Ömrü şeir kimi yaşadınsa,
doxsanında da gəncsən...
90 yaşını qeyd etdiyimiz Firudin Süleymanoğluna dost təbriki
Bənzətmələrdə qeyri-adiliyi xoşlayan adamam. Hələ bir az bu cür
müqayisələrə şirin
yumor qatdınsa, dadından doymaq olmur. Məsələn, bu günlərdə 90 yaşını tamam edən Hacı Firudin Süleymanoğlunu görəndə elə bilirəm ki, ucaboy olduğu üçün
adı və soyadı, həmçinin
təxəllüsü də
beləcə uzun olub. Ömrü də uzun olsun,
Firudin müəllimin.
Universitetin III kursunda oxuyarkən,
dostum, mərhum şair İlqar Qulusoyun təklifi ilə Naxçıvanda fəaliyyət göstərən
bir ədəbi məclisə getmişdik.
Orada tanış olmuşam Firudin Süleymanoğlu ilə. Təxminən, 25 il bundan əvvəl ilk dəfə
Naxçıvanda tanınmış
imzalar qarşısında
şeirlərimi oxumuşdum.
Gənc bir şairin yazdıqlarına
heyrətlənən və
onu təqdir edən fikirlərini bu gün də
xoş hisslərlə
xatırlayıram. Elə
o vaxtdan da - 2000-ci ildən
Firudin müəllimlə
beləcə dostluq edirik. Səmimi dostluq münasibətlərində
yaşın əhəmiyyət
daşımadığını düşünürəm. Məndən
nə az, nə çox, elə mənim yaşım qədər -
45 yaş böyük
olan Firudin Süleymanoğlunun bu günlərdə 90 yaşı
tamam oldu. Bu yazını da dost təbriki
kimi qəbul edin.
Hündür boyu, hökmlülükdən
daha çox qayğıkeşliklə dolu
ağayana səsi, dik qaməti, asta və sanballı
yerişi, bir də ağappaq saçlarının nuranilik
qatdığı şəffaf
siması bu adamın fiziki xarakteristikasıdır. Daxili
dünyası ilə xarici görünüşü
mütənasiblik təşkil
etdiyini qətiyyətlə
deyə bilərəm.
Çünki 90 yaşında
9 yaşlı uşaq
kövrəkliyindədir, 19 yaşlı gənclik ovqatındadır.
Hacı
Firudin Süleymanoğlu
ilə eyni rayondanıq. Düzdür
o, 1934-cü ildə Noraşen
rayonunda, mən isə 1980-ci ildə İliç rayonunda anadan olmuşuq. Amma müstəqilliyimizin bərpası
ilə qədim adı da özünə qaytarılan Şərur rayonunun sakinləriydik.
2004-cü ildə isə
yeni yaradılan Kəngərli
rayonunun inzibati ərazi dairəsinə daxil oldu kəndlərimiz.
Azərbaycanın ictimai-siyasi həyatında,
elmi dairələrində,
ədəbi-mədəni mühitində
mühüm rol oynayan şəxsiyyətlərin
doğulduğu Şahtaxtı
kəndində anadan olub Firudin müəllim.
O kənd ki, bu gün adını çəkəndə Hüseyn
Cavid, Məhəmməd
ağa Şahtaxtılı,
Behbud ağa Şahtaxtılı, İsa Sultan Şahtaxtılı, siyasi
xadim Əziz Əliyev, oftalmoloq, akademik Zərifə xanım Əliyeva, Xalq yazıçısı
Hüseyn İbrahimov və
onlarla ziyalı yada düşür. Bu cür
ziyalıların sıra
ardıcıllığını davam etdirənlərdən
biridir Firudun Süleymanoğlu.
1953-cü
ildə Şahtaxtı
kənd orta məktəbini bitirib,
1960-cı ildə həmin
kənddəki Hüseyn
Cavid adına sovxozda ilk əmək fəaliyyətinə başlayıb.
Araz çayı üzərində İran İslam Respublikası və
SSRİ-nin şərikli
inşa etdikləri Araz Su Elektrik
Stansiyasının tikintisini
həyata keçirən
"Azərhidrotikinti" idarəsində
baş mühasib kimi çalışıb,
1972-1977-ci illərdə Arpaçayı
üzərində tikilən
dəryaçanın inşasını
həyata keçirən
"Arpaçayhidro" tikinti
idarəsində böyük
maliyyəçi-iqtisadçı vəzifəsində çalışıb.
Bir müddət Naxçıvan
Muxtar Respublikası Stadionunun direktoru olub. Ayrı-ayrı idarə və təşkilatlardakı əmək
fəaliyyətindən sonra,
1996-cı ildə təqaüdə
çıxan Firudin müəllim 2013-2017-ci illərdə
Naxçıvan şəhər
Veteranları Təşkilatının
sədri, 2017-ci ilin noyabrından isə Naxçıvan Muxtar Respublikası Müharibə,
Əmək, Silahlı
Qüvvələr və
Hüquq-Mühafizə Orqanları
Veteranlar Şurasının
sədridir.
