Ana Kür kimi dərin və...
Yazıçı-publisist
Əlövsət Bəşirli
ilə söhbət
Müsahibimiz uzun illər Azərbaycan mətbuatında
çalışmış, yazıçı-publisist
Əlövsət Bəşirlidir. O, bölgələrarası
qəzetin müxbiri, redaktor müavini, redaktoru, Azərbaycan radiosu təbliğat redaksiyasının redaktoru,
respublika televiziyası
gənclər redaksiyasının
şöbə müdiri,
"Mədəni maarif"
jurnalının baş
redaktoru, Heydər Əliyev adına Hərbi Akademiyada Redaksiya-nəşriyyat şöbəsinin
rəisi, baş redaktoru vəzifələrində
işləmiş, SSRİ Jurnalistlər
İttifaqının mükafatı
laureatı olmuş, respublika Ali Sovetinin Fəxri Fərmanına, Azərbaycan mediasının
inkişafında uzunmüddətli
və səmərəli
xidmətlərinə görə
Mətbuat Şurasının
mükafatına və
diplomuna layiq görülmüşdür.
- Yazılarınızın birində
belə bir obrazlı ifadə var: Kür mənim tərcümeyi-halımdır. Bəlkə
bir qədər bu barədə söhbət açaq...
- Dünyaya gözümü
Kürün qırağında,
ata-baba yurdum Salyanın qədim Cəngən kəndində
açmışam. Kürün
suyu, balığı,
çörəyi, mer-meyvəsi
ilə boy atmışam.
Onun qoynunda sapsağlam böyümüşəm.
Lap ilk çağlarımda, qonşunun uşağı
çayda boğulanda
özüm üçün
bir həqiqət
"kəşf" etmişəm:
Kür ana kimi mehriban, ata kimi
sərtdi.
Kürlə bağlı xatirələrim
tərcümeyi-halımdır, unudulmaz çağlarımdır,
mənə çox əzizdir.
Doğma
sahildə, Kür qırağında ürəyim
sinəmə sığmır,
döyüntüsü qulaqlarımda
səslənir. Sonra elə
bil dərin sükuta qərq oluram. Və birdən bu əsrarəngiz sükut içində qulağıma
səs gəlir, Kürün səsi...
"Bəs niyə qəlbimdə ümman döyünür; mən qulaq asdıqca Kürün səsinə? (S.Vurğun)".
Gözlərimi yumub hədəfə diqqət
kəsilmişəm: mənə
elə gəlir ki, çox uzaqlardan qopub gələn bu səs... Ulularımın səsidir.
Ana Kürün bərəkətli
sahillərində yurd-yuva
tikən, məskən
salan, barlı-bəhrəli
bağlar becərən,
nəsilbənəsil torpaqla
çarpışan, onu
göz bəbəyi kimi qoruyan, uğrunda
canlarını əsirgəməyən
uluların ruhunun səsi...
Sanki ürəyimdən keçən
arzumu ünlü şairimiz Əliağa Kürçaylı dilə
gətirib:
Sən mənə ömrüm boyu
Bir bulanıq Kür suyu,
bir söyüd yarpağı
ver...
Canımdan əziz olan,
Üstündə çiçək solan
şor Muğan torpağı
ver...
- Siz uzun müddət
çox şərəfli,
eyni zamanda çətin bir peşənin - jurnalist peşəsinin daşıyıcısı
olmusunuz. Operativ, həm də ədalətli olmaq çətin deyil ki?
- Şübhəsiz, çətinliklər
olub. Mən, xüsusilə, mətbuatda
işləyərkən müəyyən
çətinliklərlə üzləşmişəm. Universiteti
bitirəndən sonra rayonlararası qəzetdə
ədəbi işçi,
xüsusi müxbir, redaktor müavini vəzifəsində çalışmışam.
Bakıda müxtəlif
qəzet-jurnallarda qələmimi
sınasam da, tənqidi
yazılara, xüsusən,
felyetonlara üstünlük
vermişəm. Həmişə
çalışmışam ki, obyektiv olum, ədalətli mövqe tutum. Buna baxmayaraq qınaqlar, narazılıqlar,
bəzən şikayətlər
də olub. Lakin konkret, danılmaz faktlara söykəndiyimə
görə haqlı olduğumu sübut etməkdə çətinlik
çəkməmişəm.
