Yuxulu mələklər
Səhərin gözü açılıb,
idarə-müəssisələr işə başlayan kimi, mərhum dostum İlqar bəyin mətbəəsinə
- kompüterçi qıza
zəng edib, "Yuxulu mələklər"
kitabının nübar
nüsxəsini "Azərbaycan"
nəşriyyatının yan
girişinə - mühafizə
polisinin yanına qoymasını xahiş elədim. Günün ikinci yarısı əminliklə qanun keşikçisinin qapısını
döydüm.
- "Yuxulu mələklər"?!
- Polis diqqətlə üzümə
baxdı. - Kitabı siz yazmısınız?
- Xeyr, Fidan Abdurəhmanovadı
müəllifi.
- O kitab bizdə yoxdu.
- Sizin yanınıza qoymalıydılar, axı?!
- Bizdə yox, əsas girişdədi!
Düzü, bu cavabdan razı qalmadım. Ürəyimdən, "polis ərindiyindən
kitabların arasına
baxmaq istəmir",
- fikri keçdi. Odur ki, təkid elədim:
- Bir baxın, da.
- Axı mən həmin kitabı əsas girişdə görmüşəm. Hətta
adı diqqətimi çəkdi, əlimə
alıb, vərəqlədim.
Bunu görən yoldaşlarım bir-birinə
qarışdı: "Oxumaq
istəyirsən, nədi?!
Bizi biabır eləmə, sən Allah, qoy yerinə kitabı!"
- Kitabın adına baxın, - dedim, - "Yuxulu mələklər"... Bu ad heç
nə demir sizə?
- Nə deyəcək, addı da, - öz cavablarından məmnun halda mənə çəpəki baxıb,
şaqqıldayıb-qaqqıldadılar
da.
- Mələklər də yuxulu olar?!
Polisin bu anlayışı, sanki yuxudan elədi
məni - gör ey, düşündüm,
söz adamı, naşir olasan, bu həqiqəti polis səndən yaxşı dərk eləyə...
Düzdü, ilk baxışda bu
reallıq olsa da, toplunu oxuyandan sonra "yuxulu" kəlməsinin bədii vasitə kimi işləndiyini görürsən.
Kitabın oxucudan aralı
düşdüyü indiki
zamanda, biri adı bəlli bir yazıçıya, başqası şöhrəti
"yerlə-göylə əlləşən"
elmi dərəcəli
bir alimə "Ön söz" yazdırmaqla, digəri kitabının təmtəraqlı
çapıyla (təbaşirli
kağız, qalın
qapaq, parlaq cild) oxucunu yolundan
eləyib, diqqətini
öz əsərinə
yönəltmək istəyir.
Belə gözə kül üfürməyin
təbii ki, nə oxucuya bir faydası
olur, nə də müəllifə.
Uşaqlar üçün yazdığı
hekayələr toplusuna
ilk baxışda sirli
görünən - "Yuxulu
mələklər" adını
qoymaqla istedadlı cavan yazıçı Fidan Abdurəhmanova, necə deyərlər, yaxşı gediş edib. Bunu uğura
yönəli müsbət
addım saymaq olar. Deməli, lap elə kimsə mühafizə polisi kimi əl atıb
kitabı yerindən eləyib, güman ki, vərəqləyəcək də.
Alan da olacaq, güman
ki.
Bu gün ədəbiyyat küll halında zamanla ayaqlaşa bilməsə də, zamanın diqqət mərkəzindən də
yayına bilmir. Tarixdə az-az yazıçı olub, bu gün
də, həmçinin,
rus inqilabçısı
V.İ.Leninin sözlərilə
desək - Demyan Bednıy kimi "kütlənin dalıyca"
sürünsün. İndinin
özündə belə
min ilin şeirlərini
yazırlar, "Bustan", "Gülüstan" dövrünün
hekayətlərini quraşdırırlar.
Tənqidçiləri də,
bağışlayın, tərifçiləri
də başlarının
üstündə. "Şöhrəti"
göyə qaldırılan
kitablar da bilinmir hansı dövrün
"istehsalı"dı. Əksinə, zamanın nəfəsindən mayası
tutulan ədəbiyyat
isə əsrlərə,
nəsillərə ərməğan
olur.
Bu baxımdan, "Yuxulu mələklər"ə yanaşsaq,
deyə bilərik ki, müəllifin bəxti gətirib - qardaş Türkiyədə baş
verən zəlzələdə
həlak olmuş, ata-anasız qalmış,
yurd-yuvasından didərgin
düşmüş uşaqların
acı taleyi onun yazmış olduğu kitabın canına-qanına hopub.
