Vətəni seçməyirlər
Vətənə xidmət hissi
Doğma deyil hamıya.
Əməllərin və
hissin,
Sevgin, qəlbin Vətənçün
Gərək dura sıraya.
Ukraynalıdır adım,
Gur Dneprim, Krımım,
Karpat kimi dağlarım
Qoy, dünyada tanınsın -
Budur işim,
amalım.
Qorxaq bilməz neçindi
Səmadakı ulduzlar.
Vətəni seçməyirlər,
Vətən üçün yanırlar,
Doğma
Ukraynam, sənin
Əsgərinəm mən indi.
Divar
Əqrəblər yeriyir, gecədi, gecdi.
Səmada bir Aydı, ulduzlar bir də.
Fikirlər üstümə qoşun
çəkibdi,
Divar ucaldıbdı
yenə dövrəmdə.
Hər daşı bir qaynar kəlməmdi mənim,
O divar şeirimdi - oxunmayıbdı.
Sözlər ki qafildən,
bədxah nəzərdən
Gizlənib, qəlbimi vətən sayıbdı.
O divar hələ ki dimdikdi, durub,
Bir üzü
həyatdı, biri iztirab.
Hər daşı
əzabkeş hisslə
yonulub.
Yanından ötənlər eləyərmi
tab?
Şair
Kim ki şeir ilə
"hə" və
"yox" deyər,
Kim ki sevə bilər
şairlər kimi,
Kim ki bağışlayar, üzr diləyər,
Kim ki hayqırmağı, sevməyi bilər -
O dərdi, sevinci şeirləşdirər,
O susar mənasız təklif görüncə.
O eşqi şeirdə zərif dindirər,
O şair misradan baxar, gizlicə.
Tərcümələr Səlim Babullaoğlunundur.
Yuri Qusev
Ədəbiyyat qəzeti 2024.- 1 iyun,
№20.- S.9.