"Asılqan"
nələrdən danışdı
Rejissorun
quruluş verdiyi tamaşaların intensivliyindən, sayından
daha çox, məhz və yalnız onun özünəxas
üslubunun, bədii materiala fərqli yanaşma tərzinin
olması çox vacib keyfiyyətdir. Əbdulqəni
Əliyevin tamaşalarından hasil olan qənaətlərdən
birincisi budur. "YUĞ" Dövlət Teatrının
35-ci mövsümündə rejissor bu teatrın hələ də
olmayan səhnəsinə Anarın "Asqılıqda işləyən
qadının söhbəti" hekayəsinin motivləri əsasında
"Asılqan" tamaşasını gətirdi. Hekayəni
səhnəyə Lalə Əliyeva adaptasiya edib. Daha bir
gözəl qənaət isə ondan ibarətdir ki,
Əbdülqəni Əliyev həcmcə minimalist nəsr əsərlərinin
kifayət qədər maksimal çəki və həcmdə,
ən əsası, səhnə əsəri statusunda nəzərdən
keçirilə biləcək tamaşalara quruluş vermək
bacarığı ilə seçilməkdədir. Məsələn,
bundan əvvəl "YUĞ"un səhnəsində Təranə
Vahidin hekayələri və miniatür aforizmləri əsasında
qurduğu "Quş dili", Pol Villardın "Gerçək
əhvalat" hekayəsi əsasında müstəqil teatr
aksiyası kimi gerçəkləşdirdiyi "Köhnə
telefon" kimi tamaşalar bu qənaətin zəminini möhkəmlədir.
Qoşalığı
pozan cütlük
Beş yüzə qədər
işçisi olan böyük bir idarənin
asqılığında işləyən qadın müəllifə,
müəllif isə oxucularına sarı rəngli, əntiqə
bir qadın paltosunu qara rəngli, nimdaş kişi paltosu ilə
aylarla eyni asılqandan asdığını, onlardan birinin
heç vaxt tək təhvil verilmədiyini danışır.
Günlərin bir günü isə sarı rəngli qadın
paltosunu həmişə tək təhvil aldığı bir
adamayovuşmazın mixəyi rəngli, bahalı paltosu ilə
bir asılqandan asdığının fərqinə varır,
qara rəngli nimdaş kişi paltosu isə həmin gündən
bu idarədən didərgin düşür. Yalnız bir dəfə
təkbaşına işə gəlir. Növbəti və
sonuncu dəfə isə az yağmurlu bir gündə tamamilə
islanmış halda gəlib sarı paltonu asqılıqda
işləyən qadından alıb vidalaşıb
qaytarır. Beləliklə, aydın olur ki, adamayovuşmaz
bahalı paltosunun ona verdiyi üstünlüklərdən
istifadə etməyin fürsətini fövtə verməyib;
sarı rəngli əntiqə qadın paltosu ilə cütləşib
və sarı rəngli paltonun qara rəngli nimdaş kişi
paltosu ilə qoşalaşma davamlılığının
gözəlliyini darmadağın edib.
Qoşa və
cüt ayrı-ayrı anlayışlardır - yeni evlənənlərə
xoşbəxtlik diləyəndə məhz "qoşa
qarıyasınız" deyirlər.
Qoşa
olmaq, qoşa qalmaq hər insana nəsib olan xoşbəxtlik
deyil. Cüt ola bilərsən, amma qoşa olmaq bir ayrı aləmdir.
Sarı rəngli,
əntiqə paltolu xanımla qara rəngli nimdaş paltolu
kişi də evlənib qoşa qarıya bilərdilər..., əgər
ətraflarındakı adamlar insan adamlar olsaydılar. Bu, bəlli,
inkarolunmaz bir faktdır: ətrafımızdakı
insanların energetikasının taleyimizə təsiri
böyükdür, həlledicidir. Psixoloqlar, filosoflar
insanın özünə uyğun, özünü rahat hiss
etdiyi adamlardan ibarət dairənin zəruriliyini əbəs
yerə məsləhət görmürlər... Qara paltolu isə,
nəinki qeyri-münbit dairəyə, daha doğrusu, bir nəfərin
yarımdairəsinə məhkumdur, çünki onunla eyni
idarənin işçisidir, onun rəhbərliyi altında
çalışır, üstəlik, bu yarımdairə mənfi
energetikasını yönəltməklə kifayətlənmir,
real addımlar atır...
