Onu sevməmək olmaz
Mən onu 1970-ci illərin ortalarından tanıyıram.
Onda "Ədəbiyyat
qəzeti"nin tənqid
şöbəsində işləyirdim.
Ədəbiyyat İnstitutunda
təzəcə işləməyə
başlayan cavan alimlərin hamısı yazılarını qəzetə
gətirirdilər və
tanış olurduq. Qəzetdən qabaq, 7-8 ay İnstitutda işləmişdim.
Orada təzə çalışmağa başlamış
Şirindil Alışanlı
ilə dost idik. Sonrakı gənclərin çoxu aspiranturaya qəbul olmuşdular.
1980-ci illərin əvvəllərində
Ədəbiyyat İnstitutuna
çoxlu aspirant yeri verdilər. Bu, akademik Məmməd Cəfər humanitar elmlər uzrə akademik katib vəzifəsinə keçəndən sonra, onun iradəsi ilə oldı. Onların çoxu eyni kənddən olsa da, gənclərin kütləvi elmə gəlişi akademiyanın
sakit dəhlizlərini
canlandırdı.
Bu gənclərin içində
ən cavan və istedadlısı Nizaməddin Şəmsizadə
idi. O, istedadlı olmaqdan başqa, sifətində və içində uşaq səmimiyyəti daşıyan,
gözəl bir oğlan idi. O dağlar oğlu idi, doğma kəndi İspik aran Şirvanın axırı, Dağıstanın
kandarı idi. Uşaq kimi hər şeyə inanmaq, sarışın bənizi Dağıstandan,
kitaba və yazıya, sözə məhəbbət isə qədim Şirvan köklərindən idi. Onun iri gözləri
inam və istəklə dolu idi. Elə bu
xüsusiyyətlərinə görə müəllimlərimiz
ona övladı kimi bağlanır və himayə edirdilər. Xüsusilə,
Kamal Talıbzadə həmişə,
ömrünün sonunacan
Nizaməddini sevir və onun gələcəyinə
ümidlər bəsləyir,
onu himayə edirdi. 1978-ci ildə onun Ədəbiyyat İnstitutuna işə qəbul edilməsində mühüm rol oynamışdı Kamal müəllim.
1986-cı ildə Nizaməddinin
qalmaqallı doktorluq dissertasiyası kitab şəklində
çap olunanda, Kamal Talıbzadə onun elmi redaktoru və "Tənqidçinin
ilk kitabı" adlı
Ön sözün müəllifi idi. "Ədəbi mübahisələr"
adlı bu kitab cavan alimin ən
yaxşı əsəri
idi. Sonra da gənc alimi rəhbərlik etdiyi "Tənqid tarixi və nəzəriyyəsi" şöbəsinə
işə dəvət
etmişdi. İki səhifəlik Ön sözdə Kamal Talıbzadə
öz tələbəsini
istedadlı bir tənqid tarixçisi kimi təqdim edirdi, göstərirdi ki,
o sovet marksist tənqidin, proletkult dövrünün qiymətli
bəhrəsi, indi isə abidəsi olan bu tənqidin
əsl sistemli tarixini ortaya qoyub.
Sonralar Nizaməddin öz müəlliminə borclu qalmadı, K.Talıbzadənin
75 illik yubileyi münasibətilə onun haqqında "Türk təfəkkürü məsrasında"
(1998) adlı monoqrafiya
yazıb çap etdirdi. Bu əsərində
göstərdi ki, K.Talıbzadə də
bizdə marksist tənqidin müdrik tədqiqatçısıdır, lakin bununla yanaşı,
bu tənqidin içində milli bir xətti həmişə görür və onun aparıcı mənasını göstərə
bilirdi. Onda ədəbi faktların tarixi mənalarını duymaq və ümumiləşdirmək qabiliyyəti
var idi.