Bütün bunları ona görə xatırlatmaq istədim ki, müxtəlif
sahələrdə çalışmasına
baxmayaraq, o xarakterinin əsas cizgilərinə hopmuş ağsaqqallıq
ruhunu bu gün də öz fəaliyyəti ilə davam etdirir.
Aradan keçən 25 il ərzində
dəfələrlə görüşlərdə,
tədbirlərdə, lap elə
Naxçıvan şəhərinin
Əcəmi Seyrəngahı
kimi tanınan parkında həmyaşıdları
ilə gəzişmələri
zamanı onunla həmsöhbət olmuşam.
Daha çox şeirdən, ədəbiyyatdan,
sözdən, lətifələrdən,
folklordan və təbii ki, kənd həyatından, kəndin
dəyişməyən mənəvi
saf ruhundan danışmışıq. Ona görə ki, Firudin müəllim yaradıcı,
həm də tarix adamdır. Söhbətlərimiz zamanı
ondan eşitdiyim elə şəxsiyyətlər,
imzalar, tarixi hadisələr olurdu ki, belə bir ömür
yaşayan adama qarşı qibtə hissim coşub-daşırdı.
Bütün bunların
fövqündə Firudin
müəllim yaradıcı
adamdır, şairdir.
Şifahi xalq ədəbiyyatını iliklərinə
qədər hiss edən,
daşıyan, yaşadan
folklor adamdır. Uşaqlığından bəri
yaşadıqlarını, məişət hadisələrini
ədəbiyyat faktı
kimi söhbətlərinə
qatan etnoqrafik adamdır.
Firudin Süleymanoğlu gənclik
illərindən bəri
yaradıcılıqla məşğul
olsa da, ilk kitabını
2002-ci ildə nəşr
etdirib - 68 yaşında.
"Tək iydə"
adlı ilk kitabında
şeir və poemalarını bir yerə toplayıb. Sonralar "Hərənin öz ağlı"
(2003), "Görün ki, bu
nə sevdadır"
(2004), "Həsrətin sahilində"
(2005), "Dözüm" (2007), "Bir
ömrün izi"
(2011), "Kəhrizlərin pıçıltısı" (2013), "Babamla söhbət"
(2019), "Xoş o kəsin
halına ki..." (2020) kitablarını
nəşr etdirdi.
Düşünürəm ki, ötən dörd il ərzində də ağsaqqal şair dostumun qələmi dinc durmayıb. Öz yubileyinə hədiyyə
kimi oxucularla növbəti görüşünü
ilin sonuna kimi həyata keçirəcək. Bunu niyə tərddüdsüz
dediyimi də bilirəm. Bu şəhərdə
- Naxçıvanda Firudin
müəllimi hər
dəfə gəzinti
zamanı düşüncələrə
dalmış halda müşahidə eləmişəm.
Özüm də o təklik ovqatının adamı olduğumdan yaxınlaşıb fikirlərini
dağıtmaq istəməmişəm.
Sadəcə, müşahidə
eləmişəm. Uzaqdan
lap maraqlı görünür
Firudin Süleymanoğlu.
Elə bilirsən, Savalan dağıdır, yeriyir. Nədənsə saçları ağarmış,
ucaboy adamlar mənə Savalan dağı obrazı kimi görünür. Bəlkə də Araz çayı sularında yuyunan Şahtaxtı kəndində
doğulmaq bir az o taya boylanan
şairin ruhuna, varlığına hopub.
Kitabxanamda Firudin müəllimin
bir-birindən fərqli,
sanbalıyla seçilən,
qalın kitabları
var. Bu günlərdə həmin
kitabları bir daha nəzərdən keçirmək istədim.
Hər birində avtoqraflar istər-istəməz
diqqətimi çəkdi.
"Dözüm"də "İstedadlı qələm
dostum Elxan Yurdoğlu üçün"
yazıb, "Bir ömrün
izi"ndə "Çox
hörmətli qələm
dostum, istedadına böyük hörmətlə
yanaşdığım Elxan
bəyə" deyir,
"Kəhrizlərin pıçıltısı"nda
"Çox hörmətli
və sərrast yazarlardan biri, xətrini çox istədiyim Elxan Yurdoğlu üçün"
imzalayır kitabını,
"Babamla söhbət"də
"Çox hörmətli
qələm dostum Elxan müəllim üçün müəllifdən
xoş arzularla" ürək sözlərini
yazır. Bütün
bu xoş sözlərin qazanılmasında
qarşılıqlı fikir
müzakirələri, səmimi
ünsiyyət, yaşımızın
fövqündə dayanan
məhrəmanə sözə
aşinalıq dayanır.
Şeirlərinin birini
xatırlayıram:
Tale məni çəkdi bərkə, sınağa,
Yavuncu düşmədim heç
bir alçağa.
