İnsomnia
Hekayə
Həyatımdan şikayət etməyi
sevmirəm. Qəti narazı deyiləm, nə
bir gün əvvələ, nə tələbəliyə, nə
də uşaqlığıma dönmək istəyirəm.
Yalnız bu gün və daha yaxşı gələcək
üçün yaşamaq istəyirəm. İş qrafikim
sıx ola bilər, gündəlik görüşlər,
toplantılar saysız-hesabsız ola bilər, amma elə həyatı
çəkib aparan da budur.
Srağagün həyat yoldaşıma
zəng etmişdim. Bir saat sonra yenidən
danışmalı oldum. Telefonda son zənglərdən
adını axtardım, səhifəni aşağı
çevirirəm, çevirirəm, amma tapa bilmirəm, sən
demə, bir saat ərzində 29 fərqli adamla
danışmışam. Bu qədər çox ünsiyyət
çox enerji tələb edir, həm də hər kəsdən
fərqli hiss, fərqli ab-hava alırsan.
Amma həyatda bəzi insanlar var ki, onlara hər zaman vaxt da, enerji də
tapa bilirsən. Bunlardan biri əvvəllər dərs dediyim,
sonra dost olduğum, son aylarda isə iş yoldaşım olan
İkeldir.
İkeli
kimlə tanış etsəm, ən birinci adının mənasını
soruşur, hər dəfə də eyni cavabı verir: adı
İlkəl olacaqmış, qeydiyyata səhv alıblar, səslənməsi
də xoşlarına gəlib deyə elə İkel deməyə
başlayıblar. Niyəsə, bu hekayə mənə
çox mənasız gəlir.
Əziz
oxucum, icazənlə kiçik bir haşiyə edərək bunu da
yazım. İndi oxuduğun hekayəyə bu gün
başlamışam, İkellə söhbətimdən sonra.
İkelin danışdıqları o qədər qəribə
idi ki, dediklərini yazmağı qərara almışam, sabah
maraqlı nəsə olsa, onu da sənə
danışacağam.
Birinci
gün
Birinci
gün sindromu var. Bu gün bir çox işçi istirahətdən
işə yorğun dönür, normal iş günlərinə
nəzərən daha gərgin olurlar. İkel də bu gün
belə gəlmişdi. Gözləri şişmiş, yuxusuz
və yorğun.
- Nə olub, yenə
yatmamısan? - salam-kəlamsız soruşdum.
- Müəllim, bağışlayın,
görmədim, necəsiz?
- Mən yaxşıyam, amma səni heç yaxşı görmədim.
- Hə, dünən gecə yuxudan ayıldım, sonra nə qədər
elədim, yata bilmədim. Heç çıxmayıb
yorğunluq canımdan.
Düzü, İkeli birinci
dəfə deyildi belə
görürdüm. Həftəsonları istirahət etməyi,
əylənməyi sevir. Əyyaş deyil, amma içkisi yerindədir,
diskoteka-bar həftəsonu mütləqdir. Bəzən
düşünürəm ki, səhər 9-da bu adam işə
gələ bilirsə, böyük hünərdir.
- Niyə yata bilmədin? - soruşdum.
- Vallah, mənə də qəribə qaldı. Gecə bərk
ildırım çaxdı, ildırım çaxanda
pişiyim bərk qorxub və üzümü
cırmaqlayıb, mən də ildırımın səsinəmi,
ya pişiyimin cırmağınamı, oyandım. Əslində
çox yorğun idim, hətta cəmi bir saat idi ki, yuxuya
getmişdim. Amma bu yorğunluğuma rəğmən yata bilmədim.
- Yaxşı, sən bu gün mənə lazımsan, amma belə
yox. Müdirin istirahət otağı boşdur, soruşsa, mən
izah edərəm, get bir-iki saat yat və dipdiri qayıt.
- Təşəkkürlər, hocam,
- deyib otaqdan çıxdı.
Bu gün üçün planım belə idi: 10-da heyətlə iclas,
11-in yarısı birinci mərtəbədəki işin
gedişi ilə tanışlıq, 11-də yeni gələn təcrübəçilərlə
görüş, 12-də şəhərdən kənardakı
yeni filiala səfər. İkel də mənə sonuncu
üçün lazım idi.
