Rəsul Rzanın uşaq
şeirlərində "...o dalğın çocuq"
Göydən
düşən üç alma!
Yadıma
salma!
R.Rza
Rəsul Rzanın şeirləri dön-dönə
oxuduğum, ovunduğum, güc aldığım poeziya örnəkləridir
mənim üçün. İnsanı bunca sevən, bunca dərdlərinə
şərik olan, bu qədər dərindən tanıyan az şair tanıyıram. "Mənə
bir sərgi salonu verin! Orda bir insan şəkli
asacağam - adi bir insan", - misrasındakı fikir
yükü Rəsul Rzanın bütün
yaradıcılıq amalının adıdır. "Rəsul Rza moderni, yaxud şəklin müəllifi
- Zaman" məqaləmdə şairin yaradıcı qələminin
özəlliklərinə müəyyən vurğular etdiyimdən,
bu barədə geniş danışmaq istəmirəm. Həm də söhbətimin predmeti başqa ikən.
Bəli, onun bütün poeziyasının adı
İnsandır! Bu barədə çox
yazıblar, yazacaqlar da. Şairin oğlu, xalq
yazıçısı Anar demiş, "İstər məzmun
zənginliyi, mövzuların üfüq genişliyi, istər
forma, vəzn, ritm, intonasiya, obrazlar sistemi, deyim tərzi,
söz təzəliyi, ifadə orijinallığı, qafiyələrin,
təşbehlərin bənzərsizliyi baxımından Rəsul
Rza yaradıcılığının
unikallığını ədəbi vicdanı olan heç kəs
inkar edə bilməz".
Rəsul Rza həm də uşaq ədəbiyyatının
maraqlı isimlərindən biridir. Onun uşaq ədəbiyyatı
nümunələrini bir neçə istiqamətdə
araşdırmaya cəlb etmək olar: uşaqlar
üçün yazdığı şeirlər, qəhrəmanı
uşaq olan mətnlər və bir də şairin
özünün uşaqlıq çağı, körpəlik,
analı günləri ilə bağlı şeirləri.
Rəsul
Rzanın uşaqlara həsr etdiyi "İlkin məktəbə
gedir", "Balacaların təbiət
ensiklopediyası", "Cücülər", "Təranənin
oyuncaqları" kitablarında deyil, əksər şeirlərinda
balaca mələyin qanadları çırpınır, balaca
ürəyin hərarəti hiss olunur. Bu
yaxınlarda, İctimai Radionun "Can, Azərbaycan"
verilişində uşaq ədəbiyyatı barədə
danışarkən jurnalist Pərvanə
Nadirqızının "necə olub ki, sovet dövründə
yaşayıb yaradan sənətkarlarımız uşaq ədəbiyyatına
xüsusi diqqət ayırıblar" sualını
cavablandırarkən elə bu məqamın üzərində
ayrıca dayandıq. Doğrudan da, necə
olub ki, bunca işin gücün işində bir çox
şair və yazıçılarımız
uşaqlarımız üçün də yazmağı təməl
borc sayıblar özlərinə?! Cavab əlbəttə
ki, birmənalıdır. Çünki gələcəyimiz
üçün narahat olublar, uşaqların mənəvi
baxımdan daha kamil böyümələri üçün
can yanğısı olub içlərində. Çünki
dillə bağlı, yaddaşın itkisi ilə bağlı
narahatlıqları olub. Bir də sevgiləri
olub onlara. Necə ki, Füzuli "Leyli və Məcnun"la
bərabər "Meyvələrin söhbəti"ni də yazmağı vacib bilib. "İblis"
kimi faciə yazan Hüseyn Cavidin qələmindən
"Qız məktəbində" adlanan zərif şeir
nümunəsi də çıxıb. Hələ Səməd
Vurğun müharibənin ən ağır dönəmində
"Balalarımız üçün gözəl əsərlər
yaradaq" adlı manifest xarakterli məqalə ilə
çıxış etməyi özünə borc bilib. Bu həm də milli təəssübkeşliyə
bağlı məsələdir. Gələcək
nəslin sağlam yetişməsinə çalışmaq
istəyindən irəli gələn məsuliyyətdir.
