Şairlər yetirən elin şairi
Xalq şairi Zəlimxan Yaqub onu "arxasının dağı
gedən, ürəyinin
yağı
gedən, solu uçub sağı
gedən, kəlmə-kəlmə gözəllərin nazında, misra-misra
şairlərin sazında yaşayan
şair" kimi tanıdığını yazmışdı. Əslində, bu sözlərlə Kəlbəcər
ədəbi mühitinin
yetirdiyi el şairi Sücaət Əhmədovun ömrünün
və yaradıcılığının
aydın lövhəsi
yaradılmışdı...
Sücaət Kəlbəcərin qurucularından
olan Nağılar tayfasındandır. Atası
Yunis Əhmədov Kəlbəcərdə
hörmətli el ağsaqqalı olub. Nağılar tayfasının
yetirdiyi başqa şairlər də var
- Həbib Əhmədov, Hidayət Elvüsal... Lakin onlar, özlərinin də etiraf etdiyi kimi,
şeirdə Sücaət
səviyyəsinə çata
bilməyiblər, onlardan
biri Sücaətin əmisi, biri də qardaşı kimi tanınıb. Şairin anası Sehran xanım isə hamının yaxşı tanıdığı
şair Məmməd Aslanla eyni nəsildən
- Sübhanlılardandır (yeri gəlmişkən, Sücaətin
həyat yoldaşı
Sənubər xanım
da həmin nəsildəndir).
Sücaət evlənəndən, uşaqları dünyaya gələndən sonra (iki qızı, bir oğlu var, oğlu Azərin övladı Sücaət indi şairin adını yaşadır) Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə
qəbul olunub. Çox təəssüf
ki, təhsili yarımçıq
qalıb, ikinci kursda oxuyanda həbsə düşdüyünə
görə universitetdən
xaric edilib. "Tələbə biletimə"
şeirini də elə həmin vaxtlar yazıb:
Üzünə qaramı, ağmı
çəkim, de,
Ahımdan saralıb solasısan
sən...
Yenicə
tanınmağa başlayan
şairin həbsxanaya
düşməsi onun
haqqında istər Kəlbəcərdə, istərsə
də Kəlbəcərdən
kənarda müxtəlif
rəvayətlərin yaranmasına
rəvac verib. Bu işdə el məclislərində Sücaətin
şeirlərini oxuyan
aşıqların da xüsusi
rolu olduğunu deyə bilərik.
Mən necə dinməyim eşidəndə ki,
Fındığa qarpızdan iri deyirlər,
- deyərək haqsızlıq
önündə susmayan,
zülmə boyun əyməyən taleyi kür Sücaət ömrünün ən gözəl illərini soyuq zindanlarda keçirib və beləliklə, onun bir silsilə məhbəs şeirləri
yaranıb, dilə-ağıza
düşüb:
Taladılar, alovlara çatdılar
Gözüm kimi saxladığım
illəri.
Xoşbəxtlikdən bulaq kimi durulub,
Tərtər kimi çağladığım
illəri...
Və ya
Beziksəm də bu tikanlı qəfəsdə,
Məhbəs məni sala bilməz həvəsdən,
Ürəyimdə bir ətirli nəfəsdən
Sağalmağa neçə yara
tələsir...
Sücaətin həbs olunması
ilə bağlı danışılanlardan nəyin
rəvayət, nəyin
həqiqət olduğunu
dəqiqləşdirmək üçün şairin
bacısı Şölə
xanımla söhbət
etdim. O: "Bu mövzu
illərdir mənim ürəyimin yaralı yeridir", - dedi. Sücaət iki dəfə həbsdə olub, səkkiz il zindan həyatı yaşayıb. Ancaq onun nəyə görə həbs olunduğunun səbəbini,
hansı ittihama əsasən cəza aldığını heç
kim düzgün izah eləmir.
Zaman məni sevərmi heç?!
Nə böhtanam, nə şərəm mən.
Bir mərd oda düşüb
yansa,
Ondan qabaq bişərəm mən,
- deyən şair, indi daha çox
işlədilən ifadə
ilə desək, "vicdan məhbusu" olub, özgənin haqqını müdafiə
etdiyinə görə
cəzalandırılıb...
Sücaət həbsdən çıxandan
sonra bir müddət "Yenilik"
adlı rayon qəzetində
işləyib, sonra
"İstisu" kurort
idarəsinin rəhbəri
olub. İstisuda idarənin tabeliyində
"Sücaətin pavilyonu"
kimi tanınan bir restoran olub.
Sücaətin özü
hər gecə orada şeir deyib, musiqiçilər onun şeirlərini oxuyublar. Şeirlərinin dildən-dilə düşməsinin
bir səbəbi də o pavilyon olub...
1993-cü
ildə Kəlbəcər
işğal ediləndən
sonra Sücaət Gəncədə məskunlaşıb.
