Hekayə janrı: müəllifin gender mənsubiyyəti
və qadın
Ədəbiyyatda qadın məsələsinin
qoyuluşuna diqqət
ötən əsrin ikinci yarısından yeni keyfiyyət müstəvisinə
keçirilib. Ədəbiyyat
və qadın məsələsi Azərbaycan
ədəbiyyatşünaslığı
üçün də
yeni deyil. Lakin həm bədii ədəbiyyat, həm də onu öyrənən ədəbiyyatşünaslıq eyni yerdə sayan elmi durğun
hadisə olmadığına,
daim dəyişdiyinə,
yeniləndiyinə görə
bu mövzu da yeni baxış və yanaşmalar tələb etməkdədir. Bu baxımdan,
ədəbiyyat və
qadın mövzusunun
"qadın yazıçı"
və "kişi yazıçı" prizmasından
dəyərləndirilməsi müasir ədəbiyyatşünaslığın
aktuallıq daşıyan
istiqamətlərindəndir. Azərbaycan nəsrinin nümayəndələri Ruhiyyə
Abbaszadə ilə Azər Qismətin hekayələrində qadın
obrazların müqayisəli
təhlilini verdiyimiz bu məqalə cəmiyyətdə və
ədəbiyyatda qadına
iki fərqli yanaşmanın mövcud olduğunu əks etdirir.
Ədəbiyyatdakı qadın obrazlarının cəmiyyətdəki
rolu ilə bağlı aparılan araşdırmaların keyfiyyəti
tədqiqatçının gender (və ya feminizm)
məsələsinə yanaşmasından
asılıdır. "Feminist ədəbiyyat" deyəndə,
ictimai münasibətləri
qadının baxış
bucağından təqdim
edən və cinslər arasındakı
asimmetrik əlaqələrə,
həmçinin patriarxal
düşüncə stereotiplərinə
qarşı tənqidi
münasibət sərgiləyən
ədəbiyyat nəzərdə
tutulur (Öğüt
H. "Edebiyatta feminizm
ve feminist edebiyat eleştirisi").
Qadına qadının gözü
ilə baxanda
Müasir
Azərbaycan ədəbiyyatında
qadınların yaşadıqları
çətinlikləri, onların
üzləşdikləri haqsızlıqları
qələmə alan yazıçılardan biri
Ruhiyyə Abbaszadədir.
Onun ailə-məişət
mövzulu hekayələrinin
əsas motivini cəmiyyətin qadına münasibəti təşkil
edir. "Allah adamı",
"Bir damla işıq",
"Qatil ər" kimi
hekayələrinin əsasında
Azərbaycan qadınının
mövcud vəziyyəti,
problemləri durur. Bu hekayələrin qadın qəhrəmanları çox
vaxt ölümün astanasından dönür.
Bu qadınlar daha çox, oxucunun rəğbət bəslədiyi
və müəyyən
mənada, rəhmə
ehtiyacı olan obrazlar kimi təqdim
olunur.
"Allah
adamı" hekayəsində
sevdiyi adam tərəfindən fiziki şiddət görən Çinarə adlı gənc qızın həyatından bəhs olunur. Universitetə qəbul olmaq xəyalı suya düşdükdən sonra
oxumaqdan əlini üzən qız ona elçi düşən oğlanlardan
birinə könül
versə də, ata-anası buna qarşı
çıxır. Evin
tək qızı olan, övladlığa götürülmüş Çinarənin
valideynləri doğma
olmasalar da, onu öz övladları kimi sevib qayğısına
qalmışdılar. Buna görə
də qızlarının
dürüst hesab etmədikləri bu oğlanla evlənməsinə
qəti etiraz etmişdilər.
Qız sevdiyi oğlanla gizli görüşüb,
onunla qaçır. Çox qısa müddət sonra oğlan ondan ata-anasından pul, əmlak tələb etməyini istəyir, qıza mənəvi və fiziki işgəncələr verir.
Qız bu vəziyyətdən bezib özünü öldürmək
istəyərkən, qonşu
kənddə yaşayan
bir nəfər onu xilas edib
evinə aparır. Onlar Çinarənin qayğısına qalır,
onun mənəvi yaralarını sağaltmağa
çalışırlar. Bir müddət sonra isə Çinarəni gətirib sağ-salamat ailəsinə təhvil verirlər.
R.Abbaszadə hekayədə
şiddətə məruz
qalmış qadının
yaşadıqlarını dərindən
incələməyə çalışmışdır.