Mənə elə gəlir ki, Rəsul Rzanın poetik
fikrinə məxsus yeni məzmun çalarlarından, intonasiya
və obrazlar sistemindən, ifadə tərzindən bizim
bütünlükdə uşaq ədəbiyyatımız da
faydalandı.
Rəsul Rza uşaq poeziyasına da dərin poetik mündəricə
gətirdi: həyatın hələ kəşf
olunmamış tərəflərinə poetik məzmun verdi, hər hansı fikri kiçik
yaşlı oxucunun qavrama, dərk etmə imkanlarına
müvafiq obrazlarla, lirik-üslubi vahidlərlə ifadə etməyə
özül yaratmaqla bərabər, həm də onun duyum və
düşüncə tərzinin hüdudlarını, təsəvvür
sınırlarını genişləndirməyə yelkən
aça bildi.
Mən
açılan səhərə
Bənzədirəm körpəliyi.
Qaranlıqdan başlayan yolu var.
Səhər kimi yavaş-yavaş açılar.
O da min rənglə
boyalıdır.
O da bir həqiqət
ikən -
xəyalidir.
Rəsul Rzanın uşaq şeirləri ilk növbədə,
onların bədii quruluşuna, poetik strukturuna gətirilən
yeniləşmə ilə səciyyələnir. Folklor ənənələrinin
şairin şeirlərinin poetik strukturundakı
iştirakı, folklorun estetik sistemindən duyum və
düşüncə tərzi baxımından istifadə
halları əsas yeniliklərdən biri kimi diqqəti cəlb
edir. Rəsul Rzanın yazdığı dövrdə də,
ondan əvvəl və sonra da aktual, zəruri mövzularda
şeirlər hər zaman yazılıb: övlad sevgisi, vətən,
yurd yerlərinin tərənnümü, təbiət təsviri,
heyvanlara qayğı və s. Rəsul Rza bu mövzuların hər
birini müasir bədii səviyyədə ifadəsinə nail
oldu. Dərin hiss və səmimiyyət, təbii və
anlaqlı dil, hər hansı mətləbin ifadəsində
nail olduğu əyanilik və konkretlik kimi məziyyətlərlə.
Şanapipik,
şanapipik!
Ala-bəzək, qara kirpik.
Üstü-başı
zolaq-zolaq,
Balacaboy, nazik ayaq.
Daraq kimi pipiyi var.
Gah
cüt olur, gah tək olur,
Onu gendən görmək olur.
Ədəbiyyatşünas
Şirindil Alışanlı ötən əsrin 80-ci illərində
yazdığı məqaləsində şairin "Təbiətin
ensiklopediyası" seriyasından çap olunmuş şeirlərindəki
mühüm cəhətləri önə çəkərək
bildirirdi ki, "onlardakı bədii təsvir vasitələrinin
əlvanlığı, obrazın, ifadənin işləndiyi
məqamın konkret məqsədlə
bağlılığı bədii obyektin müxtəlif
poetik cizgilərlə ifadəsinə imkan yaradır":
Haçaquyruq
qaranquş
Eyvanda yuva qurmuş.
Sinəsi
bütün ağdır,
Yayda bizə qonaqdır.
Qışda
çıxır səfərə
Uzaq, isti yerlərə.
Çör-çöpdən
yuva qurur,
Üstündən suvaq vurur.
Bu gün
uşaq ədəbiyyatında laylalar az
yazılır, ümumiyyətlə, demək olar ki, uşaq
poeziyasının bu janrı sıradan çıxmaq üzrədir.
Axı bir janra uzun müddət müraciət
etməyəndə, onun yeni nümunələri yaranmayanda o
janr yaşarılıq gücünü itirir. Rəsul Rza layla yazmağı da unutmurdu. Onun "Beşik nəğməsi" şeiri bu mənada,
maraqlı nümunədir. Şair folklorun obrazlar sistemindən
yararlanaraq kiçik yaşlı oxucuya mənsub olduğu
xalqın ruhunu aşılayır, düşüncəsini
ötürməyə çalışır:
Sən
ömrümün gülüsən,
Bağçamın
sünbülüsən,
Gül
dodağın güləndə,
Neyləyirsən gülü, sən?