12-yə qədər işlərimi
tamamlayıb otağa qayıtdım.
İkel burada idi.
- Əlasan, tam zamanında gəlmisən.
Dincini aldınmı?
- Necə?
- Deyirəm, yata bildinmi?
- Yox, hocam, yata
bilmədim, 2 saat divanın üstündə fırlandım,
sonra da gəldim.
- Eybi yox, deyirdim
maşını sən sürəsən, üç
saatlıq yolumuz var, daha nə etmək olar. Mən sürərəm,
sən də yolda yatarsan.
- Deyirəm, hocam, ürəksiz e, vallah.
- Mən də deyirəm, günümüzə bax da.
İşçimizi yatırmaq üçün min hoqqa
çıxarırıq.
Saat on iki tamamda yola
çıxdıq. Bakıdan üzü şimala gedirdik.
Qusarda açılacaq yeni filial üçün həm
alınacaqlar siyahısı hazırlamalı, həm də
işçi vakansiyasını tamamlamalı idik.
Avtovağzalın qarşısına çatanda
radionu "Retro" fm-ə dəyişdim.
Əksər hallarda ya "Yurd" fm, ya da "Retro"ya
qulaq asıram. "Ver mənim eşqimi" oxuyurdu.
Mahnının səsini azaltdım, sonra Yalçın Rzazadə,
sonra da Mübariz Tağıyev oxudu, mahnılar məni də
keçmişə, uşaqlığıma apardı, həzin
notlarda İkelin yuxuya getdiyini düşündüm.
Xırdalan dairəsinə çatanda birdən İkel arxadan
dilləndi:
- Hocam, "İnsomnia"ya
baxmısız?
- Bıy, sən yatmamısan? - təəccübləndim, - mən
dedim, sən çoxdan xumarlanmısan.
- Yox, deyəsən yata bilməyəcəm. Baxmısız?
- Hə, baxmışam.
Liseydə dərs deyəndə bir şagirdim
danışmışdı haqqında, elə baxmışam.
Deyirsən, insomnia olmusan? Bilirsən də, belə xəstəlik
də var.
- Bilirəm, elə oradan ağlıma gəldi. Heyətə
baxın bir: rejissor Nolan, baş rollarda Al Paçino və
Robin Vilyams. Dəhşətdi, hə?
- Rejissora fikir verməmişdim. Nə maraqlı...
- Eeh siz də,
həmişə demirdiz bəs, filmə rejissora görə
baxırsız? Bircə şey, Forest Qamp - Tom Hanks xaric.
- Yaddaşa bax a, azı 10
il olar bu sözü sizə deməyim.
- Çox olar, bəlkə də, hələ 9-da oxuyurdum
onda.
Söhbətin davam etməsi mənim üçün xoş idi.
Düzdür, İkelin yorğunluğunun
çıxmasını da istərdim, ən azı bu boyda
yolu sürməyimə dəyərdi, amma söhbət məni
oyaq saxlayırdı.
Yolüstü pirdə dayandıq,
ənənəvi "dadlı it əti
kababı" zarafatını etdik, yenə ənənəvi
arxada Beşbarmaq dağı düşən şəkil
çəkdirdik və yola davam etdik...
Axşam
saat 7-də yenidən
ofisdə idik, ayrılmazdan öncə İkel mənə:
- Hocam, qorxuram, - dedi.
- Niyə, qardaşım, yatmamaqdan adam qorxar?
- Hə, qorxuram, deyəsən, mən, mənim
otağımda... Yaxşı, danışacam, deyəcəksiz
ki, dəli olmuşam, getdim.
- Yaxşı, get, şirin
yuxular, - dedim.
İkel
qapını aralı
qoyub çıxdı.
- Bax, telefon oynatmırsan,
televizor açmırsan, içmə özün də, varsa,
bir sakitləşdirici at və yat, - arxasınca
qışqırdım.
Sonra da öz-özümə at, yat, sözlərinə
uyğun qafiyələr tapmağa başladım... Corat, boyat,
sat, tat, qanat... "Qanat - qulaq qafiyəsi proqramda yoxdur"
düşüncəsi ağlımdan keçdi, sonra da "mənə
nə" deyib otaqdan çıxdım.
