Mehriban Ələkbərzadənin modern teatral axtarışları,
yaxud "İblis" fəlsəfi-dekonstruktiv
metadram kimi
Bu həftə Azərbaycan Dövlət Akademik Milli
Dram Teatrında Hüseyn
Cavdin "İblis" faciəsi
fəlsəfi-dekonstruktiv metadram
olaraq səhnəyə
çıxdı. Cavid
romantizmi Mehriban Ələkbərzadənin
modern teatral axtarışları,
həm də postmodern
elementlərlə zəngin
olan təfsirində
"İblis və..." adı
ilə təqdim edildi.
Azərbaycan səhnəsinə İblisin
məkan və zaman baxımından daha sərbəst versiyası çıxdı. Bu İblis müharibələr
törətmir. Hətta
Ələkbərzadə əsərdəki
müharibə səhnələrinə
müraciət etməyib.
Müharibə yoxdur. Tamaşada nə Birinci Cahan savaşının
sonlarında İstanbulun
ingilislərlə dolmasına,
işğalına sevinən
ərəb zabiti var, nə Ermənistana İncil adıyla silah daşıyan erməni papas, nə Ərəbistanı köpürdən
yəhudi xaxam, nə də İrandakı ingilis dəllalı olan əmmalı şeytan var.
Rus ordusunun yaralı əsgəri - kazanlı türk də yoxdur. Amma bunlarsız da
"İblis" səhnədədir.
Tamaşa
başlar-başlamaz, Quranın
Bəqərə surəsindən
Cavid mətninə əlavə edilən ayələrin teatral təcəssümünü izlədik.
Aktyorlar bu ekssentrik səhnəni hədsiz dinamika və temperamentlə oynadılar və bu,
ilk mizan tamaşanın
postmodern açılışından soraq verdi. Haqqın
dərgahında baş
verənlər yerdə,
hətta səhnədə
də deyil, tamaşaçı zalında cərəyan
etdi, Daha doğrusu, teoloji hadisə İblisin dilindən bəyan olundu. Yeni teatr reallığında, həm
də postmodern dünyada
mətnlərarası bağlantılar,
mətn əvəzlənmələri
zəruridir. O zaman Cavid
mətninə əlavə
etmək üçün
sakral, səmavi mətndən daha münasibini düşünmək
mümkün deyil. Vaxtilə Cavid özü də belə sərbəst hərəkət edib,
"Peyğəmbər" dramında "ən Nəhl" surəsindən
90-cı ayənin poetik
təfsirini vermşdi.
Bundan əvvəl, Azərbaycan səhnəsində
Quran ayəsinin teatrallaşdırılmasına
təsadüf edilməyib.
Kimsə bu fikrimə irad tuta bilər. Amma dəqiqdir ki, təsadüf
edilməyib. Mətnin
içində obrazın
dilindən hansısa ayənin səslənməsi
başqa məsələdir.
Amma bunu oynamaq, qutsal mətnin teatral baxımdan səhnə həllini vermək fərqli və tarixi-estetik anlam daşıyır. Ələkbərzadə bu
məqamda da həssas
davranıb. Quran ayəsini
yerdə söylənən
hekayətə çevirib.
Danışan Allah deyil,
İblisdir (Cavidin
"İblis"ində Hötenin
"Faust"undan fərqli
olaraq, Rəbbil Aləmin obrazı yoxdur). İblis başına
gələnləri nəql
edir. Beləliklə, Ələkbərzadənin quruluşunda
klassik mətnin rekonstruksiyasi, oyun içində oyun, mətnə hermenevtik yanaşma qabarıq görünür... Bu baxımdan
rejissor yeni tamaşanın
janrını da dəqiq
müəyyənləşdirib - fəlsəfi-dekonstruktiv metadram...
Ələkbərzadənin yozumunda hadisələr Bağdad civarında deyil, dünyanın istənilən
bir guşəsində
baş verir. Önəmli olan müharibənin törətdiyi
fəsadlar deyil, mənəvi mədəniyyətin
tükənməsi hesabına
iblisləşərək faciələri,
müharibələri, fəlakətləri,
xəyanətləri törədən
insanın ruh halıdır.
Cavid qəhrəmanını nə
üçün Arif adlandırmışdı? Bunun təsəvvüf tərəfi
var idimi? Mehriban Ələkbərzadə
bu tamaşa ilə əslində bu sualı da cavablandırmış oldu.
