Abidə əsərlərin müəllifi Toni Morrison

 

Məncə, az-çox hər oxucunun zehnində, könlündə oxumaq istədiyi bir kitab var. Ya da ən azından, bir kitabı oxumağa başladığı anda özü tədricən o yaradıcı prosesə qoşulur gözləntilər içində olur. Zatən, oxucuların tənqidi münasibəti bu səbəbdən yaranmırmı? Əminəm ki, bir çox yazıçılar oxucunun "sonunu belə gözləmirdim" dediyini fəhm edirlər.

Toni Morrison da vaxtilə belə oxuculardan olub. Nəhayət, oxumaq istədiyi kitabı tapa bilmədiyindən bir gün özü oturub yazmağa qərar verir. 1960-ların sonu. Harvard Universitetində çalışarkən, tanış olduğu həyat yoldaşı Hari Morrisondan yenicə boşanmışdı, iki körpəsilə Nyu-Yorka köçərək "Random House" nəşriyyatında redaktor kimi çalışırdı. O, uşaqlığından bəri, sözün əsl mənasında kitab qurdu idi, əlinə keçdi, oxuyurdu, bu məşğuliyyətdən olduqca məmnun idi. O zamana qədər zənci ədəbiyyatını sıx surətdə izləyirdi. Oxuduqlarında qaradərililərin çəkdiyi əziyyətləri səmimiyyəti tapa bilmirdi. Ralp Ellison, Riçard Rayt qaradərili amerikalı ədəbiyyatının sevdiyi yazıçılarından olmaqla bərabər, ona bir yön göstərmirdilər. Onların kitablarında öz səsini tapa bilmirdi. "Mənə bir şey anlada bilmirlər" deyirdi. "Bizimlə bağlı nələrisə yazırlar, ancaq bunları sizə, digərlərinə, ağlara, erkəklərə söyləyirlər". Halbuki bütün bu yaşananları öncəliklə özlərinin anlamalı olduqlarını düşünürdü. beləliklə, ilk kitabını - "Ən mavi göz"ü yazmağa başlayır.

Aradan aylar keçsə , hələ nəsə yaza bildiyinə əmin deyil, ancaq bir axşam yeməkdən sonra qucağında körpə oğlu, sağ əlində isə qələm, yazı masasının arxasına keçir. Oğlu bir anda anasının yazdığı kağızın üstünə qusur. Bu, hər bir uşaqda baş verəsi, təbii haldır. Morrison halını pozmadan kağızın təmiz yerindən yazmağa davam edir. Yazıçı bu hadisəni xatırlayarkən, "məhz o zaman yazıçı olduğumu anladım" deyir. Ancaq hələ özünə yazıçı deməyə tələsmir. Bu həyatın tam istədiyi həyat olduğunu anlamasına özünü yazıçı olaraq olduqca inamlı hiss etməsinə baxmayaraq üçüncü kitabı - "Solomonun nəğməsi" çap olunana qədər "mən yazıçıyam" sözünü dilinə gətirmir. 1970-ci ildə satışa çıxarılan "Ən mavi göz" kitabı yaxşı satılmır. Bir-birindən fərqli tənqidi rəylər alır dörd il sonra artıq kitabı heç bir kitab mağazasında tapmaq mümkün olmur. İkinci kitabı - "Sula" bu gün ən çox bəyənilən əsərlərindən olmasına baxmayaraq, o zaman yazıçının karyerasında əsaslı irəliləyişə səbəb olmur. Yalnız üçüncü kitabı ("Solomonun nəğməsi") uluslararası mükafat qazandıqdan sonra Toni Morrison imzası böyük bir oxucu kütləsi qazandı.

