"Qranulalar":
təkcənəlikdən xilas
olan mətnlər
Vaxt gəlir,
hər şeyin yetişir sonu
Bu nəydi, qurtardı, yox oldu, getdi?!
Bu da bir həyatdı - oynadıq onu,
Bu da bir oyundu - yaşadıq, bitdi.
"Ol zamanlar"la "İndiki zamanlar" arasında keçid quran "Seçmələrin
seçməsi - Qranulalar"
kitabında Kamal Abdulla "Mən Azərbaycan dilində yazmıram, mən Azərbaycan dilinin potensialında yazıram" deyir... Bu dil potensiyası zehnimizdə düşüncə
dalğası yaradıb
tarixin dərinliklərinə
yayılır. Orda dünya mədəniyyətinin
düşüncə layları
qatbaqatdır. Orada yunanlarla türklər mif dövründə yaşayırlar. Orda Loakoon da, Dədə Qorqud da eyni statusla mövcuddurlar. Orda Laokoonun boynuna sarılmış ilanları da anlayırsan,
Dəli Domrulun saflığını da... Orda
Odisseylə Basat, Antiqona ilə Beyrək, Buğacla Edip, Dirsə xanla Lay, Dədə Qorqudla Homer yanaşıdır.
Hələ üstəlik,
Sosürün struktural
dilçiliyi də, Lütfi Zadənin qeyri-səlis məntiqi də, "Albatros" şeirilə Bodler, "Azərbaycan ədəbiyyatının
semiotik bütövlüyünü
quran" səma şairi Hüseyn Cavid də oradadır.
Kamal
Abdulla yazır: "Bizə
nə barədə düşünmək imkanı
verilibsə, o, təbiətdə
mövcuddur. Cənnət
və cəhənnəm
- hökmən! Uçan
qablar - bəli! Cinlər və şeytanlar - əlbəttə!
Devlər, təpəgözlər,
yeddibaşlı əjdahalar
- nə qədər desən! Nə zamanlarsa biz onlar barədə sadəcə,
düşünmürdük, biz onları həm də görürdük".
Kitabdakı sözləri üzdən
və səthi oxumayanda inanırsan ki, bu dildə danışan
insan, cənnəti və cəhənnəmi də, uçan boşqabları da, cinləri
və şeytanları
da, devləri, təpəgözləri,
yeddibaşlı əjdahaları
da görən insandır.
İnanırsan ki, onun
ruhu məsti-ələstdə
iştirak edib... Onda hələ Adəm yox idi,
Adəmin ruhu var idi. Həm də
Dədə Qorqudun ruhu...
Kamal Abdullanın bütün yaradıcılığı əslində
"Kitabi-Dədə Qorqud"un
təfsirindən ibarətdir.
Dədə Qorqudun kitabı Kamal Abdullaya görə, Mifdən Yazıya keçid ideyasını həyata keçirən ədəbi
vasitədir, Mifin Azərbaycan ədəbiyyatındakı
səlahiyyətli səfiri
də Dədə Qorquddur. "Üzdəki,
görünən Dədə
Qorqud gizlində qalmış Dədə Qorqudun niqabıdır".
Kamal Abdulla gizlindəki Dədə
Qorqudun sirlərini çözməyə, kitabın
üzündəki niqabı
qaldırmağa bir ömür sərf etmiş yazıçımızdır.
O, Dədə Qorqudu bütləşməyə qoymur.
Buna rəğmən, "Kitabi-Dədə
Qorqud" dastanı
"insan cəmiyyətini
bir qədim təbiət dövründən
başqa bir qədim dövrə - mədəniyyət dövrünə
keçirən körpüdür",
- deyir. Qorqudşünaslıqda
belə bir versiya varmı, olubmu, bilmirəm. Amma növbəti hipotez, yaxud müəllifin qaldırdığı sual
mütləq mənada
yenidir və düşünmək üçün
hədsiz intibalar doğurur: "Bu körpü
Dəli Domrulun quru çayın üzərindən saldığı
haman sınıq körpü olmasın?!"
Quru çayın üzərindəki körpü
nə idi? Körpüdən o tərəfdə
Dəli Domrul hələ Allahı tanımırdı, Allahın
birliyinə iman gətirməmişdi. Əzrayılı
tanımırdı. Körpüdən
o tərəfə o, şərab
içir, sərxoş
olurdu. Körpünün
o başında o, bütpərəst
idi. Körpüdən
bu tərəfdə baş verənlər onu ayıldır, tək olan Allahı
tanıyır. Allahın
mömin insanların könüllərində olduğuna
iman gətirir. Domrul türk düşüncəsini təbiət
dövründən sivilizasiya
dövrünə keçirir.
O, həm də Allahı Qüdsdə, Kəbədə deyil, insan qəlbində arayan sufilərin başlanğıcıdır...
