Yağış altında
pişik
Mehmanxanada iki nəfər
amerikalı qalırdı.
Onlar otaqlarından çıxarkən və
geriyə qayıdarkən
pilləkənlərdə rastlaşdıqları
adamları tanımırdılar.
Otaqları ikinci mərtəbədə dənizlə
üzbəüz idi. Buradan ictimai bağ, bir də
müharibədə həlak
olanların xatirəsini
əbədiləşdirən abidə görünürdü.
İctimai bağda hündür
palmalar və yaşıl rəngli oturacaqlar vardı. Ürəkaçan havalarda
buralarda əli molbertli bir rəssam
görünərdi. Rəssamlar
palmaların boy atmasını
və parlaq rəngli mehmanxanaların bağlarla, dənizlə üzbəüz durmasını
xoşlayırdılar.
İtalyanlar uzun məsafəni
qət edib buraya ona görə
gəlirdilər ki, müharibə
abidəsinə baxsınlar.
O, bürüncdən düzəldilmişdi
və yağış
altında par-par yanırdı.
Yenə
də yağırdı.
Palma ağaclarından damcılar
süzülürdü. Çınqıl
döşənmiş cığırlarda
gölməçələr yaranmışdı. Coşqun
dalğalar sahilə çırpılır, sonra
geri çəkilir, yenidən sahilə hücum çəkirdilər.
Müharibə abidəsinin qarşısında
dayanmış maşınlar
artıq getmişdi. Meydanla üzbəüz kafenin qapısı ağzında duran xörəkpaylayan kişi
boş meydana baxırdı.
Amerikalı qadın isə
pəncərə önündə
dayanıb ətrafı
seyr edirdi. Bir qədər aralıda - pəncərənin tuşunda,
üzərinə yağış
damcılayan yaşıl
stolların birinin altında pişik gizlənmişdi. Yağışdan
islanacağından qorxub
büzülmüş, yumağa
dönmüşdü. Amerikalı
qadın:
- Düşüb pişik balasını götürəcəyəm,
- dedi.
Çarpayıda uzanmış əri:
- Mən gedərəm, - deyə təklif etdi.
- Yox, mən özüm.
Yazıq pişikciyəz
hey çalışır ki, stolun altında quru qalsın.
Əri oxumağına davam etdi. O, çarpayının
ayaq tərəfində
iki balışa dirsəklənmişdi.
- Gözlə islanmayasan...
Qadın
aşağı mərtəbəyə
endi. Mehmanxana sahibinin otağı qarşısından keçəndə
kişi ayağa qalxıb qadına baş əydi. Onun yazı masası otağın qurtaracağında qoyulmuşdu.
Sahib hündürboylu və
qoca kişiydi.
Qadın:
- Piove , -
dedi.
Mehmanxana
sahibi onun xoşuna gəlmişdi.
- Si, si, Signora, brutto tempo. Çox pis.
Kişi
stolun arxasında dayanmışdı. Otaq bir qədər qaranlıq idi. Mehmanxananın sahibi çox nəzakətli və hörmətcil idi.
Müsahibinin giley-güzarına təmkinlə
qulaq asırdı. O,
son dərəcə mərifətli
idi. Davranış və cəhdlərindən
görünürdü ki, qadının
xidmətində durmaq
istəyir. Bir mehmanxana
sahibi kimi məsuliyyət hissinə
malik idi. Qadın əlüstü bunu başa düşdü. Onun bütün keyfiyyətləri, üstəlik,
mərd kişilərə
məxsus qırış
kəsmiş böyük
sifəti, iri əlləri qadına xoş gəldi və onu bəyənərək
qapını açdı.
Ətrafı nəzərdən
keçirdi.
Möhkəm yağırdı. Rezin
plaş geymiş bir kişi boş
meydanı keçib kafeyə tələsirdi.
Pişik
sağ tərəfdə
olmalı idi. İslanmamaq üçün
divarın dibi ilə gedə bilərdi. Qapı ağzında dayanıb tərəddüd edərkən
başı üzərində
çətir açıldı.
Bu, onların otağına
xidmət edən qulluqçu idi. Onun çöhrəsi gülümsər ifadə
almışdı. O, italyan
dilində:
- Çalışın islanmayasınız,
sinyora... - dedi.
Hə, şübhəsiz, qulluqçunu
onun ardınca mehmanxana sahibi göndərmişdi.
O, başı üzərində
çətir tutmuş
qulluqçu ilə birlikdə çınqıl
döşənmiş cığırla
addımladı. Bu minvalla
pəncərələrinin tuşuna kimi getdi. Yağış altında yuyulan parlaq və yaşıl rəngli stol yerində idi. Pişik isə gözə dəymirdi. Qadının əhvalı pozuldu. Qulluqçu ona baxaraq:
- Ha perduto qualque cosa, Signora, - dedi.
- Burada pişik vardı.
- Pişik?
- Si, il gatto...