Layla
gülüm, a layla!
Şirin dilim, a layla.
Rəsul Rza uşaq ədəbiyyatına
düşündürmək kimi hissi gətirirdi. Ona qədər
uşaq ədəbiyyatında bunu edən olmuşdumu? Nəsrdə bunu ancaq Süleyman Sani Axundov eləmişdi.
Amma poeziya məkanında sistemli şəkildə
heç kimdə təsadüf edilmir. Həm
də Rəsul Rzanın bu həssaslığı ilk qələm
təcrübələrini yazdığı vaxtdan
özünü büruzə verir. Sovet dövründə
poeziyanın insana dönüşünün izlərini
görmək üçün Rəsul Rzanın bu iki şeiri
bəs edər: "Sarı dana və balaca qız" və
"Çörək satan qızlar". 1960-cı illərin
lap əvvəllərində, sərt direktivlərin, partiya,
qayda-qanun rəsmiliyinin tüğyan elədiyi bir vaxtda
uşaq faciəsinin ağrılarını, uşaq dərdlərini,
problemlərini görüb şeirə gətirmək o
zamanın reallığı içində az
cəsarət tələb eləmirdi. "Sarı dana və
balaca qız" şeirində illik plan qorxusu ilə
insanların lazımsız varlığa dönməsi, kəndin
xəstələnən sarı danasına başı
qarışıb evdəki qızını unudan
sağıcı Gülxara və bu laqeydliyin körpənin
ölümü ilə nəticələnməsi təsvir
edilirdi: "Quyruğunu qoyub belinə /qaçır,
tullanır /sarı dana indi, /Ancaq soruşan yoxdur,
/yaşıl otlar içindəki/o balaca qəbir kimindir!". Yaxud təhsil almaq əvəzinə
küçədə çörək satan
qızlarla şairin qarşılaşması və bu
görüşün onda yaratdığı dərin kədər
və zamana ironiya poetik fikrin təcəssümünə
çevrilirdi:
Qulağımda
bu səsdir,
gözlərimdə
qıvrımsaç qızın gözlərindəki
şeytan
gülüş və kədər.
Bir də
neçə məktəbdə,
neçə-neçə sinifdə boş yerlər.
Bəzi
adamlar buna
"tərbiyə işimizdə
çatışmazlıq, nöqsan".
Bəziləri "keçmişin qalıqları"
deyirlər.
Düşünürəm:
qalıqlar!
Bu acı
xırdalıqlar,
nə qədər
qalacaqdır.
Qalıqların
yuvası dağıldığı
haçaqdır!
1961-ci ildə yazdığı "Uşaq təxəyyülünü
zənginləşdirən lövhələr" məqaləsində
Rəsul Rzanın uşaq mətnlərinə diqqət
ayıran ədəbiyyatşünas alim İmamverdi Əbilov
doğru qeyd edirdi ki, "uşaqları sərbəst
düşünməyə sövq edən şair, onlara
müstəqil mühakimə yürütmək vərdişi
aşılayır". Amma buna əsas verən amil şairin nəsihət
yolu ilə getməməsi, yaxud təsvir və göstərmək
üsuluna üstünlük verməsi deyildi. Əsas səbəb Rəsul Rzanın ruha toxunuş
bacarığı idi. Onun
üçün mətnlərindəki personajın
duyğusu, hissləri önəmli idi. İnsan,
quş, heyvan, əşya - fərqi yoxdur, əsas məsələ,
uşaqları onların hər birinin ruhu olduğuna,
ağrıya biləcəklərinə inandırmaq idi.
Şairin çox sevdiyim "Ana qaz" şeirinə diqqət
edək:
Qazın
yeddi balası vardı,
Qonaq gəldi,
ev yiyəsi
birini kəsdi,
Dedi: -
Altısı qalır, bəsdi!