Yazıçı qızın
emosional daxili dünyasına enir və aldığı travmaların onun həyatına təsirlərini
araşdırır. Zorakılığa
məruz qalmış
qadın obrazı vasitəsilə diqqət cəmiyyətdəki gender ayrı-seçkiliyinə,
patriarxal düşüncəyə
və sosial ədalətsizliklərə yönəldilir.
Bu qəbildən olan obrazlar cəmiyyətdə
qadına münasibətin
dəyişməsinin zəruriliyini
ön plana çəkməklə
yanaşı, qızlara
həyatdan ibrət götürməyi aşılayır.
R.Abbaszadənin "Qatil ər"
hekayəsində ərinin
fiziki şiddətinə
məruz qalan qadının məşəqqətli
həyatı təsvir
olunub. Azyaşlı qızı anasını xilas etmək üçün polis bölməsinə
şikayət edir və hüquq-mühafizə
orqanları əri bir müddət həbsdə saxlayır. Ər həbsdə olarkən arvadını öldürmək barədə
düşünür. Qadının
şikayətini geri götürməsilə evinə
qayıdan qəzəbli
ər azadlığa çıxandan dərhal sonra öz müdhiş
planını həyata
keçirməyə cəhd
göstərir, lakin qadın möcüzəli
şəkildə sağ
qalır.
Qadına kişinin gözü
ilə baxanda
Azər
Qismətin "Amerikasayağı
arzu", "Xanım
taksi", "Qrammofon",
"Qadının əhliləşdirilməsi",
"Sevgi zarafatı",
"Ağbirçək masajçı",
"Qonşu qadın",
"Qadın istəyi",
"Otaq söhbəti"
və s. kimi hekayələrindəki bir-birindən
fərqli qadın obrazları ilə dövrün reallıqları
əks etdirilmişdir.
Azər
Qismətin hekayələrinin
əksəriyyətində qadına kişinin gözü ilə baxılır, qadınların
yaşamları və
duyğuları bu prizmadan dəyərləndirilir.
"Otaq söhbəti" hekayəsində ərinin
şikəst olmasından
sui-istifadə edən
qadının həyat
yoldaşının namusuna
ləkə gətirərək
ətrafındakı bütün
kişilərlə cinsi
münasibət yaşadığı
təsvir olunur. Qadınla ərin dialoqundan məlum olur ki, qadın öz ərinə yazığı gəlsə
də, öz canından qorxduğu üçün onun sağalmasını arzulamır.
Qadın düşünür
ki, kişi sağalsa,
yüngül davranışını
ona bağışlamayacaq:
"Çox istəyirəm
ki, sağalıb ayağa
durasan. Bir tərəfdənsə
istəmirəm. Çünki
sağalıb ayağa
duranda saçımdan
sürüyüb çölə
atacaqsan. Buynuzlu olmağa dözməyəcəksən"
Azər Qismət.
"Duman" hekayələr
kitabı).
Hekayədə qadın mənfi
obraz kimi təqdim olunur. Onun sadəlövhlüyü,
avamlığı, cəmiyyətin
əxlaq normalarından
kənar davranışları
öz dili və əməlləri ilə ifşa edilir.
"Amerikasayağı arzu"
hekayəsində isə
illərlə uşağı
olmayan qadını əri artıq öz evində görmək istəmir. Qadının bütün
yalvarışlarına baxmayaraq,
əri onu alçaldır və evdən qovur. Bu münasibət ailələrin
hansı təməl prinsiplər üzərində
qurulduğuna işarədir.
Burada hekayənin əsas tənqid hədəfi kişi olduğu halda, müəllif qadının
da avamlığına diqqət
çəkmişdir. O, əvvəlcə
boşamasın deyə
ərinə çox yalvar-yaxar edir, bunun bir təsiri
olmadığını görəndə
isə taleyinə boyun əyir. Sonradan Amerikada yaşayan azərbaycanlı
siyasətçi ilə
ailə quran qadın vətənindən
ayrılıb Amerikaya
köçür. Müalicədən
sonra övlad sahibi olsa da, ruhunun dərinliyində eyni sadəlövhlüyü
və avamlığı
daşıyır. Aradan
illər keçsə
də, bir gün geri dönüb
keçmiş ərinə
söymək, onu alçaltmaq kimi bəsit arzularla yaşayır.