Nizam ilk addımlarından bütün
qapıları asanlıqla
açırdı, mətbuatda
asan çap olunurdu. Hələ tələbə olanda
prof. Abbas Zamanov "Ədəbiyyat
və incəsənət"
qəzetində onun haqqında "Biz inanırıq
ki..." adlı məqalə
çap etdirmişdi və bu yazı
istedadlı tələbənin
gələcəyinə ümidlərlə
dolu idi. Amma ilk addımlardan bu ümidlər Nizama qarşı qısqanclıq
və qibtə də yaradırdı. Adamlar bərabərlik şüarından danışanda
mən həmişə
deyirəm ki, bu, mümkün deyil, çünki adamlar anadangəlmə bərabər
deyillər, biri gözəl, o biri kifir, eybəcər, hətta başdan və bədəncə qüsurlu doğula bilirlər. Amma həyat belədir, təbiət bəzən adamlara yaraşıq və qabiliyyət vermir, amma iddia verir,
bəlkə də bu, kortəbii seçmənin mədəniyyətdə
qalığıdır. Paxıllar
siyasətdə belə
qabağa çıxa
bilirlər, amma qələmdə və elmdə bu, mümkün olmur. Nizamın rəqibləri də çalışdılar,
amma istedadlı alimin uçuşunu dayandıra bilmədilər,
o daha əzmkar və mübariz oldu, tədqiqatlar aparmaqla yeni-yeni kitablarını
elmi ictimaiyyətə
təqdim etdi.
Nizaməddin Ədəbiyyat İnstitutuna
Universitet skamyasından
1978-ci ildə gəldi,
dörd il sonra, 1982-ci
ildə namizədlik dissertasiyası müdafiə
etdi. Onda gənc ədibin 28 yaşı vardı. Mövzusu Əli Nazimin ədəbi göruşləri olsa da,
mahiyyətcə o, Azərbaycan
ədəbiyyatşünaslığında
yeni sahə və predmet yaratdı:
1920-1930-cu illərdə marksist
tənqidin təşəkkülü!
Əslində Nizaməddin
Şəmsizadə Azərbaycan
tənqid tarixinin ikinci dövrünün
ilk elmi konsepsiyasını
yaratdı. Birinci dövrün elmi konsepsiyasını Kamal Talıbzadə
yaratmışdı, onun
adı belə idi: "XX əsr Azərbaycan ədəbi tənqidi"! Nizaməddinin
elmi rəhbəri Yaşar Qarayev olsa da, elmdə o məhz Kamal Talıbzadənin
ardıcılı idi.
Dörd
il sonra, 1986-cı ildə
Nizaməddin Şəmsizadə
doktorluq dissertasiyasını
o vaxt İnstitutun direktoru, akademik Məmməd Cəfərə
təqdim etdi. Adı belə idi: "Azərbaycan sovet ədəbiyyatşünaslığının
təşəkkülü". İnstitutun ağsaqqalları
məsələdən xəbər
tutub çaşdılar.
Onların bir hissəsi bu ədəbiyyatşünaslığı yaradanlar idi, məsələn, Məmməd
Cəfər, Əziz Mirəhmədov, Məmmədhüseyn
Təhmasib, Kamal Talıbzadə.
Onlar dura-dura, bir uşaq onların da iştirak etdiyi tarixi işin elmi konsepsiyasını yaratmışdı! Kamal Talıbzadədən
başqa hamı Nizaməddini üzdə təbrik etsə də, arxada gənc alimi qeyri-təvazökarlıqda qınadılar.
İnstitutun direktoru Məmməd
Cəfər Nizaməddinin
elmi işini müzakirə etməyi iki şöbəyə -
"Sovet ədəbiyyatı"
və "Nəzəriyyə"
şöbələrinə tapşırdı, hətta
işi oxumaq üçün 9 adamın
adını öz əli ilə yazdı, müzakirə
1986-cı ilin 6 iyununa
təyin olundu. Amma müsəlman patronalizminə
aid hadisə baş verdi. Kamal Talıbzadədən
başqa heç kim müzakirəyə gəlmədi, o sırada Yaşar, Qasım Qasımzadə, Arif Səfiyev, Hüseyn İsrafilov, Şamil Salmanov və c. başqalarını demərəm,
Yaşar müəllimin
və onun Məmməd Cəfərlə
münasibətlərini yaxşı
bilirəm. Yaşar Qarayev çox əziz saydığı Məmməd Cəfərə
ideal adam kimi pərəstiş edirdi. Zənnimcə, iclasa gəlməmək qərarını
onunla mütləq razılaşdırardı.