Son sözləri səsli deməyimdəndir ki, mühafizəçi
"Mənimləsiz?" deyib yaxın gəldi, əlimlə
"yox" işarə edib telefonu açdım.
Bu gün baş verənləri qeyd etməyə
başladım, məni narahat edən İkelin çıxarkən
demək istədiyi, amma demədiyi cümləsi idi.
İkinci
gün
Otağa
keçib səbirsizliklə İkeli gözləməyə
başladım. Dünən onu yola saldıqdan sonra bir
neçə dəfə zəng etmək istəsəm də,
"bəlkə, yuxudadır, oyatmayım", deyə
düşündüm.
İkel
əlində kofe mətbəxdən gəldi.
- Nə tez gəlmisən?
- soruşdum, - baxım gözlərinə?
- Əleyküm salam, ay
müəllim, - səsindəki incik tonu hiss etdim.
- Nədir, qardaşım, deyəsən...
- Hə hocam, vallah, üzrlü say, belə də dərd
olar?
- Hmm, deyəsən, yenə az
yatmısan?
- Az?
Heç bir saniyə də...
- Bəs necə edək? İstəyirsən, icazə verim, həkimə
get.
- Yox, həkimə ehtiyac yoxdu. İnternetdə oxudum, çox
işləməkdən, stressdən olur əsas.
- Sən və çox işləmək?
- Elə deməyin, niyə? Mən həyatım boyu işləməmişəm
axı, sizsiz ki, məni işlədə bilirsiz.
- Onda icazə verim, evə get. Hətta istəsən, sabah da
gəlmə, ya da yox, sabah yenə Qusara getməliyik.
- Yox, - gözünü
kofeyə dikib dedi, - evdə nə edəcəm guya.
- Özün bilərsən,
onda iş başına, ortalıqda az
veyillən.
İkelə gözlərimlə iş
masasına keçməli olduğunu
göstərdim. O da sakitcə yerinə keçdi. Nahara qədər
bir-birimizi dindirmədik. Nahar vaxtı İkel mətbəxdən
zəng etdi:
- Hocam, bir lahmacun,
bir ət dönəri sizi gözləyir.
Hər dəfə "az yeyəcəm" sözünü verib evdən
çıxsam da, doyunca yeməyi sevirəm. Odur ki, son illərdə
73 kilodan 103 kiloya çatmışam.
Yeməkdə gözüm İkelin
üstündə idi. Onun üzündə
təkcə yorğunluq yox, həm də qorxu var idi, stəkana
su süzəndə əlləri əsirdi, rəngi göyərmişdi.
- Qardaş, sən yaxşı deyilsən, bəlkə, gedəsən
həkimə.
- Yox, bu gün
yox, yaxşı olmasam, sabah gedərəm. Axşam mama da gələcək.
Telefonda danışanda narahat oldu, indi yola çıxıb.
- Yaxşı edib, - əlimi
İkelin çiyninə qoydum, - qorxmusan elə bil.
- Yaxşı olmasam, sabah danışacam, bu gün məni
üzrlü sayın.
- Get, - dedim, - get, amma sabaha salamat gəl.
Üçüncü
gün
Bu gün
xeyli gözləsəm də, İkel gəlib
çıxmadı. 11-də telefonuna yığdım,
anası açdı.
- Salam müəllim, İkel
yatır, müəllim, telefonu buradadı, necəsiz? Allah sizdən
razı...
- Yatıb? Nə yaxşı, çox narahat
idim.
- Yatmamışam, - arxadan
ağlamsınan səs gəldi, - yata bilmirəm.
Telefonun
anasının əlindən
stola, ya nəyinsə üstünə qoyulduğunu hiss etdim,
nəvazişli ana səsi, üsyankar övlad səsindən
başa düşdüm ki, ana da yuxudan mənim zəngimə
oyanıb, dünən İkelin yatması üçün saatlarla
gözləyib, özünü yuxu aparıb.
Ofisdən çıxdım, maşına
minib birbaş İkelin qapısına
sürdüm.
