Tanrıya ünvanlanan sevgi məktubu
İmzasını çoxdan cəsarətlə
təsdiqləmiş (həm
şeirdə, həm publisistikada, həm də digər essevari mətnlərdə)
Sərvaz Hüseynoğlu
yeni kitabını "Yaşıl
xatirədir ömrün
hər günü"
adlandırıb. Məncə,
hər bir mətləb elə addan, sərlövhədən
başlanır. Həqiqətən,
azca dərinə varanda, görürsən ard-arda düzülən günlər yaşıl xatirələr oylağıdır:
yaşanmış, əbədiyyətin
qu nəğməsini
oxumuş silinməz, unudulmaz anlar, dəqiqələr, məqamlar,
saatlar... Qələm dostum ustalıqla şair Fəxrəddin Teyyubun işıqlı portretini canlandırır,
bu halal, vicdanlı söz adamının yaradıcılığı kontekstində
poeziyasını təhlil
edir, yaratdığı
təbiət mənzərələrini
və təsvirlərini
diqqət mərkəzində
saxlayır. Böyük
mənada, "Yaşıl
xatirədir ömrün
hər günü"
(kitabın adı) uca Tanrıya ünvanlanmış sevgi məktubudur.
Eyni zamanda bu on bir
hecalı misra Fəxrəddin Teyyuba xitabən söylənmiş
duadır.
Eləcə də, bütün
Fəxrəddinsevərlərə, oxuculara zamanında ünvanlanmış pıçıltıdır.
Vaxtilə Azərbaycan radiosunda
"Bulaq" verilişi
vardı, ona qulaq asdıqca, dağ yamaclarımızdan,
ormanlarımızdan, qayalıqlarımızdan
pıqqıldayıb axan
çeşmələrin, göz
yaşı kimi duru kəhrizlərin şırıltısını yada salırdı. Efirdən damcı-damcı söz qaynayır, pərvəriş
tapırdı, oba-oba,
elat-elat yayılırdı.
Təşnə qəlbləri
sərinlədir, ovqatımızı
göyün yeddinci qatına qaldırırdı.
Sərvaz Hüseynoğlunun
bu kitabındakı fikir və düşüncələri
də sərrastdır,
bulaq suyu qədər saf və axıcıdır. Müəllifin yazı dili akademizmdən, ritorikadan, pafosdan, əllaməçilikdən, tapdalogiyadan
uzaqdır, folklor dilidir, təmiz danışıq dilidir.
Sərvaz
kitabı üçün
beləcə yeni, qəribə
yazı, qeyri-adi üslub seçməkdə
yanılmayıb. Onun
"qəhrəmanı" ilk öncə müasiridir, poeziyamızda artıq özünəməxsus dəst-xəttini
müəyyənləşdirən tanınmış şairdir.
Kitabda verilən ayrı-ayrı yüyrək
dialoqlardan bəlli olur ki, o, Fəxrəddin Teyyubun yazı tərzinə yaxşı
bələddir. O cümlədən,
şair də haqqında kitab bağlayan
Sərvaz Hüseynoğlunu
dərindən tanıyır.
Bu ümumi tanışlıq
hər iki tərəf üçün
əsasdır və mövzunun, həmçinin
bədii-texniki baxımdan
işlənməsində rol
oynayır, mühüm
əhəmiyyət kəsb
edir.
Təbii
ki, əgər Fəxrəddin
Teyyubun zərif, səmimi, hissiyyatlı poeziyası olmasaydı, bu kitabın da mövcudluğuna şübhə
yaranardı. Yeri gəlmişkən, 40-45 il əvvəl
"Ulduz" dərgisində
bu şairin ilk qələm təcrübələrinə
rast gəlməsəydi,
heç bu sətirlərin müəllifi
də (yəni, mən) onu sevməz,
canla-başla təqdirinə
tər tökməzdi.
Çünki yaxşı
poeziya nümunəsi elə şeydir ki, dərhal hafizəndə, yaddaşında iz buraxır, bəzən bircə beyt və ya poetik
ifadə, misra səni əsir-yesirinə
çevirir, yuxuna
haram qatır. O zaman jurnala
təqdim edilən milis serjantının (indiki polis polkovniki) poeziyası həqiqətən,
məni təəccübləndirdi.
Həsəd apardım
o duyğulu sevgi notlarına. Ürəyimdə
gileyləndim: "Milis
hara, belə gözəl
şeir yazmaq
hara?" Budur, həqiqətən,
"yeraltı çaylar
dənizə axırmış",
Fəxrəddin "yeni mündirində"
təzədən özünə-sözünə
qayıdıb, Azərbaycan
şeirinin nəhrinə
qayıdıb.
