Bağırov Şaginyanı Bakıdan nə
üçün qovmuşdu?
Mədəni
sərvət uğrunda mübarizə
Azərbaycanın klassik ədəbi-mədəni irsinə
həmişə milli təəssübkeşlik və vətənpərvərlik
mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev
də Nizami irsinə daim xüsusi diqqət yetirmişdir. Məhz
H.Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul
olunmuş "Azərbaycanın böyük şairi və
mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini,
nəşrini və təbliğini daha da
yaxşılaşdırmaq tədbirləri haqqında" qərar
Nizami yaradıcılığının tədqiqi və təbliği
üçün yeni perspektivlər açmışdır.
Ölməz sənətkarın 1981-ci ildə
ulu öndərin bilavasitə təşəbbüsü və
iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri
ölkənin mədəni həyatında əlamətdar
hadisəyə çevrilmişdir.
2011-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamı ilə Nizami Gəncəvinin
870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə
geniş qeyd edilmişdir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev 2021-ci ili
dünya ədəbiyyatının görkəmli nümayəndəsi,
dahi Azərbaycan şairi və mütəfəkkirinin şərəfinə
"Nizami Gəncəvi İli" elan etmişdir...
Parlaq irsi
əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər
xəzinəsində özünəməxsus layiqli yer tutan
dahi Azərbaycan şairi N.Gəncəvinin yubiley tədbirləri
ilk dəfə ötən əsrin 40-cı illərində, o
dövrdə Sovet Azərbaycanının rəhbəri
olmuş Mircəfər Bağırovun təşəbbüsü
ilə həyata keçirilməyə
başlanmışdı. Həmin dövrdə istər Sovet
İttifaqında, istərsə də dünyada N.Gəncəvi
fars şairi kimi tədqiq və təbliğ
olunurdu.
Doğrudur,
1903-cü ildə görkəmli ədəbiyyatşünasımız
Firidun bəy Köçərli "Azərbaycan
tatarlarının ədəbiyyatı" əsərində
Nizamini tatar-türk şairi kimi göstərmiş və onun
farsca yazıb-yaratmasını orta əsrlərdə bu
çoğrafiyada ədəbiyyat dilinin fars
dili olması ilə bağlamışdı. Firidun
bəyin arqumenti bununla da bitirdi. Yəni
F.Köçərlinin bu fikri heç də Nizami Gəncəvinin
Azərbaycan-türk şairi olmasını əsaslı şəkildə
sübuta yetirmirdi. Ona görə də 1933-cü ilə
qədər (M.Bağırov siyasi hakimiyyətə gələnə
qədər) həm Azərbaycanda, həm də SSRİ-də
Nizami fars şairi kimi təqdim olunurdu.
Yalnız
Mircəfər Bağırovun Azərbaycan rəhbərliyinə
gəlişindən bir neçə ay sonra, 1934-cü ildə
Azərbaycan Yazıçılar İttifaqı təsis edilən
zaman, yaradıcı insanların qarşısında Nizami Gəncəvinin
azərbaycanlı olmasını əsaslı şəkildə
sübut edərək, yeni tədqiqat əsərlərinin
yazılması məsələsini qaldırır. Bu məqsədlə o, dahi şairin əsərlərinin
Azərbaycan türkcəsinə tərcümə edilməsi
tapşırığını verir. Fəqət,
problem ondan ibarət idi ki, sovet şərqşünaslığı
bütün ədəbi mənbələrdə Nizamini fars şairi kimi təqdim edirdi. Eyni
zamanda, o dövrdə Azərbaycan şərqşünaslıq
məktəbi kadr baxımından zəif olduğundan, sovet
şərqşünaslığının mərkəzi
sayılan Leninqrad məktəbinə qarşı gedə
bilmirdi.
Bütün
bunlara baxmayaraq, Mircəfər Bağırovun
tapşırığına əsasən, tanınmış
ziyalılarımız: Abdulla Şaiq Nizaminin "İsgəndərnamə"
poemasının "Şərəfnamə" hissəsini
dilimizə poetik tərcümə edir, İbrahim Tahir Musayev
N.Gəncəvinin "Sirlər xəzinəsi"
poemasını dilimizə çevirir və filologiya elmləri
doktoru, ədəbiyyatşünas Mikayıl Rəfili
"Nizami dövrü: həyatı,
yaradıcılığı" və "N.Gəncəvi və
onun yaradıcılığı" adlı əsərləri
qələmə alır. Bununla da Nizami irsi ilə
bağlı Azərbaycanda çox ciddi tədqiqatlara start
verilir. M.Bağırov, həmçinin, Nizami Gəncəvinin
Azərbaycan şairi olmasını əsaslandırmaq
üçün Sovet İttifaqının tanınmış şərqşünaslarını
bu işə cəlb edir.