Qocaları haqlı saya bilmərəm cavan alimə qarşı. Azərbaycan sovet ədəbiyyatşünaslığının
iki üzü vardı: biri ağ, o biri qara. Ağ üzü
tarixi və ədəbi prosesləri marksistcəsinə anlamaq üsulunu mənimsəməsi
idi, bu, Azərbaycan milli şüurunun,
həqiqi mənada,
yeni bir inkişaf mərhələsi idi. Nizaməddin bunu anlamış və yazmışdı. İkinci
üzü qara idi, bizdə bolşevik tənqidçiliyi
bir partiya qurumu, kollektiv bir fəaliyyət kimi formalaşması idi. Bu qurum Moskva MK-sındakı kurator -
AK(b)P birinci katibi - qəzet-jurnal redaktoru üçlüyü idi.
Moskvadan direktiv gəlir, AK(b)P bürosu onu müzakirə edir, qəzet redaktoru bu müzakirədə
dəvət edilmiş
şəxs və ya büro üzvü
kimi iştirak edirdi. Əgər büroda ədəbi Cığırdaşlara qarşı
mübarizə məsələsi
müzakirə olunubsa,
səhər redaktor işə gəlib bu barədə, məsələn, Əli Nazimə, Mehdi Hüseynə
və s. məqalə
tapşırırdı. Tapşırıq
alanlar mütləq, az-çox rusca bilənlər idi. Onlar həmin mövzuda Moskva mətbuatında
çıxmış müvafiq
məqaləni tapıb
onu təbdil edir, üstünə Azərbaycan faktları əlavə edir və yazı "Kommunist", ya da "Ədəbiyyat qəzeti"ndə
çıxırdı. Sovet
vaxtı belə yazılara "təşkil"
deyirdilər, bu, partiya işi və quruculuğu sayılırdı. Məqalənin
müəllifi şərti
olurdu və 0, 25, 50,
70 və s. faiz yazının müəllifi
ola bilirdi. Çox vaxt qonorarı da müəllif kimi adı göstərilən
şəxs deyil, redaksiyada onu hazırlayan alırdı.
Azərbaycanda marksist tənqid
belə təşəkkül
etmişdi, elə maarifçi marksist publisistika da. Bu, Azərbaycan
ədəbiyyatşünaslığının
qara üzü idi, çünki tam mənada, fərdi yaradıcılıq məhsulu
deyildi, bunun dərəcəsi tənqidçi
imzasının qabiliyyətindən
asılı idi. Qoca banilər bunları bilirdilər. Fəqət, onların bani olmaq titulu
rəsmiləşdiyindən bu məsələlərin
təftiş edilməsinə,
Nizaməddin Şəmsizadə
kimi cavan alim tərəfindən yenidən
qiymətləndirilməsi cəhdinə
razı deyildilər.
Birinci ona görə ki, qocaların əksəriyyəti
1937-də qətl edilənlərin
işində şahid
və siyasi ekspert olmuşdular. Üstəlik, güllələnənlərin
arxivlərindən qanunsuz
istifadə etmişdilər.
Həm də marksist tənqid onların özünün
monopoliyası idi, ikincisi isə, belə təftiş üçün yuxarıdan
direktiv yox idi. Qocalar bundan
qorxurdular, rejim yekə bir cəza
və qorxutma aparatı idi, günahsızı da cəzalandırırdı.
Nizaməddin isə direktiv problemindən xəbərdar olsa da, onu vacib və
aktual bilmirdi. Alayı, yeni bir dövrün adamı idi. Konfliktin kökü belə idi. Onu ört-basdır
etmək üçün
Nizaməddini Moskvaya ezamiyyətə yolladılar.