"Yaşıl xatirədir ömrün hər günü"ndən heyranedici
sətirlər: "Fəxrəddin
Teyyubla hər bir söz adamı,
hər bir oxucu arasında pünhan düşüncə,
romantik duyğu bağlılığı var. Adam onun şeirlərini, haradasa, özünün-özünə, özünün onu əhatə edən aləmə olan münasibətinin ifadəsi, şəkli kimi qəbul edir, o, şeirlərin dili ilə özününkülərə,
özünün olana
müraciət etmək
istəyir.
Hələ qalxacaqsan neçə
yoxuşu,
İçimdə ölçüşən, məhək daşısan.
Elə bil mənimlə mehriban qonşu,
Elə bil mənimlə yol yoldaşısan.
Qoymadım göz dikəm
özgə əllərə,
Suyum içimdədi, dənim içimdə.
Coşub-çağlayırsan gündə min kərə,
Sahilsiz ümmansan mənim içimdə...
Bir neçə kəlmə də Fəxrəddinin ithaf şeirləri barədə. Əvvəla,
Sərvaz məşhur
Füzulişünas tədqiqatçı,
Gəncədə pedaqoji
təhsil alarkən müəllimi olmuş
Sabir Əliyevdən, tənqidçi
Vaqif Yusiflidən tutmuş, Xalq yazıçısı İsa Muğannayacan,
görkəmli professorlar
- Qəzənfər Paşayevdən,
Nizami Cəfərovdan,
Nizaməddin Şəmsizadədən,
Məti Osmanoğludan,
Rüstəm Kamaldan misallar gətirir, istinad eləyir. İkincisi, şeirin müxtəlif söz sərraflarına ünvanladığı
şeirlər təkcə
ithaf, həsr xarakteri daşımır.
Bu poetik nümunələr
Fəxrəddin Teyyub poeziyasının al-əlvan
gülləridir, həmişəyaşıl
çəmənzarının solmaz rəngləridir. Fəxrəddinin Musa Yaquba
şövqlə yazdığı
təbiət nəğmələri
bir çalardadır,
Məmməd Araza, Nəriman Həsənzadəyə,
Məmməd İsmayıla,
Fikrət Qocaya, Seyran Səxavətə, Adil Cəmilə,
Tofiq Nurəliyə, Yusif Nəğməkara,
Barat Vüsala, Balayar Sadiqə, Qəşəm
Nəcəfzadəyə bağışladığı
etüdlər bambaşqa
çalarlardadır. Bu rəngarənglik,
sanki müəllifin şeirlərinin xüsusiyyətidir,
fərqləndirici cəhətidir.
Ona görə ithaf təsiri bağışlamır,
bütöv, bitkin lövhə təsiri bağışlayır.
Fəxrəddin Teyyubun şeirləri
tale şeirləridir. Elə
təbiət hadisəsi
yoxdur ki, müəllif
özündən keçirməsin,
yazıya almasın. Sərvaz səriştəylə,
peşəkarlıqla bu
şeirlərin estetik-bədii
mahiyyətini açır,
mistik əhval-ruhiyyələrin,
ovqatların qıfılını
sındırır, mifik,
harmonik lövhələrin
mənasını dəyərləndirir.
Xətaidən, Füzulidən,
Nəsimidən çeşid-çeşid
misallar gətirən
kitab müəllifi təkcə
zəngin biliyini nümayiş etdirmir, həm də klassik obrazların işığında çağdaş
ənənəvi poeziyamızın
ünlü isminin kəlamını, sözünü
xırdalayır, bənzərsiz
metaforalarını diqqətə
çatdırır. Belə
obrazlar isə onlarladır. Məsələn,
Dünyadan mən elə rahat köçərəm
Bilsəm,
kimsə gedir izimə tərəf.
"Tərəf"
Və ya
Səni
qoyub getdim səndən xəbərsiz
Həsrətin, hicranın dərəsində
mən.
"Gəlmişəm üstünə
günahlarımla"
Bu obrazı da Fəxrəddin,
sanki ulu babası Məhəmməd Füzulinin
söz boğçasından
əxz edib: "Bəli, şeir mükəmməl "Meyvələrin
söhbəti"ni zaman etibarı
ilə xatırladır
("Söhbətül-əsmar"ı).
Lakin təsir yalnız
zahiridir. Füzuli alleqorik şəkildə meyvələrin bir-biriylə
bəhsini nəzərə
çatdırır. Fəxrəddin
Teyyub isə özü ağacları danışdırır, tərifini
verir, vurğunluqla onları nəyəsə,
kiməsə bənzədir:
...Alma ağacı da məni unudub,
Barından yarınıb, gəlhagəlidi.
Yarpaq duvağını üzünə
tutub,
Xurma elə bil ki, sarı gəlindi.
