Siyasi
münaqişənin miniatür təsviri
Azərbaycan
xalqının tarixində, görünür, ən əhəmiyyətli
hadisə onun başqa türk xalqları ilə eyni dövrdə
ümumtürk etnik birliyindən təbiətin, tarixin və
taleyin hökmü ilə ayrılaraq müstəqil bir millət
kimi tarix səhnəsinə çıxmasıdır. Ancaq
öz-özlüyündə mütərəqqi olan bu proses,
çox təəssüf ki, qansız-qadasız
ötüşməmiş, qardaş xalqlar arasında ciddi
siyasi münaqişələr, hərbi toqquşmalarla
müşayiət olunmuşdur. Azərbaycan xalqının
(millətinin) yaranmasını təsdiq (və təqdim) edən
Azərbaycan Səfəvilər dövləti Şah
İsmayıl Səfəvinin (Xətayinin)
başçılığı ilə ən azı
üç yeniliyə imza atdı: 1) təşəkkül
tapmaqda olan xalqın (millətin) mənəvi-ideoloji
özünəməxsusluğu (identikliyi!) barədə təsəvvür
yaratdı; 2) ümumtürk miqyasında artıq başa
çatmaqda olan diferensiasiyaya bütöv bir millətin gələcəyi
naminə sahib çıxdı; 3) daxili etnosiyasi
inteqrasiyanın konturlarını müəyyənləşdirməklə
ölkənin bu günə qədər milli yaddaşa hakim
olmaqda davam edən hüdudlarını təmin etdi.
İstər
Azərbaycan xalqının, istərsə də hər
hansı bir digər türk xalqının (və ümumən
türk xalqlarının) tarixi kontekstində bu diferensiasiya -
inteqrasiya prosesinə adi seyrçi və peşəkar-metodoloji
baxışlar, adətən iki fərqli rakursdan, ya
birbaşa, ya da dolayısı ilə üz-üzə gəlir.
Birincisi (və ən populyarı!) odur ki, iki (yaxud olsun
üç, dörd, beş...) xalqın hökmdarları mənəm-mənəmlik
edərək bir-biri ilə heç bir ciddi əsas olmadan,
subyektiv iddiaları naminə münaqişəyə
girmiş, vuruşmuş, qardaş qanı
axıdılmışdır... İkincisi isə, xüsusilə,
orta əsrlərin sonu, yeni dövrün əvvəllərindəki
həmin münaqişələrə o mənada tarixi bir zərurət
kimi baxır ki, xalqların (millətlərin)
formalaşması həmhüdud ərazilərdə bir
sıra ideoloji- mənəvi, siyasi, coğrafi və s. motivli
ziddiyyət və toqquşmalarla müşayiət olunur, hər
nə qədər bu və ya digər hökmdarın adı,
şəxsiyyəti, fəaliyyəti önə çəkilsə
də, bu ziddiyyət və toqquşmalar subyektiv səciyyə
daşımır. Birinci və ya adi seyrçi baxış
çıxış yolunu hər iki tərəfin tənbeh
olunmasında, məsələnin mahiyyətinə varmadan
"daşı ətəklərindən töküb" həmrəyliyə,
dostluğa, qardaşlığa çağırışda
görür ki, bu daha çox ədəbiyyatın, incəsənətin
işidir... İkinci və ya peşəkar-metodoloji
baxış isə bu cür
çağırışların faydasız olduğunu nəzərə
alıb münaqişənin mümkün qədər dinc yolla
həll edilməsinə cəhd göstərir.
Dahi Sabir
məşhur "Fəxriyyə" şeirində məsələyə
Azərbaycanın yox, ümumən Türk
dünyasının mövqeyindən yanaşır ki, bu, XX əsrin
əvvəllərində özünü son dərəcə
parlaq şəkildə göstərən
türkçülük məfkurəsindən irəli gəlirdi:
Bir vəqt
dəxi Qarəqoyun, Ağqoyun olduq,
Azərbaycana,
həm də Anadoluya dolduq,
Ol qədr
qırıb bir-birimizdən ki yorulduq,
Qırdıqca
yorulduq və yorulduqca qırıldıq...
Turanlılarız,
adiyi-şüğli-sələfiz biz!
