Bol sözlü və bol mimikalı
"Dəli Domrul"
Yeri gəlmişkən, vaxtilə Dövlət Pantomim Teatrının ilkin adı
"Dəli yığıncağı" Pantomim Teatrı idi. Beləliklə, pantomimçilər
31-ci mövsümü yenilənmiş,
bərpa edilmiş tamaşa ilə başa vurdular - 2011-ci ildə quruluş verdikləri "Kitabi-Dədə
Qorqud" dastanının
beşinci "Duxa qoca oğlu
Dəli Domrul" boyunun səhnə versiyası olan "Dəli Domrul"la. Tamaşa (quruluşçu
rejissorlar Bəxtiyar Xanızadə və Nargilə Qəribova, plastik həll üzrə rejissor Bəxtiyar Xanızadə)
məzhəkə-parodiya tərzində
qurulub. Təkcə onu demək kifayətdir ki, Dədə
Qorqud obrazı (Əli Əlizadə) kağızdan düzəldilmiş
saçaq-saqqallı, gözü
eynəkli, əlində
qopuz əvəzinə
davul olaraq, tamaşa boyunca boy qəhrəmanları
ilə zarafatlaşa-zarafatlaşa
nağılçı missiyasını
yerinə yetirdi.
Lal dekorasiya
Bəri
başdan qeyd olunmalıdır ki, səhnəni
iki hissəyə ayıran dekorasiya (tamaşanın rəssamı
Sənubər Səmədovadır)
tamamilə gərəksiz
təsir bağışladı;
yəqin ki, ikitaylı
qapı şəklində
olan diyircəkli dekorasiyanın guya hər bir səhnəyə
uyğun rəsmlərinin
künclərinə venzel-monoqram
naxışları çəkilmiş
(halbuki bu ornamentin "Kitabi-Dədə
Qorqud" dastanı ilə heç bir uyğunluğu yoxdur) albom vərəqi kimi çevrilərək növbələşməsi "Dədə Qorqud" eposuna, dastanın boylarının ruhuna uyğun və ən əsası, peşəkar şəkildə
işlənsəydi, gərəksizlik
təsiri doğurmazdı.
Təqdim edilən versiyada isə bu diyircəkli, ikitaylı qapısı olan, hər səhnədə açılıb-qapanan,
donmuş mimlər, yaxud daşlaşmış
"Dədə Qorqud"
dastanı personajları
effektini (oxu: effektsizliyini) yaradan arakəsmənin yerinə
qaranlıq və işıqlı səhnə
əvəzləmələri effektinin tətbiqindən
tam dolğunluqla istifadə
edib arzuolunan, məqsədəuyğun, məzmunlu
görüntüyə nail olmaq mümkün idi. İndiki halda isə, səhnədəki
ikitaylı qapı dekorasiyası bədii materialın, tamaşanın
kontekstini ifadə etməkdən, yaxud ayrıca olaraq müstəqil rəsm işi marağı doğurmaqdan çox uzaqdır; tamaşa boyunca bu qapı
dəfələrlə açılıb-bağlansa
da, "Dəli Domrul"
boyunu anladan hər hansı mətləb, məzmun, məğz yükü daşımadı. Lal dekorasiya
olaraq qaldı...
İntibah dövrünün söz
abidəsi
Təbii
ki, türkdilli xalqların
İntibah dövrünün
düşüncə, zövq
məhsulu, qənaət,
nəticə təzahürü
olan "Kitabi-Dədə
Qorqud" dastanının
boylarının fikri ifadə etmək rəngi, avazı, ovqatı fərqlidir. Bu rəngdə, avazda, ovqatda universal və həm də fərdi bir ruh var - yəqin ki, bu, eposun ayrı-ayrı,
amma həm də ümumi kökənli boylardan,
əhvalatlardan, talelərdən
ibarət olmasındandır.
Biz hər dəfə
bu dastanın boylarını mütaliə
edəndə, hər hansı təfsiri, təhlili, təsviri, quruluşu, yozumu, interpretasiyası ilə tanış olanda orda, yüzillikləri adlayıb, gəlib bu günümüzə çatmış bu rəvayətlərdə mütləq
özümüzü görürük,
amma həm də uzaq qərinələrdən
boylanan boy qəhrəmanları
ilə tanış oluruq - bu iki
təəssürat paralel
baş verir.
Yumorlu, şirin istehzalı,
ciddi mətləb
Bu dəfə də belə oldu. Pantomimçilər Dəli
Domrulun uzaqlığını
yaxın, yaxınlığını
uzaq edə bildilər (bunda hər kəsə tanış müasir musiqi parçaları da öz rolunu oynadı) - Nurlan Rüstəmovun təqdimatında
Duxa qoca oğlu Dəli Domrul çox balanslaşdırılmış
şəkildə həm
zarafat, yumor, şirin istehza ovqatlı, həm də digər xalqların xalq yaradıcılığında, məsələn, hind mifologiyasına
aid "Mahabharata" dastanında bu və ya
digər dərəcədə
analoqu olan mifik qəhrəman kimi canlandı, insan həyatı, dünyanın
gərdişi ilə bağlı ciddi mətləbləri çatdırdı.
Biz Dəli Domrulu həm tamaşa personajı, aktyor olduğunu, həm də eposun vərəqələrindən qopub
XXI əsrin tamaşaçısı
ilə görüşə
gələn gerçək
obraz kimi gördük. Və yaxud Əzrayıl obrazında çıxış
edən Elnur İsmayılov gözəl
yumor hissinə malik, eyni zamanda vahimələndirməyi
bacaran, mimika ilə personajının xarakterini açan bir Əzrayıl surətini canlandırdı.
Pantomim Teatrının bir çox digər tamaşaları kimi "Dəli Domrul" da süjetin, personajların daxilindən zala baxışla, oyunla başlamır, dastanın
məzmununu ifadə edən obrazların özünə aktyorların
kənardan baxışı
- karnavalsayağı təqdimatı
ilə başlanır.
Və yalnız bundan sonra Dəli
Domrulun başına gələnlər nəql
olunur. Bu nəqletmədə
boyun sözləri, personajların ifadələri
aktyorlar tərəfindən
söylənib qurtaran
anlardakı səssiz
kino effekti klassik pantomim teatrı ənənələri ilə
həmahəng bir şəbəkə yaradır.
Samirə Behbudqızı
Ədəbiyyat qəzeti.- 2024.- 27 iyul, №28.- S.29.