"Qonşu qadın" hekayəsində də qadının iradəcə
zəifliyi təsvir edilib. Hekayənin əsasında bu fikir dayanır ki, qadın nə qədər əxlaqlı,
məsum görünsə
də, məcburiyyət
qarşısında qalanda
onun yalan və hiyləyə əl atacağı qaçılmazdır. Maddi cəhətdən
təmin olunmayan qadın qızı ilə tək yaşayır və qızının xərclərini
qarşılaya bilmədiyi
üçün qızı
tərəfindən döyülür.
Nəticədə qadın
kişi qonşusunun ona qarşı xoş niyyətindən
sui-istifadə edib, ərzaq malı alveri pərdəsi altında qonşu kişidən pul qopartmağa başlayır.
Göründüyü kimi, Azər Qismətin ailə-məişət mövzulu
hekayələrində qadınlar
cəmiyyətin diktələrinə
məğlub olan insanlardır. Lakin bu məğlubiyyəti yaradan
səbəblərin açılması
qadını alçaltmağa
yox, onları oyatmağa xidmət etməkdədir.
Qadına zamanın gözü
ilə baxanda
Ruhiyyə Abbaszadə ilə Azər Qismətin nəzərdən keçirdiyimiz
hekayələrində yaradılan
qadın obrazlarının
hər birinin özünəməxsus dünyası
var. Bu obrazlar onları
yaradan yazıçıların
dünyagörüşünü qabarıq şəkildə
ifadə edir. R.Abbaszadənin hekayələrində qadının
ən ümidsiz anlarda ilahi qüvvəyə
tapınması və
ondan güc alması, dünyada nə qədər zalımlıq olsa da, mərhəmətin insanın
taleyi üçün
xilaskar qüvvə olduğu ön plandadır. Azər Qismət isə məsələyə daha
çox rasional mövqedən yanaşır,
reallığı mübaliğəli
şəkildə əks
etdirir. Hər iki yazıçının
qadın obrazları mütiliklə yanaşı,
asidirlər.
"Qatil
ər" hekayəsində
qadın hüquqsuzluğuna
toxunan R.Abbaszadə
qadının müstəqil
yaşaya bilmək gücünü arxa plana atır. Hekayənin əsas qəhrəmanı
belə hesab edir ki, ər qadını yalnız xəyanət, namus, əxlaqsızlıq üstündə
cəzalandıra bilər.
Bu isə cəmiyyətdə
qadın cinayətlərinə
haqq qazandırmaq kimi yanlış yozumların yaranmasına
da gətirib çıxara
bilər. A.Qismətin
"Qonşu qadın"
əsərində özünə
məzlumluq görkəmi
verən hiyləgər
satıcı qadın
ona yaxşılıq
edən kişini aldadır, həm məzlumluq sifəti, həm də fiziki cazibədarlığı
ilə qarşı cinsin duyğularını
istismar edir. A. Qismətin "Otaq söhbəti", "Qadın
istəyi" kimi hekayələrində də
qadının kişi
ilə münasibətində
fiziki cazibədən,
cinsi təhrikdən
sui-istifadə etməsinə
diqqət çəkilmişdir.
R.Abbaszadənin əsərlərində isə
qadın-kişi münasibətlərində
seksual mülahizələrə
yer verilmir, yazıçı daha çox patriarxal əxlaqın hökm sürdüyü toplumda qadın olmağın çətinliyinə önəm
verir.
R.Abbaszadə və A.Qismətin hekayələrindəki
qadın obrazlarını
müqayisə edərkən,
yazıçının gender mənsubiyyətinin onun yaratdığı obrazlarda
öz ifadəsini tapdığını, mövzuya
fərqli tendensiyalardan
yanaşıldığını görürük. R.Abbaszadənin hekayələrində
cəmiyyətdə qadın
hüquqlarının tanınmaması,
qadının ailə
daxilində məruz qaldığı təzyiqlər,
azad yaşamaq marağının zəifliyi
kimi nüanslar qabarıq verilir. A.Qismətin hekayələrində isə
cəmiyyətin qadına
qarşı dəyişməyən
görüşlərinin təsdiqi
üstünlük təşkil
edir. R.Abbaszadənin
hekayələrində qadının
iç dünyasının
detallarına varılır,
A.Qismətin qadın xarakterinin açılması
üçün ətrafdan
"dəstək" gətirilir
- qadının dünyası
daha çox mühitin fonunda işıqlandırılır.
Qadın
və kişi yazıçıların əsərlərinin
gender amili nəzərə
alınmaqla geniş təhlilə cəlb edilməsi Azərbaycanda
feminist tənqidin yaranması
üçün faydalı
başlanğıc ola bilər.
İlahə
SƏFƏRZADƏ
Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, №27.- S. 11.