Gecə
bala qaz,
boynunda
qan-qırmızı lenta,
girdi ana
qazın yuxusuna.
Dəli
bir külək əsdi,
bir bala
düşdü su quyusuna.
Beşi qaldı.
Səhər
iksini
Qonşu satın aldı.
Qonşunun
arvadı dedi:
- İti
bıçaq götür, a kişi,
yazığı incitmə, çığırtma.
Ocağı gur qaladı.
Günortaya hazır oldu çığırtma.
Ev sahibi
bala qazın
birini də
kəsdi.
Dedi: -
İkisi qalır, bəsdir.
İkidən
birini tülkü apardı,
Qaldı
biri
Onu da it
boğdu diri-diri...
Günlər keçdi.
Hava dəyişdi.
Qaz yenə yumurtladı.
Bir, iki, beş.
Ev sahibi
gözlədi
Ana qaz kürt düşsün, deyə.
Qaz bir
gün sındırdı yumurtaları,
İçdi
ağını da, sarısını da,
Yandırdı-yaxdı
ev
sahibini də, qarısını da.
Dedilər:
- Mərdimazar, yaramaz!
Nankor qaz,
nanəcib qaz!
Yaxşı
ki, adam dili bilmirdi qaz,
Yoxsa ki,
soruşardı:
Niyə
nankor,
Yaramaz?
Balaları
yox olandan bəri,
gecələr tez-tez
qaz
yuxudan ayılırdı,
baxırdı o yan-bu yana
Bəlkə
balasından biri qalıb,
Kim bilir,
bəlkə
adam dili
bilsəydi,
ömrü boyu
ağı deyərdi:
"Cücələr,
ay cücələr,
Cücələr,
ay cücələr!.."
Heyvanlar, quşlar aləmi,
təbiət hadisələri - Rəsul Rzanın
yaratdığı bədii lövhələrdəki cazibədarlıq
ilk növbədə, mövzu oxşarlığına meyil
etmədiyinə görə idi, dərin müşahidə
qabiliyyətinə, həssaslığa, duymaq
bacarığına görə idi. Əlbəttə
Rəsul Rza hansısa şeirləri ilə uşaqlara yüksək
estetik zövq aşılamağın qayğısına
qalırdı, amma hansısa şeirləri vasitəsilə
onları həyat adlı məktəbə
hazırlayırdı. Məsələn, vətənlə
bağlı şeirlərin ən gözəl örnəkləri
bizim poeziyada Rəsul Rzaya məxsusdur. Vətən
sevgisi, çinar ağacı timsalında kökə,
torpağa bağlılıq kimi keyfiyyətlər Rəsul Rza
poeziyasında ən ön sıralarda qərar tutur. Ritorik, şablon deyim və mülahizələrdən
uzaq olan bu şeirlərdə predmetə aydın münasibət,
sözə aşılanan emosional tutum hakimdir. "Vətən
adlı bir torpağın/borcu hər an boynumdadır./Qeyrətini çəkmişəm də,/çəkirəm
də./Torpağını əkmişəm də,/əkirəm
də", - deyərək uşaqlarda milli zövq və mənlik
tərbiyə etməyə çalışan şairin deyim və
ifadə tərzindəki təbiilik, rəvanlıq, söz
oynatmaq, dilin incəliklərinə enmək meyli əsas
üslub göstəricisinə çevrilirdi. Azərbaycanın
əksər rayonlarının tərənnümü,
yaralı Təbriz nisgili, bütöv vətən amalı Rəsul
Rza yaradcılığının ayrılmaz hissəsidir.
Fəqət Rəsul Rzanın uşaqlar
üçün yazdığı şeirlərin müstəsnalığı
onlardakı düşüncə dərinliyidir.
Şairin övladlarına - oğlu Anara, qızları Təranə
və Fidana, nəvələrinə həsr etdiyi onlarla
şeiri var. Bu şeirlərin hər birində şairi
mübariz, həyat dolu görürük, müəllif
bütün çətinlikləri adlamaqda onlara mənəvi
güc təlqin edir.
