Möhtəşəm missiya
Dövrümüzün Mahmud Kaşğarisi,
böyük türkoloq,
unudulmaz müəllimim,
akademik Tofiq Hacıyevin ruhuna rəhmət duası ilə...
Asiyanın dərdlə qolboyun
dəlisov dağlarında,
xam at kişnərtisi
kimi cilovsuz çöllərində Oğuzun
böyük cahan dövləti eşqiylə
bir yol başladı.
Oyanışın, dirilişin,
quruluşun Tanrısal
məqamlı meydanlarında,
bəşəri missiya
çağırışlı alın yazılarında qılınc təki qınından sıyrılan
müqəddəs bir
yol. Göy üzünə "çadırım",
günəşə "bayrağım"
deyən, gecələrin
halal hilalına, gündüzlərin
sayrışan sübh
sevdalı şəfəqlərinə
sığınan, haqqın
və ədalətin
Allahu əkbər zirvələrinə
könül açan,
bel bağlayan bənzərsiz
bir yol. Bir yandan hiyləgər qoca Romanın bitib-tükənməyən namərd
məkrinə, Bizansın
xaçpərəst səlib
yürüşlərinə, bir yandan qəzəbli
Monqol vulkanının
qanı sellər kimi axıdan şərəfsiz çapqınlarına
sinə gərən, öz tarixi, keçmişi və gələcəyi, öz varlığı, haqq və həqiqəti uğrunda şəhadət
şərbətini içib
ayağa qalxan qazi bir yol...
Və qaynar qanlı qərinələr, əsir
əsrarlı əsrlər,
minlərlə döyüş
görən min il bir göz qırpımı kimi keçib getdi. Namərdləri mərdlərindən çox
oldu, dünyanın haqq, ədalət tərəzisi yenə əyildi, maskalı səlib yürüşləri,
qurama iblisanə torpaq iddiaları yenə çoxaldı və bütün olanları yenidən yada salmağa zərurət, tarixi ehtiyac yarandı. Türkiyənin
qeyrətli dövlət,
elm və sənət
adamları bu tarixi zərurətə, ehtiyaca, bu dünyəvi
çağırışa cavab verdi, əslində
bütün türk dünyasının yenidən
layiqli səviyyədə
səfərbər olunması
missiyasını fövqəladə
istedad və heyrətamiz hünərlə
həyata keçirərək
qlobal istəyinə
nail oldu. Süleyman şah oğlu Ərtoğrulun, Ərtoğrul
qazi oğlu Osmanın, yüz minlərlə, bəlkə
milyonlarla igidin, alpın, sıravi insanın əyilməz qüdrəti, inam və ümidi, şəhadət sevdalı
canı, qanı bahasına qazanılan tarixi uğurlar, misilsiz fəthlər, qadir qələbələr
"Oyanış", "Diriliş", "Quruluş"
serialları vasitəsilə
yenidən yaşandı,
ehya olundu. Və dünya bütün olmuşları,
olacaqları yenidən
gördü, tarixə
xəyanət etməyən
telemöcüzə vasitəsilə
türk dünyasının
mükəmməl səfərbərliyinə,
qabaran qarşısıalınmaz
qüdrətinə yenidən
şahid oldu. Ərtoğrulların, Bamsıların,
Alparslanların, Osmanların,
Turqutların, Carqutayların,
Ədəbalıların, Orxanların,
Əlaəddinlərin... min il boyu gördüyü, görə bildiyi böyük işi, həyata keçirdiyi misilsiz missiyanı bu dəfə türk televiziyonçular
ordusu təkrar etdi, özü də tam layiqli, sənətkarlıq zirvəsində,
yüksək elmi-intellektual
səviyyədə. Yadıma
böyük alim Fuad Köprülünün
məşhur sözləri
düşür: "Türk
ədəbiyyatının bütün
inciləri tərəzinin
bir gözünə,
"Kitabi-Dədə Qorqud"
dastanları digər gözünə qoyulsa, Dədə Qorqud tərəfi ağır gələr." Və mən tam səmimiyyətlə
deyərdim ki, Türk