İblis oyuna başlamaq
üçün Allaha
ən yaxın hesab olunan Arifi
seçdi. Axı onun da Tanrıya hesabatı var: "Qiyamət
gününə qədər
mənə möhlət
ver. Mən bu bəşər övladının
nə qədər əskik, həsəd, kin-küdurətli, nə qədər nankor birisi olmasını isbatlayım".
Cavidin
ilk kitabı "Hübuti-Adəm"
şeiri ilə başladığı kimi,
Mehriban Ələkbərzadə də Cavidin "İblis"ini hübuti-adəm,
yəni Adəmin cənnətdən yerə
endirilməsi səhnəsi
ilə başlayıb.
Önəmli olan İblisin hər yerdə olduğunu əyaniləşdirməkdir.
Həp Kəbədə,
bütxanədə, meyxanədə
iblis. Finalda güzgü simvolikasının
dövriyyəyə qatılması
da deyilən amili gücləndirir.
Aktyor heyəti klassik "İblis"i deyil, yeni
"İblis"i oynadığının
fərqindədir və
aktyorlar məhz bunun öhdəsindən uğurla gəldilər. Hətta bəzən antiestet kimi görünən bəzi səhnələri (məsələn,
ölənin meyitinin palaza bükülüb səhnədə bir yerdən başqa yerə sürütlənməsi
və s.) də onlar yüksək istedadla ifa və
ifadə edirlər. Klassik "İblis"i oynamaqla, yeni "İblis"i
yaşamaq arasında,
o cümlədən faciə
ilə metadram arasında fərq, əlbəttə, vardır.
Klassika isə yaşamalıdır, yeni nəslə
çatdırılmalıdır. Məhz bu şəkildə
çatdırılmalıdır.
Yuxarıda yazdım ki, yeni teatr
reallığında, həm
də postmodern dünyada
mətnlərarası bağlantılar,
mətn əvəzlənmələri
zəruridir. Mehriban Ələkbərzadə
Cavidin "İblis"ində
elə Cavidin "İblisin intiqamı"na
göndərmələr edir.
Mətnlərarası bağlantını
belə qurur:
Arif: Uf, ey mənim
alovlu beynim!
Ey yaralı quş kimi çırpınan qəlbim!
İblis:
Bən həpsini duymaqdayım, inkar nə lazim;
Rəna,
o sənin şimdi bütün ruhuna hakim,
Hakim o sənin hissinə, idrakinə... əfsus
Ayrılsan izindən, olur əğyar ilə mənus...
Yaxud;
Arif: Çəkil önümdən!
Sən xain və alçaq bir məxluqsan.
İblis:
Sən də şaşqın bir filosofsan.
Arif: Öylə isə al, bu qurşunun axıdacağı qan sənə də şəfa versin.
(Revolverlə ona atəş açarsa da dəyməz.)
İblis:
Zavallı!.. Bax, cılız
bir qurşun da sənə itaət etməyir. Sən vulkanı qığılcımlamı
söndürmək istəyirsən?
(Qoltuğundan çıxardığı
ufaq bir makinadan Arifin üzərinə
dumanlı alov püskürür.)
Al, bu məndən sənə bir dərs olsun.
Mehriban Ələkbərzadənin Cavid
mövzusunda, xüsusən,
onun İblis tematikasında
gördüyü iş
gözlənilməz və
qeyri-adidir. 1918-ci ildə
yazılmış "İblis"lə
1937-ci ildə yazmağa
cəhd etdiyi "İblisin intiqamı"ndakı
hədsiz maraqlı epizodlar arasında mətnlərarası bağlantılar
qurmaqla rejissor Cavid teatrının məzmunca yeni mərhələsini
başladır.
Ötən əsrin əvvəllərində
Alman teatrı "Olum,
ya ölüm" monoloqunu "Hamlet"in mətnindən çıxararaq
səhnələşdirməyə cəsarət edib. Amma teatr tarixçilərinin bildirdiyinə görə monoloq
tamaşanın aurasında
var imiş.
Dünya
teatr tarixində başqa klassiklərə münasibətdə də
belə hallar müşahidə olunur. Bizdə isə bu, sistemli şəkildə
ilk dəfədir ki, baş
verir. Ələkbərzadə
ilk baxışda müharibəyə
qarşı yazılmış
əsərdən müharibə
konseptini uzaqlaşdırıb.
Baxmayaraq ki, əsər
Birinci Dünya müharibəsi illərində
yazılıb. Baxmayaraq
ki, müəllif İkinci
Dünya müharibəsinin
ilk çağlarında müharibə
meydanından da betər
həbs düşərgəsində
həlak olub.
