Müşfiqin
"dövri elementlər sistemində" metallar
Mikayıl Müşfiq kimi zəif ruhlu, "incə
rübablı" bir şairin bərk substansiyaya - metallara belə
həssaslıqla yanaşması, onları poetik obrazlar
sistemində xüsusi fəallaşdırması maraq (həm
də təəccüb!) doğurur. Onun məcaz
dünyası həm də "metal" dünyasıdır.
Müşahidələr və təhlillər
göstərir ki, Müşfiqin "metal"la bağlı
metaforaları yalnız poetik dil hadisəsi deyil, həm də
təfəkkür hadisəsidir.
Görkəmli Azərbaycan filosofu N.Mehdi yazır ki,
"əl-kimyaçı üçün qızıl həm
də Günəş idi. O, gümüşlə Ayı,
qurğuşunla Yupiteri, misi, Venera ilə, dəmiri Mars ilə,
civəni Merkuri ilə doğmalaşdırırdı. Ulduzlar dünyası və münasibətləri
metallar aləmində əks olunurdu. Metallar
arasındakı proseslər dünya prosesi kimi
görünürdü".
Müşfiq
XX əsr Azərbaycan şeirinin "əl-kimyaçısı
(kimyagəri)" idi "gümüş, qızıl"
metal adlarını poetik prosesdə "əridərək",
gözlənilməz metaforalar əldə edirdi.
Müşfiq poeziyasında qiymətli metallar arasında
qızıla, gümüşə daha çox diqət
yetirilir və əksər hallarda təbiət hadisələrinin
və obyektlərinin təsvirində bədii detal (rəng,
işıq) səviyyəsində təqdim edilir. Dan yeri
sökülmüşdü,/Dənizə
tökülmüşdü/Günəşin
qızıllığı.
Əl-kimyada qızıl Günəşlə idarə
olunan metaldır, ona görə də onu "metalların
şahı" adlandırırlar.
Cahan
dolaşacaq əli çıraqlı
Qızıl
fikrimizin ətəklərində
yaxud
Əridib
qəlbində qızıl eşqini
Könül qulağınçın yaparkən tana.
Gümüş
işıqlı, ağ, parlaq metaldır,
sevgi, emosiya metalıdır. Kimyagərlikdə
Ayı simvolizə edir. Bir neçə nümunəyə
diqqət yetirək: "Andıdır Şölənin
xuraman boyu/Fəvvarədən çıxan gümüş
bir suyu"; "Uzaqdan uzağa xam gümüş
kimi/Ağaran səhradan necə əl çəkim?"
Dilçilər bilirlər ki, dilə və mifə eyni
konseptual forma-metaforik təfəkkür xasdır. Məhz
metafora dil və mif arasında mənəvi əlaqə
yaradır. Metafora Müşfiq
üçün dünyanı dərketmə üsulu idi.
Böyük şair anlayırdı ki, metafora
düşüncə forması kimi yeni dövrü, yeni
gerçəkliyi təsvir edir, dünyanın fərqli
anlamını yaradırdı. Məşhur
Amerika dilçiləri C.Lakoff və M.Conson sübut edirlər
ki, "metafora öz məğzinə görə anlamanı
təmin edən fenomenlərdir".
Poetik dil təfəkkürü mifoloji təfəkkürdür,
yəni dünya haqqında bilikləriniz, təsəvvürləriniz
mifolojiləşmə proseduru ilə konseptuallaşır. Ona görə
də "hər bir metafora mahiyyətcə kiçik
mifdir" (M.Makovski). Mif kimi, metafora da
sözdə mövcud olur.
Metafora Müşfiq dilinin enerjisinin, təzahürü və
məna məkanları yaratma imkanıdır. Bəzən bənzətmələr
o qədər gözlənilməz olur ki, şairin metaforik təfəkkürünün
çevikliyinə heyrət edirsən.
Metal
leksikası daha çox bənzətmə, metafora, hiperbola
effekti üçün yarayır. Görünür,
Müşfiqin dünya görüşündə
metalların mahiyyəti gerçəkliyi dərki və təsviri
üçün etalon hesab edilir. Onun metal
leksikası (dəmir, polad, çelik, gümüş,
qızıl, mis, tunc) bu arxetipin vanasiyalarıdır, "dəmir"in
şüuraltı fərqli məna formalarıdır. Və onların hamısını birləşdirən
məna "möhkəmlikdir", "sərtlikdir".