Müəllifin səy və qabiliyyəti nəticəsində
böyük ağrıları
yaşayan kiçik taleli insanların əsərə dönən
dolğun obrazı gözümüzün qarşısından
bir an belə kənara çəkilmir.
Onların mənəvi
sıxıntılarını, az qala, ruhumuzda
hiss edirik. "Tənha
uşaq" hekayəsini
oxumaq kifayətdi ki, cavan yazıçının
hələ tam püxtələşməmiş
yaradıcılıq qabiliyyətinin
- üslubunun işıqlı
tərəflərini görək.
F.Abdurəhmanova, bir qayda olaraq hekayələrini
qara-qışqırıqdan uzaq, sentimentallığa
yad, sakit, səmimi sözlərlə oxucuya təqdim edə bilir.
Xanım
yazıçının topludakı
ilk hekayəsi "Yerdən
göyə qalxan Günəş" adlanır.
Hekayənin adı ilk
baxışda diqqəti
cəlb edir. Bu obrazlı ifadənin mənası, hekayəni sona qədər oxuyub çıxmayan uşağa aydın olmur...
Zəlzələdən qabaq kiçik mağazaya gedib, günəbaxan tumu almaq istəyən,
son dəfə də satıcının şit
hərəkətindən diksinən
qız toxumu atıb qaçır.
Sonra da zəlzələ baş
verir. Fəlakətlər
gətirən təbiətin
bu vəhşi - dağıdıcı gücü qəflətən
xeyirxah əkinçiyə
dönür: "Avqust
ayında - hekayənin
qəhrəmanı deyir,
- çadırda qalan
qonşularımızla köhnə
məhəlləmizə getdik.
Möcüzə... ilə
qarşılaşdıq. Ensiz,
uzun bir günəbaxan tarlası vardı. Dükançı
əmi peşmanlıq
hissi ilə başımı sığallayaraq:
"bu günəşə
boylanan günəbaxanlar
sənin ovuclarından
tökülmüşdü....
...günəbaxanlar torpaqdan qalxan Günəş kimi yer üzünə ümid bəxş edən şüalar idi.".
Necə
deyərlər, zəlzələnin
yerə sancdığı
həyat rişələri
- günəbaxan tumları,
sanki öz xatirələrinə heykəllər
ucaltmışdılar.
Maraqlıdır ki, müəllif oxucunu
son cümləyə qədər
intizarda saxlaya bilmişdi. Bu da bir yaradıcılıq fəndidi,
desəm, yanlış
olmaz.
Daha başqa bir hekayəyə diqqətinizi
cəlb etmək istəyirəm. "Möcüzə"
adlı bu hekayə iki qardaşın zəhərə
dönmüş həyatından
bəhs edir. Anaları öləndən
sonra yeni bir qadınla evlənən ata, iki oğlan uşağını fəslin
soyuq vaxtında evin buz kimi
bir guşəsinə
sıxışdırır. Bir gün də hamı kimi bu uşaqların başının üstündə
ölüm mələyi
dayanır - zəlzələ
evlərini yerlə bir eləyir, özlərini də uçuq divarın altına salır...
Əsl möcüzə də bu zaman baş verir - canı ölmüş ana... ruhunun
gücüylə övladlarının
harayına gəlir. Qardaşları dağıntıların
altından dünya işığına çıxardan
xilasedicilər onları
sorğu-suala tutur:
"- Ananız hara getdi?
- Anamız?! Anamız iki ildi rəhmətə
gedib.
Qardaşımı yoxlayan həkim
onun büründüyü
jaketi görüb, təəccüb qaldı:
- Axı... bu paltarları geyinmiş qadın idi həyəcanla sizin yerinizi nişan verən: - "bu divarın altında uşaqlarım yatıb, xilas edin oları...
- deyirdi".
Bu uğurlu hekayənin adını "Ana ruhu"
da qoymaq olardı...
"Yuxulu mələklər"
toplusunu belə cidd-cəhdlə təqdim
etməkdə məqsədim
oxucunun diqqətini kitaba cəlb etmək istəyimdən irəli gəlir. Deyə bilərəm ki, kitabın müəllifi istedadlı cavan yazıçı Fidan Abdurəhmanova uşaqların
yaş xüsusiyyətinə
uyğun qısa, konkret yolla gedib,
bitkin, təsirli səhnələrlə dolu
hekayələr yarada bilib. Bu həqiqəti dərk eləmək üçün sadəcə,
kitabı oxumaq lazımdı.
Peşman
olmazsınız!
Qəşəm İsabəyli
Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, №27.- S. 13.