Öz
qövmümüzün başına əngəlkələfiz
biz!
Bir vəqt
Şah İsmayilü Sultani-Səlimə
Məftun
olaraq eylədik islamı dinimə,
Qoyduq iki
tazə adı bir dini-qədimə,
Saldı
bu təşəyyö, bu təsənnüm bizi bimə...
Qaldıqca
bu halətlə sərayi-əsəfiz biz!
Öz
dinimizin başına əngəlkələfiz biz!
"Bəngü
Badə" müəllifinin dövrü isə tamam başqa
idi, o zaman türkçülük məfkurəsi hələ
mövcud deyildi, ancaq türklük stixiyası vardı. Və
dahi Füzuli öz türklüyünü ərəblərə
və farslara qarşı qoyurdu:
Ey feyzrəsəni-ərəbü
türkü əcəm,
Qıldın
ərəbi əfsəhi-əhli-aləm,
Etdin
füsəhayi-əcəmi İsadəm,
Bən
türk zəbəndan iltifat eyləmə kəm.
Əlbəttə,
mənsub olduğu xalqın - ümumtürk xalqının
dilini sevən, vətənpərvər bir şair - mütəfəkkir
üçün Səfəvi-Osmanlı münaqişəsi
heç bir əsası olmayan, mənasız, qeyri-insani hadisə,
fəlakət idi. Bunun günahı isə, təbii ki, Şah
İsmayılla Sultan Səlimin üzərinə
düşürdü. Füzuli məsələyə tarixin fəlsəfəsi,
tarixi prosesin obyektiv qanunauyğunluqları baxımından
yanaşa bilməzdi.
Füzulişünasların,
demək olar ki, hamısı "Bəngü Badə"nin
mövzusu, ideya- məzmunu barədə eyni fikirdədirlər.
Və sənətşünas Mirzə Talıbov da öz dəyərli
əsərində - "Bəngü Badə"dən
görünən tarix"də həmin fikrə elə bir
ciddi yenilik gətirmir. Onun əsas uğuru, hətta cəsarətlə
deyə bilərik ki, kəşfi Təbriz miniatür məktəbinə
aid rəsmi tapıb şərh etməsidir.
Mirzə
Talıbov göstərir ki, həmin rəsmin "Bağdad məktəbinin
nümunəsi kimi qələmə verilməsinə rəğmən,
sırf Azərbaycan təsviri sənət məktəbinə
aid boyakarlıq əsəri olduğu açıq-aydın nəzərə
çarpır. Bu qənaətə bizi rəsmin kompozisiya həlli,
koloriti, obrazların realistliyi, ilk növbədə isə, rəsmin
üzərindəki nəstəliq xətti ilə həkk
olunmuş yazı gətirdi". Həmin yazı isə
"Bəngü Badə"dəndir:
Bəng həm
oldu haldan agah,
Yığdı
məqdur olduğunca sipah.
Hər
biri bir tərəfə çəkdi səfi,
Oldu zəngin
büsat hər tərəfi.
Mirzə
Talıbov güman edir ki, rəsm XVI əsrin 30-40-cı illərində
(əslində, 30-cu illərində) çəkilmişdir. Bu
isə o deməkdir ki, Çaldıran döyüşü
artıq baş vermiş, "döyüş
teatrı"nın personajları tarix səhnəsini tərk
etmişlər, ancaq Səfəvi- Osmanlı
qarşıdurması davam elədiyindən Şah
İsmayıl - Sultan Səlim münaqişəsinin təəssüratları
hələ köhnəlməmişdi... "Bəngü Badə"nin
isə Şah İsmayılın Çaldıran məğlubiyyətindən
- 1514-cü ildən əvvəl, Azərbaycan Səfəvi
dövlətinin hüdudlarını müəyyənləşdirmək
uğrunda gənc şahın apardığı müzəffər
mübarizə illərində qələmə
aldığı iddia olunmaqdadır. Beləliklə, rəsmin
poemadan təxminən 20 il sonra çəkildiyi qənaəti
yaranır. Miniatürün, adətən kitablarda, əsərlərdə
canlandırılmış obrazları təsvir etdiyi prinsipini
rəhbər tutsaq, sözügedən rəsmin bilavasitə
"Bəngü Badə"yə illüstrasiya olması ona
görə şübhə doğurmaya bilməz ki, Füzulidəki
alleqorik obrazlar yerinə burada normal insan portretləri əks
olunur.
