Unutdum...
Canımı qoymağa yer tapmayanda
Başımı ayrılığa qoydum.
Yuxuya verdim gözlərimi,
Layla dedim buludlara,
Nağıl dedim ulduzlara,
Unutdum bu dünyanı, unutdum sən qarışıq...
İçimdə küt ağrı
kimidi bu yorğun sabah,
Günəşi buz kimi.
Quşları da oxumur bu səhərin,
Çiçəkləri ətirsizdi baharın.
Adamları etinasızdı dünyanın,
Unutdum adamları, unutdum, sən qarışıq...
Əlimi
açdım göyə,
Tanrı ilə danışdım,
Bir az hüzur istədim,
Bir az ömür istədim.
Səni
unutmaq üçün
bir az dözüm
istədim,
Ayrılığa bir çözüm,
bir də çarə istədim,
Unutdum ayrılığı, unutdum
sən qarışıq.
Hamı
gülsün, gül açsın, güllər
gülə verilsin,
Mənsiz
açsın çiçəklər,
mənsiz gülsün
ürəklər.
nəğmə desin dodaqlar, gülsün bütün ocaqlar,
Gülsün, Yer üzü gülsün,
Mən gülməyi unutdum, unutdum, sən qarışıq...
Gözlər sevgidən gülər,
Ürək sevgidən dinər,
Həyat
nəğmələrini sevgi
dilində söylər,
Arılar
çiçəklərə, çiçəklər böcəklərə,
Küləklər ağaclara, ağaclar
yarpaqlara,
Qaranquşlar bahara, həyat yaşayanlara
Məhəbbətdən, sevgidən minbir nağıl danışar.
Sən olmayan dünyanı sevməyi bacarmadım,
Unutdum sevməyi də, unutdum, sən qarışıq...
***
Yenə
kövrəlmişəm, göy
üzü kimi,
Axşamdan kəsməyən yağış
kimiyəm.
Bütün duyğuları gözündən
daman,
Kədərdən çatlayan baxış
kimiyəm.
Buludum içimdə, göyüm
içimdə,
Mənim
ağrılarım özümdən
yağır.
Ürəyim dünyanın daman yeridi,
Hərdən dolub, daşır,
gözümdən yağır.
Bu qismət, bu tale, bu nə yazıymış,
Könlüm bir atəşdə
bişən deyilmiş.
Əzəldən bu nağıl kəm yazılıbmış,
Sonunda almalar düşən deyilmiş...
***
Ruhuma yağan yağış,
Gəl,
sənə bir sirr açım:
Mənim
sevgidən deyil,
Səndən islanıb saçım.
Səni
sevdiyim kimi,
Bir kimsəni sevmədim.
Sənlə danışdığımı,
Sevdiyimə demədim.
Səni
alıb ovcuma,
Dönə-dönə öpürəm.
Çəkirəm ürəyimə,
Gözlərimdən tökürəm.
Qoşulub mən də sənə,
Uşaq
kimi yağıram.
Bəlkə kipriklərimlə
Sənə nağıl yazıram.
Biri varmış, biri yox,
Pir payız, bir yaz varmış.
Biri göyü sevirmiş,
Biri yerə aşıqmış.
Sən iki sevgilinin
Söhbətisən, sözüsən.
Yerlə
Göy arasında
Məhəbbətin dilisən!
Bəlkə o üzdən səni,
Sadəcə sevən anlar,
Kimsə
bilməz dərdini,
Sənə danışar, ağlar...
***
Mən səni görəndə quruyar dilim,
Əllərim titrəyər, ürəyim
əsər.
Yol olmaz geriyə qayıdım deyə,
Göz yaşım danışar,
sözümü kəsər.
Mən saçı ağaran uşaq kimiyəm,
Bir az böyüt məni, bir az öy məni.
Elə bir nağıl yaz dünyama mənim
Bir az yer tanısın,
bir az göy
məni.
Sən də bir mələksən,
göydən gəlmisən,
Gəl qarış ruhuma, həsrətim gülsün.
Şeytanı mələkdən bu
bol dünyanın
Bir Aləm adında mələyi ölsün.