Məmməd Cəfər
və Yaşar antistalinist idilər və bununla fəxr edirdilər. Gəncləşdirməyə tərəfdar
idilər, amma görünür, hər nəslin öz qırmızı cızığı
var. 1988-ci ildən yenidənqurma
və xalq hərəkatı dövlət
və fərdi senzuraları ləğv etdi. Nizaməddin də 1986-cı ildə təqdim etdiyi doktorluq dissertasiyasını
heç nəyi dəyişmədən, olduğu
kimi müdafiə etdi - 1990-cı ildə.
Nizaməddinin doktorluq işi bizim ədəbiyyatşünaslığın
yeni mərhələsini və
səhifəsini açdı.
Bu, sovet dönəminə
yekun vurdu, həm də. Repressiya olunan ədiblərlə bağlı
arxiv materiallarını
üzə çıxardı.
Onun sevdiyi azərbaycançılıq mövzusunun
gərəkli komponentlərindən
biri bu idi.
Rus bolşevizmi 27 apreldə
Azərbaycan Cümhuriyyətinin
sərhədlərini keçən
gündən çar
dövrü bizdə yetişmiş burjua ziyalılığını planlı
şəkildə qırmaqla
məşğul idi.
Bu istila ərəfəsində
Moskvada və Həştərxanda dəqiq
siyahılar tutub gətirmişdilər. Hələ
çar zamanından Rusiya Məxfi polisi ilə əlaqəsi olmayanların
hamısı öldürülməli
idi. Onlar, məhz onlar 1918-in qanlı Martından başlayan bolşevik-Şaumyan
qırğınlarından 1920-ci ilin sonlarına qədər təzə bayraqlı köhnə rus istilasına müqavimət göstərmişdilər.
Ona görə bolşevik
məntiqinə uyğun
öldürülməli idilər.
Azərbaycanda 1937-ci il repressiyalarının
əsil siyasi mənası 80-ci illərdə
dərk olundu: düşünən başları
məhv edib bizi iradəsiz çoxluğa çevirmək.
Nizaməddinin tədqiqatları
da bu prosesdə öz rolunu oynadı, amma onların əsl elmi əhəmiyyəti müstəqillik vaxtı üzə çıxa bildi. Sovet vaxtı
bu mümkün deyildi, çünki özümüzdə bolşevik-erməni
senzorları, qalstuk və şlyapa geyinmək üçün
anasını da satmağa
hazır olanlar qədərindən çox
yetişmişdi. Senzura
ləğv olan kimi onlar region millətçilərinə çevrildilər.
Heç olmasa, azad kitab çap etmək imkanı yarandı və Nizaməddinin azərbaycançılıq
haqda kitabı çap oluna bildi. Bu, Azərbaycan sovet ədəbiyyatşünaslığının
təşəkkülü haqda tədqiqatın nəzəri əsasları
idi.
Sonrakı fəaliyyətini İncəsənət
Universiteti ilə bağladı. Orada Azərbaycan ədəbiyyatını
tədris edən kafedranın müdiri oldu - on beş il. Bu qəribə universitetdi, orada qapıçıdan başlayaraq, hamısı
sənətkardı, o mənada
ki, sənətin elmə
ehtiyacı olmadığını
sayırlar, Azərbaycan
ədəbiyyatını da sənətkar kimi yetişmək üçün
artıq yük hesab edirlər. Nizaməddin bunları görür və dözürdü. Rəhbərliklə
mehriban olmağa, onlara qələmlə də kömək etməyə çalışırdı.
Doğma Ədəbiyyat
İnstitutuna da yolu bağlı idi, çünki onu boykot edənlər səlahiyyət sahibi idilər orada və ağsaqqal sözünü alim sözündən
nüfuzlu tuturdular.
Bu, marksist cildə salınmış feodalizm
idi.
Amma Universitetə getməyi Nizaməddin üçün
əslində xeyirli oldu. Nizaməddinin İnstitutdan getməyi onun ədəbi fəaliyyətinin güclənməsinə
səbəb oldu. Arada olan intriqa
da Nizamı fəal olmağa sövq edirdi. Bu intriqanın mahiyyəti sadə idi, Nizaməddin öz müəllimlərindən
15-20 il qabaq elmi dərəcə almaq istəyirdi. Ədəbiyyat
İnstitutunda bu hələ olmamışdı,
amma nə vaxtsa olası idi. Nəhayətdə, Nizamı cəmi dörd il yubada bildilər. İlk müzakirə
elanı 1986-cı ildə
asılan doktorluq işi 1990-cı ildə uğurla müdafiə edildi. Akademiya sistemində mütləq rəhbərliyin qoltuğunda
hərəkət etməlisən.