"Bəngü
Badə"dən görünən tarix"in müəllifi
yazır:
"Ümumiyyətlə,
rəsm əsəri ilk baxışdan kefli, əyləncəli,
xoş ovqatlı məclisin təsviri kimi qavranılır ki,
bu təəssüratı yaradan məhz həmin
sözügedən səhnədir. Düşünürük
ki, rəssam belə bir səhnəni kompozisiyaya daxil etməklə
bilərəkdən əsəri bu səpkidə işləmişdir.
Belə ki, məzmunu Bəngin və Badənin
ayrı-ayrılıqda qurduqları iki "eyş-işrət"
məclisinin iştirakçılarının
danışıqlarından düzənlənən
poemanın özünün qəhrəmanları bəng, badə
daxil olmaqla kefləndirici içkilər, məstedici maddələrdir".
Kompozisiyaya
Füzulinin özünün portretinin də daxil edildiyi
güman olunarsa, əlbəttə, rəssam, ilk növbədə,
məhz "Bəngü Badə"nin ideya-məzmun motivlərinə
istinad etməyə çalışmışdır. Ancaq Təbriz
məktəbinə mənsub (ola bilsin, həyatının
hansısa dövrünü Bağdadda, yaxud İstanbulda
yaşamış) sənətkar yalnız "Bəngü
Badə"dən aldığı tarixi təəssüratlarla
kifayətlənməmiş, məşhur münaqişənin
müfəssəl təsvirini vermişdir. Və ona görə
də, düşünürük ki, rəsm əsəri sadəcə,
"Bəngü Badə"dən görünən
tarix"in əksi deyil, onun ideya-estetik qayəsi daha
genişdir.
Mirzə
Talıbovun belə bir mülahizəsi isə heç cür
özünü doğrulda bilməz ki, guya poemanın "Bəngü
Badə" adlandırılması "iki türk
hökmdarı arasında qırğına gətirib
çıxarmış bu olaylar hakimlik, torpaq, taxt-tac,
mal-dövlət uğrunda aparılan müharibələr,
çəkişmələr sərxoş (xəstə) təfəkkürün
bəhrəsidir... fikrindən qaynaqlanır". Bu çox
sadəlövh baxışdır, əgər belə
düşünsək, onda gərək tarixin (və taleyin)
hökmü ilə dövlətlər, hətta imperiyalar quran
türk hökmdarlarının hamısını "sərxoş
(xəstə) təfəkkür" sahibi elan edək. Dahi
Füzuli bu fikirdə ola bilməzdi.
Yeri gəlmişkən,
Səfəvi-Osmanlı qarşıdurmasında Şahla
Sultanın missiyaları fərqlidir: Sultan Səlim imperatordur,
Osmanlılar ərəb ölkələrini, Balkanları zəbt
edərək böyük bir imperiya yaratmışlar; Şah
İsmayıl isə formalaşmaqda olan xalqının
hüdudlarından ancaq müdafiə məqsədilə kənara
çıxır. Bu baxımdan Türkiyə tarixçisi
Tufan Gündüzdən gətirilmiş belə bir sitat
çox maraqlıdır ki, "Sultan Səlimin Şah
İsmayıla münasibətinin daha da pisləşməsinə
və onu müharibəyə çağırmasına səbəb
olan ünsürlərdən biri də İrandan və
Xorasandan Səlimə göndərilən çoxsaylı məktublar
olmuşdur. Bu məktublarda Şah İsmayılın və
bütün qızılbaşların aradan
qaldırılması istənilir. Məktublar arasında
Xorasanlı Xacə Mollanın göndərdiyi məktub daha da
qızışdırıcı olur. Belə ki, o öz
yazısında qızılbaşları zəhərli bir
ilana bənzədərək Məhəmməd peyğəmbərə
küfrdə ittiham edir. Eyni zamanda Sultan Səlimi bir zamanlar
İranı zəbt etmiş İskəndərlə eyniləşdirərək
onu yeni Zülqərneyn adlandırır".