- Belə bir ifadə
var: "Mənə dayaq,
istinad nöqtəsi verin, dünyanı tərpədim". "Dünyanı
tərpətdiyiniz" vaxt,
yəqin ki, "tərpənən
dünyanın" qəzəbinə
də tuş gəlmisiniz...
- Əlbəttə (gülür),
"dünyanı tərpətməkdən"
söhbət gedə bilməz, bununla belə, tərpənən
bölgənin, eləcə
də bəzi məmurların qəzəbinə
tuş gəlmək qaçılmazdır. Redaktoru
olduğum "Yeni gün"
qəzetinin "Dəryaz"
satira və yumor səhifəsində yüksək vəzifəli
və özündənrazı
birisindən karikaturası
ilə birlikdə felyeton vermişdim. Elə qəzəblənmişdi
ki, raykomun bürosunda
dil boğaza qoymur, əl-qolunu ölçürdü. Mənə
söz veriləndə
konkret faktlar sadalayıb, bunları sübut edən sənədləri rayon rəhbərinin
qarşısına qoydum...
Az sonra yoxlama keçirildi, felyetonun qəzəbli "qəhrəman"ı
cəzalandırıldı.
- Ötən əsrin
60-cı illərində ədəbiyyatda
olduğu kimi, jurnalistikada da bir çox uğurlu imza özünü tarixin yaddaşına həkk edə bildi. Bunun da kökündə
mükəmməl təhsil
dayanırdı. Təhsil
aldığınız illərdən,
müəllimlərdən söz
açardınız...
- Bəxtimdən çox yaxşı müəllimlərim
olub: orta məktəbdə, universitetdə,
həyatda!
Azərbaycan Dövlət Universitetində
təhsil aldığım
tələbəlik illəri
məni büsbütün
dəyişdi. Sanki hər
müəllim əsl məktəb, xəzinə
idi: akademiklər: Həmid Araslı, Cəfər Cəfərov,
professorlar - yazıçı
Mir Cəlal, Səlim Cəfərov, Yusif Seyidov, Hadı Mirzəzadə, ixtisas müəllimlərimiz, jurnalistika
kafedrasının müdiri
Həsən Şahgəldiyev,
Nurəddin Babayev, Şirməmməd
Hüseynov, Nüsrət
Bağırov, Seyfulla
Əliyev, Nəriman Zeynalov...
Görkəmli jurnalist, gözəl
qələm sahibi, maraqlı oçerklərin
müəllifi, həm
də əsl müəllim, qayğıkeş
insan idi Nurəddin Babayev. Qrupumuzla
ilk görüşündə bizimlə açıq söhbət edib demişdi: "Bu günədək
mən sizin heç birinizi tanımamışam. Burada
qohumum, yaxınım yoxdur. Müəyyən vaxtdan sonra isə
olacaq. Yadınızda
saxlayın: kim jurnalist sənətinə
hörmətlə yanaşsa,
bunu öz qələmi ilə sübut etsə, mətbuatda yazıları
ilə çıxış
etsə, mən həmkarım, qələm
dostum kimi ona hörmət bəsləyəcəm".
Nurəddin müəllim sözünün
üstündə möhkəm
durdu. Bizə sənətin sirlərini,
yazı mədəniyyətini
öyrətdi. Sonra müxtəlif
mövzularda yazılar
tapşırdı. Onun
köməyi ilə mətbuata ayaq açdım, yazılarım
dərc olundu, efirdən səsim gəldi.
Salyanda rayonlararası qəzetdə
müxbir işləyərkən
Bakıdakı redaksiyalarla
əlaqə saxladım.
Respublika mətbuatında yazılarım
dərc olundu. Nəriman müəllim
"Kommunist" qəzetində
kənd təsərrüfatı
şöbəsinin müdiri
idi. Yazılarım xoşuna gəlirdi. Deyirdi ki, Salyana, Neftçalaya, Puşkinə
(indi Biləsuvar), Astraxanbazara (indi Cəlilabad) müxbir göndərmirəm, sənə
arxayınam. Mən də müəllimimin etimadını doğruldur,
onun tapşırığı
ilə qonşu rayonlara da gedirdim. O vaxt respublikada birinci qəzet sayılan "Kommunist"in
ştatdankənar müxbiri
kimi hər ay yaxşı qonorar alırdım. Azərbaycan
radiosunun efirindən tez-tez səsim gəlirdi. Mən informasiyanı, müxbir söhbətini, reportajı
hadisə yerindən Hacı müəllim (Hacı Hacıyev Respublika
radiosu Xəbərlər
və Təbliğat Redaksiyasının baş
redaktoru, sonralar Azərbaycan Jurnalistlər
İttifaqının sədri)
demişkən, "isti-isti"
ötürməyi hələ
tələbə ikən
öyrənmişdim.