Ümidsiz
olma, bala!
Hər cəfaya,
inciyə,
hər
çətinliyə dəyər,
ömrü bir insan kimi
doğru
yaşasan əgər.
Onun əksər şeirləri uşaqlara tövsiyyə
xarakterlidir. Rəsul Rza üçün müqəddəs
sayılan duyğular vardı ki, şairin uşaq ədəbiyyatı
nümunələrində də bu duyğular həzin bir qələmlə
poetikləşirdi. Məsələn,
"Anamın kitabı" şeiri uşaqlara
ötürülən yaddaşa sadiqlik, kökə
bağlılıq kimi hissin yaşadılması
baxımından diqqəti cəlb edir. Müəllif hər
gün evlərindəki bir kitabı açıb ona diqqət
yetirən anasına kitabın necəliyi haqqında sual verəndə
belə cavab alır:
- Mənə
yadigardır bu kitab
anamdan.
Ona da anasından qalıb yadigar.
Bir
gün,
əbədi ayrılanda biz,
ağlama!
Mənə
yas saxlama!
Ancaq, bir
zaman
onu
gözdən salsan
o
gündən yaz mənim
ölüm günümü
O gün
mənə yas tut!
Və unut.
Yaşa,
dilində,
qulaqlarında sükut...
Rəsul Rzanın yaradıcılığı digər
baxımdan da uğurlu nümunələrlə zəngindir. Şair
"Uşaq oyunları" adı altında uşaq
şeirinin janrları çərçivəsində
şeirlər yazmışdır. Amma bu,
öyrəşdiyimiz uşaq oyunlarından fərqlidir. Rəsul Rza zərif, poetik dillə lirik janrın poetik
ünsürlərindən orijinal şəkildə istifadə
edir. Bu şeirlər şairin qəlbinin
harayı kimi səslənir, bu və ya digər məsələlərlə
bağlı problemləri mövcud epoxanın irəli
sürdüyü ictimai-siyasi, mənəvi-əxlaqi və vətəndaşlıq
mövqeyindən ifadə edir, onlar müəllif
narahatlığının, gərginlik və təlaşının
göstəricisi kimi mənalanırlar. "Kimin əli"
şeirində yalana etiraz, "Balbalacan"da
keçmişin, analı günlərin xiffəti,
"Qa...qa..." şairində uşaqlıqda keçən
bayramların nisgili, geri dönməyən ömür yolunun kədəri,
"Lay-laylar" şeirində ucuz tərif laylasından
qorunma istəyi və s., və i... Həyati
müşahidələr gerçəkliyin poetik səciyyəli
hadisə və detalları üzərinə yönəldiyi
üçün məzmun obrazlı tutum qazanır.
Balbalacan,
batır keçi!
Qoz
ağacı, qotur keçi...
Yadıma
salma, salma!
Balbalacan...
Göydən
düşən üç alma!
Yadıma
salma!
Bilirsənmi
orda
Nələrim qalıb, nələrim?
Nə
ünüm yetir,
Nə çatır əllərim.
Bir də "Anamın laylası" şeiri var Rəsul
Rzanın. Şair dilimizə bəslənən yad münasibətə,
laylaların belə yad, anlaşılmaz dillə oxunmasına
etiraz kimi qələmə alıb bu şeiri. Bütün yaradıcılığı dil amilinin,
dilin təmizliyi və səlisliyinin qayğısı üzərində
qərar tutan Rəsul Rza poeziyasını ifadə etmək
üçün bu şeir gözəl örnəkdir.
Şeirin daxili komponentləri arasındakı təbii-assosiativ
uyarlıq, bədii-məntiqi keçidlər onun daxili
sistemini hasilə gətirən əsas məziyyət
sayılmalıdır:
Mənə
qorxulu bir şey xəbər verirdi
Onun qəm dolu gözləri.
Elə
bil soruşurdu:
Oğul!
Hanı mənim laylam, hanı?