Kamal Abdullanın təfsirində
"Qarşı yatan
Ala dağ"ın məkan
kimi mifosemiotik anlamı qatbaqatdır, həm elmidir, həm metafizikdir, həm mifdir, həm də reallıqdır. "Hərəkətdə
olan zamanla hərəkətsiz məkanın
mifoloji təsəvvürdə
birləşdirilməsi cəhdi"dir.
Bu kitab
postmodern sufi mətnləri
təsiri bağışlayır.
Bu kitabdakı sofist düşüncələr dalğası,
bəzən Laokoonu
saran ilanlar kimi adamın bütün zehniyyətinə dolanır.
Kamal Abdullanın düşüncə
tərzi mifoloji elementlər kimidir. Hər epizodun əngin fəzası vardır. O dərinlikdə
Berqsonun zaman anlayışı
da xüsusi yer tutur.
"Seçmələrin seçməsi
- Qranulalar" İntellektual
kitabdır. Onu Noam Çomskinin generativ dilçiliyi kontekstində
də, Lüdviq Vitgenşteynin məntiqi pozitivizminə istinadən
də oxumaq faydalı olar.
"Qranulalar"dakı sonsuz şüur axını
yeni suallar yaradır. Və bu suallar
ifadə olunan fikrin, yazılan cümlənin, misranın
cazibədarlığını, mətnin gözəlliyini
tamamlayır, nəzəri
baxımdan bütövlüyünü
təmin edir.
Məsələn, belə:
"Pərdə önündənsə
pərdə arxasında
baş verənlər
daha maraqlıdır. Kulis və kontekstin
qədrini bilək".
O biri səhifədə isə:
"Məni başqasından gizlətmək çətin,
Sənin
hər yerindən görünürəm mən.
Üzündən, gözündən görünmək
asan,
Səsindən, sözündən görünmək
asan -
Sənin
kölgəndən də
görünürəm mən."
Yaxud o,
"Yarımçıq əlyazma"nın
dilini təniqid edənlərə xatırladır
ki, "Yarımçıq əlyazma"nın dil baxımından tənqid olunan tərəfi əsərin Dədə Qorqudla bağlı hissəsi olub, buna rəğmən, Şah İsmayıl hissəsi tənqid olunmayıb. Tənqidçilər nəzərə
almayıb ki, arxasında
mətn dayanan və mətn dayanmayan romanları fərqləndirmək lazımdır.
Yaxud bu kitabın araçılığı ilə
ədəbi tənqidimizdə
ilk dəfə belə
bir üslub dilə gəlir: "Azərbaycan ədəbiyyatının
bu günə qədər hövlnak (qorxaqcasına) qaçmağa
çalışdığı ən başlıca mövzu, ideya budur: o biri dünyanı
görməzliyə vurmaq.
Guya o biri dünya yoxdu, məhşər ayağı
yoxdu və cavab vermək vaxtı - o müdhiş vaxt heç vədə gəlməyəcək".
Bu mənada, "Seçmələrin
seçməsi - Qranulalar"
həm də nəzəri kitabdır.
Bu kitab, eyni zamanda soykökü
barədə düşüncədə
milli ikiliklərdən imtinanı
təlqin edən, Koroğluya deyil, Dədə Qorquda çağıran şəcərə
kitabıdır.
Bəzən fəlsəfi sofistika
üslubu ilə göz qamaşdıran bu kitabın janrı nədir?
Janrları sərhədlərə bənzədən, yaradıcılığında
janr qəliblərini dağıdan Kamal Abdulla etiraf
edir ki, "Bu kitabla janrını özüm üçün hələ
də müəyyən
edə bilmədiyim bir mətn yaranmışdır".
"Ədəbiyyatda janr yoxdur. Janr olsa-olsa,
ədəbiyyatşünaslıqda olur" deyən, "janrların üstündən
uçub birindən o
birinə" keçən
yazıçının, şairin,
dramturqun, ədəbiyyatşünasın
kitabı olan "Seçmələrin seçməsi
- Qranulalar"da da janr
qəlibləri dağıdılıb.
Bir dram əsəri, bir
roman, bir hekayə, bir şeir, bir elmi araşdırma
sıxılan enerji ilə bir mini esse şəklində təzahür edib. Kamal
Abdulla müxtəlif əsərlərinin
içərisindəki qranulaları,
özək fikirləri,
cümlələri, yəni
bütün əsərlərinin
cövhərini həmin
əsərlərin həndəsəsindən
azad edib. Onların "zaman və məkanca ayrılmağımıza
son qoy və bizi bir-birimizin yanında yerləşdir"
iltimasına əməl
edib, bu mətnləri təkcənəlikdən
xilas edib. İndi onlar bir küll
halında Azərbaycan
ədəbiyyatının hadisəsi
kimi qarşımızdadır.
28 iyul 2024
Azər
TURAN
Ədəbiyyat
qəzeti.- 2024.- 27 iyul, №28.- S.5.