televiziyasının bütün
uğurları tərəzinin
bir gözünə,
"Oyanış", "Diriliş", "Quruluş"
teleserialları digər
gözünə qoyulsa,
həmin seriallar tərəfi ağır gələr. O teleseriallar ehtiyac duyulan gərgin tarixi məqamda həqiqətən,
böyük tarixi missiyanı həyata keçirdi. Türk çölünün yuxulu
yaddaş enerjisini oyatdı; sanki coşqun çayların qarşısını kəsən
bənd-bərələri uçuraraq,
onları doğma yataqlarına, əzəli
məcralarına yönəltdi;
türk dünyasının
etnogenetik potensial imkanları, tarixi yaddaş enerjisi çağdaş türk
ürəklərinə, müasir
türk qanına, qəlbinə nəql, transformasiya olundu və bu, gözlənilən
effekti verdi; misilsiz missiya qeyri-adi qlobal miqyası və möhtəşəm uğurlarıyla
tamamlandı; bu, Malazgirt meydan savaşında, Konstantinopolun
İstanbul taleli fəthində,
qazi Mustafa Kamal AtatürkünTürkiyəni
xilas edən mərdanə mübarizələrində
qazanılan heyrətamiz,
tarixi qələbələrə
layiq bir qələbə idi. Və deyərdim ki, bu mədəniyyət qələbəsi ilə türk bəşər tarixinə yeni bir səhifə yazdı...
Yadıma
1993-cü ilin 12-13 fevralında
"Azərbaycan" qəzetində,
bir qədər əvvəl 28 may, 4-11 iyunda
"Aydınlıq" qəzetində
çap etdirdiyim silsilə məqalələr
düşür. O silsilənin
adı belə idi: "Antimillətdən
millətə, özgədən
özə qayıdış."
Kiçik bir xatırlatma yerinə düşər: "Milli-tarixi
köklərə söykənməyən,
mənsub olduğu xalqın etnogenetik mənəvi enerjisi, qılınc və qələm gücü, məğlubedilməz mədəniyyət
qala-qalxanı ilə silahlanmayan insan manqurtluğun astanasındadır;
gizli imperiya niyyətləri belə insanların qəlbində
- kosmopolit biganəlik
"parniklərində" asanlıqla cücərir,
kök atır, yetişib "bar-bəhər"
verir; belə insanlardan, sosial məxluqlardan yaranır
yad məmləkətlər, yaxın-uzaq imperiyalar qapılarında sülənən
qulluq qulları. Və 250 ildir ki, yad qapılarında sülənən
bu sosial sürü-səfillər Azərbaycana
xəyanət edir! Çıxış yolu nədir? Nə etməli?
Nəsil-nəsil davam edən xalqa xəyanət girdablarından, yaxın-uzaq
imperiyalara qulluq qulluğundan, köhnəlməyən
köhnə köləlik
zəncirlərindən qurtuluş
yolu - özünə
qayıdış yoludur.
Elmi, intellektual, tarixi-siyasi, milli-mənəvi
baxımdan bütöv,
realist taktika və strategiya yönümündən
konseptual, dövlət
səviyyəli, ənənəvilik,
varislik baxımından
ardıcıl, dözümlü,
məcburi qayıdış
yolu!
Manqurt ürəklərin səfil
səhralarında, duyğu
və düşüncələri,
arzu və ümidləri imperiyalar xeyrinə işğal olunan qulluq qullarının
itkin vicdanında öz ilə özgənin, doğma ilə yadın, millət ilə antimillətin vətəndaş
müharibəsi başlanmalıdır.
Söhbət zaman-zaman qəlbimizə,
beynimizə yeridilən
antimillətin zəhərlərinə,
xalqa xəyanətin manqurtizm modelinə, köləlik sisteminə qarşı qəlbimizdə
və beynimizdə aparacağımız vətəndaş
müharibəsindən gedir.
