Pol Verlen (Fransa, 1844-1896)
Xilaskara sonetlər
I
Tanrım
mənə deyirdi: "Sən ki görürsən
axı,
Sinəmdəki bu qanı, böyrümdəki yaranı;
Suçlarınız ağırdı
- ovuclarım ağrıyır,
Məsum
göz yaşlarıyla
yuyulub ayaqlarım...
Bu mıx, bu cam, bu da xaç - bax, bunlar deyir
ki, sən
Sevəsən cani-dildən, sevəsən
sidq ürəkdən:
Həm müqəddəs cismimi, həm axan al qanımı,
Həm səsimi, həm də ki, bütün qanunlarımı!
Qardaşım, balam, mənim!
O mən deyildim bəyəm -
Sənin
əzablarını öz
əzabım bilib də,
Hər ağrına acıyan, hər acına göynəyən?!
Hər cür fədakarlığım
bəyəm səninçün
deyil?!
Bəs niyə axtarırsan yenə məni təlaşla,
Mən burda, səninləyəm,
gəl bağışlan
və sevil!"
II
Nigaran bir şübhə var, nə yazıq ki, içimdə -
Səni
çox nahaq yerə axtarıram, İlahi!
Cansız
bir vücudam mən qarşında, yox gücüm də...
Sən ey sevgi atəşi,
keç mənə bu günahı!
Bəlkə heç Sənə
çatmır aciz yalvarışlarım,
Önündə diz çökməyə
taqətim də yox daha.
Həşərattək sürünən
ruhumun gücü çatmır
Bu mənfur həyəcanı,
tərəddüdü boğmağa!
Gözlərim gör nə vaxtdı Səni axtarıb gəzir -
Sən başqa bir sevginin nur qatsan
da nuruna,
Yalvarıram kölgənə, qoy
suçumu gizləsin!
Gözəl bir şəlaləsən,
yaman Səndən qorxuruq -
Yasaq öpüşləriylə qəzəbinə
tuş gələn,
Aşiqlərçün püskürən
lənətindən qorxuruq!
III
- Sev məni, sev ürəkdən, bütün varlığınla
sev,
Sənin
ürkək baxışın,
qürurlu dilinəm mən;
Xəstə cisminəm sənin,
qəlbinin əzabıyam,
Mən əbədi Tanrıyam, çalış məni sevəsən!
Ruhunun axtarışı - ürkək
arxar yerişi,
Sevgimin yüksəkliyi əlçatandırmı
sənə?
Alıb
sənin ruhunu aparacaq o sevgi,
Dağın qızıl səpilən
ən uca zirvəsinə...
Buludsuz gecələrdə gözlərimin
nurudur
Ayın
utancaq üzü, göyün parlaq ulduzu -
Ordakı
nurlu yataq sevincimlə doludur!
Bilin, sevgim hər yerdə sizləri qoruyacaq,
Bəli,
qadir Tanrıyam və səndən umduğum da
Həsrətində olduğum təmiz sevgidir ancaq!
IV
- Tanrım, Səni sevməyə məndə
cəsarət hanı,
Məhv
olmuş cismim, canım qarşında tir-tir əsir;
Gül qoxusu bürüyüb müqəddəs paklığını,
Başının üstündə də
sevgilərin nəfəsi!..
Sən,
ey Xilaskarımız, ucalardan ucasan,
Hifz etdin İsraili, nicat verdin ürəkdən!
Günahsız varlığınla elə
rahat uçursan,
Elə bil altındakı təzə açmış
çiçəkdir...
Mənsə qorxağın biri,
içim təkəbbür
dolu -
Şərə yaxa tanıdıb
gözüm, qulaqlarım
da.
Ehtiras alovunda qovrulub xəyallarım,
Əqlim,
hissim korlanıb lap erkən çağlarımdan.
Nəsibim divanəlik, sərgərdanlıq...
və Adəm
Yuva salıb qəlbimdə yaşayır indiyədək!..
V
- Ruhunu dəyişəcək
yeni bir Adəməm mən,
Borcundur
məni sevmək, bunu yadında saxla!
Sənin
Roman, Parisin, Sodomun, ya Spartan
Adi dağıntılardır nəhəng
xarabalıqda!..
Sevgim saf alov kimi
yandırıb yaxar səni,
O şəhvani vücudun sovurar külünü də;
Dirilik suyu kimi təmizləyər
qəlbini,
Təpədən dırnağacan yuyar
səni yenidən.
Öz ecazkar gücüylə Sevgim yenə dikəldər
Bir vaxt əzab çəkdiyim həmin müqəddəs xaçı.
Yenə
Mənə üz tutar çarəsizlər,
şikəstlər!...
Sev Məni ki, yox olsun bu zülmət,
bu qaramat,
Günahkar ruh müqəddəs
bir sevgiylə parlasın.
Sən tənhasan, hər yerdə səninləyəm
Mən amma!