Nizaməddin isə
lap gənc yaşlarından
imtina etmişdi bu yoldan. O, hansısa
dəstədə yox,
müstəqil ziyalı
kimi fəaliyyət göstərmək, öz
qələminə güvənmək
istəyirdi və bunu bacardı. O qalib gəldi opponentlərinə və bütün rəsmi titulları aldı. Akademiya haqda bir dostumuz deyərdi:
"Burada ölkənin
ən böyük intriqaları gedir, amma ortada heç
nə yox idi". Amma heç nə nəticəsiz ötüşmür, Nizaməddin
doktorluq müdafiəsinə
qədər ağır
daxili böhran yaşadı. O bəzən
bu müdafiəni öz ağır kirənişin həyatının
sonu kimi, buna nail olmaq kimi təsəvvür
edirdi. Amma həyat özü belə deyildi, Corc Oruelin
yazdığı kimi,
SSRİ dövləti "həqiqət
Nazirliyi" tərəfindən
idarə olunurdu. Dağılma ərəfəsində
həqiqət bir həyat faktı deyil, rəhbər məmurun iradəsi və qərarı idi, rus dövlətçiliyində
bu indi də
davam edir. Elmlər doktoru adı almaq Nizaməddinin böyük
ailəsinin maddi problemlərini həll etmədi, onun bütün sonrakı həyatı da gündüzlər
maddiyyat davasına, gecələr sağlamlığı
sarsıdan elmi zəhmətə sərf edildi. Əslində bu, sovetlər rejimində elm yolu seçənlərin, içində
mən olmaqla, hər birimizin taleyinin ayrılmaz macərası oldu.
SSRİ-nin vəhşicəsinə
dağılması riyakar
ABŞ demokratiyasının boğazımıza keçirdiyi
ciyə idi. Ölkəni iqtisadi cəhətdən viran edib bizi olmayan
demokratiyanı "yeməyə"
vadar etdilər, həyatın dibindən baş qaldıran ac-yalavac çirkaba azadlıq adı qoydular. Nizaməddin siyasətə həsr etdiyi itirilmış 5 il ömründən danışanda
həm də bunu deyir. O bu
işə bir oyun kimi qoşulur
və məyus olur, çünki ədalətli siyasət axtarmaq yalançı bir qarabasma təsiri
qoyur. Həm də müsəlman demokratiyası hər yerdə patrenalizmın bir şəklinə çevrilir. Bu dağ əxlaqına hörmətli
oyunçuları həmişə
tragik tələyə
salır. Bir mərhələ
bu yol normal görünür, amma şəxsən səni alçaldıb sıfırlayanda
dözmək ağır
olur.
Buna baxmayaraq heç şübhə yoxdur ki, Nizaməddin məhz Ədəbiyyat İnstitutunda
yetişmiş ən parlaq alim və ziyalılardan biridi. O,
universal alimdir: həm
arxivdə çalışmağı,
həm nəzəri tədqiqatlar aparmağı,
həm tənqidçilik
etməyi, həm divan
ədəbiyyatı ilə
məşğul olmağı,
həm də siyasi təhlillər yazmağı bacarır.
Bu, enerji və istedadın təzahürüdür.
Amma sanıram ki, Nizamın
ən yaxşı əsərləri proletkult
epoxasına, onun nəzəriyyə və təcrübəsinə həsr
etdikləridi. Niyə
belə düşünürük?