Ömrünün sonuna
yaxın şəkər
xəstəliyindən gözləri
tutulub:
Ayağım yerimir, gözlərim
görmür,
Könlüm də istəyir
yaman dağları...
Bəzən el arasında adı Kəlbəcərli
Sücaət, Sücaət
Dəlidağlı, Aşıq
Sücaət kimi anılsa da, o, heç bir ləqəb, təxəllüs götürməyib.
Tanınmış publisist,
Azərbaycan jurnalistikasında
özünəməxsus yeri
olan Hidayət Elvüsal dönə-dönə
qeyd edib ki, "mənim qardaşımın
heç bir təxəllüsü yox
idi. Onun adı da, təxəllüsü
də Sücaət idi"...
İndiyə qədər şairin
üç kitabı nəşr olunub. Bu kitablardan ikisi Cənubi Azərbaycanda ərəb əlifbasına
çevrilərək yenidən
işıq üzü
görüb. Onun şeirləri Vətənimizin
bu tayında olduğu qədər o tayında da oxunur və sevilir.
Sücaət kitablarından yalnız
birini görə bilib. 1994-cü ildə nəşr olunan "Sən ağlama, mən ağlaram" adlı ilk kitabına Xalq şairi Zəlimxan Yaqubun yazdığı Ön söz "Dağsız qalan dağlar şairi" adlanır...
Şairin
ölümündən sonra
- 2006-cı ildə çap
olunmuş "Dəlidağın
dəliləri hardadı?"
adlı ikinci kitabına Ön söz yazan Aqil Abbasın yazısında Sücaətin Xalq şairi Məmməd Arazla dostluğundan da bəhs olunur. Məmməd Araz həmişə Kəlbəcərə
gedəndə vəzifəli
şəxslərin yox,
Sücaətin yanında
qalırmış. Bir neçə
şeirini də onların həyətində
yazıb. Sücaətdən
danışanda heyfsilənirmiş
ki, Sücaət öz
böyüklüyünü görmür, Kəlbəcərdən
ayrılmır...
Taleyin bədliyindən, Kəlbəcərdən
ayrıla bilməyən
şair 58 illik ömrünün səkkiz
ilini həbsxanada, doqquz ilini də
qaçqınlıqda Kəlbəcərsiz
yaşamağa məhkum
olub.
Qazanc ummamışam yazdıqlarımdan,
Adım
dolanırsa dildə, bəsimdi,
- deyən şairin yurd-yuvası kimi otuz illik yaradıcılığı
da əsir düşüb.
Bir şeirində yazdığı
kimi:
Bütün şeirlərim əsir
düşübdü,
Əlləri qoynunda qalmışam,
qızım...
Yurd həsrəti uzandıqca şairin ümidlərinin
mənzili də gödəlirdi. Hidayət
Elvüsal qeyd edir ki, bəlkə də Sücaəti öldürən ümidinin
ölməyi oldu. Ömrünün son günlərində
yazdığı bir şeiri var:
Yavaş-yavaş unudulur Kəlbəcər,
Bəzi
ürəklərdə odu
qalıbdı.
Hava bürosunun məlumatında
Səkkizcə hərflik adı
qalıbdı...
Sücaət 2002-ci il martın 7-də Gəncə şəhərində
dünyasını dəyişib.
Məzarı Göygöl
qəbiristanlığındadır.
Sücaətin başdaşında yalnız
doğulduğu il həkk olunub: 1943... Bunun mənası
o idi ki, Kəlbəcər
azad olunana, şair öz doğma yurdunda torpağa tapşırılana
qədər ruhu rahatlıq tapmayacaq...
Aşıq Ədalət Dəlidağlı
deyir ki, Sücaətin
dərdi özündən
əvvəl doğulmuşdu.
Bu sözləri Sücaətin
şeirləri təsdiq
edir. Sanki o, dünyaya
dərd çəkmək
üçün gəlmişdi:
Görmüşük ki, dərd ağladar adamı,
Dərdə bax ki, mənim dərdim ağlayır.
"Dərd" sözünü
misradan-misraya, sözün
yaxşı mənasında,
ustalıqla "oynatmağı"
bacaran Sücaətin arxalandığı güman
yeri isə qoynunda böyüdüyü
dağlar idi. Dağlar Sücaətin yaradıcılığında xilaskar kimi vəsf
olunmaqdadır:
Qəmi
məndən, məni
qəmdən
Al, ay dağlar, al, ay dağlar...