Söhbət gizli imperiya niyyətləri ilə qəlbimizdə və beynimizdə məskunlaşan yadlığa
qarşı duyğu,
düşüncə döyüşlərindən,
milli varlığımızda sıxışdırılan özümüz
uğrunda mübarizədən
gedir; bu, antimillətlə millət
uğrunda müqəddəs
müharibə, əbədi
döyüş olmalıdır
- tam və qəti qələbəyədək!"
Etiraf edim ki, mən ilk dəfə "Oyanış",
"Diriliş", "Quruluş"
seriallarında indicə
dediyim istiqamətdə
sənətin tam və
qəti qələbəsinə
şahid oldum. Onu da etiraf edim
ki, ümumən uğurlu
olan "Möhtəşəm
yüz yıl" serialında müəyyən
boşluqlar vardı. Məsələn, Səfəvi
dövlətinin hökmdarı
Şah İsmayıl Xətaidən söz düşəndə Sultan Süleyman
Qanuni əsəbiləşirdi,
"o, şah deyil, tayfa başçısıdır"
deyirdi, yaxud uzun onillər boyu Səfəvi hökmdarı olan, tarixi qələbələrə,
fəthlərə imza
atan böyük dövlət xadimi Şah Təhmasibin teleobrazına rejissor münasibəti o qədər
də uğurlu deyildi və s... Hətta yadımdadır
ki, o vaxt baş redaktoru olduğum "Ədəbiyyat və publisistika" redaksiyasında
hazırlanan "Ədəbi
abidələr" verilişinin
iki sayını məlum serialdakı bir sıra anlaşılmazlıqlara,
boşluqlara həsr etmişdik...
Tale elə gətirib ki, orta məktəbi Siyəzəndə oxumuşam;
uşaqlığımın, ilk gəncliyimin şəhəridir
Siyəzən... Və
günlərin bir günü "Diriliş:
Ərtoğrul" serialına
baxarkən ruhumda qəfil bir duyğu küləyi əsdi, deyilməz-bilinməz
xatirə yolları çağırdı məni.
Səhəri günü
heç kimə demədən Siyəzənə
getdim, təxminən,
60 il əvvəlin göynəmli
yollarından, köhnə
küçələrindən keçdim, sanki serialdakı yurd yerlərini, xatirə çöllərini dolaşdım.
Min ilin, yüz ilin, lap elə 60 ilin də xatirə
yollarında eyni izlər dil açır, eyni qürub çağları
göynəyirmiş; qan
yaddaşında yağan
yaralı yağışlar
eyni dildə çağırırmış, kül altında yuxulayan köz kimi küləyə boylanıb eyni ovqatla gülümsəyirmiş...
Düzü budur ki, o qəfil səfərdən
sonra bu essenin üfüqləri çağırdı, yolları
ruhumda dil açdı...
Bu kiçik haşiyədən
sonra ruhumda qəribə bir aydınlıqla yazıya davam edirəm...
"Oyanış", "Diriliş",
"Quruluş" seriallarının
ən üstün cəhətlərindən biri
haqqın, həqiqətin,
ədalətin mövqeyindən
çıxış etməsi,
tarixi vəhdətin, mizan-tərəzinin qorunub
saxlanılması, bir
sözlə, ayrılan
yox, qovuşan, birləşən, bütövləşən
yollarla getməsidir. Daha bir vacib,
önəmli cəhət
həmin seriallarda az qala, ortaq
türkcə dil mənzərəsinə, ortaq
Oğuzcanın etno-linqvistik
ab-havasına nail olunmasıdır.
Elə məqamlar olur ki, serialların obrazlı dil materialı "Kitabi-Dədə
Qorqud"un dil-düşüncə
qatlarıyla üst-üstə
düşür, biri digərini tamamlayır; Türkün şah əsəri qəfildən
duyğularımızı sehrləyir,
qəlbimizdə-qanımızda, ruhumuzun göylərində
ulu Oğuzcanın cənnətməkan
şəfəqləri sayrışır...