Qulluqçu gülərək:
- Pişik? - deyə təkrar xəbər aldı. - Yağış
altında pişik?
Qadın:
- Bəli, - dedi. - Stolun altında idi. - Sonra isə, - Oh, yarı canım qalıb o pişiyin yanında, - deyə əlavə etdi.
O, ingiliscə danışırdı.
Onun bərk narahat olduğunu, təşviş hissi keçirdiyini görən
qulluqçunun sifəti
haldan-hala düşürdü.
O:
- Gedək, sinyora, gedək, - dedi. - İçəri keçək.
İslanarsınız.
- Yaxşı.
Amerikalı qadın onunla razılaşdı.
Onlar çınqıl döşənmiş
cığırla geriyə
qayıtdılar. Qulluqçu
çətiri yığmaq
üçün çöldə
dayandı. Amerikalı
qadın sahibin otağı qarşısından
keçəndə qoca
stolun arxasından təzim etdi. Qadın daxilində nə isə bir boşluq hiss etdi. Sahib mehribanlığı
və nəzakəti ilə məcbur edirdi ki, o özünün
nə qədər dəyərli və kiməsə lazım olduğunu başa düşsün, həyatda
sadəlövh olmasın.
Qadın
pilləkənləri qalxıb
qapını açdı.
Corc hələ də çarpayıda uzanmışdı... Oxuyurdu.
O, kitabı yerə qoyaraq:
- Gətirdin? - deyə xəbər aldı.
- Çıxıb getmişdi.
Corc gözlərinə dinclik verərək:
- Görəsən, hara getmiş
olar? - deyə xəbər aldı.
Qadın
çarpayıda əyləşdi:
- Ürəyim onu yaman istəyir, - dedi. - Heç özüm də bilmirəm niyə. O yazıq pişikciyəzi istəyirəm. Pişikciyəz
yağış altında
qalıb.
Corc təzədən oxumağa
başladı.
Qadın
ayağa qalxıb bədənnüma güzgünün
qarşısında əyləşdi.
Bir xeyli özünə
tamaşa etdi. Aynanı götürüb
hər iki yandan sifətinə, daha sonra başının
və boynunun ardına baxdı:
- Necə fikirdir, istəyirəm saçımı
uzadım, - deyə üz-gözünə baxmaqda
davam edərək xəbər aldı.
Corc qaşını qaldırıb
onun boynunun ardını gördü.
Oğlan saçı
kimi qısa vurulmuşdu.
- Bu forma mənə daha xoş gəlir.
- Mənsə saçımı
belə kəsdirməkdən
yorulmuşam! Oğlana
oxşamaqdan təngə
gəlmişəm!
Corc çarpayıda vəziyyətini
dəyişdi. Qadın
danışıb qurtarana
qədər baxışları
onun sifətinə dikili qaldı. Sonra:
- Əzizim, sən ki mələksən! - dedi.
Qadın
güzgünü stolun
üzərinə qoyub
pəncərəyə doğru
addımladı və
baxdı. Qaranlıq düşürdü.
- İstəyirəm saçlarımı
geriyə darayım. Qoy onlar sıx
olsun, boynumun ardında əməlli-başlı
düyünlənsin. Əlimi
vuranda hiss edim ki, mənim də saçım var. İstəyirəm
dizim üstə pişik balası otursun və mən onu incidəndə
miyoldasın...
- Hə... hə... - Corc çarpayıdan söz atdı.
- İstəyirəm gümüş
qab-qacaqda yemək yeyim, çoxlu şamım olsun. İstəyirəm yaz gəlsin, saçımı
güzgü qabağında
darayım. Pişik balası istəyirəm. Təzə paltarlar istəyirəm!
Corc:
- Bəsdir, az çərənlə! Götür
bir şey oxu, - deyə ona acıqlandı. Və oxumağından qalmadı.
Qadın
çölə baxırdı.
Hava lap qaralmışdı.
Palma ağaclarından hələ
də su süzülürdü. Qadın
küskün əda ilə:
- Axı mən pişik istəyirəm, -
dedi. - Pişik istəyirəm, pi...şik...
Əgər saçımı
uzada bilmirəmsə,
onda, heç olmasa, pişiyim olsun.
Corc qulaq asmırdı. Mütaliə edirdi. Qadın həyətə baxırdı. Artıq meydançanın işıqları
yandırılmışdı. Kimsə qapını tıqqıldatdı.
Corc:
- Avanti, -
dedi və baxışlarını kitabdan
ayırdı.
Qulluqçu qız qapı ağzında dayanmış,
xallı pişiyi bərk-bərk bağrına
basmışdı. Pişik
onun bədəninə
sığınmışdı. O:
- Bağışlayın, - dedi,
- sahib mənə tapşırdı
ki, bunu sinyora üçün gətirim...
Ernest Heminquey
İngilis dilindən tərcümə:
Akif ABBASOV
Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, №27.- S. 25.