Zəfərin mübarək, Vətən!
Allah cəmi
şəhidlərimizə
rəhmət eləsin!
Xoş
günlərdən soraq verir
Axşamın-səhərin, Vətən!
Düşmənlərə göz dağıdır
Hər təzə Zəfərin,
Vətən!
İgid-ərən oğulların
Tapdayıb bəndi-bərəni,
Bir həmləylə sevindirdi
Xocalını, Əsgəranı,
Xocavəndi, Ağdərəni...
"Dəmir Yumruq"dan güc aldı
Qatlanmaz
qanadın-qolun!
Qırdın paslı qıfılını
Xankəndiyə gedən yolun!
Qarşında tab gətirmədi
Zülmə sipər olan
"barı".
Diz çöküb, aman dilədi
Səndən harsın dığaları...
Başın sağ olsun...
yenə də
Haqq yolunda cəngə çıxıb,
Candan keçənlərin də
var!
Qanlı
şəhid köynəyiylə
Ulu Tanrı Dərgahına
Vaxtsız köçənlərin də var...
Qalibiyyət simvoludur
Üçrəngli bayrağın sənin!
Bütövləşən sərhədlərin
Sabahkı növrağın sənin!..
Türkün-türkə can borcu var,
Nə yalqızsan, nə tək, Vətən!
Hünərindən soraq verən
Zəfərin mübarək, Vətən!
Deyəsən,
zalımın
axırı varmış...
Zəmanə
elə hey öz gərdişində,
Bəxtimiz kiminsə qanlı
dişində.
Sonu görünməyən müşkül
işin də,
Hardasa bir gizli "cığırı" varmış!
Dünya toy-bayrammış
ağıldan kəmə,
Sızlaya-sızlaya öyrəşdik
qəmə...
Üzünü görəndə bildik
... heç demə,
Dərdin
də yüngülü,
ağırı varmış!
Yalana
züy tutar məddah gədələr,
Məzlumu susdurar qorxunc hədələr...
Deyəsən, yanılıb müdrik
dədələr,
"Xəmir yeyən"in də fağırı
varmış!
Haqq
öz yerin tapır, ya tez, ya da gec,
Səmtini dəyişən deyil
ağır köç...
Yəqin
ki, bu qədər
üzülməzdik heç
Bilsəydik zalımın axırı
varmış!..
Yaşda nə günah
var axı
Böhtanın
tez çıxır boyu,
Nə çoxmuş iblisin tayı...
Kəsək bulandırır suyu,
Daşda
nə günah var
axı?!
Yamanlıq
duranda üzə
Dərd
qənim kəsilir bizə.
Dildi kül üfürən gözə,
Başda
nə günah var
axı?!
Qəlb
ömrün acısın dadan,
Yamanca fəndgirmiş nadan...
Gözdür adamı aldadan,
Qaşda
nə günah var
axı?!
Haqsızlıq
səbri daşdıran,
Yalan söz göz qamaşdıran...
Ağılmış başı çaşdıran,
Yaşda
nə günah var
axı?!
Hələ
görüləsi
xeyli işim var
Hər
günüm, hər anım səsli-soraqlı,
Ömür "gündəliyim" min bir varaqlı.
Doğma
elim-obam Arazqıraqlı,
Nə iti xəncərəm, nə paslı sancaq,
Öz xəttim, öz imzam, öz yerişim var.
Yolumu kəsənlər olsa da,
ancaq -
Hələ görüləsi xeyli
işim var!
Hərdən
yanıb-sönən işıq deyiləm,
Sazı
qırıq telli aşıq deyiləm,
Yanılıb aldanan uşaq deyiləm,
Niyə
daldalanım hardasa axı?!
Nə gizli sifətim, nə keçmişim var...
Gəzib-dolaşsam da, aranı-dağı -
Hələ görüləsi xeyli
işim var!
Əzəldən
halına heç yanmasam da,
Sözdü dilimdəki ən
şirin tam da...
Ürəyim çırpınır yazı masamda,
Heç
zaman "ütülü" olmayıb yolum,
Həm sərt bir yoxuşum,
həm enişim var.