- Jurnalistikada sizə ən çox uğur gətirən hansı janr olub? Ümumiyyətlə,
jurnalistikanın hansı
janrına üstünlük
verirsiniz?
- Hələ tələbəlik
illərində daha çox oçerk yazmağa həvəsim olub. Nurəddin müəllimin tapşırığı
ilə beşinci kursda bir az
Neft daşlarında qalmışam. "İnsan
və dəniz" oçerkim diplom işim kimi "əla" qiymətə layiq görülüb. Sonralar, xüsusən, uzun müddət Cəlilabadda işləyəndə
tənqidi yazılara,
felyetonlara üstünlük
vermişəm.
- Siz hər iki
dövrün, həm
hakim ideologiyadan asılı
olan senzuralı medianın, həm də azad medianın
şahidisiniz. Bu dövrlər
arasındakı fərqi
necə xarakterizə edərdiniz?
- Azərbaycan mətbuatı
klassiklərinin təməlini
qoyduqları gözəl
ənənələri sovet
dönəmində senzura
qadağalarına, məhdudiyyətlərinə
baxmayaraq özlərinə
məxsus üslubda davam və inkişaf
etdirə bildi. Vaxtilə auditoriyalarda, sonra isə redaksiyalarda, həyatda bizi öyrədən ustad jurnalistlərin yaradıcılıq fəaliyyətlərini
araşdıran elmi-tədqiqat
işləri aparılmalı,
gənc jurnalistlər
nəslinə yetərincə
çatdırılmalıdır. Mənim fikrimcə bu, çox vacibdir, mənəvi borcdur. Heç vəchlə tarixi mərhələ təşkil
edən bütöv bir dövrün üzərinə qara pərdə çəkmək
olmaz.
Mətbuatda senzuranın ləğvi,
Azərbaycanda azad, müstəqil medianın yaranması böyük tarixi hadisədir. Yaşlı jurnalistlər
nəslinin nümayəndəsi
kimi Tanrıma, taleyimə minnətdaram
ki, ömrün bu çağına yetirdi məni. Uzun illər şahidi olduğum, indi isə qəzet-jurnal məqalələri ölçüsünə
sığmayan hadisələri,
xarakterləri, hiss və
həyəcanlar burulğanını
bədii təfəkkür
süzgəcindən keçirib
ədəbiyyata gətirməyə
imkan tapdım.
Yeri gəlmişkən, cavan həmkarlarıma bir vacib məsələyə
diqqət yetirmələrini
tövsiyə edərdim.
Mətbuat, söz azadlığı jurnalistin
bir qələm sahibi kimi məsuliyyətini
qətiyyən azaltmamalıdır.
Əksinə, onu düşündürən, narahat
edən mövzuları
yüksək məsuliyyət
hissilə, konkret faktlara əsaslanaraq yazmalıdır. Tənqidi
təhqirə çevirmək,
heç kəsin şəxsiyyətinə toxunmaq
olmaz. Hər hansı informasiya, adi xəbər belə oxucuya, dinləyiciyə düzgün,
qərəzsiz, vicdanla
çatdırılmalıdır.
- Bu gün jurnalist təhsili olmayan bir çox tanınmış jurnalistlər
var. Sizcə, peşəkar
jurnalist üçün
jurnalistika təhsili vacibdirmi?
- Mənim subyektiv fikrim belədir: peşəkar jurnalist üçün jurnalistika
təhsili lazımdır.
Müvafiq təhsili olmadan mediada çalışıb tanınanların
belə bir ixtisasa mükəmməl yiyələnmələri üçün
uyğun kurslarda biliklərini təkmilləşdirmələri
faydalı olardı.
- Nümunəvi bir ailəniz var. Həyat yoldaşınız da tanınmış
jurnalistdir. Nəzərə
alsaq ki, bu sənət insanı bütünlüklə özünə
tabe edir, çətin olmadı ki,
sizin üçün?
- Əksinə, həm ailədə, həm də işdə bir-birimizə dayaq olduq. Qarşımıza çıxan çətinlikləri
birlikdə aradan qaldıra bildik.