Metal bərk substansiya kimi insanın gücünü, iradəsini,
xarakterini ifadə edir.
"Dəmir" D.İ.Mendeleyevin dövri sistemində
səkkizinci qrupun elementidir, atom nömrəsi də 26-dır
və Fe simvolu ilə (Latın. Ferrum) qeyd olunub.
"Dəmir" sözünün metaforik imkanları
Müşfiqdə poçt qutusunu, linotipi, gəmini (vaporu)
mifik varlıqlara çevirir. Y.Qolosovkerin dediyi kimi,
bu metaforalar, bənzətmələr, hiperbolalar əslində
mifik varlıqlardır, əşyalardır və ya
aktlardır. Məsələn, Müşfiq "Vapor və
fırtına" şeirində yazır:
Sürətlə
fırlanınca onun təkərlikləri,
Bəyaz
çiçəklər açdı əndamının hər
yeri,
Dəmir
qanadlarilə burnuna vurdu, vurdu...
Şair
poçt qutusunu metafora vasitəsi ilə şəxsləndirir:
Sən mənimlə bir qədər razılaşıb izin
ver,/İzin ver də yarayım dəmir
bağrını az-çox.
Şair metallardan mifik predmetlərin və simvolların
yaradılmasında istifadə edir. Daş, Torpaq, Hava, Su, Od
ünsürləri ilə yanaşı, metallar da (dəmir,
qızıl, gümüş) arxetipik səciyyə
daşıyır. N.Mehdi XX əsr fransız
filosofu Q.Başlyara istinadən yazır ki, "insan, daha
çox sənətçi bilərəkdən, ya bilməzə
öz yaşamının bir çox olaylarını anlamaq
istəyəndə onları həmin ünsürlərin əlamətlərində
modelləşdirir, duyur, anlayır".
Müşfiqin
bədii dünyasında "Dəmir" dörd
ünsür (Od, Su, Hava, Torpaq) kontekstində
"metafora əməliyyatında" da iştirak edir.
Hava
stixiyası: "Onda qoy saçlarını oxşayan
dadlı yellər,/Deyil dəmir qanadlı,
ipək qanadlı yellər".
Torpaq
stixiyası: "Paltarı sərt dəmirdən əli
qalxanlı torpaq" və s.
XX əsrin 20-30-cu illərində traktorun metaforası
"dəmir at" idi. "Dəmir at" metaforası
sosrealizmin ən çox işlətdiyi ifadə idi. Belə təsəvvür yaranmışdı ki,
"dəmir at" kəndlinin atının əvəzinə
gəlibdi.
Haçadil
atların dəmirdən olacaq
Kolxozun
sürdükcə zəmidə traktor...
Müşfiqin poemalarda Daş və Dəmir arxetiplərindən
şüuri və ya qeyri-şüuri surətdə bir yerdə
istifadə etdiyini görürük. "Çoban"
poemasının qəhrəmanının Dəmirdaşdır.
Möhkəmlik, sərtlik daşın və dəmirin
özəl mahiyyətidir. Şeirlərdə bəzən
bu arxetipik obrazlar sinonimik sırada, yanaşı gəlir:
"Mənim bu ürəyim daşmı, dəmirmi?"
yaxud: "Əlində daş, dəmir... mətin
dağları Sürünə-sürünə hirslənib
deşir"; və ya "O zaman danış ki, güllələr
kibi/Keçsin danışdığın daşdan, dəmirdən".
Müşfiqin "dövri elementlər sistemində"
tunc fəal yer tutur. 20-30-cu illər Azərbaycan poeziyasında
"tunc" yalnız Müşfiqin poetik dilində bu qədər
obrazlı işlənmə tezliyinə malikdir. Bunun bir səbəbi də, fikrimizcə, şairin təhtəlşüurunda
"dəmir" arxetipinin dərin iz buraxması ilə
bağlıdır. "Mən bir dövrdəyəm ki,
tunc qanadlanır,/Qara daşın, mərmərin
köksü atlanır". Yaxud: "Haray, ey şeirimin tunc
qanadları/Fikrimin, hissimin ceyran atları".
