlərdən yaxşı
kimsə tanımaz, şair hər şeyə ömründə
bircə dəfə baxa bilər, o zaman da yalnız bəsirət gözüylə, şair
əşyanın içini,
enerjisini gözəl duyandır. İstənilən
şair sözə rəsmlə başlayır,
xəyalındakı təsvirlərin
konturlarını birləşdirir,
heyrət ediləcək
mənzərəni yaradır,
elə bir mənzərə ki, üzə
çıxsa, yaşıl
nə varsa, od tutub alışar. Şair sözlə bu rəsmi yandırır.
Yerdə hərəkət,
dinamika qalır. Füzuli qəzəllərində,
Seyid Əzimdə məhz belədir. O qəzəlləri
tədqiq eləmək,
sadəcə, şərhlə
bitmir, ilkin mərhələni - xəyalda
çəkilən rəsmi
də bərpa etməlisən. Bu isə sadəcə, mümkünsüzdür.
Yaxınlaşa bilərsən,
əslinə toxunmaq çox çətindir. Demək, hər bir bədii mətn - şeir mətni ilkin olaraq iki qatdan
(yarus -?) ibarətdir:
yada sala bilmədiyin və unutmağa çalışdığın. Aşıq şeiri birinci qata maksimum
yaxınlaşa bilir. Bundan artıq yaxınlaşanda müəllif
"itir", unudulur,
bayatılar dünyaya
gəlir. Buna görə
bayatı bütün
komponentləri ilə
aşıq şeirindən
qalmadır.
Füzuli
nə deyirdi:
Güli-rüxsarinə qarşi gözümdən qanli axar su,
Həbibim, fəsli güldür
bu, axar sular bulanmazmı?
Bu beytdə mənzərə
nə qədər axar-baxarlı olsa da, xəyala ilkin gələn, çəkilən
rəsm artıq təsəvvürə gəlmir.
2
Hə,
o işarə sənin
qələmindən, qələmin
kömüründən tutub
o əşyanın keçmişinə
aparır. Və bu prosesdə
hər şey natürmort sözünün
semantikasını dağıtmağa,
onu bu məkandan
silməyə yönəlir.
Bir neçə, yaxud
bütün güldan
rəsmlərini yanaşı
təsəvvür edin,
güllər həmin
güldanlardan başlarını
aşağı sallayıb
suyun gəlişini gözləyirlər, ancaq
bu gözlənti heç zaman çin olmur, bəzi yuxular kimi. Yuxuda
yazılan şeirlə
həmin nature morte arasında gizli-aşkar bir bağlılıq var. Yuxuda yazılan şeirə (Mikayıl Müşfiqdə bu mətnlər diqqətlə
baxdıqda bilinir, onların poetikasında bir yuxu dalğınlığı
var...) "toxunmaq", onu
redaktə etmək,
tam olaraq yaddaşa yazmaq qeyri-mümkündür,
yuxu onun ən dözümsüz parçasını sənə
verir, yəni hər şey bu dörd misradadır,
həm də şeir elə insanın nə yuxuda, nə aşkarda xatırlaya bilmədiyi bircə sözdür. O sözə
maksimum yaxınlaşanlar
həyatdan tez, cavan yaşda köçür.
27 yaşdan 40 yaşa
qədər ömür
sürmüş şairləri
yada salın.
O Lermontov
idi, gəlmişdi bizə,
İyirmi
üç yaşa keçmişdi təzə...
Lermontovun
nəsrində nə qədər gözəl, bir-birini dalğalar kimi izləyən metafora var, sanki həmin natürmortdakı
başını sallayan
güllərə sarı
axırlar...
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, №27.- S. 9.