Tale elə gətirdi ki, mən Azərbaycan Televiziyasının "Gənclik"
redaksiyasının şöbə
müdiri işləyəndə
- 1970-ci ildə Mərkəzi
Komitənin qərarı
ilə Cəlilabad
rayon qəzetinə redaktor
təyin olundum. Ailəmiz həmin rayona köçdü və birlikdə işləyib yaşadıq,
uşaqlarımızı boya-başa
çatdırdıq. Əvvəlki
təcrübəmiz və
bir yerdə çalışmağımız öz bəhrəsini verdi: "Yeni gün" qəzeti nəinki Azərbaycanda, hətta keçmiş Sovetlər İttifaqında tanındı,
SSRİ Jurnalistlər İttifaqının
ən yaxşı
rayon qəzetləri üçün
təsis etdiyi mükafata layiq görüldü. Sonra mən
felyetonlarıma və
tənqidi yazılarıma
görə SSRİ Jurnalistlər
İttifaqının mükafatı
laureatı oldum və idarə heyətinin şəhər-rayon
qəzetləri üzrə
bürosunun üzvü
seçildim.
Həyat
yoldaşım da, mən
də sənətimizin
vurğunu, qətiyyətli,
nikbin olmuşuq. Nazim Hikmətin bir sözü yadıma düşür: xoşbəxt
o adamdır ki, evdən
işə, işdən
evə tələsir.
Biz bütün günü
evlə redaksiya arasında çalışır,
çarpışır, ailəmizlə,
ürəyimizcə olan
işimizlə nəfəs
alırdıq.
Həyatımızın unudulmaz illərini - düz 20 ilini Cəlilabadda yaşayıb işləmişik,
öz elinə, torpağına bağlı
olan əqidəli, sadə insanlarla, ziyalılarla duz-çörək
kəsmişik. Azərbaycanın
bu gözəl guşəsinin göz oxşayan, ürəkaçan
mənzərələri yaddaşımızda
dərin iz salıb.
- Jurnalistika ilə yanaşı, bədii yaradıcılıqla da məşğul
olursunuz. Bədii yaradıcılığınızı jurnalist fəaliyyətinizin
tərkib hissəsi kimi qəbul etmək olarmı?
- Əlbəttə,
olar. Bunu ilk dəfə mənə görkəmli yazıçı-jurnalist,
ustadım Nahid Hacızadə
Televiziya və Radio Verilişləri Komitəsində
birlikdə işləyəndə
demişdi. O, baş redaktor kimi yazılarımı
diqqətlə oxuyurdu,
oçerklərimi sənədli
hekayə kimi dəyərləndirirdi. Həvəslənib
etüdlər, kiçik
hekayələr yazmağa
başladım. Rayonda
işlədiyim müddətdə
şahidi və iştirakçısı olduğum
real həyat hadisələri
əsasında yazdığım
povesti Nahid müəllim
bəyəndi, "Azərbaycan"
jurnalında çap etdirməyimi məsləhət
gördü. Povestin taleyi uğurlu oldu. Onun ardınca
"Zirvədən zülmətə",
"Günah", "Susmuş
çayın nəğmələri"
povestləri və
"Qəsd" romanı
nəşr edildi.
"Qəsd"in maraqlı, oxunaqlı bir əsər olduğunu, romanda sərt, amansız həyat gerçəkliyinin müxtəlif
insan taleləriylə
qovuşduğunu ədəbi
tənqid xüsusilə
qeyd etmişdir.
Son illərdə "Azərbaycan",
"Ulduz", "Yada düşdü"
jurnallarında, "Ədəbiyyat
qəzeti"ndə, "Kaspi",
"Ədalət" və
"525-ci qəzet"də povest, hekayə, esse, publisistik məqalə və xatirələrim ("Adamsız
adam", "İblis xisləti",
"İnsan kimi",
"Qürub çağı",
"Üfüqdə qaralan
dağlar", "İnam",
"Yalqız", "Gecə
yarısı döyülən
qapılar", "Kürün
sahilləri, ömrün
dolayları") çap
olunmuşdur.
Hazırda "Həyat hekayələri"
silsiləsindən hekayələr
və esselər üzərində işləyirəm.
- Sizə yaradıcılıq
uğurları və cansağlığı arzulayırıq.
Əlövsət Bəşirli
Söhbətləşdi: Sərvaz
HÜSEYNOĞLU
Ədəbiyyat
qəzeti.- 2024.- 27 iyul, №28.- S.25.