Bu məqamda həmin serialların ssenari yazarlarına, xüsusilə,
dil məsələlərinə
cavabdeh redaktorlarına
cani-könüldən minnətdarlıq
etməyi özümə
borc bilirəm. Onlar ortaq türkcə
qaynaqlarına inanmağın,
güvənməyin, Oğuz
etno-linqvistikasına ana dili
südü kimi sevgi və sayğının
mükəmməl nümunəsini
göstərdilər. Bu, unudulmuş,
yaddan çıxmış
qızıl laylalarının
- qos-qoca dil süxurlarının tapılıb
üzə çıxarılması,
gen-qan yaddaşı çöllərində itkin
düşən, sərgərdan
dil həqiqətlərinin
haqqa qovuşdurulması,
milyonların sevgi hədəfinə, "oxayyy!"
nidasına çevrilməsi
kimi müqəddəs
bir mücadilədir, adına vətən sevgisi deyilən müzəffər bir hərəkatdır. Ona görə,
mən bir-iki dəfə demişəm,
yazmışam, bir daha təkrar edirəm ki, haqqında danışılan serialların
digər Oğuz qrupu dillərinə tərcüməsinə ehtiyac
yoxdur; bu, çox halda ortaq Oğuzca etno-linqvistikasını zədələyir,
serialların təbii
dil mühitini pozur...
Bu məqamda başqa bir yazının, 32 il əvvəl, 6 mart 1992-ci ildə
"Ədəbiyyat qəzeti"ndə
çap olunan "Tarixin dərsləri və ya milli faciəmizlə üz-üzə"
adlı bir müsahibənin göynəmli
kədəri də
yada düşür:
"Sadıq Elcanlı: - Elçin bəy, siz deyirsiniz ki, "Nərimanovun günahlarını
bağışlamaq olmaz!
- şübhəsiz belədir,
lakin Nərimanovun fəryadını da qulaqardına
vurmaq olmaz". Nərimanovun iniltili peşmançılığı, Kremlin soyuq divarları arasında sıxılan, üşüyən, göynəyən
ürəyindən qopan
hıçqırıqlar Şimalın
qanlı Solovki düşərgələrində diri-diri çürüyən
Azərbaycan fədailərinin
yeri-göyü titrədən
fəryad səslərinin
müsibətli bolluğunda
eşidilmir axı! Mən o hıçqırıqlardan
daha əvvəl, illər boyu qürbət soyuğunda, həsrət buzlağında
üşüyən böyük
millət atası Məhəmməd Əmin
Rəsulzadənin ölüm
ayağında "Azərbaycan...
Azərbaycan..." deyə
müqəddəs bir
kədərlə pıçıldadığını
eşidirəm. O inilti
və hıçqırıqlarda
çarəsiz dilənçi
yalvarışı, bu
kədərli pıçıltılarda
"Bir kərə yüksələn
bayrağ"ın enməzliyi,
ölümə qalib gələn millət fədaisinin əbədiyyət
heykəli var. O hıçqırıqlar
şəxsi məğlubiyyətə
yas tutur, bu pıçıltılar
xalqın qalibiyyətini
təsdiqləyir. N.Nərimanov özündən
başlayıb özündə
qurtarır, M.Ə.Rəsulzadə
özündən başlayıb
xalqda qurtarır. Və xalqda qurtarmaq əslində qurtarmaq deyil, davamdır, əbədiyyətdir!
N.Nərimanov 28 Apreldə özü öz qəlbini imperiya xeyrinə işğal etdi, qalib gəldi, qalib gələ-gələ
məğlub oldu; M.Ə.Rəsulzadə həmin
faciəli gündə
məğlub ola-ola qalib
gəldi!