İkelin
vəziyyəti heç
yaxşı deyildi, anasının dediyinə
görə, dünəndən heç su da içməyib.
Otağına keçəndə məni
görüb özünü düzəltməyə
çalışdı, bu onda o qədər də
yaxşı alınmadı. Yanına keçib oturmaq istədim:
- Orada yox, orada
yox, - dedi, - bu tərəfə gələ bilərsiz?
- Yaxşı, əleyküm
salam, necəsən?
- Bilmirəm, kömək elə, bunlar məni dəli edəcəklər,
nə olar, kömək elə.
İkel
hıçqırıqla ağlamağa
başladı. Deyəsən, yuxuda
görməli olduğu rənglər, səslər və
obrazlar gündüz işığında görünməyə
başlamışdı.
- Kimi deyirsən, İkelim? Kim səni
dəli edir?
- Mənim yuxum... atamın
yuxusu...
- İkel, bax, məncə, sakitləşməlisən, gəl,
həkimə gedək. Hər halda onlar bir yolunu tapar.
- Yox, necə? Susun, sus
görüm, sən də sus, ikiniz də. Həkimlik deyil, sən
nə bilirsən həkimlik deyil?
İkel
mənimlə danışmırdı,
əvvəl mənə cavab verdiyini
düşünsəm də, sonra gördüm ki, o öz aləmindədir,
kiminləsə söhbət edir.
- Kimdi o, İkel? -
soruşdum, - sənin yuxun danışa da bilir?
Bu vaxt qapıda İkelin anasını gördüm,
başını bağlamışdı, qara şal
örtmüşdü, gildir-gildir göz yaşı
axıdırdı.
Yanına
gəlib sakitcə:
- Heç düz eləmirsiz, - dedim, - uşağa dəstək
olmalısız, nədir bu yas havasına
bürünmüsüz?
- Atası da belə oldu, 6
gün heç nə yemədi, içmədi,
danışmadı, yatmadı, sonra bir gün səhərdən
gecəyə qədər qışqırdı, sonra da birdəfəlik
gözünü yumdu. Mənim qara bəxtim, mənim bədbəxt
oğlum, atasından bunu miras alıb.
İkelin
anasını çölə
çıxardım, xeyli
danışdırdım, sakitləşdirməyə
çalışdım, danışdıqlarından öyrəndim
ki, atası 27 il əvvəl - İkel doğulanda bu qəribə
mərəzə tutulub, 6 gün ərzində dediyi tək
söz oğlunun adını İkel qoymaq istəməsi olub,
başqa da heç nə...
Yenidən İkelin yanına
qayıtdım, bu dəfə İkeli dinləmədən
təcili yardım çağırdım. Ona sakitləşdirici
iynə vurdular, çıxanda dedilər ki, dərmanı elə
dozada vurmuşuq ki, div də olsa, ən azı 10 saat
yatmalıdır. İkel sakitləşdi, həkimlər getdilər,
amma yuxuya gedən olmadı.
İkel
sabah yenidən gəlməyimi istədi, dedi, mənə
danışacaq, hər şeyi danışacaq.
Çıxanda anası yenə
ağlayırdı. Bu dəfə tək
deyildi, İkelin qohum-əqrəbası evə gəlməyə
başlamışdılar.
Dördüncü
gün
- Müəllim,
məktəbdə Rəna müəllimə var idi,
xatırlayırsız?
- Hə, qardaşım, nədir ki?
- Bir dəfə onu
öpmüşdüm, yuxuda...
- Ay səni xatakar, - yalandan
gülmək istədim, İkelim elə zəif
görünürdü ki, özümü ağlamaqdan
güclə tuturdum, - deməli, sənin belə işlərin
də var imiş.
- Hə, bunu da mühafizəçi
görür, guya gizlənib, qarın yekə, özü də
şüşə qapının arxasında... əlindəki
silah da nə olsa, yaxşıdır?
- Nə?
- Balış... mən onda birtəhər
özümü yuxudan oyadıram, amma sən demə, elə
orada da davam edirəm, indi bir mən var orada, Rəna müəlliməni
hər gün öpməyə gedir, hər gün də
mühafizəçiyə tutulur.