M.Bağırovun
təşəbbüsünə ilk dəstək Leninqrad şərqşünaslıq
məktəbinin nüfuzlu nümayəndəsi, görkəmli
şərqşünas və iranşünas Yevgeni Bertelsdən
(Bertels Yevgeni Eduardoviç: şərqşünas, SSRİ EA
müxbir üzvü (1939), Özbəkistan (1944) və
Tacikistanın Əməkdar elm xadimi (1946), İran EA (1944) və
Ərəb EA-nın (Dəməşq) müxbir üzvü
(1955), SSRİ Dövlət mükafatı laureatı (Nizami
yaradıcılığı ilə bağlı tədqiqatlarına
görə, 1948) gəldi. Onun 1939-cu ildə mərkəzi
qəzetlərdə məqalə kimi, 1940-cı ildə
Bakıda "AzFan" nəşriyyatında isə "Dahi
Azərbaycan şairi Nizami" əsəri kitab halında
çap olundu.
1939-cu
ilin aprelində "Pravda" qəzetində ukraynalı
şair Mikolo Bajan (Mikolo Bajan:1951-ci ildə Ukrayna SSR Elmlər
Akademiyasının üzvü, 1946-1949-cu illərdə
SSRİ Dövlət mükafatı laureatı, 1974-cü ildə
Sosialist Əməyi Qəhrəmanı adını alıb)
Nizamidən Azərbaycan şairi kimi bəhs edərək, onu
fars qılafından çıxardı. O, məqaləsində
Stalinlə görüşünü xatırlayaraq, müzakirə
mövzularından birinin də Nizami Gəncəvi ilə
bağlı olduğunu qeyd edir. Bajan yzırdı: "Stalin mənə
söyləyirdi ki, Nizami poemalarında etiraf edib ki, ona öz
xalqının ana dilində yazmağa imkan verilmirdi. Ona görə də o, fars dilində
yazırdı". Əslində, Stalinin
bu mövqeyi Mircəfər Bağırovdan qaynaqlanırdı.
Artıq Stalinin bu yanaşmasından sonra sovet
şərqşünaslıq elmi Nizami Gəncəvinin Azərbaycan
şairi olması istiqamətində ciddi tədqiqatlar
aparmağa və bu faktı ictimailəşdirməyə məcbur
oldu.
Stalinin bu yanaşmasına minnətdarlıq kimi, Azərbaycan
ziyalıları adından mərkəzi qəzetlərdə Səməd
Vurğunun, Rəsul Rzanın və Süleyman Rüstəmin
şeirləri çap olundu. Bütün bunlardan
sonra M.Bağırovun təşəbbüsü ilə Nizami
Gəncəvinin 800 illik yubileyinin keçirilməsi
haqqında qərar qəbul edildi. Bu qərar
çərçivəsində həm də bütün
sovet ensiklopediyalarında N.Gəncəvinin Azərbaycan
şairi olması haqqında məlumatların verilməsi nəzərdə
tutulurdu. Əlbəttə,
M.Bağırovun strateji siyasi əhəmiyyətli bu
addımları erməni millətçilərinin heç də
xoşuna gəlmirdi. N.Gəncəvinin 800
illik yubileyi münasibətilə 1940-cı ildə erməni
daşnaklarının ədəbi nümayəndəsi
Mariyetta Şaginyan "Nizami Gəncəvi" adlı əsər
yazır. Əsər çapa getməzdən
öncə Moskvanın "Dövlət Bədii Ədəbiyyatı"
nəşriyyatının rəhbərliyi ehtiyat edərək,
əlyazmanı M.Bağırova göndərir. M.C.Bağırov bu əlyazmanı
araşdırmağı Tarix İnstitutunun direktoru
İsmayıl Hüseynova tapşırır. İsmayıl Hüseynov bir müddətdən sonra
M.Şaginyanın əsərinin olduqca təhlükəli
olduğunu və təxribat xarakteri
daşıdığını M.Bağırova məruzə
edir.
M.Şaginyan əsərində Nizaminin milli kimliyini bir kənara
qoyaraq, sadəcə, onun dini görüşlərini önə
çıxarır. O, N.Gəncəvi dövründə şiəliyin
aparıcı məzhəb olduğunu və onu İran cəmiyyətinin
təfəkkür tərzində separatçılığa
meylli kimi göstərir. Sual olunur: nəyə görə
M.Şaginyan birdən-birə şiəlik xəttini xüsusi
vurğulamağa başlamışdı? Əslində,
o, adının önündə Mir sözünü
daşıyan Mircəfər Bağırova
sataşırdı. Bununla, eyni zamanda, Azərbaycan
şiələrini sürüşkən, satqın, mərkəzi
hakimiyyətə qarşı separatizmə meylli qüvvə
kimi göstərməyə çalışırdı.