Anarın
"Asqılıqda işləyən qadının söhbəti"
hekayəsi ən miniatür hekayələrdəndir - iki səhifəyə
yaxın. Lakin miniatürluk hekayənin yalnız formatında,
fakturasında, həcmindədir, məzmunu, fabulası, məna
yükü haqqında miniatür təsbehini işlətmək
mümkün deyil - hekayəyə çevrilmiş
asqılıqda işləyən qadının söhbətinin
hər cümləsi bir mətləbdən, özü də
kifayət qədər ağır, böyük, dramatik, lirik mətləbdən
xəbər verir. Məsələn, elə ilk cümlələrdən
biri: "İki-üç il bundan əvvəl, bax, bu yeri ki
görürsən, indi ora meşin palto asmışam ha, bax, həmişə
o nömrəyə iki palto asırdım". Meşin paltonun
qarderob detalından ideologiya elementinə çevrilməsi
keçən əsrin 30-cu illərinin repressiya dalğası
ilə bağlıdır; adamları gedər-gəlməzə
göndərənlərin əynində meşin palto olurdu. Və
indi təxminən o cür meşin palto sarı rəngli
qadın paltosu ilə qara rəngli kişi paltosunun bir yerdə,
üst-üstə asıldığı asılqanı tutub.
Anar hekayəsini 1959-cu ildə qələmə alıb;
repressiya qurbanlarına və onların ailələrinə bəraət
verilməsindən üç il sonra. Ev yıxanlarla assosiasiya
olunan meşin palto detalı burda təsadüfi deyil. Və
söhbətin davamında sarı rəngli qadın paltosu ilə
qara rəngli kişi paltosunun uzun müddət birlikdə təhvil
verilməsi ("...Gəlməyəndə ikisi də gəlmirdi.
Elə bil, azarlayanda da bir yerdə azarlayırdılar. Bilmirəm
də, ay bala, ər-arvaddılar, yainki yar-yoldaş. Hər nəysə,
mən ki o paltoları bir dəfə də ayrı
asmadım".) onların şəxsi həyatına dair
aydın cizgilər canlandırır - bu ikisinin ürəyi
bir döyünür, həyatları bir-birilə
çulğaşıb. Və yaxud mixəyi rəngli paltonun
sahibinin subay və yar-yoldaşsız olması
ehtimalını asqılıqda işləyən qadın bu
paltonun asqısının olmaması ilə vurğulayır:
"...Neçə dəfə demişdim, tikdirmirdi ki
tikdirmirdi. Axırda bir gün hövsələm
çatmadı, götürüb özüm tikdim". Mixəyi
rəngli paltonun sahibinin həyatında qadın
olmadığı üçün paltoya asqını
asqılıqda işləyən qadın tikir.
Hekayəni
dəfələrlə oxumuşuq. Göründüyü
kimi, əhvalat kodlarla zəngindir. Bu məqamda bir detalı da
vurğulamaq lazımdır - asqılıqda işləyən
qadın "...Bu əhvalat ki danışıram, yəni əhvalat
deyəndə, bir əhvalat da yoxdu" qeydini də edir. Bu
qeyd sonrakı gedişatda da özünü doğruldur -
qadın gördüklərinin, müşahidə etdiklərinin
üstünə beşini qoyan qeybətcil biri deyil.
Görub-götürmüş insandır, xanım-xatın
qadındır. Bütün bu məziyyətlər Əbdulqəni
Əliyevin quruluş verdiyi səhnə əsərində
ehtiva olunub. Tomas Elliotun, Xəlil Cübranın, İlqar
Kamilin, Bahar Zamanın, Səməd Mənsurun, Ekzuperinin əsərlərindən
ustalıqla istifadə edilməklə və iki aktyorun - Ləman
Mərrihlə Elşən Əsgərovun istirakilə
baxımlı və düşündürücü bir
süjet oynanılır. Tamaşa gənc bir qarderobçu
xanımın (bəlkə də hekayədən
tanıdığımız həmin qadının
qızı və ya nəvəsidir, hər halda fizioloji olmasa
da, mənəvi baxımdan belədir ki var) iş
başındakı əhvalatı ilə başlayır.