Bu nöqtədə yazıçının əsl adının Toni olmadığını söyləməyin zamanıdır. "Solomonun nəğməsi" əsərində xarakterlərin adları hədsiz vasvasılıqla seçilmişdi, Morrison bu mövzuya qədər önəm verdiyini ədəbiyyat vasitəsilə anlatmaq istəmişdir. Təkcə bu kitabında deyil, bütün əsərlərində yazıçı qaradərili amerikalıların kimliklərini, şəxsiyyət olaraq özlərini təsdiq cəhdini anlatmağa çalışır. bu aspektdən yanaşdıqda adlar yazıçı üçün xüsusi önəm daşıyır. Bu adların heç biri təsadüfi seçilməyib. Necə ki, qaradərililər uşaqlarına ad verəndə bunu təsadüfən etmirlər. Bəs görəsən, yazıçı öz adını hansı səbəbdən dəyişmək istəyib? O, dünyaya 1931-ci ildə Kloi Entoni Uofford olaraq gəlib. 1979-cu ildə verdiyi müsahibəsində yazıçı universitet illərində tələbə dostlarının Kloi deməyə çətinlik çəkdikləri üçün ona ikinci adı Antoninin qısaldılmış variantı olan Toni deyə müraciət edirdilər. İkinci adıyla bağlı ona sual verilibmi, ya yox, bilmirəm, amma bildiyim qədərilə sonralar adını dəyişdirdiyi üçün peşman olubmuş. Hətta müsahibələrindən birində ilk kitabının üzərində Toni adını gördükdə kədərləndiyini dilə gətirmişdi. Ondan kitab çapa getməzdən öncə üz qabığına baxıb-baxmadığını soruşan jurnalistə qeyri-müəyyən cavab vermiş, o günlərdə ağlının başında olmadığını demişdi. Bu, çox mühüm temadır, çünki bir az öncə söylədiyim kimi, Morrison adlara, bəlkə heç bir yazıçının etmədiyi qədər önəm verirdi. Məsələn, "Solomonun nəğməsi"ndə Milkman Dead ulu babasının adını öyrənənə qədər qeyri-müəyyənlik içində yaşayır; keçmişlə bu gün arasında əlaqə yarada bilmədiyi kimi soyunun da haradan gəldiyini anlaya bilmədiyi üçün öz həyatına məna verə bilmir.

Şübhəsiz, adların yaratdığı auraya bu qədər inanan birinin öz adını seçmək istəyi qəribə görünməməlidir, ancaq Toninin mənasını hansı səbəbdən bu adı seçdiyini heç vaxt bizə anlatmır. Ən qəribəsi odur ki, çox zaman özünü Kloi olaraq qəbul edir. Yazıçı Nobel ədəbiyyat mükafatını aldıqdan az sonra belə demişdi: "Sürəkli olaraq yanlış adlandırılmaq mövzusunu yazıram. Adınızı necə əldə etməyiniz çox önəmlidir. Anam, bacım, bütün ailəm mənə Kloi deyir. Bu arada keçən il Stokholma Nobel mükafatını almağa gedən Kloi idi".

Bəlkə əsas olan budur: bir yazıçının öz içərisində iki şəxs yarada bilməsi bu ikisi arasında gediş-gəliş etməsi. Zatən, bunu Morrisonun yazıçı kimliyindən rahatlıqla sıyrılıb oxucu kimliyinə bürünə bilməsində görürük. Özünü yazdıqlarından tamamilə ayıraraq əsərlərinə sadə bir oxucu kimi baxa bildiyini deyən yazıçı üçün bu olduqca çətin bir işdir. Zənn edirəm, Morrisonun uğurlu yazıçı olmasının sirlərindən biri budur. O, heç bir zaman özünü oxucudan ayırmır; fikrən, dil baxımından. İlk romanından başlayaraq mənsub olduğu irqin problemlərini ədəbiyyata gətirmiş, Amerikadakı irqçiliyi, dolayısı ilə bütün dünyada bir zaman yaşanmış, bəlkə fərqli coğrafiyalarda hələ yaşanmaqda olan xəcalət gətirən halları qələmə almışdır. O, romanlarında Amerika qitəsindən kənara çıxmır, amma dünyanın harasında olursa-olsun, oxucunu dərindən sarsıdacaq günahlardan bəhs edir. O qədər dərin yaralar açır ki, ilk dəfə Toni Morrisonu oxuyan kəs özündə mütaliəyə davam edəcək gücü tapa bilmir. Onun dilində sünilik yoxdur, şairanə cümlələr qurmasına rəğmən heç vaxt ifrata varmır, harda dayanmaq lazım gəldiyini yaxşı bilir. Beləliklə, oxucu, bəlkə bir cümlədən sonra yorulduğunu hiss edərkən eyni enerji ilə oxumağa davam edə bilir. Yazıçı bunu mətndəki dialoqlar vasitəsilə bacarır. Dialoqlar bir növ, oxucunun yorğunluğunu çıxarır, onun enerjisini bərpa edir. Morrison zəncilərin danışıq tərzini olduğu kimi, nöqtə-vergülünə toxunmadan mətnə köçürür bu zaman obrazlar səhifələrdən çıxıb gerçək insanlara çevrilir (təbii, bu mətnlərin başqa dilə çevrilərkən koloritini itirəcəyini bilməkdə fayda var). Morrison dili belə izah edir: "Dil zəncilərin çox sevdiyi bir şeydir, sözlərin deyilişi, dil üzərində yuvarlanması, dəyişik formalara düşməsi, bu eşqdir, ayrı bir zövqdür. Bu, bir rahibin missiyasıdır; səni olduğun yerdən, özündən belə qoparmalı, özünü dərindən hiss etmənə yardımçı olmalıdır. Ola biləcək ən pis şeylərdən biri bu dili itirmək olur".

