Fattahov Roma-
Ən arxa sıra!
Hekayə
Dünən
Roma öldü...
Sinfimizin ən
yekəpər uşağı idi. Ona əyripəncə
ayı ("kosolapıy medvedğ") deyirdik. Doğrudan da,
ayı boyda idi. Ona belə deməyimiz heç xətrinə dəymirdi,
əksinə, çox xoşuna gəlirdi. Hərdən mənə
elə gəlirdi, onun, doğrudan da, pəncələri var.
Kimləsə dalaşanda, ya öz aramızda zarafatlaşanda,
uzun qollarını, böyük əllərini havada ayı pəncəsi
kimi yelləyirdi, heç kim yaxınına düşə
bilmirdi, qabağına çıxanı vurub
aşırdırdı.
Hansımızınsa
davası olanda, Romaya deyirdik, "bez problem, bratan", - deyib
düşürdü qabağa.
Yadıma
düşür, bir dəfə elə məktəbin
yaxınlığında, JEK-in aşağısında onu Azərbaycan
bölməsinin uşaqları təkləmişdi. Biz
iki-üç uşaq idik, onlar isə bizdən daha çox və
yaşca da böyük idilər. Düzü, bizə nəsə
eləmirdilər, elə Romanı döymək istəyirdilər,
onunla dalaşırdılar. Davanın bir məqamında Roma
qurumuş ağacın budağını qoparıb nəriltiylə
cumdu onu təkləyənlərin üstünə.
Arxalarına baxmadan qaçdılar. Belə idi Roma.
Ləzgi
idi. Çox qalın səsi var idi. O danışanda, elə
bilirdim ayı donquldanır. Amma heç kobud deyildi. Öz
gücünün fərqində idi, amma gücü ilə
kimisə əzmək, qorxutmaq, incitmək niyyəti yox idi.
Zarafat eləməyi xoşlayırdı. Düzdü, bunu elə
də yaxşı bacarmırdı, amma şən oğlan
idi.
Çox
vaxt nadinc, oxumayan, şuluq uşaqlar arxa partada otururdu ki,
müəllimin gözündən uzaq olsun. Roma da belə idi.
Həmişə ən arxa partada otururdu. Birinci sinifdən arxa
sıranı özünə məskən seçmişdi.
Amma nə qədər arxada otursa da, gizlənə bilmirdi.
Çünki hamımızdan nəhəng idi. Astaca
danışmaq istəyəndə belə səsini
hamımız eşidirdik.
Dərslərini
heç oxumurdu. "Dvoyşnik" idi. Aldığı ən
yaxşı qiymət "3" olurdu. Amma müəllimlər
onu çox istəyirdilər. Çünki ürəyi təmiz
idi. Müəllimlərə qarşı hörmətsizlik eləmirdi.
Ən çox da, Ziyədxan müəllimin hər dəfə
onun gicgahındakı saçından tutub dartaraq ayağa
qaldırmağına şaqqanaq çəkib
gülürdük.
Yadımdadı,
ədəbiyyat dərsində Turgenevin "Mumu" əsəri
haqqında ifadə yazırdıq. Əlbəttə ki,
bütün dərslərdə olduğu kimi, Roma bu dərsə
də hazır deyildi, əsəri oxumamışdı. Amma
ifadəni yazmağa məcbur idi. Hamı kimi Roma da vərəqi
doldurub müəlliməyə vermişdi.
Növbəti
dərsdə müəllimə yoxlama yazımızın qiymətlərini
bizə açıqlayanda Romanı ayağa qaldırdı:
- Fataxov
Roma! Vstanğ! (Ayağa qalx!) Rasskaji rebətam çto tı
napisal v izlojenii! (İfadədə nə
yazdığını uşaqlara danış!)
Ədəbiyyat
müəllimimiz Elmira xanımın sözlərində qəzəb
yox idi. Gülürdü. Roma da gülməmək
üçün özünü sıxıb
saxlamışdı.
- Sədğ!
Ə sama rasskaju! Neqodəy! (Otur! Özüm danışacam!
Yaramaz!) - Elmira xanım bu dəfə bir az daha ciddi dedi.
Ayağa qalxıb Romanın Turgenevin "Mumu" əsəri
haqqında yazdığı ifadəni oxumağa
başladı:
"Bir
gün Gerasim (red. əsərin baş qəhrəmanı) tək
yaşamaqdan bezib bazardan özünə 5 şirvana it
aldı"
Müəllim
elə ilk cümləni oxuyan kimi bütün sinif gülməyə
başladı. Roma özü də arxa partada
başını aşağı salıb gülürdü.
Biz gah müəllimimizə, gah da Romaya baxıb əylənirdik.
"Gerasim
itin adını Mumu qoydu. Onu evə gətirib "Head and
Shoulders" şampunuyla yaxşıca çimizdirdi" -
müəllim növbəti cümləni oxudu.
Müəllimimizin
gülməkdən gözləri yaşarmışdı.
"Gerasim
Mumuya çoxlu yemək alırdı. Hər gün 2
şirvan pul xərcləyirdi ona. Mumu kef eləyirdi" -
növbəti cümlə...
Əyləncə
böyüdükcə daha da ürəkdən
gülürdük.
Sonra müəllim
Romanın yazdığı ifadənin son cümləsini
oxudu:
"Bir
gün Gerasimin pulu qurtardı. Gördü ki, Mumuya yemək
ala bilmir. Aparıb Mumunu bazarda 5 şirvana satdı".
Sizə
yalandan bu cümləyə çox kədərləndiyimizi,
sinfə sükut çökdüyünü deməyəcəm.
Bu sonluğa da xeyli gülmüşdük. Deyəsən, həmişə
"2" alan Roma həmin gün ömründə ilk dəfə
yoxlama işindən "3" almışdı.
Mən
çox sonralar, tələbəlik illərimdə ədəbiyyatın
postmodernizm cərəyanı ilə tanış olanda, ədəbiyyatda
dekonstruktivizmin nə olduğunu öyrənəndə fərqinə
varmışdım ki, mənim tanıdığım ilk
postmodernist, dekonstruktivist yazıçı da elə bizim Roma
idi.
- Fattahov
Roma! Ən arxa sıra! Ruhun şad olsun!
Ulucay
Akif
Ədəbiyyat
qəzeti.- 2024.- 27 iyul, №28.- S.8.