“Kitabi-Dədə
Qorqud” və qeyri-səlis məntiq” kitabı - Türkiyədə!
Xalq yazıçısı,
akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif olduqları
“Kitabi-Dədə Qorqud”
və qeyri-səlis məntiq” kitabı Türkiyədə çap
olunub.
“Ötüken”
nəşriyyatında işıq
üzü görən
yeni nəşri Türkiyə türkcəsinə
“Türk Ədəbiyyatı”
dərgisinin baş redaktoru Bəxtiyar Aslan çevirib. Kitabın “Ön söz”ünün müəllifi
görkəmli türkoloq
alim, professor Əhməd Bican Ercilasun, “Son söz”ün müəllifi
isə Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun müdiri Burak Ekedir.
Professor
Əhməd Bican Ercilasun “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının “Ön söz”ündə yazır:
“Qeyri-səlis məntiq
“0” ilə “1” arasında
bir çox dərəcənin olduğunu
proqnozlaşdırır. Lütfi
Zadənin 1965-ci ildəki
məqaləsi əslində
“ya o, ya budur” şəklində klassik Aristotel məntiqinin rədd edilməsidir. “O” ilə “bu” arasında bir çox fərqli dərəcələr
var. Bir çox texnoloji
inkişafa səbəb
olan Lütfi Zadə öz nəzəriyyəsinin ictimai
elmlərə də tətbiq olunmasını çox arzulayırdı.
Bu kitabla onun bu arzusu
gerçəkləşdi... İndi əlimizdə Bəxtiyar Aslanın Türkiyə türkcəsinə
tərcümə etdiyi
“təkmilləşdirilmiş nəşri”nin mətni var. Düzdür, belə mücərrəd
əsərin tərcüməsinə
çalışmaq cəsarət
tələb edir. Bəxtiyar bəy bu işi uğurla
başa vurub”.
Dünya
şöhrətli azərbaycanlı
alim Lütfi Zadənin ideyalarının
təbliğində mühüm
rol oynayan “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı qeyri-səlis məntiqin ədəbiyyata ilk tətbiqidir. Burada “Kitabi-Dədə Qorqud”a qeyri-səlis məntiq prizmasından yanaşma Dastanın tədqiqi prosesinə yeni ruh verir.
İlk dəfə olaraq qeyri-səlis məntiq prinsiplərinin qədim dastana tətbiq edildiyi kitabda müəlliflər
əcdadlarımızın düşüncə tərzinə
xas olan demokratik əhvalı “Dədə Qorqud” boylarının gizli
dil qatlarında aşkarlayırlar. Beləliklə,
“Kitabi-Dədə Qorqud”
qeyri-səlis məntiq
prinsiplərinə öz
dil məkanında geniş yer verir. Bu qədim
dastanın dərində
gizlənən düşüncə
tərzi qeyri-səlis
məntiqin dörd sütununa aid spesifik məntiqi sxemlərin formalaşmasına
gətirib çıxarır.
“Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı Dastanda qeyri-səlis məntiqə
aid kifayət qədər geniş dil materialının olduğunu aşkara çıxarır ki, bu da öz
növbəsində, qədim
əcdadımızın dünyaya
baxışında daha
geniş və dərin yanaşmanı üstün tutduğundan xəbər verir. Dastanın mətni təsdiq
edir ki, qeyri-səlis məntiqin aparıcı ideoloji prinsipi olan seçim
imkanı və demokratik yanaşma tərzi, başqa sözlə, tolerantlıq
xalqımıza qədim
zamanlardan bəri xas olan əbədi
dəyərdir. Əcdadlarımız
demokratik tərzdə
düşünməyi məhz
qeyri-səlis məntiq
prinsiplərindən yararlanaraq
öyrənmişlər. Bu
prinsiplərdən bəhrələnmək
onların dünyagörüşlərindəki
genişliyə olan meyil, problemin dərinliklərinə, incəliklərinə
canatma marağı sayəsində mümkün
olmuşdur.
Lütfi Zadənin
məntiq nəzəriyyəsindən
bəhrələnərək ərsəyə gələn
“Kitabi-Dədə Qorqud”
və qeyri-səlis məntiq” kitabı qorqudşünaslar, informasiya
nəzəriyyəçiləri və məntiqçilər
üçün eyni dərəcədə maraqlıdır.
Öz unikallığı
və aktuallığı
ilə seçilən kitab həm
qədim miflərin, həm də müasir ədəbiyyatın
strukturunu öyrənmək
baxımından mühüm
əhəmiyyət kəsb
edir.
Qeyd
edək ki, “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının mətni ilk dəfə “525-ci qəzet”də
altı məqalə və müqəddimə şəklində dərc
olunub. Mütəxəssislər
və elmi ictimaiyyətdən alınan
müsbət rəylər
son dərəcə əhəmiyyətli olan bu qeyri-adi mövzunun
kitab şəklində
nəşr olunması
fikrini ortaya qoyub. Beləliklə, qəzet məqalələri
yenidən təkmilləşdirilərək
kitab halına salınıb. Üç
dəfə Azərbaycanda,
habelə Almaniyada və indi də
Türkiyədə çap
olunub. Eyni zamanda, kitabın ingilis dilində nəşrinə hazırlıq
görülür.
Sadiq Zaman,
filologiya üzrə fəlsəfə
doktoru
Ədəbiyyat qəzeti 2024.- 1 iyun, ¹20.- S.2.