Bəlkə Morissonun yazarkən, tez-tez zaman baxımından əvvələ qayıtmasının səbəbi o zaman istifadə olunan dildən indi istifadə olunmamasıdır. Qaradərili amerikalılar ingiliscə aksentlə, özlərinə xas şəkildə danışsalar da, iki əsr əvvəl bu dildə danışmırdılar. Amma özünün yazarkən istifadə etdiyi şeirsəl dillə yazıçı oxucunun zehnində aydın təsəvvür yarada bilir. Morrison belə deyir: "Metaforalar zənci danışığında olduqca təbii səslənir". Bütün bunlarla yanaşı, yazıçının oxucuya hansısa duyğunu təlqin etmə qayğısı yoxdur. Obrazın danışarkən əsəbi olmadığını bizə izah etmir, biz belə olduğunu anlayır ya hiss edirik.

Bütün əsərlərində mənsub olduğu toplumun problemlərini dilə gətirən Morrisonun ən uğurlu əsəri 1987-ci ildə yayımlanan "Sevilən qadın" romanıdır. Gerçək bir həyat hekayəsindən yola çıxaraq yazılan bu romanda işlədiyi yerdən qaçan kölə bir qadını sahibi geri aparmaq üçün gəldikdə, onun körpə qızının da böyüdükdə onun kimi kölə olmaması üçün öz əliylə boğub öldürməsindən bəhs edir. Sonradan öldürülən qızın ruhu daim ananı, ailəni narahat edir.

Roman əsasında sonralar film çəkilib, baş rolu isə əsərin məşhurlaşmasında çox böyük rolu olan Oprah Uinfrey oynamışdı. Bir il sonra - 1988-ci ildə əsər nüfuzlu "Pulitser" mükafatını qazandı. Daha sonra Frederik Melker mükafatını qazanan Morrison mükafatlandırma mərasimində vaxtıykən Amerikaya gətirilərək köləliyə məcbur edilən insanların xatirəsi üçün heç bir   görülmədiyini, adlarına park, abidə ucaldılmadığını dilə gətirir əlavə edir ki, mənim əsərlərim bu məqsədə xidmət edir. "Sevilən qadın" qaradərililərə ucaldılan ədəbi abidə idi. Morrison "irsi travma"nın yaşanan bir gerçək olduğunun ən bariz nümunəsi idi. Əslində yazıçı özü irqçilikdən zərər çəkənlərdən deyildi, hətta gənc ikən ətrafında bu ayrı-seçkiliyi sezmədiyini deyirdi. Sadəcə, bunun necə bir hiss olduğunu anlamaq istəyirdi. Bu məqsədlə hər əsərində mövcud ziddiyyətin dərinliklərinə baş vurmaqda davam edirdi. Beləcə, oxucuya Amerikadakı köləliyin köklü səbəblərini, mahiyyətini göstərirdi.

Morrison yazır: "Yazıçı təkcə bildiyi deyil, bilmədiyi mövzular haqqında da yazmalıdır. Xəyal gücünü genişləndirən budur". Deyə bilərik ki, o, məqsədinə çatdı. Yazıçı 1993-cü ildə "Amerika gerçəkliyinin vacib aspektini dirçəltdiyi arzu poeziya ilə zəngin romanlarına görə ədəbiyyat üzrə ən yüksək mükafata - Nobel mükafatına layiq görüldü.

