Rəngli
karandaşlar
Hekayə
Cəbhəyə yolumuz Cəbrayıl rayonundan keçirdi.
Hava yavaş-yavaş qaralmağa başlamışdı. Sırada sonuncu tank bizim olduğundan
komandirimiz gecəni şəhərə yaxın bir yerdə
gecələməyi əmr etdi. İkimərtəbəli
yaşayış binalarının yaxınlığında
uşaq bağçasına oxşar köhnə bir tikili
vardı. Tankımızı o tikilinin qarşısında
saxlayıb, aşağı endik. Gecə ekipaj ilə birlikdə
növbəli olaraq tankın yanında gözətçi
olduq. Mənim növbəm gecə saatlarına təsadüf
etdi. O gecə qətiyyən gözümə yuxu getmədi.
Bağçanın qarşısında, yamyaşıl
otların üstündə arxası üstə uzanıb,
göyün üzündə sayrışan ulduzlara
baxırdım. Ulduzlar sanki Ayın başına dolanır, Ay
isə diqqətlə mənim üzümə baxırdı.
Uzandığım yerdən ayağa qalxdım. Çox sakit
gecə olduğundan, çöməlib dizimin üstündə
ayın rəsmini aramla gündəliyimə çəkməyə
başladım. Aradan bir neçə saat keçmişdi, elə
bil tank komandirim pis yuxu gördü, səs-küylə tankdan
endi, gündəliyi əlimdə görüb, özündən
çıxdı:
- Ayaz! Gecənin
bu vaxtı kimə məktub yazırsan?
- Komandir,
məktub yazmıram, rəsm çəkirəm, - gülə-gülə
dedim.
- Ayaz, sən
cəbhəyə gələndən, özünü lap
uşaq kimi aparırsan...
Heç
kəsin eşitməyəcəyi asta bir səslə dedim: -
Komandir, uşağam da, 18 yaşım təzə tamam olub,
bax, hələ uzumdə əməlli tük də
çıxmayıb...
...Sentyabr
ayının ilk həftəsi idi. Səhər təzə
açılırdı. Tanka söykənib təzə
doğan günəşə, dağlara, ətrafda olan
yaşıllıqlara tamaşa edirdim. Artıq səhər
tezdən insanlar küçələrdə
dolaşırdı. İşə tələsən adamlar, məktəbə
gedən müəllimələr, şagirdlər,
hamısı məni
salamlayırdı. Ağ önlüklü, uzun
saçlı, saçlarında qoşa ağ bant olan
kiçikyaşlı bir məktəbli qız mənə tərəf
yaxınlaşıb:
- Salam, əsgər
əmi, sənə "çətə" gətirmişəm,
- dedi.
- Salam,
gözəl qız, nə gətirmisən? - mən də təəccüblə
soruşdum.
- Çətə!
Çətə bilmirsən nədir, əsgər əmi?
Elə
bildim mənə məktub gətirib. Qızın qabaq dişləri
olmadığından kətə sözü dilində çətə
kimi səslənirdi.
Qız
çantasını açıb ağa
bükülmüş bağlamanı mənə tərəf
uzadıb, şirin ləhcə ilə dilləndi:
-
Götür, əsgər əmi, anam səninçün
göndərib.
Utana-utana
ağa bükülmüş bağlamanı əlimə
götürdüm. Bağlamanı açanda gördüm ki,
göy qutabıdır. Od kimi isti qutabların ətri məni
valeh etdi. Göy qutabından elə bil anamın ətri gəldi.
Anam göy qutabını tez-tez bişirərdi. Gözümdə
anamın ocaqda qutab bişirdiyi anlar canlandı. Bir neçə
dəqiqə danışıb-dinmədim, gözlərim
doldu, göz yaşlarımı güclə saxladım ki, məktəbli
qız göz yaşlarımı görməsin.
Boğula-boğula, ona "çox sağ ol" dedim.
Ayrılmaq istəyəndə ondan soruşdum:
- Gözəl
qız, sənin neçə yaşın var?
- Səkkiz
yaşım var, adım da Gülərdi. Məktəbdən
qayıdanda bağlamanı
götürəcəm, - deyib sevincək
uzaqlaşdı.
2
Cəbhə
yoldaşlarım tankın içindəki yerlərində əyləşib
mürgüləyirdilər. Üç əsgər idik. Bir əsgər
yoldaşım da məntəqədə keşik çəkirdi.
Bağlamanı yaşıl otların üstündə
açıb, onları da dəvət etdim. Birlikdə əyləşib
bəh-bəhlə qutabları yedik. Qutablardan birini də
keşikdə olan cəbhə yoldaşıma saxladım.
Düzü,
kətə nə olduğunu mən bilmirdim. İlk dəfə
Gülərin dilindən eşitdim. Biz tərəflərdə
kətəyə göy qutabı deyirlər.
