Ayaq açdıq
Ayaq açdıq,
daş-divardan tuta-tuta
yavaş-yavaş addımladıq.
Yıxılmaq qorxusu canımızda,
yeriməyi də öyrəndik.
Bu qorxu çıxmadı canımızdan,
Görən, nə çıxacaq
yıxılmaq qorxusu ilə
yaşamaqdan?!.
O adam
Nə dəbdəbəli evim,
nə varım, nə dövlətim,
nə sərvətim olmadı.
Mənim
ən gözəl evim,
bütün varım-dövlətim,
hər sərvətim sən oldun.
Sənin
var-dövlətində,
nə qazında, neftində,
nə başqa sərvətində
heç
vaxt gözüm olmadı.
Səndən heç nə ummadım,
Səni
qınayanları, nə
alıb-satanları,
nə də talayanları heç zaman anlamadım.
Mənim
sevgim
onların gözləriylə ölçülməz.
bu vətən sevgisidir -
hər kəsə don biçilməz.
Mən sənə ana dedim,
səni
balatək sevdim.
Mən səni balam bildim,
səni
anatək sevdim.
Sənə ən xoş günləri, ən uca zirvələri
yaşatmaqçün çırpındım,
Ürəyim adın ilə çırpındı.
Nə qədər adamlar var,
Hərə bir tale yaşar.
Hamısı da hər yerdə
xoşbəxtliyi axtarar.
Amma hər kəs bilməz ki,
dünyanın xoşbəxtidi vətəni
olan adam.
Doğma
Azərbaycan!
Mən
o adamam - O adam.
Güvənsizlik
Gözlərimə
güvənirdim...
ürəyimə ağır oldu
gördüklərim.
Gözlərimdən ürəyimə
gedən
yolda dözüb qaldım.
Ürəyimə güvənirdim,
ağlım yaman çaşbaş
oldu.
Ürəyimdən mən ağlıma
gedən
yolda bezib qaldım,
Ağlım daha güvənmədi
gözlərimə.
Mən ağlımdan
gözlərimə gedən yolda azıb qaldım.
Belə payız
yaşamadıq
Şuşada Ayrılıq
fəsli - beşinci fəsil
Kim deyir 4 fəsil var?
Bəs ayrılıq fəsli?
Çiçəkləri dərd ətirli,
ağacları ağrı-ağrı tumurcuqlar.
Nə varsa saralar, bütün duyğular donar...
Bir udum havasından ruhun alışıb yanar.
İllərin fəslini, fəsillərin
yazını,
ayların mayını bir
zamanlar sevərdim.
Ayrılığın ağrı oldu, ağır oldu,
yasəmən ayını sevə
bilmədim,
İllərin yazını sevə
bilmədim.
ayrılıq fəsliydi, o - yaz
deyildi,
Ayrılıq fəslini yaşamaq
olmur.
Yanırsan, donursan, çat-çat
olursan,
sürünürsən, yaşamırsan...
Və bir payız gəldi,
Oğulların yeni payız gətirdi.
Bu payız Qarabağa yaz gətirdi,
Qaytardı çöl-çəmənin rəngini,
çiçəklərin ətrini, çayların
ahəngini.
Heç
belə vurğunu olmadım payızın.
Şuşam, heç belə
sevmədim payızı.
Al-əlvan geyərmiş payızda bağlar,
sevinə
bilərmiş payızda
dağlar...
Dastan yazılarmış hər
qarışa.
Heç
belə payız yaşamadıq, Şuşam.
Ayrılıq fəslində bir
ümid günəşisən,
şəhidlərin üzündə
qələbə gülüşüsən.
Havan da bir başqadı.
Bir başqadı,
igidlərinin nəfəsi qarışan
havan da.
Bir inam doğulur bətnimdə
həsrətlə içimə çəkdiyim
havandan,
Bilirəm, ayrılıq fəsli
bitəcək,
hər tərəf çiçək-çiçək,
yamyaşıl geyinəcək,
çöl-çəmən də güləcək.
Zəngəzur, Zəngibasar, İrəvan,
Təbriz,
Ərdəbil, Zəncan,
Həmadan
gözləyəcək.
Hər yandan
"Sən azadsan" deyən səs yüksələcək.
Neçə zəfər yolu sənə
gələcək.
Nail Orucova
(11.06.1978-31.10.2020)
Ah, polkovnik-leytenantım,
illərlə səni axtardım,
heyif, səni gec tanıdım.
Mən Hadrutdan, Cəbrayıldan,
Füzulidən, Zəngilandan keçib
görüşünə gəldim.
Qubadlıda səni tapdım,
Mən gələndə
kürəyini dayaq edib torpağına
gülümsəyirdin zamana.
Təbəssümün günəş
idi,
İşığında hər yeri gördüm.
hər yerdəydin. Hər yer idin.
Ah, polkovnik leytenantım,
bəlkə heç mən
sənin qədər
anlamadım bu həyatı,
sənintək sevmədim yəqin.
Mən
ki heç yerdə yox idim,
hara baxdım, səni gördüm.
Hər yer Səndi - vətən idin.
Sonra
Mən getdim.
Yolumu kəsmədin,
məni
saxlamadın,
"getmə" demədin...
Sonra... axtarmadın...
Mən qapımı bağlamadım,
masaya iki fincan qoydum.
Sonra tez-tez pəncərədən
boylandım,
Sən gələn yollara baxdım.