Elşən Əsgərovun qəhrəmanı, çox
güman ki, o kuryerdir, içəri daxil olub binanın
üstündə lövhə olmadığı
üçün ünvanı xəbər alır.
Qarderobçu xanım qız onu 5-10 dəqiqəlik əvəz
etməsini xahiş edir. Anarın hekayəsindəki kodlar məhz
bu oğlan asqılıqda tək qaldığı dəqiqələrdə
açılmağa başlayır. Rejissorun yozumunda bu
asqılıq Ədəbi Araşdırmalar Mərkəzinə
aiddir. Qara nimdaş paltolu araşdırmaçı, tədqiqatçı
olmaqdan savayı, həm də şairdir. Sarı rəngli əntiqə
paltolu gənc xanım sadəcə, tədqiqatçıdır.
Mixəyi paltonun sahibi mərkəzin rəhbəridir.
Bacarıqlı tədqiqatçıların araşdırma
işlərini mənimsəyib özlərini qapı
dalında qoyan, işçilərdən nə yolla olur-olsun,
maddi gəliri ön plana qoymağı tələb edən,
İmadəddin Nəsiminin misrasını təhrif edib, mənasını
tərs-avanda döndərib "o "Məndə
sığar iki cahan" yazmayıb, "Məndə
sığar ki cahan" yazıb" deyərək, dahiləri
belə dəyərsizləşdirməkdən vaz keçməyən
üzdəniraq idarə rəhbərlərindəndir.
Qara paltolu kişinin faciəsi
Beləliklə,
gəlin görək, sarı rəngli qadın paltosu ilə
qara rəngli kişi paltosunun ayrılması necə baş
verib, necə olub ki, mixəyi rəngli palto qara rəngli
paltonun yerini tutub? Hər şey bayağı olduğu qədər
iyrənc və dəhşətlidir - mixəyi paltolu qara
paltolu, açıq fikirli tədqiqatçını irəli
çəkmək əvəzinə irad, məzəmmət atəşinə
tutub gözümçıxdıya salmağa
çalışır, bu alınmayanda onu işdən kənarlaşdırır,
tədqiqat işini öz imzası ilə yuxarılara təqdim
edib başqasının əməyinin bəhrəsini orqanik
qida şəklində yeməyə başlayır və vəzifəsindən
sui-istifadə edib sarı paltolu xanımı mənimsəyir.
Dünya qədər qədim bir xəbislik, rəzalət,
alçaqlıq belə baş verir. Amma burda bir məqam da
var. Qara paltolu kişi sarı paltolu xanımla çox xoşbəxt
olsa da (hərçənd qara
paltolu kişinin nişan üzüyü almağa
imkanının olmamasından, sarı paltolu qadının
darılması kimi bir epizodu da müşahidə edirik), həyatının
əsas insanı olan sevdiyi xanıma mübhəm bir etiraf da
edir: uşaqlıq xatirəsinə indiki yaşının
müdrikliyindən baxa bilmədiyi üçün o vaxt
atası ilə balıq ovuna gedərkən çaya
düşməsini, atasının dərhal özünü
suya atıb oğlunu xilas edəcəyini zənn etdiyi halda,
atanın sahildə dayanıb ona ürək-dirək verərək
oğlunu təkbaşına sahilə çıxmağa
ruhlandırmasını, yalnız sahilə çıxandan
sonra əlini oğluna sarı uzatmasını, lakin qəlbi
qırılmış oğulun atanın əlini geri itələməsini,
oğlunun könlünü
almaq əvəzinə, "ürəyə də etibar yoxdu,
döyünməyi özün öyrən" deməsini,
atasından incikliyini hələ də unuda bilmədiyini, bu
günə qədər ürəyində atası ilə barışa
bilmədiyini danışır. Qara paltolu kişinin faciəsinin
kökü elə burdadır - atası onda həyatda polad
ruhlu olmağı təlqin etməyə
çalışıb, ola bilər ki, bir qədər ifrata
varıb, oğlunun həssas ruhlu olduğunu nəzərdən
qaçırıb, belə uşaqla bir qədər ehtiyatla
davranmalı olmağı vacib saymayıb. Amma bütün bu
incəlikləri qara paltolu kişi illər keçdikcə
anlamalıydı, başa düşməli idi ki, ümumiyyətlə
kimdənsə və xüsusən də, valideyndən
inciklik, hətta küskünlük insanın həyatını
mənfi enerji ilə dolduran, onu irəliləməyə
qoymayan bir hissdir. Və nəticə göz
qabağındadır - qara, nimdaş paltolu kişi iş
yerindən məhrum edilir, sevdiyi xanım əlindən
alınır, ikinci zərbəyə
dözümsüzlüyü o dərəcəyə
çatır ki, mixəyi paltolu kişini öldürmək məqsədilə
vaxtilə çalışdığı idarəyə gəlir,
həbs edilir, həyatı məhv olur...