Mən İkelin danışdığını
başqa vaxt eşitsəydim,
alnının ortasından çırtma vurar, ya ənsəsinə
yüngül qapaz vurardım, sonra da
"boşboğazlıqda üstünə yoxdur" deyərdim.
Amma qıymadım, sadəcə:
- Maraqlıdır, - dedim.
- Hə, hocam, bilirəm, inanmırsız. Amma sizə bir
şey deyim, mən bir də yuxuya gedə bilməyəcəm,
düzü, bu məni qorxutmur daha. Çünki minlərlə
mən var, onlar yaşayırlar.
- Bax, İkelim, bilirsən ki, mən səni nə qədər
çox istəyirəm, bəlkə, mənə belə
sirli-sehrli cümlələr qurmayasan?
- Gülmək yoxdu ki?
- Əlbəttə, yox.
- Onda xahiş edirəm, məni çölə
çıxar. Apar buradan, buradakıların hamısı məni
dəli hesab edir, sənə inanıram, səncə, mən dəliyəm?
- Məncə, deyilsən, sadəcə, yuxusuzsan.
- Onu keç, hoca, onu keç daha.
İkel
ayağa qalxmağa cəhd etdi, amma bacarmadı, nitqi dünənə
nisbətən yaxşı idisə də, bədəni olduqca
zəif idi, hətta gözlərinin də yaxşı
görmədiyi hiss olunurdu, ağzının yanından axan
tüpürcəyin belə fərqində deyildi.
Maşına İkeli qucağımda
gətirdim, nə anası, nə də
qohumları etiraz etdilər.
İkel
yolboyu danışdı:
- Bütün suallarına cavab verəcəm, hamısına, onsuz da bunu
kimə desəm, inanmaz, amma sən inanarsan.... Bazar günü
evə içkili gəlmişdim, pişiyimi də
qucağıma alıb yatmışdım.... Aaaaa, pişiyim,
neçə gündür, görmürəm heç.
- Maman aparıb, ayağını qırmısan
yazığın, baytara verib.
- Mən?
Yaaazııq. Yaxşı, mamam ağıllı adamdı,
qoymaz kimsə xəstə qalsın. Hə. Bazar günü
yatmışam. Yaxşı, başqa yerdən başlayım.
Biz yuxuya gedirik, düzdürmü? - mən başımla təsdiq
etdim, - biz yuxuya gedəndə yuxumuz, sən başa düşəsən
deyə, yuxu ruhumuz deyim, o, bədənimizdən
çıxır və oyanmaq istəyəndə yenidən bədənimizə
girir. Mənim yuxum bazar günü çıxır, Amerikaya
gedir, sonra ildırım çaxanda geri qayıdır, amma
pişik üzümü cırmaqladığı anda fikri
yayınır və bədənimə girə bilmir. Gör,
trilyonlarla insan və mənim bəxtimə düşənə
bax. Hə, bilirəm, inanmırsan, bəlkə də,
inanarsan, mənə qulaq as. Yuxum bilirsən, niyə
dayanır? Pişiyə görə yox, atasını
görür, yəni mənim atamı.
Mən İkelə qulaq asdıqca hallüsinasiyanın insana necə də
dərin təsir edə biləcəyini
düşünürdüm. Yəni bir insan hallüsinasiya
halında doğrudanmı bu qədər uzun hekayə qura bilər?
- Hocam, fikrin məndə
deyil. Ölürəm e, diqqətlə dinlə. Deyəcəksən
ki, atamın orada nə işi var? 27 il əvvəl anamın məni
doğurmaq üçün sancısı tutur, elə bir
qışqırıq olur ki, atam yataqdan yerə
düşür, beləcə atamın yuxusu bədəninə
girə bilmir, beləcə atam 6 gün yuxusuz qalır, sonda da
ölüb gedir. Yazığın bir sizin kimi müəllimi,
müdiri də olmur ki, açıb dərdini desin. Bircə
deyir ki, mənim adımı İkel qoysunlar, İkel bilirsiz,
kimdi? Hipnosun oğlu. Nəsə, bunu özün
araşdırarsan. Atamın yuxusu 27 ildir ki, mənim, əvvəllər
də atamın yatdığı otaqda imiş. O gün yuxum
öz atasının ruhuna ilişir və bədənimdən
çöldə qalır. İndi mən hansı
iztirabları çəkirəmsə, yuxum da eyni
ağrıları çəkir. O da evinə qayıtmaq istəyir,
amma onu da bilir ki, heç vaxt qayıtmayacaq.