İran
yox, məhz Azərbaycan Səfəvilər dövlətini
yaradan, onun siyasi coğrafiyasını müəyyənləşdirən
Şah İsmayıl istər-istəməz fars şovinizmi ilə
üz-üzə gəlməli olmuşdu. Və farslarla
bağlı məsələlərdə təcavüzkarlıq
etmək qızılbaşların - azərbaycanlıların
liderinin missiyasına daxil deyildi. Abbasilər dövründən
başlayaraq öz hakimiyyətlərini saray intriqaları yolu
ilə təmin etməyə çalışan farslar siyasi
problemlərini hərb meydanlarında həll edən türklərə
özlərinə məxsus müqavimət göstərirdilər
ki, bu müqavimətin məzmunu Şah İsmayıl
üçün aydın ola bilməzdi... İmperator Sultan Səlim
üçünsə, rəqibinə qarşı olan hər
bir siyasi qüvvə ilə əməkdaşlığın
faydası vardı. Və Səfəvilərin dövlət
qurduğu ərazinin fars şovinistləri tərəfindən
İran adlandırılması (və elə həmin
ikiüzlü qüvvə tərəfindən də Sultana
"peşkəş" olunması) Sultan Səlimin izzət-nəfsini
oxşayırdı... O da, öz növbəsində, Ubeyd xan
Özbəyə məktub yazıb, onu "napak, xəbis,
yalançı, günahkar, qantökən cani olan sufi körpə"yə
- "fəsad mənbəyi"nə qarşı birgə
mübarizəyə çağırmışdı... Halbuki
Şah İsmayılın Sultan Səlimə münasibəti
o qədər aqressiv olmamışdı ki, bunun da ciddi səbəbləri
vardı. Ən başlıcası isə o idi ki, Səfəvi
hökmdarı Osmanlı torpaqlarını zəbt etmək
fikrində (və qüdrətində) deyildi. Bununla belə
Şah İsmayıl rəhbərlik etdiyi ideologiyanın -
qızılbaşlığın qələbəsinə əmin
olduğuna görə Osmanlını "dinc yolla"
çökdürəcəyinə haradasa inana bilərdi.
Mirzə
Talıbovun Çaldıran döyüşünü
qaçılmaz hesab eləməsi Səfəvi-Osmanlı
münaqişəsi zəminində, əlbəttə,
özünü doğruldur. Çünki "Şah
İsmayılın nüfuzunun artması, ardıcıl olaraq
qazandığı qələbələr, şiəliyi yayan
müridlərinin hər tərəfə, xüsusilə də,
Osmanlı imperatorluğunun ərazisində yerləşməsi
və onların vasitəsi ilə Osmanlıların yerli əhalisinin
arasında tərəfdarlarının sayını artırmaqla
imperatorluğun daxili siyasətinə müdaxilə etməsi
gec-tez müharibəyə gətirib
çıxaracaqdı".
Məlum
olduğu kimi, münaqişə Osmanlının qələbəsi
ilə Səfəviləri müəyyən hüdud daxilinə
sıxışdırsa da, dayanmadı, XIX əsrin əvvəllərində
Yaxın Şərqdə yeni beynəlxalq münasibətlər
bərqərar olana qədər davam etdi. Və bu, o demək
idi ki, həmin münaqişə Şah İsmayılla Sultan
Səlimin şıltaqlığı, şəxsi
iddiaları kimi izah oluna bilməz.