Digər
bir təbiət şeirində "payız
elçi düşüb
yarpaqlarına, bir azdan torpağa gəlin köçəcək"
etirafı, adi poetik etiraf deyil,
müəllifin mətnə
ciddi fəlsəfi yanaşmasıdır. Əlbəttə,
Sərvaz Hüseynoğlunun
da təhlil etdiyi kimi, ağac da, yarpaq da, "kimsəsiz quş yuvaları" da, durna köçü də, tütün yarpağı da payıza bələnmiş ömrün
həzin notlarıdır.
Əsas isə budur ki, şair inadla axtarışdadır:
o, sağa-sola təngnəfəs
boylanır, ayaqları
yorulur, ancaq yenə ruhdan düşmür, dağa-daşa
dırmaşır, öz
sözünü, məhz
öz sözünü
tapsın. İstəyinə
yetirmi? Bir şeirində
inadkarcasına "Hələ
ürəyimdə qönçədi
vüsal" söyləyir:
Hələ ürəyimdə qönçədi
vüsal,
Sevgin tumurcuqdu, pöhrələnməyib.
Bu dünya gözündə
bir yuxu, xəyal,
Arzuna, dünyana qar ələnməyib.
Fəxrəddin Teyyub ən əvvəl xaraktercə bütöv, böyük insandır, görünür,
buna görədir ki, biganəlikdən,
laqeydlikdən sınmır,
hətta ən "daşqəlbli" insanı
da səmimiyyətlə şeir
oxumağa çağırır.
Bu çağırış - təəssübkeş şair,
oxucu, vətəndaş
çağırışıdr.
Özünün cığırı, yolu olanlar,
Bir ömür nəfsinin qulu olanlar,
Ay malı olanlar, pulu olanlar,
Nə olar, bir az
da şeir oxuyun.
Sərvaz
Hüseynoğlunun yönləndirdiyi
kimi, əgər desəm, "filan kitabdakı filan şeir Fəxrəddinin ən yaxşı şeiridir" mübaliğə
çıxar, çünki
adını hallandırdığım
müəllifin bir neçə "ən yaxşı şeiri"
var və onlar həqiqətən, seçmə
nümunələrdir, bu
yazılara önəm
vermək, birini digərindən fərqləndirmək
mümkünsüzdür. Ancaq
yenə... şairin
"Bir süpürgəçi qadın" şeiri ürəyinin harayıdır,
çünki qəlb
yanğısı ilə
nəzmə çəkilib.
"Heç kim onun kimi o süpürgə
tutan əllərin qayğısına qala bilməz, önündə
əyilə bilməz,
o qadının cadarlı
əllərini onun kimi sayğıyla öpüb-oxşaya bilməz.
Çünki o əllərdə
halallıq, zəhmət,
ana ətri var. O əllər
dərin ehtirama layiqdir:
Mənə əlini ver, öpüm əlindən,
Hər kəsin arzusu-kamı ayrıdı.
Çəkdiyin zəhmətə baş
əyirəm mən,
Sənin
çörəyinin tamı
ayrıdı.
Hamıya
ürkək-ürkək baxan,
"halallıq dərsi"
keçən bu dəyanətli zəhmət
fədaisi kövrəkliyin,
zərifliyin simvoludur.
Əlləri çoxdan
qabar bağlayıb, üzündə isə razılıq əlaməti
var. Qətiyyən bədbin
deyil, özünü
xoşbəxt sayır.
O, xaladır, anadır,
bibidir, bacıdır,
nənədir, bir
sözlə, sadə peşə adamıdır.
Bir tikə çörək
qazanmaq üçün
zərif qaməti yüz dəfə əyilib-düzəlir. Fəxrəddin
Teyyubun ümumiləşdirməsi
isə idealdır:
Küçə süpürməkdən belin bükülür,
Örtürsən üzünü həyadan,
bacım.
Hər səhər gözündən
yuxu tökülür,
Günəşi yuxudan oyadan, bacım.
"Şeirdir qəlbimin döyüntüləri"
söyləyən, bu
vədini ehtiramla doğruldan Fəxrəddin
Teyyubun yaradıcılığı
bir yana... Axı, əsərləri
çoxlu tədqiqatlara,
təhlillərə layiqdir.
Sərvaz Hüseynoğlunun
haqqında yazdığı
bu kitabı isə, "Tanrıya ünvanlanmış sevgi məktubu" adlandırardım.
Bizim ən yaxşı şeirlərimiz elə Tanrı pıçıltısı
deyilmi? Tanrıya gedən məktublar uzaq məsafə, poçt tanımır, gec-tez Yaradana çatır. Lap bu kitabda yazılanlar kimi...
Ağacəfər Həsənli
Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, №27.- S. 28.