***
Məni
unutmağı asan bilmə sən,
Bilirsən ruhunda, qanındayam
mən.
Aldığın havada, içdiyin
suda,
Təpədən-dırnağa canındayam mən.
Nə qədər könlümü
oyursansa, oy,
Həsrətin əliylə ürəyimi
soy.
Apar əllərini ürəyinə
qoy,
Gör necə qəlbinin yadındayam mən.
Bir xoş xatirə yox, anıb güləsən,
Bilmirəm, ömrümə gəldin
niyə sən?!
Qoy deyim, ömürlük bunu biləsən,
Ölüncə təninin solundayam
mən!
Başını götürüb getdiyin
yerə,
Özündən qaçıb da itdiyin
yerə,
Məni
ürəyindən atdığın
yerə
Dönüb görəcəksən yanındayam mən.
Sənsiz
əllərimin səsi
üşüyər,
Ölən arzuların nəşi
üşüyər,
Ölən bir qəribin yası üşüyər,
Bilmərsən, o anda hayandayam mən.
Səni
kim ağlayar məndən savayı?!
Yıxılar könlümün sənli
sarayı,
Ay mənim könlümün
hayı-harayı,
Səslərsən, görərsən məzardayam
mən!
***
Məndən inciməyi heç
düşünməyin,
Belə
yaşayıram... belə...
birtəhər...
Heç
kim küsə bilməz mən könüllüdən,
Özümdən inciyib, küsdüyüm
qədər.
Sormayın necəyəm, bilməyin
necə,
Gecə
mənlə yatır,
ya mənmi gecə?
Bir ömür oynadım, sonu heç-heçə...
Ondan yıxır məni, yıxır bu kədər.
Gözümdən könlümə damır
göz yaşım,
Unudur məni də mənim yaddaşım.
Mənim
sirr yoldaşım, öz ürək daşım.
susduqca içimi yeyir bu qəhər.
Hər gecə içimi didər bir sual,
Özüm öz qarşımda
bitərəm lal-lal.
Min dərdə bölünər,
olar halbahal,
Görən, açılarmı, görən, bu səhər!
Kimi dünya yeyir, kimi qəm yeyir,
Kimi ömür boyu duman, çən yeyir.
Birisi bəs qədər, biri kəm yeyir,
Kiminin udduğu havası zəhər.
Yazar min
sevincdən barsız ömrünü,
Elə
hey xərclənən karsız
ömrünü.
Bu nakam ömrünü, şansız ömrünü
Yazar sətir-sətir... verər
min bəhər.
Bir ayrılıq var
Bir az ürəyinə, bir az gözünə
Yığ məni, özünlə
apar, nə olur.
Üzünə baxanda bilirsənmi
heç
Nədən gözlərimə yağışlar
dolur?
Sənsiz
boşalacaq, bəlkə
bu dünya,
Bəlkə də güləcək
taleyin üzü.
Nə öz ürəyimə əllərim yetmir,
Nə də sənə çatmır sözümün
gücü.
Hələ də bilmirsən,
hayana getsən,
Mənim
gözlərimdən keçib
gedərsən.
Yumub gözlərimdən tökərəm
səni,
Qayıdıb dünyaya təzədən
gələrsən.
Nə deyim, yolundan saxlayım səni,
Sənə söz verməyə
bircə ümid yox.
Nə yazıq, hər şeyi bu bol
dünyanın
Azarı-bezarı sevincindən çox.
Getsən
də, ölümdü,
qalsan da, ölüm,
Çətini özündən gedənəcəndi.
Səninlə mənim də xoşbəxtliyimiz
Ölüb bu dünyaya gələnəcəndi.
Səndən mənə qalan
bircə əmanət,
Gözümü sildiyin bircə
yaylıq var.
Ölümdən qorxmuram, ölümdən
çətin
Əlimə verdiyin bir ayrılıq var!
***
Hər şey bura qədərmiş,
Bitdi bütün arzular.
Daha oxunmayacaq
Yazılmayan nağıllar.
Demə,
ömrün sonuymuş
Əvvəli saydığım gün.