Bu misralar yaddaşımızda A.S.Puşkinin "Tunc
atlı" poeması ilə assosiativ bağlantı da yaratmaq
gücündədir.
Müşfiqin zərif misralarına "polad" kimi
ağır metalın daxil edilməsi maraqlıdır.
Müşfiq "polad"ın sinonimi kimi
"çelik" sözünü daha estetik ehtirasla və
ilhamla işlədir. "Çelik" Osmanlı (Türkiyə)
türkcəsində "polad" deməkdir. "Qranit damarları, ey çəlik qanlı
torpaq". Və ya "Keçmiş sərhəddimdə
bir çəlik sipər/"Hazıram!"
sözünü etmişəm əzbər". Yaxud:
"Üzlər almazlı, baxışlarsa çəlik,/Nəşədir getdiyi yoldan tələbi"
Mən
çəlik ürəkli bir yeni gəncim
Dildən
dilə düşmüş hekayətim var
Qaynaqlara
edərkən gədikləri çarpaşıq
Bu gün çəlik bağrınız nədən
söküldü dağlar?
Günəşinlə
parlasın üzlər, ərgin çəliklər
Zavodlar
qaynaşınca,
Qaynaşınca
fabriklər...
Sovet ideologiyasının və sosrealizmin kult əsərlərindən
olan M.A.Ostrovskinin "Polad necə bərkidi" avtobioqrafik
povestinin təbliği, Stalinin təxəllüsü -
soyadı və s. "polad" simvolikası ilə
bağlılığı sənət aləmində
populyarlaşmasını şərtləndirmişdi. "Polad"
sözünün məcaziliyi sovet insanının iradəsini,
xarakterini simvolizə edirdi.
1936-cı ildə Nikolay Ostrovski uzun sürən xəstəlikdən
sonra vəfat edir. Müşfiqin təhtəlşüurunda
"polad" obrazı yenidən oyanır -
yazıçıya "Nikolay Ostrovski üçün"
adlı şeirini həsr edir. Şeirin son
misralarında həmin əsərə işarə var.
Ey
böyük sənətkar, ey böyük əsgər!
Bu şərəfli
həyat dünyaya dəyər!
Bağırır
ardınca ölkələr, ellər:
Bərkimiş,
bərkiyir "Polad"ın sənin!
P.S. NKVD
qazamatında verilən işgəncələr Müşfiqin
polad (çelik) iradəsini sındıra bilmədi...
Müşfiq səs fenomenoloqu idi. Onun yüksək
səs duyumu imkan verirdi ki, səslərin "metal təsnifatını"
da verə bilsin. Maraqlıdır,
Müşfiqdə hər səsin çeşidi,
tonallığı, havası metallarla - tuncla, dəmirlə,
mis ilə ölçülür.
Bir tunc əks-səda
qarşıkı dağdan
Söyləyir:
"Qarını, durma, xəbərlə!".
yaxud
Düşün,
uzun qüssədir bu gəncliyin qissəsi,
İstəməm
gurultunu, mənim səsim mis səsi
və
ya
Soraq...
bir mis səsi çınladı yenə,
Dostlar
bir-birinin düşdü üstünə
və
ya
Çınlar
hər yanda çəlik bir səs-küy
Duyulur hər küçədən.
"Tunc"
metaforik epiteti tunc musiqi alətlərinin (boru, litavra və s.)
səsinə şairin assosiativ reaksiyası ilə də
bağlı ola bilər:
Gülüş
vardır səslərinə tunc əkslər yapdırır,
Gülüş vardır könülləri
rüzgarlara qapdırır.
Beləliklə,
Müşfiq poetikasında metal leksikasına qısa ümumi
baxış göstərir ki, şairin metallara diqqəti
yalnız sovet gerçəkliyində baş vermiş hadisələrlə,
quruculuq işləri ilə (sənayeləşmə, elektrikləşmə)
bağlı deyildi, həm də təhtəlşüur məsələsi
idi, mifoloji düşüncə tipindən gəlirdi.
Rüstəm Kamal
Ədəbiyyat qəzeti 2024.-
1 iyun, №20.- S.9.