Səsim
gəldikcə qışqırdım:
Ana! Ana!
Yox, yox!
Unutmamışam sənin laylanı.
Hələ
də çırıpınır qəlbim,
neçə vaxtdır mən yuxudan ayılanı.
Düşünürəm
bu nə həyəcan,
bu nə
qorxudur?
Bu ki, yuxudur.
Öz-özümə
deyirəm:
anamın
laylası olmasa,
təəssüf etməzdim, yatıb
bir də
yuxudan ayılası olmasam.
Və nəhayət, Rəsul Rzanın
üçüncü qism şeirləri. Mübariz, əzmli
şair ruhunun kövrək, həzinliklə əvəzləndiyi
mühüm məqam. Ömrün cavanlıq,
ahıllıq, müdriklik çağından körpəliyə,
uşaqlıq çağına, analı günlərə
boylanışda titrəyən ürəyin nisgili, "o
dalğın çocuq"...
Bir zaman,
su
altında kim çox qalar deyə
yoxlayırdım qəlbimi;
ağır-ağır əllini,
yeyin-yeyin
yüzü sayınca.
İndi,
Nazik
büllur vaz kimi
qorxa-qorxa
gəzdirirəm onu.
Sakit ola bilmirəm
o, sakit
olmayınca.
Səsim
çatmır, ünüm yetmir deyəm:
Ana! Ana!
Bir
cırtdan nağılı danışsana!
Uşaqlıq Rəsul Rza üçün sanki başqa
bir dünyanın adıdır. Bu dünyada
ömür nəğmə kimi oxunur, anası ilə
bağlı təsəvvürləri əziz xatirə kimi
qorunur. Uşaqlıq yaddaşının onun içinə
yansıtdığı həyat nəşəsi, bəxtiyarlıq
duyğusu şairə yaşadığı dövrü belə
unutmağa, uzaqlaşmağa vadar edir:
İstəyirəm
qaça-qaça
Qayıdam uşaqlıq günlərinə.
Bir-bir
atam yollara
şöhrəti, adı, imtiyazı -
nəyim
var;
kitab,
dövlət, yazı.
Dənizə
həsrət,
bürküdən təng adam
paltarlarını soyunub
dalğaların qoynuna atılan kimi,
atılam
çılın-çılpaq,
uzaq
günlərin axınına.
Amma bütün
hallarda şeir, söz, sənət xilasdır axı... Rəsul
Rza da özünü bu ali istedadın
verdiyi feyzlə ovudurdu. "Qanadlar" şeirində şair
ən böyük qorxusunun uşaqlıqdan ayrılmaq
olduğunu bildirsə də ("Ayrılarkən körpəlik
sahilindən/ həyatımın yelkəni, /Acı həsrət
qarışıqlı /sirli qorxu bürüdü məni"),
yazdıqlarının onu əbədiyyətə
daşıyacağının fərqində idi:
Qanadsız
qanadlandığım
günlərdə
Nə
gördümsə
söylədim qələmə,
O da
yazdı kəlmə-kəlmə.
Açın
səhifələri!
Onlar ömrümün varaqlarıdır.
"Uşaq
ədəbiyyatında Rəsul Rza imzası..." Əlbəttə,
bu, geniş tədqiqata rəvac verən mövzudur. Yəqin ki, şöbəmizin gələcək tədqiqat
işlərində bu mövzunu xüsusi araşdırma
predmetinə çevirəcəyik. Çünki amalı
uşaqları sevmək, onları yad təsirlərdən, yad
nəfəslərdən və ölümdən (!) qorumaq olan
bir şairin yaradıcılığı onsuz da ölməzlik
adlı ucalıqla mükafatlandırılıb.
Mən istəyirəm:
buludlar ağlasın
uşaqlar ağlamasın;
analı ya anasız.
Mən istəyirəm:
güllər açılsın,
güllələr açılmasın,
amanlı ya amansız.
Elnarə Akimova
Ədəbiyyat qəzeti 2024.- 1 iyun,
№20.- S.6-7.