Gülərin
məktəbdən dönməsini gözləyirdim. Fikirləşdim
ki, Gülər üçün nəsə bir maraqlı hədiyyə
hazırlayım. Tankın içindən bir "PK"
silahının patronunu götürüb, barıtını
boşaltdım, çəmənlikdəki rəngbərəng,
gözəl çiçəklərdən dərib, patronun
içinə yerləşdirdim. Çox əntiqə bir hədiyyə
alındı. Onun məktəbdən dönməsini gözləyirdim
ki, qutabla gələn boş süfrəni hədiyyəmlə
birlikdə ona verim. Kiçik məktəblilər yolboyu
gülə-gülə, oynaya-oynaya məktəbdən gəlirdilər.
Geyimlərindən bir-birlərinə çox
oxşayırdı. Gülərin onlardan fərqi məktəbli
çantasının narıncı rəngli olması idi.
Uzaqdan gördüm ki, Gülər də gəlir, amma o, mənim
üzümə baxmadan düz getdi. Arxasınca "Gülər,
Gülərim" səslədim, dönüb arxaya
baxmadı. Özüm də təəccüblü qaldım
ki, görəsən, bu qıza nə olub. Tez iti addımlarla
onun qarşısına çıxıb, şirin-şirin onu
dindirdim:
- Salam,
Gülər, nəsə olub? Qaşqabaqlı
görünürsən, deyəsən, dərsindən iki
almısan.
Gözləri
dolub qalmışdı, ağlamağı gəlirdi,
dodaqlarını büzüb titrək səslə dedi:
- Sən
uşaqları tüfəngləyirsən!
Eşitdiklərimə
inanmadım, təkrar soruşdum:
- Nə
edirəm? Onu sənə kim deyib ki, mən uşaqları
tüfəngləyirəm?
Mən
onun nə demək istədiyini
yaxşı başa düşdüm, amma
özümü elə aparırdım ki, guya heç nə
bilmirəm. Mən bilirdim ki, o, məktəbdə sinif
yoldaşlarına mənim haqqımda danışıb. Ucadan
danışdığımı görən qız, göz
yaşlarını saxlaya bilməyib,
hönkür-hönkür ağladı. Onun göz
yaşlarını görüb dizlərimi onun
qarşısında yerə qoydum və onu inandırmağa
çalışdım:
- Gülər,
bax, mənim heç tüfəngim də yoxdur. Olsa da, biz əsgərlər
heç düşmən uşaqlarını da tüfəngləmirik,
axı uşaqların heç bir günahı yoxdu... Mən
də uşaqları dünyalar qədər çox sevirəm.
- Əsgər
əmi, doğrudan da, sənin
tüfəngin yoxdur?
- Yoxdur,
Gülər, yoxdur. Mən rəssamam, istəyirsən, sənin
də rəsmini çəkim. Gündəliyi qoltuq cibimdən
çıxarıb, çəkdiyim rəsmlərdən ona
göstərdim. Gülər rəsmlərə diqqətlə
baxdıqdan sonra gülümsədi və dərindən nəfəs
alıb dilləndi:
- Əsgər
əmi, doğrudan da, bu şəkilləri sən çəkmisən?
- Bəli,
mən çəkmişəm. Bax, çəkdiyim son rəsm,
"Aylı gecə"dir. Sən dünən gecə
mışıl-mışıl yatanda, mən gecə
yatmayıb ayın rəsmini çəkirdim.
3
Gülər
həqiqətən də, mənim rəssam olduğuma
inanıb, ağappaq pambıq kimi əlləri ilə göz
yaşlarını silib boynuma
sarıldı. Məni bərk-bərk qucaqlayıb titrək əlləri
ilə əlimdən tutdu, sevincək gözlərimə
baxıb:
- Əsgər
əmi, mənim də bacımın şəklini çəkə
bilərsən? - ərklə soruşdu.
- Bəli,
çəkə bilərəm. Bacın hardadır?
Çağır, gəlsin, səninlə birlikdə onun da rəsmini
çəkim.
- Bax,
bacım pəncərədən bizə baxır, bax, o pəncərədən.
O, sağ
əlini qaldırıb bacısı olduğu pəncərəni
mənə göstərdi. Gözlərimə inanmadım,
tankımızın lüləsi düz onların
yaşadığı evin pəncərəsinə
tuşlanmışdı.
Pəncərədən
bizə boylanan körpə qızın başında
qırmızı panama, əynində güllü don var idi.
Bir əlini də yuxarı qaldırıb elə bil məni
salamlayırdı. Çox dəhşətli bir səhnə
idi, körpə pəncərədən baxır, tankın
lüləsi də düz körpə olan pəncərəyə
tuşlanıb. Mən belə
bir rəsmi necə çəkə bilərdim, belə
çıxır ki, mən həqiqətən də qatıləm.
Nə deyim, necə edim, bilmədim. Özümü itirdim, bir
anlıq dilim tutuldu, nəfəsim qurudu. Güləri bu fikirdən
daşındırmaq üçün onun üzünə
baxıb dedim:
- Gülər,
mənim bircə qələmim var, o da qara qələmdir. Mənə
rəngli karandaşlar lazımdır ki, sənin
bacının şəklini çəkə bilim.
- Əsgər
əmi, gözlə, mən indi sənə öz
karandaşlarımı gətirirəm, - deyib, qaçaraq evlərinə
tərəf getdi.