Mən də heç vaxt yuxuya gedə bilməyəcəm.
Mən danışılanlara inanmaq
istərdim, amma bütün bunlar
psixologiyası sağlam olan, qərarlarını
ağılla verən insan tərəfindən
danışılmırdı.
- Bilirsən, müəllim?
Bizə öyrədirlər ki, ən sürətli olan
işıqdır, amma yuxu üçün sürət
anlayışı yoxdur. Harada istəsə, orada olur, hətta
nəinki olan, olmayan yerləri də gəzə bilir. Dünən
danışdım sizə, sənə... daha nədirsə, o.
Rəna müəlliməni öpməyimi. Yuxum deyir ki, biz hər
gördüyümüz yuxuda yeni bir aləm qururuq, yeni bir
kainat. Orada nə görürüksə, hamısını
biz yaradırıq və oyananda hər şey olduğu kimi
davam edir. Paralel dünya bunun yanında çox bəsit
qalır. Hər bir insan hər gecə onlarla dünya qurur və
onların hər biri bu gün də davam edir. Bəzən
yüksəklikdən yıxılırıq, amma yerə dəymədən
yuxudan oyanırıq ha, bax, onların hamısında yerə
çırpılırıq, şil-küt oluruq. Əksər
dünyalarda da elə şil-küt həyatımıza davam
edirik. Uçmağımızı görürüksə, o
dünyada uçuruq. Min illər əvvələ gediriksə,
orada da yaşayırıq. Mənim təkcə yüzdən
çox orta məktəb dünyam var. O qədər
maraqlı dünyalar var ki... Cənnətdə olan kim, cəhənnəmdə
olan kim, allah olan kim... Sonsuz olan nəsə varsa, o da
qurduğumuz dünyalardır.
İkelin
səsi getdikcə zəiflədi, onu evlərinə gətirdim.
Beşinci gün
Yenə
Qusara getməli idim. Təxirə saldım. Səhər tezdən
İkelin yanına tələsdim. Sanki dünən
bütün danışacaqlarını mənə söyləmişdi.
Bu gün eləcə susurdu. Mən nə İkelin dünən
danışdıqlarının ciddiyyətində idim, nə
də bu düşüncələri götür-qoy
etmişdim.
Həkimlər yenə gəldilər,
arxayın etdilər ki, İkel
yaxşılaşacaq, artıq sakitləşib və yuxuya gedəcək.
Qəfil
zəng gəldi.
Qusara, yeni filiala getməli olduğumu dedilər, izah edə
bilmədim. Məcbur yola çıxdım. Filialın rəhbərliyi
məni həyəcanla qarşıladı:
- Belə iş olmaz, belə əməkdaşlıq olmaz.
Kameralara da baxmışıq, sizdən, bir də o oğlandan
başqa gələn olmayıb.
- Əleyküm salam.
- Salam, ay
müəllim, vallah, salam vaxtı deyil.
Bir buna bax, - işçilər üçün yeməkxana
kimi nəzərdə tutduğumuz otağın
qapısını açıb həyəcanla dedi. - Nə
idi oğlanın adı? İkel? Hə, bax, İkel yazıb
bunu.
İkelin
qırmızı boya
ilə divar ölçüsündə
yazdığı yazını oxumaq istəyirdim ki, telefonuma
mesaj gəldi.
İkicə kəlmə: "İkel
öldü".
Hönkürtü ilə ağladım,
ya huşumu itirdim, ya səndələdim,
bir də baxdım ki, stulda oturmuşam, əlimdə soyuq su və
qarşımda İkelin birinci gün yazdığı
sözlər:
"Biz də kiminsə yuxusundayıq".
Adəm
Ədəbiyyat
qəzeti.- 2024.- 27 iyul, №28.- S.20-21.