Yazılmayıb ömrümə
Səni
tanıdığım gün.
Özüm qurdum, yaratdım,
Öz içimdə böyütdüm.
Qaldırdım zirvələrə,
Endirməyi unutdum.
Dağılıb yerə, bir bax,
Olmayan xatirələr.
Üşüyür əllərimdə
Açılmayan səhərlər.
İçimdə qırx otaq var,
Lap sonuncu açılıb.
İçində ölən qızın
Könlündə sirr asılıb.
Bu da sonuncu nəğməm,
Tökülür yanağımdan.
Mən şeir yazmıram ki,
Qan süzür varağımdan.
Bir Aləm var, bir ölüm,
Dayanıblar üz-üzə.
Söz də bitib deyəsən,
Baxışırlar göz-gözə.
Qoy,
nuruna boyanım...
Aç
qolunu, çağır
məni yanına,
Bulud olub, yağıb yerə tökülüm.
Bükülməyə beşcə arşın bezim yox,
Qoy, bir ovuc torpağına
bükülüm.
Ay göylərdə taxtın
qurub oturan,
Qoy, bir ağız ağı deyim, ağlayım.
Həyat
verib yaşatdığım
birini
Yoxluğumla içdən-içə dağlayım.
Nə çəkirəm, sən
bilirsən, bir də mən,
Səndən gələn hər
əzaba razıyam.
Tərəzinin bir gözündə
savablar,
Bir gözündə yüz dərdimin azıyam.
Hikmətinə sual yoxdu əzəldən,
Nəyi-nəyə böldüyümü bilirəm.
Niyə
doğdum bu dünyaya, bilmirəm,
Amma nədən öldüyümü
bilirəm!
Aləm
adlı bu qızını bağışla,
Qoy, diz çöküm, qüdrətinə dayanım.
Nur içində yaşamadım,
bilirsən,
Elə öldür, qoy nuruna boyanım!
***
Evim deyəndə yadıma düşür
Uşaqkən qurduğum evciklər...
Onlar daha gözəldi
Arzularıyla,
Ümidləriylə,
Sevgiləriylə...
İnanırdı bir gün şipşirin yuvası olacaq,
Pəncərələrində çiçəkləri
gülümsəyən,
Gözlədiyi qonaq gələcək
Əlındə sevgi dolu zənbili...
Anlamazdı heç kimdi o qonaq,
Bir az atasına bənzəyirdi,
Bir az da müəlliminə.
Xəyalları doluşardı o kiçik
evciyinə,
Anasının köhnə yaylığı
xalçası olardı,
Atasının kəsdiyi taxta parçaları əşyaları.
Axşam
düşəndə uçurardı
qurduğu dünyanı.
Bir gün nə evcik qurdu, nə
uçurdu,
Uçub
getmişdi o adama bənzəyən atası.
Hər tərəf atasızlıq
qoxuyurdu,
Bütün dünya ayrılıq
nəğməsi oxuyurdu.
Bir küncə atılıb qalmışdı
Atasından başlayan arzuları.
Bilmirdi,
hələ canını
çox
sıxacaq o qorxulu nağılları.
Bilmirdi,
bir gün başqa bir evcik quracaq
Yalanlardan
başlayan.
İçində çox ağlayacaqdı
ürəyindən
yıxılan günlər.
Bilmirdi,
hələ çox öldürəcək onu
Kirayə-kirayə, yalan-yalan evciklər...
Tikə-tikə yox, uça-uça
gedəcək
ömrünün sarayına.
Bilməzdi ki, içi sevgidən
evi adamdan yetim qalar,
Atasına bənzəyən o adam
girməz qapıdan,
Soruşmaz ehtiyacının nə
olduğunu.
Gözlərinin niyə gülmədiyini,
Uşaqlarının niyə xəstələndiyini,
Almaz əllərindən daş
kimi ağır dərdlərini.
Evim deyəndə yadına düşür indi
Yerini bilmədiyi kiçik bir yuvası var
Onu evciklərindən alan...
Aləmzər Sadıqqızı
Ədəbiyyat qəzeti.- 2024.- 27 iyul, ¹28.- S.22.