Ona görə ki, Azərbaycanın
müasir ideoloji potensialında yaxşı
nə varsa, hamısı ordandır. Şübhəsiz ki, Böyük
Vətən müharibəsi
başlamaqla proletkult epoxası bitdi. Amma onun bizim gələcəyimiz
üçün mənası
qalır. 1920-1930-cu illər
epoxası bizim müasir sivilizasiyaya tərəf kollektiv yolumuzdur. Bu yolu itirməmək üçün
biz həmişə oradan
başlamalıyıq. Nizaməddin
bu dövrün və Azərbaycan maarifçiliyinin ən yaxşı bilicisidi. Maarifçilərdən yazmaq
üçün daha bir nadir keyfiyyət lazımdı: tarixi prosesi duyub təsəvvür
qabiliyyəti. Bu nadir keyfiyyət
Nizaməddində var.
Nizaməddinin çoxsaylı monoqrafiyaları
sırasında ikinci mühüm mövzu ədəbi tənqid və nəzəriyyədir.
O gənc vaxtlarından
müasir ədəbiyyat
haqda həvəslə
yazır. Hərdən
dostlarını tərifləyir.
Bu da var onda. Amma ümumilikdə
Nizaməddin parlaq qələmi olan tənqidçidir. Çox
vaxt dünya və rus klassikləri
haqda da tənqidçi
kimi yazır, şəxsi düşüncələrini
ön plana çəkir.
Məsələn, İ.Turgenevin 3 cildliyinə
yazdığı monoqrafik
vəznli Ön söz belədir. Mən Nizaməddinin tənqidi irsində onun İlyas Əfəndiyev
və İsa Hüseynovun
gənclik əsərləri
haqda yazdıqlarını
daha qiymətli sayıram. 60-cılar nəsri
deyilən bu hadisənin əslində bu iki yazıçıdan
gəldiyini qəbul edən təsəvvürə
Nizam da çox yaxındır.
Bu iki yazıçı
1930-1940-cı illərdə formalaşan nəsr dilini heç də bitkin saymırdılar, ona görə ki, hər yerdə hökmran olmağa başlayan tərcümə üslubu
nəsr yazmağa yaramırdı. Nəsr yazmağa ən uyğun olan Mirzə Cəlil üslubundan isə imtina olunmuşdu. Siyasi-publisistik qəzet üslubu kütləvi tərcümə bazasında
söz ehtiyatı cəhətdən çox
irəli getmişdi.
Ona görə həm
bədii tərcümə
ilə məşğul
olanlar, həm də jurnalistlikdən yazıçılığa keçən
müəlliflər qəzet
dilindən bədii mətnlər yaratmaq üçün də istifadə edirdilər. Qəzet dilində Mirzə Cəlildə olmayan leksik zənginlik vardı. Lakin bu leksik zənginliyin
mexaniki olaraq bədii nəsr dilinə gətirilməsi
nəsr dilini bədii cəhətdən
pis vəziyyətə
salırdı. 60-cı illər
nəsrinin əsas xətti bundan qaçmaq idi.
Amma ədəbi prosesdə ikinci meyil də
vardı. 50-ci illərdə
kütləvi şəkildə
Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda təhsilə
gedən gənclər
rus və dünya ədəbiyyatını
daha yaxşı öyrənir və onun təsirini bizim nəsrə gətirirdilər. Lakin bu,
60-cı illər nəsri
deyildi, yeni yazıçılıq
savadının, qərb
təcrübəsinə proletkultdan
fərqli bir səviyyədə "qayıtmaq"
təşəbbüsü idi. Buna kitab ədəbiyyatı
da deyirlər. Nəsr
dilini tərcümə
üslubundan çıxarmaq
işi hələ davam edir, mübahisələr
də var. Cənub ləhcəsində də
nəsr dilinə çox böyuk maraq var.
Nizaməddinin araşdırdığı elmi məsələlərin
sayı çoxdur, o qədər çoxdur ki,
onları sadalasan, böyük bir kitab yaranar. Amma mən onun hürufiliyə və sufiliyə həsr etdiyi sonuncu kitabı haqda da demək istəyirəm. Bu kitabı
həm də redaktor kimi oxumuşam.
Nizaməddin sufilik və Füzulu ilə gəncliyindən maraqlanır. Yeni kitabı
bir növ yekundur, müstəqillik dövrü Füzulisinə
verilən parlaq qiymətdir. Füzuli sufiliyi Nizaməddin üçün əzizdir,
çünki Füzuli
də müsəlman ziyalısı idi, ona da hər şeyi öyrədib dedilər: "heç nədən yazmaq olmaz". O da susdu, elə susdu ki, səsi əsrlərin bu üzündən də eşidilir. Yəqin Nizaməddinin sükutu da belə olacaq.