Hər
iki aktyor, həm Ləman Mərrih, həm də Elşən
Əsgərov tamaşa boyunca bir neçə obrazı
canlandırırlar - L.Mərrih asqılıqda işləyən
xanımı, sarı rəngli paltonun sahibəsini, qara rəngli
paltonun sahibinin uşaqlıq xatirələrindəki
anasını; E.Əsgərov kuryer oğlanı, qara paltolu tədqiqatçı-şairi,
onun uşaqlıq xatirələrindəki atasını, ədəbi
araşdırmalar mərkəzinin rəhbərini, müxtəlif
ədibləri, polisi. Həm L.Mərrihin, həm də
E.Əsgərovun obrazlarının biri digərinə uduzmur, hər
biri inandırıcıdır. Tamaşanın əsas
yükü E.Əsgərovun üzərindədir və gənc
aktyor bu yükü son səhnəyədək layiqincə
daşıyır. Quruluşçu rejissorun aktyorla işləmək
bacarığı sayəsində həm hər iki aktyorun fərdi
istedad və bacarıqları açılır, həm də
vahidlik, ansambl prinsipi qorunub saxlanılır. Bunlar isə
tamaşanın yaşarılıq qazanmasını şərtləndirən
cəhətlərdir.
"Asılqan"
səhnə əsərində yeganə qəribəlik qara
paltolu tədqiqatçı-şairin uşaqlıq xatirəsində
"Quş dili" tamaşası ilə olan paraleldir -
"Asılqan"da da "Quş dili"ndə olduğu
kimi, 7-8 yaşlı oğlan uşağının (onu da
Elşən Əsgərov ifa edir) atası ilə balıq
ovunda olarkən başına iş gəlməsi və bunun
demək olar ki, eyni dekorasiya həlli ilə verilməsidir.
Yuxarıda qeyd olunduğu kimi, Anarın "Asqılıqda
işləyən qadının söhbəti" hekayəsindəki
kodlar müxtəlif ədiblərin əsərlərindən
fraqmentləri istifadə etməklə açılıb.
Balıq ovu səhnəsi İlqar Kamilin "Uşaq idim, yeddi
yaşım vardı" essesindən qaynaqlanıb. Rejissor
"Quş dili" tamaşasının konkret səhnəsi
ilə olan paralellik təəssüratını "istənilən
yaradıcı insanın içində müəyyən
kodların olması, bu kodların fərqli-fərqli formalarda
özünü büruzə verməsi, insan təbiətinə
aid olan uşaqlıq, faciə, gülüş, sevgi, ilahi,
mistik kanallara aid nələrinsə olması" ilə səciyyələndirir.
Məqalənin müəllifinin subyektiv təəssüratı
isə ondan ibarətdir ki, bu səhnədə balıq ovu əvəzinə
başqa bir uşaqlıq xatirəsi ola bilərdi...
Samirə Behbudqızı
Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul,
¹27.- S. 30-31.