Elçin: - Mən Nərimanovla
bağlı həmin fikri "Ədəbi
proses: Olum ya ölüm?" adlı məqalədə demişəm,
indi isə sənin icazənlə elə həmin məqalədən başqa
bir sitat da gətirmək istəyirəm:
"M.Ə.Rəsulzadə
28 Aprelə həsr etdiyi "Qara gün münasibətilə"
adlı məqaləsində
Nərimanovu və başqalarını kəskin
tənqid etməklə
bərabər, yazıldığı
dövr üçün
(məqalə 1936-cı ildə
yazılıb) son dərəcə
müdrik bir fikir söyləyir və biz də bu fikri ədəbi
irsimizə münasibətdə
metodoloji əsas kimi götürməliyik.
Məhəmməd Əmin
bəy yazır: "Unutmamalıyız ki, başda
yalançı Moskvanın
yıldızlı vaizlərinə
uyan bu adamlar
sonda ağla qaranı seçməyi başlayınca nisanda (28 Aprel nəzərdə tutulur - S.E.) yapılan işin istiqlal deyil, sözün bütün mənası ilə bir istila
işi olduğunu anlamış və bundan lazım gələn nəticəni
çıxarmaq cəsarətini
göstərmişlər; başda
müəllim və yoldaş gibi qarşıladıqları şimallıların
sonda kolonizator olduqlarını anlamış
və bunu onların üzlərinə
vurduqları sillə ilə bildirmişlərdir".
Bax, bu fikrin
arxasında sənin dediyin o "müqəddəs
kədər" dayanıb.
"Azərbaycan... Azərbaycan"
deyən o müqəddəs
kədər həmin fəryadı da qulaqardına
vurmağa qoymur... Nərimanovun 28 apreldə imperiyanın, indiki halda sistemin yaranması xeyrinə öz qəlbini işğal etməsi barədə dediklərinlə
isə tamamilə şərikəm. Elə
o fəryad da burdan başlayır.
Sadıq
Elcanlı: - "Türk
nüfuzundan", "türk
zabitlərindən kor
bir alət kimi" istifadə edən, Xəlil paşaları diplomatiya torunda çaşdırıb
hiyləgərcəsinə neytrallaşdıran Oktyabr-Lenin
imperiyası XI Qızıl
Ordunun zirehli qatarlarıyla Azərbaycanı
qəti işğal etmək üçün hücuma keçəndə
M.Ə.Rəsulzadə
Xəlil paşaya demişdi: "...bizi öz halımıza buraxın, yüz ildən bəri əsarəti altında olduğumuz rusları biz daha yaxşı tanıyırıq! Onlar hiylə ilə gələr, sonra bizi əzərlər"
("Hakimiyyəti-milliyə" qəzeti, Ankara, 5 avqust
1926-cı il. İstiqlal məhkəməsində
Nail bəyin şahidlik
çıxışından). Mən söhbətimizin axırına yaxın İstiqlal məhkəməsindəki
bir çıxışdan
həmin sözləri
təsadüfən xatırlamadım.
Əvvəla, "yüz
ildən bəri əsarəti altında olduğumuz rusları biz daha yaxşı tanıyırıq!" nidasıdır
ki, bu adi, üzdə olan, hər addımbaşı
görünən çılpaq
həqiqətdən möhtərəm
N.Nərimanovun və onun azərbaycanlı
silahdaşlarının, şübhəsiz,
xəbəri vardı.
Onlar 1736-cı ildə
Birinci Pyotrun adından elan edilən,
1916-cı ildə "Dirilik"
jurnalında çap olunan məşhur vəsiyyətnamədən də,
şübhəsiz, xəbərdar
idilər... Və o İstiqlal məhkəməsini
bir də ona görə xatırladım ki, nə vaxtsa belə bir millət məhkəməsinin qurulacağına
inanıram; ya hansısa nəhəng bir salonda, ya
bu hadisələri ilk
dəfə oxuyub öyrənən hansısa
bir azərbaycanlı uşağın qəlbində,
nə fərqi var.
Lakin məncə, hansısa
bir azərbaycanlı uşağın qəlbində
başlayacaq millət
məhkəməsi daha
dəhşətlidir.
Davamı
gələn sayımızda
Sadıq ELCANLI
Ədəbiyyat
qəzeti.- 2024.- 27 iyul, ¹28.- S.16.