Vətən üçün yanırlar
Tərcüməçidən
Ukraynanın Azərbaycanda yeni
təyin olunmuş səfiri barədə mənə ölkəmizin
və ədəbiyyatımızın
sadiq dostu, görkəmli Ukrayna ədəbiyyatşünası Dmitro Drozdovski yazdı, təxminən,
3-4 həftə əvvəl;
səfirin telefon nömrəsini də. Cənab səfirin ədəbiyyatla
bağlı olduğunu,
şeir yazdığını,
Azərbaycan Yazıçılar
Birliyinə dəvət
eləsək, bu dəvəti məmnuniyyət
və maraqla qəbul edəcəyini də qeyd elədi.
Ölkəmizə təzə gəlib
deyə, öz-özlüyümdə
səfirin işinin çox ola biləcəyi ehtimalıyla
bu görüşün
iyunun birinci yarısında keçirilə
biləcəyini düşünüb,
götür-qoy eləsəm
də, "Xarıbülbül"
festivalında Xalq yazıçısı, ölkəmizin
Ukraynadakı keçmiş
səfiri Elmira Axundova
ilə görüşümüz
vəziyyəti dəyişdi.
Elmira xanım səfir Yuri Qusevi yaxın günlərdə
Yazıçılar Birliyinə
dəvət edə biləcəyini söylədi
və görüşü
təşkil etməyimi
xahiş etdi.
Bir neçə
gün sonra Ukraynanın Azərbaycandakı
fövqəladə və
səlahiyyətli səfiri
cənab Yuri Qusev səfirliyin ikinci katibi cənab Stanislav Kovalın rəfaqəti ilə Birliyə gəldilər. Birliyin sədri, Xalq yazıçısı Anar,
I katib, Xalq yazıçısı Çingiz
Abdullayev, birliyin katibi, əməkdar incəsənət xadimi, yazıçı Elçin
Hüseynbəyli, Xalq
yazıçısı Elmira Axundovanın iştirakıyla
olduqca maraqlı görüş keçirildi
və bir çox məsələlərlə
bağlı geniş fikir mübadiləsi aparıldı.
Xalq yazıçısı Anar
Azərbaycan Yazıçılar
Birliyinin tarixi, hazırkı vəziyyəti
və fəaliyyəti
ilə bağlı ətraflı məlumat verdi. Eyni
zamanda mən də öz tərəfimdən son 20 ildə
Azərbaycan-Ukrayna ədəbi
əlaqələri barədə
geniş məlumat verdim, bu illər
ərzində Ukrayna ədəbiyyatı ilə
bağlı nəşrlərimizdən
- ukraynalı ədiblərin
əsərlərinin də
yer aldığı
"GUAM ölkələri ədəbiyyatı antologiyası",
"Dünya ədəbiyyatı"
dərgisinin Ukrayna ədəbiyyatı xüsusi
sayı, böyük Ukrayna şairi Vasıl Stusun "Kolımada kəklikotu qoxusu" şeir kitabı, "Vüqarlı
Dneprin suları axsın" - Ukrayna şeiri antologiyasının
çap edildiyini söylədim, "Ədəbiyyat
qəzeti"ndə xüsusi
buraxılışlar kimi
dəfələrlə nəşr
olunmuş "Ukrayna ədəbi əlavələri"
barədə, habelə
Ukraynada nəşr olunan "Kiyevskaya Rus", "Vsesvit",
"Kultura", "Teatr"
dərgiləri, "Literaturnaya
qazeta" (Ukrayna) qəzeti ilə əməkdaşlığımız
barədə, son illərdə
isə Elmira Axundovanın
dəstəyi ilə Kiyevdə çap olunan çoxsaylı kitablar, xüsusən,
"Bayraqdar" (Qarabağ
hekayələri) antologiyasından
söz açdım.
Səfir Qusevlə müzakirələrimizin
əsas mövzularından
biri də, heç şübhəsiz,
Ukrayna-Rusiya münasibətləri,
xüsusən, indiki savaş oldu.
30 ildi uzanan Qarabağ problemini, 1 milyondan artıq qaçqının və
məcburi köçkünün
ağrısını hamılıqla
yaşamış, on minlərlə
şəhid vermiş
və bir o qədər qazisi olan ölkəmizin tarixi, əlbəttə, cənab səfir üçün bəlli məsələlər idi. Eyni zamanda 44 günlük Zəfər savaşımız,
1 gündən az çəkən lokal antiterror əməliyyatı,
Zəfər savaşına
qədər uzanan ağrılı, üzücü
danışıqlar, bu
gün də dünya güclərinin təzyiqi ilə heç də asan məcrada getməyən sülh danışıqları haqqında
da danışdıq.
