Xəyal
Kimisi arayır
öz yuxusunda,
Xəyal küçəsində
bir oğlan gəzir.
Oğlan da
yuxuda öz quyusundan
Görən,niyə
çıxmır, niyə
gizlənir?
Bəlkə o dəli qız, o dəlicə qız
Bilmir ki, yanında durub o oğlan.
Bəlkə xəyalına aşiqdi
o da,
Bəlkə də aşiqdi qıza, lap çoxdan.
Olsun ki, bir axşam
görüşəcəklər,
Qəfildən... təsadüf olacaq adı.
Bir az sıxılacaq,
büzüşəcəklər,
Çökəcək üzlərə xəfif qızartı.
Ömrümün gündəliyi
Qibtə,
şöhrət deyil
məni yazdıran,
Darıxmaqdan yazmıram şeirləri.
Amma hər kəs gərəkdi bircə dəfə
Öz ömrüylə
bəzəyə sətirləri.
Ömür var ki məktublarda həkk olur,
Ömür var ki yuvası
- gündəlikdi.
Yaşantının mənim üçün tək yolu
Qafiyədir, şeirə axışıb
dolur.
Vacib deyil, oxumasın qoy, kimsə,
Duymasınlar adımı şair kimi.
Mən şeiri özüm üçün yazıram,
Hisslərimin şeirdir gündəliyi.
Həyəcan
Həyəcan! Həyəcan! Həyəcan!
Yırğalandı gəmi, qışqırdı
sanki.
Uzandı
baxışlar düz
qürubacan,
Axtardı, hardadı o doğma liman?
İlk dəfə deyil ki, təşviş içində
Xəzər mavisinə baş vururuq biz.
Xoşbəxtik: dalğalı, qırçınlı
yolda,
Bu əziz dənizdə
üzür gəmimiz.
Dönürük, yorğunuq, yorğunuq
yaman,
Yataq, canımızdan
çıxsın yorğunluq.
Sahildə ah çəkir yenə
də bayan,
Gözəllər sarıdan, qızlar sarıdan.
Doğma
yerlər üçün,
ev-eşik üçün
"Ah-of"u ovudur
axşamüstülər.
Dalğalı, qırçınlı dəniz yolları,
Bu əziz yolları
üzənlər bilər.
Veniamin Qusev
Ədəbiyyat qəzeti 2024.- 1 iyun,
№20.- S.8.