Niyə
ömrün-günün cəngində
qalım?! -
Hələ görüləsi xeyli
işim var!
Paxılım,
bədxahım, yamanım olub,
Səbrimə, "dur!" deyən amanım olub,
Bir tikə sonuncu gümanım olub.
Üstümdən qarayel keçsə
də belə,
Yaxşı ki dözümüm, ağlım-huşum var.
Hələ dönməliyəm doğma
bir elə -
Hələ görüləsi xeyli
işim var!
Qalmışam
Əlimi
uzatdım, çatmadı göyə,
Niyə
hər düz kəlmə acıdır, niyə?
Düzlərin yanında durmuşam
deyə,
Özüm də həmişə
düzdə qalmışam.
Mən elə
əzəldən bir az utancaq,
Dilim nə tikandı, nə paslı sancaq.
Arabir işartım sönsə
də, ancaq
Yaxşı ki bir qalam
közdə qalmışam.
Bəxtimi
səsləyib, tutmadım dilə,
Saflıqdan süzüldüm hey gilə-gilə...
Səsim
uzaqlara çatmasa belə,
Özüm-öz gücümlə üzdə
qalmışam.
Nadan
yaxınıma gələ bilməyib,
Bir kimsə dərdimdən ölə bilməyib.
Yamanlıq rəddimi silə
bilməyib,
Üstünü toz basmış
izdə qalmışam.
İstəyə
möhtacdır çay da, dəniz də,
Həyat
eşqi varsa, bükülməz diz də.
Adımı çəksəniz, çəkməsəniz də,
Onsuz da kəlmədə, sözdə
qalmışam.
Səni
niyə sevim ki?!
Aramızda
dikələn sədləri sən qırmadın,
Həsrətinlə sızladım, gəlib ovundurmadın.
Heç
verdiyin sözə də sonda yaxın durmadın -
Səni
niyə arayım, səni necə sevim ki?!
Ayrılıq
aramızdan yel kimi keçdi-getdi,
Bir uğursuz sevgi də səmtini
seçdi, getdi.
Yanıb-yaxılıb dedim, bu da bir köçdü, getdi -
Ərşə qalxdı harayım,
səni necə sevim ki?!
İllər
keçdi... anladım ilk eşqim lal-utancaq,
Tapdanmış gümanlarım paslanmış
iynə, sancaq...
Unuda bilməsəm də ülvi eşqimi, ancaq -
Uçub
könül sarayım...
səni necə sevim ki?!
Çəkil
pəncərədən, qız...
Köksün
torpaq, eşqin dən,
Hələ yolun duman-çən.
Bəs,
könlünü hər
yetən
Vərəqləyir nədən, qız?
Qismətini
ara-gəz,
Sevgi deyil ki həvəs...
Qəlbdə iz sala bilməz
Qəfil
gəlib-gedən, qız!
Aldansan
şirin dilə
Yanıb
dönərsən külə.
Qoy, eşqin bir az hələ
Boylansın zirvədən, qız!
Gözlə,
ağlın çaşmasın,
Könlün yersiz daşmasın.
Gözlərin qamaşmasın,
Çəkil pəncərədən, qız!..
Adam
olmaq çətinmiş...
Hər
yetən indi özün
Hamıdan üstün sanır.
Nə vicdan dilə gəlir,
Nə üz-üzdən utanır...
Dil
yanılıb, çaşanda
Doğru
sözdən qan çıxır.
Yamanlıq başa keçir,
Qəlb
sızlayır, can çıxır!
Yaxşılıq
düşmür yada,
Qaçır hər şeyin
dadı.
Qulaqlara
çatmayır
Yerin, göyün fəryadı!
Maraqlar
toqquşanda
Tapdalanır duz-çörək.
Kasıb,
anan ölməsin,
Di, dərdə tablaş, görək?!
Qohum-qardaş,
dost-tanış
Yadlaşır asta-asta.
Adam olmaq çətinmiş
Vallah, bu basabasda!..
Mingəçevir
şəhəri
İsmayıl
Mərcanlı İMANZADƏ
Ədəbiyyat
qəzeti.- 2024.- 27 iyul, ¹28.- S.9.