"Müharibə" konseptini
uzaqlaşdırsa da, buna rəğmən,
Ələkbərzadə böyük
ölçüdə Cavid
estetikasına sədaqətini
açıq şəkildə
sərgiləyir. Tutaq
ki, burda Hüseyn Cavidin "İblis"indəki
Kiçik zabitin dediyi kimi deyil.
Yəni türk ordusu basaraq ölkələr almır,
sonunda siyasətdə
basılıb bunalmır.
Ümumiyyətlə, tamaşada
Kiçik zabit obrazı yoxdur, Vasifin dostu var və onun söylədiyi
"Turana qılıncdan
daha kəskin, ulu qüvvət yalnız mədəniyyət, mədəniyyət,
mədəniyyət" düsturu qüvvədədir,
çağdaşdır və
səhnədədir.
Burda xırda bir nüansa diqqət yetirmək istəyirəm.
Cavidin "İblis"ində
əşxasdan biri olan Küçük zabit - Vasifin arkadaşı olaraq təqdim edilib. Tamaşada isə o, sadəcə, Vasifin dostu adlanır.
Rejissor təklif etdiyi mizanlarla mətndəki bütün sözlərin
dramatik yükünü
əyaniləşdirib.
Cavidin
"İblis"indəki bütün
detallar rejissorun diqqətindədir. "İblis"in
məhvərini təşkil
edən nə varsa, hamısı, faciənin bütün ideya atributları yerindədir və bunlar
həm də tamaşanın estetik planını mükəmməl
şəkildə ehtiva
etməkdədir.
Faciədəki yeganə mələyi
fəlsəfi-dekonstruktiv metadramda
İblisin varisi əvəz edir, yəni rejissor mələyin söylədiyi
mətni, İblisin varisi adlandırdığı
obrazın dilindən verir. Yaxud yuxarıda
da xatırlatdığım kimi, Arif İblisi
güllələyir, ona
ardıcıl atəşlər
açır. İblis isə
ayaqdadır və qəhqəhə çəkir.
Arifin bu hərəkəti
məşhur frazanı
xatırladır və
reallaşdırır: "Etdiyim bütün ekssentrik hərəkətlərim,
bütün mənasız
əməllərim həyatımın
faciəvi mahiyyətidir".
İblisi güllələmək
cəhdi də əslində bu anlama gəlir. Cavid belə unikal səhnəni 1937-ci ildə yazdığı
"İblisin intiqamı"nda
yaradıb. Mehriban Ələkbərzadə
isə həmin unudulmuş mətni bu tamaşada bərpa edir.
Yaxud Orta əsrlər təsəvvüf mətnlərindən
gələn ənənə.
Tamaşada İblisin varislərindən biri hermafrodit tipidir. Əbdülqadir Geylani
"Fütuhul qayb"
(Gizlidən səslər)
əsərinin "Şeytanla
bir söhbət" bölümündə yazır
ki, İblisi röyamda
gördüm... Hermafroditə
bənzəyirdi, riyakar
bir dadlılıqla danışdı, qorxaq və utancaq bir təbəssümlə
mənə baxdı". Tamaşada da bu həssas məqam, dediyim kimi, İblisin varislərindən birinin jestlərində incə şəkildə izhar olunur və s. Ciddi, kanonik mətnlə oyun postmodernizmin prinsiplərdən
biridir. Və tamaşada da bu ironik aspekt nəzərdən
qaçmır.
Finalda yağış yağır.
Bəşəriyyətin katarsisə
ehtiyacı vardır.
İblis isə nərdivanın
üstündə əlində
tutduğu çətirlə
özünü yağışdan
qoruyur... Ümumiyyətlə,
əvvəldən sona
qədər səhnədə
qalan nərdivan da rejissorun qeyri-adi tapıntısıdır. Hadisələr
nərdivanın üstündə
başlayır, nərdivanın
üstündə də
sona çatır. Nərdivan Tanrıya gedən yolun simvoludur. Mehriban Ələkbərzadənin
yaratdığı metadram
həm də işarələr və simvollar dramıdır...
Mehriban Ələkbərzadə bu
tamaşa ilə Azərbaycan teatr diskursunda metadramın gəlişini müjdələyir,
digər tərəfdən,
Cavid teatrı Mehriban Ələkbərzadənin "İblis və..." tamaşası
ilə yeni mərhələyə
adlayır.
Azər TURAN
Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, ¹27.- S. 16-17.