Neçə cür bəy gördüm, neçə
cür ağa,
Önündə sınmadım, əyilmədim
mən.
Firudin Süleymanoğlunun başqa
bir şeirində isə onun sındığını,
əyildiyini gördüm.
Amma bu əyilmək özünə əyilmək
idi. İnsan özünə yeniləndə,
özünə əyiləndə,
özünə təzim
edəndə daha da böyüyür. Dözümü
böyüyür, düşüncələri
böyüyür, mübarizə
əzmi böyüyür.
Oğlu Ayxana yazdığı "Olmuşam"
şeirində bir bənd var. O misralarda şairin əyildiyi məqama baxın, bir:
Əlli
dörddə geydim əsgər libası,
Qayıdanda dərd-sər gördüm,
ən azı.
Çox
şeyə biz tamarzıydıq,
tamarzı,
Öz əlimə boyun əyən olmuşam.
Çox
şükür ki, zamanla
boyun əydiyi əli zəhmətə qatlaşaraq şairin boyunu da ucaltdı, mənəvi dünyasını
da göylərə yüksəltdi,
alnını da açıq
etdi. Bu zəhmətsevərliklə,
halallıqla Firudin Süleymanoğlu ömrünün
90-cı yayını geridə
qoyur. İyul ayının 1-də - Naxçıvanın
qora bişirən şaqqamalı günündə
dünyaya gələn
adamın istiqanlılığının
səbəbi də aydın olur. Bəzən doğulduğun
torpaq da, ocaq da, fəsil də həyatın gərdişində
taleyə təsir edə bilirmiş.
...Düşüncələrə dalıram, onun "Babamla söhbət" kitabına yazdığım
resenziyanı müzakirə
edərkən çəkdirdiyimiz
şəkillərə baxıram.
Gözlərim kompüterin
ekranında donur, yaddaşım hərəkətdədir.
"Koroğlu" dastanında
bu el qəhrəmanının
söylədiyi vücudnamədəki
tapşırma bəndini
dilimdə pıçıldayıram:
Səksənində sinir yenər dizinə,
Doxsanında qubar qonar gözünə.
Koroğlu der, çünki yetdin
yüzünə,
Uca dağ başında kola bənzərsən.
Ürəyimdə "doxsanında"kı adama üzümü tutub, "gözlərinizə
qubar enməsinə imkan verməyin", deyirəm. Necə ki,
"səksəninizdə dizinizə
sinir yenməyib".
Sabir demişkən, "mən
bu təmənnada ikən" Firudin Süleymanoğlu başqa
şeiri ilə yaddaşımı döyəcləyir:
Fərəh hissi qəmlə
salıbdır yarış,
Nə nadana qarış, nə qula qarış.
Koroğlutək zəmanənlə sən
barış,
Qoy yerə tüfəngi, gözlə, ürəyim!
Əzizim
Firudin müəllim! Tüfəngi yerə qoya bilərsiz. Bunu biz "savaşlara yox!" şüarı kimi qəbul edirik. Amma bizim sizdən bir tələbimiz də var: qələmi yerə qoymayın. Yazın ki, qayıtmaq istədiyiniz və tez-tez üz tutduğunuz Şahtaxtı kəndinin çölü-çəməni, yovşanı, kəvşəni,
gülü, çiçəyi,
dağı, daşı,
dərəsi, bərəsi,
Arazı tamarzı qalmasın bu şeirlərə.
Yazın
ki, doğmalarınızla bir
zamanlar yaylaqlarında
gəzişdiyiniz Qərbi
Azərbaycan torpaqları
- Zəngəzur, Göyçə
sizin şeirlərinizdən
görünsün və
bugünün gənc
nəsilləri o yerlərə
yenidən qayıtmağın
yollarını da sizin
şeirlərinizdə tapsın.
Yazın
ki, dostlar, tanışlar,
oxucular ağsaqqal sözündən, böyük
öyüdündən məhrum
olmasınlar.
Yazın
ki, 100-də yeni şeirlərinizin istisinə qızınaq, üşüyən duyğularımıza,
sızlayan ağrılarımıza
sığal çəkək,
sizin sözünüzlə.
Bir də ki, axı şair adamlar, ömrü şeir kimi yaşayan adamlar doxsanında da gəncdi. Ruhu gənc qalan ağsaqqal şair, səmimi dost, halal adam Hacı Firudin Süleymanoğlu, 90 yaşınız
münasibətilə sizi
bütün oxucularınız
adından, sözə,
şeirə, ədəbiyyata
dəyər verən hər kəsin adından təbrik edirəm. Düzdür,
biz tez-tez görüşəcəyik.
Amma yenə də dostyana ərklə əlinizi sıxır və - 100-də görüşənədək,
- deyirəm.
Elxan YURDOĞLU
Ədəbiyyat
qəzeti.- 2024.- 27 iyul, №28.- S.27.