Ukrayna-Rusiya münasibətləri gərginləşən və
sonradan savaşa çevrildiyi ilk günlərdən
bu yana,
Azərbaycanın həm
ən ali səviyyədə, həm
də bir dövlət və xalq olaraq Ukraynanın
ərazi bütövlüyünü
dəstəklədiyini, dövlətlərin
ərazi bütövlüyünün
bütün zamanlarda ən əsas prinsip olduğu da cənab səfirin diqqətinə çatdırıldı.
Əlbəttə, öz yaxın
tarixi təcrübəmizdən
bəzi məsələlərə
fərqli baxdığımız
bir daha üzə çıxdı,
xüsusən, Qərb
və Avropa dövlətlərinin "ikili-üçlü
standartları" barədə
fikir ayrılıqlarımız,
müxtəlif savaşların,
xüsusən, II Dünya
müharibəsinə münasibətdə
fərqli düşüncələrdə
olduğumuz, bəzən
dostyana qızğın
"mübahisə" də
yaratdı.
Ukrayna prezidenti
cənab Zelenskinin elan etdiyi "sülh formulu", onun müvafiq bəndləri, bizim o
formula münasibətimiz də
söhbətlərimizdə yer aldı.
Hətta sülhə xidmət edəcəksə, Bakıda
Ukrayna və Rusiya ədiblərinin görüşünü keçirə
biləcəyimizin mümkünlüyünü
də dilə gətirdik ki, bu gün də
o təklifimiz qüvvədədir.
Bütün bu söhbətlər və müzakirələr
zamanı cənab səfir Ukraynanı, öz doğma vətənini hərarətlə
sevən, həqiqi vətənpərvər kimi
danışır, bizimlə
bölüşmədiyi fikir
və təkliflərimizə,
bu və ya digər məsələlərə
bəzən şairlərə
xas qızğınlıqla
reaksiya verirdi.
Daha əvvəl Dmitro Drozdovskinin məktubundan, sonra isə söhbət zamanı öyrənmişdim ki, cənab səfirin atası Veniamin Qusev (1945-1997) tanınmış Ukrayna şairidir, sən demə, ötən əsrin 60-cı illərində
Bakı Xəzər Dəniz Donanmasında xidmətdə olub, müxtəlif mötəbər
vəzifələrdə işləyib.
Səfir
Yuri Qusev isə Ukrayna Müdafiə nazirinin müavini
(2015-2016), Xerson Vilayətinin
qubernatoru (2019-2020) , Ukrayna
Müdafiə Sənayesinin
baş direktoru
(2020-2023) kimi çox
mötəbər dövlət
vəzifələri tutub.
İqtisadiyyat elmləri namizədi,
ilahiyyat elmləri doktoru, professordur. Kiyev İqtisadiyyat Universitetində,
Harvard Universitetində və
London İqtisadiyyat və
Siyasi Elmlər Məktəbində təhsil
alıb.
Amma həm ata və oğulun
bioqrafiyasında, həm
də sonradan Dmitro Drozdovskinin hər iki şairdən
seçərək göndərdiyi
şeirlərdə xoş
eyniliklər vardı. Hər iki şəxsin istedadlı şeirləri
öz yerində, sən demə, cənab səfir də atası kimi şahmatı sevirmiş; hərçənd
ata Qusev şahmat üzrə ustalığa namizəd dərəcəsi alıbmış;
üstəgəl, hər
iki şairin metrik bənzərliklə
yanaşı, demək
olar, eyniadlı və eyni mövzulu
şeirləri də varmış.
Görüşümüzün sonuncu xoş məqamı isə səfir Qusevin yeniyetmə oğlu Mixail Qusevin yazıçı istedadının
olduğunu və artıq ilk fantastik əsərinin - "Deraviya. Kvant sıçrayışı"
romanının çap
edildiyini bilməmizdi.
Demək
ki, yazıçılıq,
ədəbiyyat Qusevlərin
artıq irsi məziyyəti imiş.
Dünya ədəbiyyat və siyasət tarixində səfir şairlər, səfir yazıçılar
çox olub. Və bu
həmişə həm
siyasətə, dövlətlərarası
münasibətlərə, həm də ədəbiyyata pozitiv təsir göstərib.
Biz də bu məlum
qənaəti bölüşür,
səfir Qusevin Azərbaycandakı fəaliyyətinin
dövlətlərimiz və
xalqlarımız arasındakı
münasibətlərə xoş
təsir edəcəyinə
inamımızı ifadə
edir, böyük məmnuniyyətlə Veniamin
Qusev və Yuri Qusevin hərəsindən
üç şeiri "Ədəbiyyat qəzeti"nin
oxucularına təqdim
edirik.
Səlim Babullaoğlu,
Azərbaycan Yazıçılar Birliyinin
katibi
Ədəbiyyat qəzeti 2024.- 1 iyun, ¹20.-
S.8.