O, aşağılanmış kölə qadınları təsvir edərkən mətnə özündən çox şeylər hopdurur, özündən əvvəlki qaradərili yazıçıların etmədiyini edərək qadın problemini önə çəkir. Morrison kitablarında qadının cəmiyyətdə alçaldılmasını qabartsa da, qətiyyən feminist deyil. Onun əsərlərində yaxşıyla pis hər zaman qarşı-qarşıya olsa da, eyni zamanda qol-qola addımlayır. Oxucu bu məqamı unutmamalıdır. Morrison, sanki pisliyi aradan qaldırmaq əvəzinə onunla yaşamağı öyrənməyimizin gərəkliyini vurğulayır. Morrisonu oxuyarkən, yaddaşımda dərin iz buraxan dəhşətli anlardan biri "Ən mavi göz"dəki Pekolanın atası tərəfindən təcavüzə məruz qalması səhnəsidir. Kitab oxumağı sevən gənc bir qızın qanını donduracaq bu səhnə ilə Morrison, bəlkə oxucunu ən murdar pisliklərə hazırlamaq istəyir. Mən bu yazını yazarkən belə, oxucunu rahatsız etmək istəməsəm , Nobelli yazıçı bunu bütün kitab boyunca Pekolanı hamilə buraxaraq pisliyin daimi varlığını xatırlatmaq üçün dönə-dönə təkrarlayır. Başqa bir yazıçının dediyi kimi: "Böyümək üçün məsumiyyətini itirmək lazım gəlir". Biz oxucu olaraq bu səhnəni oxuyarkən öz məsumiyyətimizi itirmiş oluruq. Həyatın bilmək istəmədiyimiz gerçəkləriylə qarşılaşdıqda  bütün bunların keçmişdə baş verməsinə rəğmən, oturduğumuz kresloda gərilirik, artıq həyata qarşı daha hazırlıqlı oluruq. Amma insanın heç gözləmədiyi halda qarşısına yaxşılıqlar da çıxır; ümidini büsbütün itirdiyi məqamda. Biz mənfi xarakterin yaxşı tərəfini görmək istəmədiyimiz halda Morrison bu dəfə bizi bu mövzuda şübhəylə üz-üzə qoyur. Yoxsa, o təcavüzkar heç pis adam deyil? Hətta obrazın özü özünə bu sualı verir. Yazıçı yaratdığı xarakterləri mümkün olduğu qədər sərhədə doğru itələyir, onları çıxılmaz vəziyyətlərə salır kənardan onların necə hərəkət edəcəyini izləyir. Bu, xarakterin gerçək təbiətinin üzə çıxması üçün çox vacibdir. Yazıçı hamımızın, bütün insanlığın hekayəsini qələmə alır. Məncə, bunu ən gözəl şəkildə "Cazz" romanında gerçəkləşdirməyi bacarıb. Hadisələr bütün cazsevərlərin, Amerikada, Harlemdə yaşamış biri olaraq mənim diqqətimi çəkən bir dövrdə, 1920-ci illərin Harlemində baş verir. Təhkiyə fərqli baxış bucağından yazılıb. Morrisonun sehrli yazı manerası burda da oxucunu ovsunlayır. O, bu romanı, sanki bəstəkar kimi notlarla yazıb. Heç bir musiqiçi buna etiraz edə bilməz. Bunun səbəbi onun musiqiçi ailəsində böyüməsidir. Toni Morrisonun anası Ramah Uillis gözəl caz opera müğənnisi olub. Eyni zamanda o dövrün filmlərində pianoda ifa edərmiş. Morrisonun ana babası isə kaman ifaçısı imiş. Yəni yazıçı əslində yenə öz köklərinə baş vuraraq oradan qidalanmağı bacarır. Bir zaman rəssam olmağı arzulayan Nobelli yazıçımız Orxan Pamukun sətirlərini rənglərə boyaması kimi Toni Morrison da öz nəğməsini ötür.

Kloi, Toni... Adı olur-olsun, Morrison tam qırx bir ildir yazdığı əsərləri ilə öyrənməyə öyrətməyə davam edir.

Morrisonun son kitabı "Ev" may ayında çıxdı. Bu, onun 41 illik ədəbi karyerasında onuncu qurğu əsəridir. Əsasən, qadın obrazları yaradan yazıçı bu dəfə baş qəhrəman olaraq kişini seçdi. Frank Money Kore müharibəsindən qayıdan qaradərilidir. Ancaq savaşda içindəki pisin fərqinə varmış, onu su üzünə çıxarmışdır. Buna görə ölkəsinə ruh halı pozulmuş halda qayıdır. Hər şeydən əvvəl etdiklərini, silahdaşlarına qarşı edilənləri unuda bilmir. Üstəlik, irqçi bir ortama qayıtdığını dərk edir. Savaş qazisi olsa da, ölkəsinin ona qucaq açmadığını, yaralarını sarımadığını görür.

...Morrison bu əsərində oxucuya çoxlu sürprizlər edir. Kitab oxucunu iki hissəyə ayırır. Bir qisim Morrisonsevərlər ondan gözlədikləri hər şeyin bu əsərdə olduğunu, heç bir halda xəyal qırıqlığına uğramadıqlarını söyləyir, bir başqa qrup oxucu isə əsəri tamamlanmamış hesab edir, 160 səhifəlik kitabı qənaətbəxş saymırlar. Bəziləri düşünür ki, romanın əvvəlindəki əzm sonunda da göstərilsəydi, bu roman Toni Morrisonun son dövrdə ən yaxşı əsəri ola bilərdi. Deyilənlərin hansının doğru olduğunu bilməyin bir yolu var - o da yaxın zamanlarda dilimizə çevriləcəyini gözlədiyimiz "Ev"i oxumaq.

 

Türkcədən uyğunlaşdırma: Kənan HACI

 

Əsli E.Perker

 

Ədəbiyyat qəzeti.- 2024.- 27 iyul.- S.30-31.