Nizaməddin öz müəllimləri
haqda böyük məhəbbətlə danışır.
Yaşarı dövrümüzün
böyük mütəfəkkirlərindən
biri adlandırır, onun haqqında şirin sözlər deyir. Əziz Mirəhmədova dəqiq qiymətlər verir, ona qarşı qisas kampaniyasında iştirakını da təəssüflə
qeyd edir. A.S.Puşkini milliyyətcə həbəş
adlandırır. Nəsimi
tənhalığına heyranlığını
bildirir. Ziyalı şəxsiyyəti onun bütün yazılarından
qırmızı xətt
kimi keçir. Çünki ziyalının
əməli də sözü qədər vacibdi cəmiyyət üçün. Nizaməddinin
də əməli sözdən yuxarı tutduğu hallar olub həyatında, bunu əks edən
yazıları da vardır.
Nizaməddinin 2015-ci ildə "Mən
kiməm" adlı qəribə bir kitabı çıxıb.
Bu bioqrafiya ilə xatirə arasında olan bədii bir yazıdır. Burada Nizam özünü
ən müxtəlif bucaqlardan təqdim edir. Ümumiyyətlə,
onda özünü təhlil və təqdim etmək meyli güclüdür. O istəyir ki, dostları və həmkarları onu özü-özünü
təsəvvür elədiyi
kimi görsünlər.
Bu qəribə istəyi
anlamaq üçün
Nizaməddinin öz məktəb illəri haqda yazdıqlarına bir az daha
ciddi nəzər yetirəsən. Burada diqqəti cəlb edən nədir? Odur ki, Nizaməddin 60 yaşında bir professorun ala biləcəyi
bütün titulları
alandan sonra da, orta məktəbi bitirəndə qızıl
medal məsələsi ilə
bağlı çəkişmələrin
davasını davam etdirir. Müəllif kitabda heç nə barədə medal məsələsindəki təfsilatla
yazmır. Bunun fundamental bir
səbəbi var, bu səbəb də fitri liderlik ehtirasıdır. O bir az Cabbarlının "Hamının arxasında behiştə getməkdənsə,
hamının önündə
cəhənnəmə getmək
daha yaxşıdır"
deyən qəhrəmanlarına
oxşayır. Əslində
Nizaməddinin bütün
həyatı bir-birini
əvəz edən qızıl medal intriqaları
silsiləsidir. O həmişə
özünün özü
üçün düzəltdiyi
hədəflərə sarı
daimi mücadilədədir.
Sanıram ki, "Mən
kiməm" kitabında
Nizaməddin özünün
bu obrazını yaradıb və uğurla yaradıb. Əsərdə diqqəti
çəkən ikinci
məsələ dağıstanlı
səmimiyyətidi. Onun
mahiyyəti isə kənd liderinin qənbər kimi bərk əqidəsidi: məni öldürsələr
də, mən düzünü deyəcəyəm.
Nizaməddinin səmimiyyətində
onun parlaq və düzünəqulu
şəxsiyyətinə kölgə
salan yerlər də var. Mən onları qeyd etmirəm, çünki
o, öz şəxsiyyətini
məhz dediyi kimi sevməyimizi diləyir.
Biz də onu elə
belə sevirik. Nizaməddini sevməmək
olmaz. Bu 70 illiyində
Allah onun ürəyinə
və qələminə
çoxlu qüvvət
versin, bir əsr ömür versin. O gənclik enerjisi ilə yazıb-yaradır, bir kitabını bizlər oxuyub qurtarmamış, təzəsini göndərir.
Nizaməddin xoşbəxtdi,
çünki bir vaxtlar dağətəyi İspik kəndində arıq, sarışın
məktəblinin niyyət
elədiyi elmi hünərləri reallaşdırmaqla
məşğuldu.
Rəhim Əliyev
Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, ¹27.- S. 20-21.