Əlbəttə ki, M.Bağırovun bu kitab barədə
rəyi kəskin tənqid üzərində qurulmuşdu (bu rəy
bizim Milli Arxiv İdarəsində (keçmiş partiya arxivi)
qorunur). M.Bağırovun təşəbbüsü ilə
hazırlanan rəyin müəllifi Tarix İnstitutunun direktoru
İsmayıl Hüseynov idi (İsmayıl Hüseynov: tarix
elmləri doktoru adını alan ilk azərbaycanlı, 1941-1944
və 1958-1960-cı illərdə Azərbaycan Elmlər
Akademiyasının Tarix İnstitutunun direktoru, 1960-1966-cı
illərdə isə AEA İctimai Elmlər Bölməsinin
akademik-katibi, 1949-cu ildə AEA-nın müxbir üzvü,
1958-ci ildə isə həqiqi üzvü, Azərbaycan SSR Ali
Sovetinin "Fəxri fərman"ı ilə təltif
olunmuş və "Əməkdar elm xadimi" fəxri
adına layiq görülmüşdür).
Həmin
rəydən qısa bir iqtibası oxuculara təqdim edirik:
"Şaginyan Nizami yaradıcılığında
yaxşı nə varsa, hamısını xarici təsirlərin
nəticəsi kimi izah edir. Şaginyanın
İslamda şiəlik cərəyanına aid fikirləri də
həqiqətə uyğun deyil. Nizami Gəncəvi
dövründə və ondan əvvəl şiəlik
İran separatizmini əks etdirə bilməz. İranda hansısa ciddi azadlıq hərəkatının
olduğunu və ya separatizmin şiəlik kontekstində
baş verməsinin müəllif tərəfindən söylənilməsi
yanlış və yolverilməzdir (burada Şaginyan şiəliyi
guya separatizmə meylli xətt kimi Moskva elitasının diqqətinə
çatdırmağa çalışırdı - A.M.).
Şiə məzhəbinin yaranmasına gəldikdə
isə o, xəlifə Əlinin qətlə yetirilməsi ilə
əlaqədar deyil, Məhəmmədin vəfatından sonra
Əlinin hakimiyyətə gətirilməməsi nəticəsində
meydana gəlmişdir. Şaginyan çox
nahaqdan şiəliyi iranlılara aid edir".
Moskvaya göndərilən bu rəydən sonra
(Bağırovun həbsinə qədər) Şaginyanın
kitabı işıq üzü görmür. Yalnız
1955-ci ildə M.Şaginyan sözügedən əlyazmasını
"Nizami haqqında etüdlər" adı ilə Yerevanda
4000 tirajla çap etdirir. Bununla da
M.Şaginyanın Bağırov tərəfindən qadağan
edilmiş kitabı işıq üzü görür. M.Bağırovun Şaginyana bu münasibəti və
onu Bakıdan qovması sonralar Azərbaycan rəhbərinə
qarşı qurulmuş məhkəmədə ona qarşı
ittiham kimi səslənirdi.
Bəşəriyyətin bədii fikir salnaməsində
yeni səhifə açmış nadir şəxsiyyətlərdən
olan Nizami Gəncəvinin 800 illik yubileyinin 1941-ci ildə
keçirilməsi planlaşdırılsa da, müharibənin
başlanması ilə bu qəbildən olan yubiley tədbirləri
təxirə salındı. Lakin hətta
ağır müharibə şəraitində belə Leninqrad
Şərqşünaslıq məktəbi kiçik tərkibdə
olsa da, "Azərbaycan şairi Nizami Gəncəvi-800"
devizi altında tədbir keçirə bildi. Nizami Gəncəvinin yubileyi müharibədən
sonra - 1949-cu ildə böyük təmtəraqla qeyd olundu.
Beləliklə, M.Bağırovun birbaşa
iştirakı, şəxsi təşəbbüsü və
fəaliyyəti sayəsində sovet dövlətinin Nizami Gəncəviyə
diqqəti artdı və dahi şairin milli kimliyi ilə
bağlı o dövrə qədər formalaşmış əsassız
fikirlər kökündən dəyişdi.
Adıgözəl Məmmədov
Ədəbiyyat qəzeti 2024.-
1 iyun, №20.- S.11.