VI
- Heyhat! Axı nə haqla ruhum
Sənə can atsın?
Ümidsizlik və qorxu içimdə buz bağlayıb...
Neyləyim?.. Şübhələri
qəlbimdən kim çıxartsın?
Düzün, xeyirin yolu mənimçün yasaqlanıb!..
Göy qübbəsi titrədi...
əbəsdi, vallah, əbəs
Arzularımla birgə göylərə
can atmağım;
O örtüyün altında
ruhum uyuya bilməz;
Ora aparan yolu heç
görmürəm də
axı.
Uzat əlini, Tanrım, səndən yapışıb
gedim!
Bir azacıq da güc ver qəddimi dikəltməyə.
Qoy bu əzablı yolda ruhumu möhkəmlədim...
Fəqət əlçatan deyil
məndən ötrü
bu pillə!
Və bu yorğun başımı köksünə
söykəməklə
Əbədi dincliyimi çətin
ki tapa billəm...
VII
- Qazanmaq ki dilərsən hərgah mənim sevgimi,
Bütün tərəddüdləri ürəyindən uzaq
tut, -
Zanbağın ağuşunda gizlənən
arı kimi
Gəl sığın məbədimə,
oğlum, ruhunu ovut!
Bir tikə çəkinmədən
dərdini söylə
mənə,
Sidq ürəklə aç danış bütün günahlarını;
Nahaq yerə can atma nəyisə gizlətməyə,
Aldatmağa çalışma bu
həssas qulaqları.
Peşmanlıq çələngini mənə ki verəcəksən
-
Qonaq olub bu kasıb
süfrəmin nemətınə,
Sadiq balam, qarşında bir Mələk görəcəksən!
Şərbətimin dadını damağında duyub sən,
Sevinc, heyrət içində dərk edəcəksən:
artıq
Ölümsüzlük adlanan sazişə qol qoyubsan!
?
Sevginin ecazına bağlanıb sidq ürəkdən,
Bil ki, yalnız onunla sən oluram Mən yenə.
Sənin
şüurun da mən,
sənin vücudun da mən -
Qayıt,
zavallı oğlum, qayıt mənim evimə!
Şərabımdan dad bir az, çörəyimdən
nuş elə,
Bil ki, yaşamaq olmaz bunlarsız yer üzündə.
Yalvar, qoy Atam, Anam
bir az güc
versin sənə
Bu dünyanın şərindən
ruhun öləziyəndə.
Qoy ruhun bərkisin ki, sən öz zərif yununu
Müqəddəs quzu kimi düşməninə verəsən
Və məsum bir körpətək kətana
bələnəsən;
Pyotrun, qiyamçı İrodun zamanında
Rüsvayçı bir ölümün acı dadını duyan,
Sənintək əzab çəkən
caniyə oxşayasan!
***
Qiymət
verəcəm sənin
cəhdinə, zəhmətinə,
Bil ki, onlar sevincin, xoşbəxtliyin rəhnidir.
Bir könül rahatlığı
bəxş edəcəklər
sənə,
Əsl sevgi həzzi var onların cövhərində.
Göylərin kaşanəsi intizarla,
maraqla
Yanıqlı dualara diqqət
kəsilən zaman,
Ruha əzablar verən tərəddüddən uzaqda
Sən
o Gizli axşamın sirrini anlayarsan.
Göylərin musiqisi qəfil
səslənsin deyə
Əbədi piyalədən qurtum-qurtum
içərkən
Uğurlar diləyərsən özünə
sidq ürəkdən;
Dirilmə möcüzəsi qəfil
baş versin deyə
Mənə şükürlərini artırasan gərək sən
Və yenidən qovuşub, sevgimi dərk edəsən!
VIII
- Nolub mənə? Göz yaşı əskilmir gözlərimdən,
Qəlbimin yerli-dibli yoxa çıxıb qorxusu;
Ecazı
eynidirmi xeyirin də, şərin də? -
İçimdə həm heyranlıq,
həm iztirab duyğusu!
Yenə
şeypur səslənir
hərb meydanında bərkdən,
Düşmənləri çağırır
silaha sarılmağa.
Bəyaz
qanadlarını xəfifcə
yellədərək
Uçuşur şən mələklər
qarşımda sola, sağa.
Sən ey rəhmli Tanrım, duam Sənədir ancaq,
Fəqət qorxudur məni bu od-alov içində
Müqəddəs dərgahına çılğın
ruhla qovuşmaq.
Çəkinirəm, qorxuram, ruhum titrəyir yenə,
Yenə
ürkək ümidlər
dönük çıxır
son anda
Və yenə dodaqlarım dua göndərir Sənə!..
IX
- Haqlısan, ruhum mənim, hüzur nəsibin olsun!..
Çevirəni: Mahir N.Qarayev
(fransızcadan sətri tərcümə əsasında)
Ədəbiyyat qəzeti.- 2024.- 27 iyul, ¹28.- S.32.