...Mən qaçqınlıqda
böyümüşəm. Mən və mənim kimi hərəsi bir tərəfə səpələnən
kəlbəcərli qaçqınların,
xüsusilə, qaçqın
uşaqlarının həyatında
Sücaətin özünün
və sözünün
ayrıca yeri var. Biz -
hərəsi bir tərəfdə böyüyən
qaçqın uşaqları
o vaxt görmədiyimiz
Kəlbəcəri onun
şeirləri ilə
tanımışıq, onun
şeirlərini oxuduqca
o dağları addım-addım
gəzib, dolay-dolay dolanıb, hər qarışını sevmişik:
O dağlarsız bağrım
şan-şan olubdu,
Çəmən-çiçək, çöl
yadıma düşübdü.
Qərvənd yurdu, Məmmədölən,
Söyüdlü,
Novruz düşən göl yadıma düşübdü...
Vətən dərdimizə, yurd
həsrətimizə onun
şeirləri ilə
ağı demişik:
Yazda da,
yayda da tir-tir əsirəm,
Qürbətin ocağı, közümü
yoxdu?
Sücaətin şeirləri bizə
görmədiyimiz gözəlliklərin,
gözündən su içmədiyimiz bulaqların
xiffətini yaşadıb:
Şapıların üstündəki meşədə,
Sücaət bulağı axırmı,
görən?
Sücaətin şeirlərindən təkcə Kəlbəcərin
dağlarını, bənzərsiz
təbiətini deyil, həm də bənzərsiz söz sərraflarını, şeir-sənət
adamlarını tanımışıq,
kim olduğumuzun, hansı kökdən gəldiyimizin fərqinə
varmışıq:
Mən fəxr edirəm ki, kəlbəcərliyəm,
Şairlər yetirən elim
var mənim.
Aşıq Şəmşir kimi
ləlim var mənim,
Bimar kimi ömrü külüm var mənim.
Bəhmən kimi təbi dəlim var mənim,
Məmmədim, Qəmkeşim, Əlim
var mənim,
Ənvər kimi daşqın
selim var mənim...
Ürəyimizdəki intiqam hissi də onun
şeirləri ilə
alovlanıb, onun özü zəmanə ilə barışmadığı
kimi, şeirləri də bizi zəmanəyə
boyun əyməməyə,
məğlubiyyətlə barışmamağa
inandırıb:
Ay Kəlbəcər eli, qeyrət vaxtıdı,
Vətən oğul deyib, bizi çağırır.
"Yanıq Kərəmi"yə
bürünüb qalan,
O Dədə Şəmşirin
sazı çağırır...
Sücaətin şeirləri ilə
nə qədər dərdimizi ağlasaq da, bu şeirlər bizim üçün həm də bir ümid, inam yeri olub:
Bir gün gülə-gülə
qayıdacaqdır
Ağlaya-ağlaya köçən Kəlbəcər...
Hidayət Elvüsalın tərtib
elədiyi "Sücaəti
unutma sən" kitabı 2008-ci ildə, Sücaətin ölümündən
sonra nəşr olunub. Kitabın Ön sözünü Cavid Qurbanov yazıb. Yazının adı Sücaətin misrasından götürülüb: "Bir gün gülə-gülə qayıdacağıq"...
27 illik düşmən işğalında qalan Kəlbəcəri şanlı
Azərbaycan Ordusu azad elədi. Ordumuzun rəşadəti,
Ali Baş Komandanımızın
siyasi və hərbi qətiyyəti, yəqin ki, tarix boyunca fəxrlə yad ediləcək.
Düşünürəm və inanıram ki, şanlı
qələbəmiz həm
də xalqımızın
qələbə əzminin
qırılmaması, qayıtmaq
ümidinin sönməməsi
sayəsində mümkün
oldu...
Bu gün biz Kəlbəcərə
gülə-gülə qayıdırıq
və onillər boyu ayrı düşdüyümüz dağlarla
görüşəndə bizi Sücaətin o dağlarda dolaşan xatirəsi qarşılayır.
Təpədən-dırnağa Kəlbəcər
şair, ürəyim
o qədər səninlə
doludur ki, heç bilmirəm, nəyi yazım, nə qalsın...
Qaçqınlıqda böyümüş
bu uşaq bir neçə gün əvvəl dilində sənin şeirlərin,
əlində "Sücaəti
unutma sən" kitabın, ağlaya-ağlaya
ilk dəfə Kəlbəcəri
ziyarət etdi.
Millinin üstündən bədirlənmiş
ay yenə sizin uçub dağılmış
aynabəndə baxır,
Şair. Keytinin başının qarı
da eləcə durur. Söyüdlü yaylağında
yenə alaçıqlar
qurulub. Qaçqın
kimi dillərdə deyilik, Şair! Ruhun şad olsun, "elin səsi səsim olub" deyən El Şairi. Tərtər sənsiz qəmli axsa da, nə qədər ki Kəlbəcər var, nə
qədər ki şeir
var, söz var, saz var,
sən də olacaqsan!
Jalə NAĞIYEVA
Ədəbiyyat qəzeti.- 2024.- 27 iyul, ¹28.- S.24.