"Bəngü
Badə"dən görünən tarix"in müəllifi
şübhə etmir ki, "Füzuli ən azı cavan yaşlarında
saraya çox yaxın bir kimsə olmuş, saray həyatı
ilə ilgilənmiş və bu barədə kifayət qədər
məlumat toplaya bilmişdir. Əks təqdirdə, Bağdadda
(Kərbəlada, Nəcəfdə yaşaya-yaşaya Təbrizdə,
Həmədanda, Xoyda, nəhayət, Çaldıranda
Şahın ətrafında cərəyan edən hadisələri,
sənədləri, deyimləri təfərrüatı ilə
necə təsvir etmək olar?" Əlbəttə,
Füzuli həm Şah İsmayılın, həm də Sultan
Səlimin sarayına bələd idi, ancaq bunun
üçün həmin saraylara çox da yaxın olmaq
lazım gəlmirdi. Hər şeydən əvvəl ona
görə ki, bütün Yaxın Şərq sarayları
neçə əsrlər idi ki, eyni bir modelə
uyğunlaşmışdı. Hökmdarlar arasındakı
münaqişənin ideoloji səbəbləri də hər kəsə
bəlli olmalı idi, çünki Səfəvi dərvişləri
Şah İsmayıl hakimiyyətə gələnə qədər
də öz təbliğatlarını açıq
aparırdılar. Və ən əsas o idi ki, hökmdar
özünü sarayla məhdudlaşdırmır, həyatı
dərvişlər arasında keçir, onlarla məsləhətləşirdi...
Füzuliyə gəldikdə isə, o, bir tərəfdən,
dövrünün böyük təfəkkür sahibi olaraq,
baş verən hadisələri izləyir, dövranın gəliş-gedişindən
baş çıxarırdısa, digər tərəfdən,
dünya hömkdarlarının xarakterini yaxşı bilir,
özünü onlarla müqayisə etməkdən çəkinmirdi...
Nəhayət, onu da nəzərə almaq lazımdır ki,
"Bəngü Badə"də nə Səfəvi, nə
də Osmanlı sarayı hərfi-hərfinə təsvir
olunmadığı kimi, rəsm əsərində də belə
bir konkretlik axtarmaq doğru deyil. Hər iki əsərdə -
birincidə dahi şairin, ikincidə isə qüdrətli rəssamın
hadisələrə (və hadisəyə) öz
interpretasiyası var. Ola bilsin ki, rəssam şairdən təsirlənmişdir,
ancaq inanmaq çətindir ki, onun məlumat mənbəyi (və
ilham obyekti) yalnız "Bəngü Badə" olmuş
olsun. Dərviş söhbətləri, tarix kitabları,
dastanlar, rəvayətlər o dövrdə Səfəvi-Osmanlı,
şiə-sünni münaqişələrinin mahiyyətinə
nüfuz etmək üçün üsullar axtarmaqda bir-biri ilə
yarışırdılar.
Mirzə Talıbovun
"Bəngü Badə" üzərindəki heç də
bütün müşahidələrini artıq
keçilmiş mərhələ hesab etmək fikrində
deyilik, burada da bəzi maraqlı məqamlar,
düşündürücü müqayisələr var, ancaq
rəsm əsəri ilə bağlı mülahizələri,
artıq qeyd olunduğu kimi, elmi kəşf səviyyəsində
yenidir. Şah İsmayılla Sultan Səlimin rəsmdəki
surətlərinin Avropa rəssamlarının çəkdikləri
müvafiq portretlərlə tutuşdurulması, eləcə də
Füzulinin, yaxud digər tarixi şəxsiyyətlərin
güman olunan şəkilləri barədəki qənaətlər
diqqəti cəlb etməyə (və milli sənətşünaslığımız
üçün böyük maraq doğurmaya) bilməz.
Doğrudan da, necə ola bilər ki, Azərbaycanda miniatür
sənəti bu qədər inkişaf edə, ədəbiyyat
islam dini daxilində bu qədər geniş sufi-panteist təfəkkür
eksperimentləri apara, bədii-simvolik portretlər yarada, ancaq rəssamlıq
məşhur şəxsiyyətlərin timsalında belə,
dinin insan şəkli çəkməmək qadağası
qarşısında əlini-qolunu yanına salıb dayana?.. Və
bütün bunlar o dövrdə baş verə ki, İtaliya rəssamları
gəlib Şah İsmayıl, Sultan Səlimin portretlərini
yaradırlar!..
Mirzə
Talıbovun aşkarlayıb ilkin (və olduqca peşəkar) təhlilini
verdiyi rəsm əsəri bir də ona görə
böyük tarixi əhəmiyyət daşıyır ki,
milli təşəkkül ərəfəsində
xalqımızın (və xalqlarımızın) siyasi, sosial
və mənəvi ovqatını əks etdirir.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul,
№27.- S. 12-13.