Onun evdən
geri dönməsini gözləyirdim. Pəncərədən
boylanan körpəyə diqqətlə baxırdım. Amma nədənsə
bu körpə heç yerə tərpənmirdi. Mənə
çox qəribə gəldi ki, niyə bu körpə hərəkət
etmir.
Gülər
rəngli karandaşları gətirib mənə tərəf
uzatdı: - Götür, səndə qalsın, anam mənə
yeni karandaşlar alacaq.
- Gülər,
bacının şəklini bu axşam çəkəcəm.
Səhər sən məktəbə gedəndə verərəm.
Sinif yoldaşlarına da göstərərsən. Məni
komandir çağırır, getməliyəm, sən də
get evə, dərslərini oxu.
Onunla
sağollaşıb komandirin yanına gəldim.
Komandir: -
Ayaz, bilirəm, uşaqları çox sevirsən, onlar bizim gələcəyimizdir,
amma biz onları düşməndən qorumalıyıq, ona
görə də axşam saat 6-dan sonra silahını da
götürüb məntəqəyə gedərsən. Bizim
taqımdan olan əsgəri də əvəz edərsən.
Axşama
kimi bir neçə dəfə cəhd etsəm də, pəncərədən
boylanan körpənin rəsmini çəkə bilmədim.
İstəmirdim mən rəsm çəkəndə komandir
görsün.
Saat
6-nın yarısı tankın yanından aralanıb, gəzə-gəzə
gəlib məntəqəyə çatdım. Məntəqədə
keşikdə duran döyüşçü
yoldaşımı əvəz etdim. Qaradinməz əsgər
idi. Ondan xahiş etdim ki, səhər tez gəlib məni məntəqədə
əvəz etsin. O da məndən təəccüblə xəbər
aldı: -Səhər tezdən hara getməlisən?
- Gedəsi
yerim yoxdur, bu gün səhər balaca bir məktəbli
qız bizə göy qutabı gətirmişdi, sənin
payını da saxlamışam. Həmin balaca qıza söz
vermişəm ki, səhər o, məktəbə gedəndə
onunla tankın yanında görüşüm.
4
- Ayaz, səni
başa düşdüm, amma sabah bazar günüdür, dərs
yoxdur. İnanmırsansa, divardan təqvim asılıb,
özün baxa bilərsən. Ayaz, onu da deyim ki, məlumatın
olsun, sabah gecə Cəbrayıldan Laçına, ön cəbhəyə
yollanırıq. Batalyon komandirinin əmridir!
- Ola
bilsin, səhər tezdən məktəbli qız tanka
yaxınlaşıb məni xəbər alsın, - deyərsən
ki...
- Nə
deyim ki, Ayaz?
-
Heç nə demə, tankın içində mənim yerimdə
onun bağlaması var, bağlamanın yanında onun balaca bir
hədiyyəsi var, bağlama ilə birlikdə hədiyyəni
də ona verərsən...
Cəbhə
yoldaşım məntəqədən uzaqlaşdıqdan
sonra, yaxınlaşıb divardan asılan təqvimə
baxdım: 06.09.1992-ci il, həqiqətən, bazar günü
idi.
Dalğın-dalğın
yollara baxırdım. Gülərin o ürək
parçalayan sözləri qulağımdan getmirdi.
Özlüyümdə fikirləşdim ki, necə olursa-olsun,
körpənin rəsmini çəkməliyəm, çəkməsəm,
təkcə Gülərin yox, bütün məktəbli
şagirdlərin yaddaşında yalançı əsgər
kimi qalacam. Gecəni keşikdə durmaq çox məsuliyyətlidir,
olduqca ayıq-sayıq və hər an döyüşə
hazır vəziyyətdə olmalısan. Səhəri gün
axşama yaxın macal tapıb rəsmi gündəliyimə
çəkdim. Ola bilsin ki, mən bir daha Güləri görməyim,
ona görə də çəkdiyim rəsmin sonunda tarıx,
vaxt, bir də keşikdə olduğumu qeyd etdim.
Qaş
qaralan vaxtı tankın səsini eşidib məntəqədən
çölə çıxdım. Cəbhə
yoldaşlarımla birlikdə ön cəbhəyə
yollandıq. Əsgər yoldaşımdan tez-tələsik
Güləri xəbər aldım.
- Ayaz,
Gülər səhər tezdən gəlib səni xəbər
aldı, eşidəndə ki, sən yoxsan, çox pərt oldu və
üzümə baxıb titrək səslə dilləndi:
- Əsgər
əmiyə deyərsən ki, pəncərədən baxan
bacım deyil, mənim kuklamdı...
...Cəbhədən
sağ-salamat geri dönsəm, Gülərin təhsil
aldığı məktəbə yollanacam, çəkdiyim rəsmi
sinif yoldaşlarının qarşısında Gülərə
verib, qürurla deyəcəm:
- Mən
Azərbaycan əsgəriyəm! Mən uşaqları tüfəngləmirəm,
mən uşaqları düşmən top-tüfəngindən
qoruyuram!
Ayaz Səlimxanoğlu
Ədəbiyyat
qəzeti.- 2024.- 27 iyul, ¹28.- S.17.