Sonra sən keçən yerlərdə dolandım...
küçələrdən keçdim.
Sonra darıxan skamyada oturdum.
xoş anlara sarıldım...
sonra sonralar çox oldu.
Hər sonrada bir bəhanə
axtardım,
tapmadım,
Əvvəl səndən küsmüşdüm,
sonra...
sonra özümdən küsdüm...
Bir az möcüzə
Bir az möcüzə ola,
sən sevən yaşda olam,
yenidən tanış olaq,
yenə
sənə vurulam.
Bir az möcüzə ola,
mat qoya bir az
bizi.
Yenidən əvvəlkitək
sevək
bir-birimizi...
Gecəmi diksindirib
zəng
edib dinməyəsən,
bu sükutu dinləyib
xəyal
quram yenidən,
Sonra titrək səsinlə
yenə
görüş verəsən.
necə
gözəldi, bilsən,
gəlim
görüşünə mən.
Qoşa
izlərimizlə
oxşayaq küçələri.
Yenə
gəzib əl-ələ
sevindirək şəhəri.
Bir az möcüzə ola,
lap azacıq, bir azca.
Birdən
qapım açıla
sən gələsən astaca.
Bir az möcüzə ola,
bəhanələr tapmayaq.
Biz də möcüzə
olaq,
heç
zaman ayrılmayaq.
Azadlıq
Ruhun azadlıq sevər,
Azadlıq istər,
Azadlığı geyinər, sevinər.
Ruhun azadlığa acdı,
Azadlıq ağıla möhtacdı.
Ağıla gələn deyil
azadlıq, ağılla
gələndi.
Hər istədiyini etmək deyil,
nə istədiyini bilməkdi,
dərk
etməkdi.
Azadlıq dərkdi,
Anlamaqdı azadlıq.
Azad olmazsan anlamadığın
yerdə,
anlamadığın birində.
Azadlıq "azadlıq" deyə
bağırmaq deyil,
bağırtı deyil azadlıq.
Ürəyin ağılla sevgi
pıçıltısıdı.
Dərkin
tapıntısıdı.
Ay adam, dərk edib anlasan,
Azad olarsan!
Deyə bilmədim
Qaranlığa qənim ulduzlar
- gözlərin,
gecəyə xoş gəldin,
şəhidim,
Üzündəki nurdu günəşim.
Bu nurda açılır səhərim.
Səhərə xoş gəldin,
şəhidim.
Mən gecənin, səhərin
sənlə bildim dəyərin.
Gəzirəm qarış-qarış hər yeri,
Tanımaq istəyirəm vətəni
-
tanımaq istəyirəm səni.
Cəbrayılın, Füzulinin,
Zəngilanın küçələrinə qısılıram,
Qubadlının, Şuşanın dağlarına
toxunuram.
Xocavəndə, Xankəndiyə,
Xocalıya sığınıram.
Ağdama,
Kəlbəcərə, Laçına
sarılıram,
Hamısı sənsən.
Gözlərim ağrıyır...nə
gizlədim,
hərdən ağlamaq istəyirəm,
ağlaya
bilmirəm,
səni
incitmək istəmirəm.
Qorxuram göz yaşımdan diksinərsən,
Məğlub olduğumuzu düşünərsən.
Amma saçına sığal
çəkmək,
boyunu oxşamaq keçir qəlbimdən.
Nəfəsin qarışan havayla
içimə çəkirəm sevgini.
Öyrənmək istəyirəm, vətəni
sevmək necə olur,
Bilmək
istəyirəm, yaşamaq
necədir.
Ən ağrılı bilirsənmi,
nədir?
Sənə deyə bilmədim
ürəyimdən keçənləri.
İllər keçir...mən
böyümürəm.
Gülümsəyirsən...
Sənə deyə bilmədim
ki,
sənin
qədər böyüyə
bilmərəm mən.
Zamanın günahı yox,
mən sənə çata bilmirəm - böyük olmuram.
İllər keçir.
Zamana gülümsəyirsən,
"Neçədi yaşın?"-
deyirsən...
Ən ağrılı bilirsənmi,
nədir?
Mən sənə çata bilmədim...
Bağışla, məni
Mən sən istəyəndə
sevmədim səni,
Özüm istəyəndə sevdim,
ay ana.
Bağışla, məni.
Bilmədim qədrini sən
istəyəndə,
Özüm istəyəndə bildim,
ay ana,
Bağışla, məni...
Mən sən istəyəndə
anlamadım ki,
Özüm istəyəndə anladım
səni,
Bağışla, məni...
nə özüm doyunca, nə sən doyunca
oxşamadım səni, əzizləmədim.
Heç
nəyi vaxtında eləmədim mən,
Gec oldu... Gec qaldım...
Gecikdim,
ana.
Adət
eləmişdim gözləməyinə,
Sanırdım həmişə gözləməlisən.
Amma ki unutdum ölüm gözləməz,
Ölüm sənin kimi səbr edə bilməz.
İndisə oxşayıb, əzizləyirəm,
Mən özüm doyunca sevirəm səni...
Gözlərim doyunca sevirəm
səni...
Bağışla, nə olar, bağışla, məni...
Bağışla, ay ana, özüm doyunca...
Bağışla, ay ana, gözüm doyunca...
Bağışla, məni...
Kəmalə Abiyeva
Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, ¹27.- S. 19.