Təhlükəsizlik
qaydaları
Uşaq hekayəsi.
Onda Nəcməddinin üç
yaşı olardı. Ermənilər
onların yaşadığı kəndi işğal etdilər.
Ailəliklə kənddən çıxıb
Arazın qırağına gəldilər. Çayın sahili yurd-yuvalarını məcburi tərk
etmiş adamlarla dolu idi. Orada maşınlar,
traktorlar və heyvanlar da vardı. Ermənilər
qonşu kəndləri də işğal etmişdilər.
Hamı o taya adlamaq üçün
çayın qırağına
yığışmışdı. Gecəni
yulğun kollarının arasında birtəhər
keçirib səhər tezdən çayı İran tərəfə
adladılar. Sonra kimin gümanı hara gəldisə,
oraya da üz tutdu. Odur ki, Nəcməddingilin
ailəsi Bakıya, əmisi uşaqları Şirvana, bibisigil
isə Göygöl şəhərinə getdilər. Bunları Nəcməddin xatırlamırdı.
Amma anası dönə-dönə
danışdığından, sanki bütün olub-keçənlər
yuxu kimi də olsa, onun gözünün qabağına gəlirdi.
Hər dəfə də anası bunları
danışanda o, hirslənir və deyirdi.
- Qoy bir böyüyüm, gedib erməniləri tutacam və
soruşacam: "Ay erməni, biz sənə nə etmişdik
ki, bizi kəndimizdən köçürdünüz?" İndi yay tətilində getməyə kəndimiz
yoxdur.
Yaxın qohumlardan kimsə şəhərə
gələndə onlara dönürdü deyə Nəcməddin
yavaş-yavaş qohumlarını tanımağa
başlayırdı. Amma bibisigildən heç kim
şəhərə gəlməmişdi deyə, onları
görməmişdi.
- Bibimgil niyə gəlmirlər, onları görəm? -
Nəcməddin tez-tez bu sualla anasına müraciət edirdi.
- Bibingil heyvan saxlayırlar. Ona görə
də şəhərə gəlmirlər. Bəs onlar
şəhərə gəlsə, qoyunları kim
otarar? Keçiləri kim sağar? Sən böyüyərsən, gedib onları da
görərsən.
Nəcməddin bununla
razılaşmış və böyüməyə tələsmişdi.
Nəhayət, dördüncü sinfi
bitirib yay tətilinə çıxanda Göygölə getmək
istədiyini bildirdi. Həmin vaxt onun on
yaşı tamam olacaqdı. Dedi ki, daha mən
böyümüşəm. Yay tətilini gedirəm
Göygöldə keçirəm. Atası
ilə anası çox
düşünüb-daşındıqdan sonra qərara gəldilər
ki, göndərsinlər. Özünü
də yaxşıca başa saldılar. Atası
Bahadur telefonla zəng vurub Məhərrəmi də xəbərdar
etdi.
- Sən narahat olma. Qatarla yola sal, gəlsin.
Özüm Gəncədə onu
qarşılayaram. - Məhərrəm də onu belə
arxayın etdi.
Bahadur Nəcməddini yola salanda vaqon bələdçisinə
tapşırdı ki, uşağı gözdən
qoymasın. Özü də
arxasınca gələn olmasa, yanından uzağa
buraxmasın. Bələdçi də
razılaşdı.
Amma səhər-səhər qatar Gəncəyə
çatanda Nəcməddin qatardan düşdü. Gələnləri qarşılayanlara ha diqqət
etdisə də, Məhərrəmi ayırd edə bilmədi.
Bir müddət vağzalın qabağında o
tərəf-bu tərəfə gəzişdikdən sonra
vaqona qayıtmaq istədi, axı atası onu bələdçiyə
tapşırmışdı. Bələdçini
isə harasa çağırmışdılar, vaqonda yox idi.
Elə istəyirdi yaxınlaşıb minsin,
vaqonları qoşub hara isə apardılar. Nəcməddin heç kimdən soruşmaq istəmirdi,
qorxurdu ki, onun uşaq olduğunu görüb aldatsınlar.
Hamı, hətta taksi sürücüləri
vağzaldan dağılışıb gedəndən sonra Nəcməddin
oturacaqlardan birində əyləşib gözləməyə
başladı.
Bu vaxt bir kişi vağzalın
içindən çıxıb qatar yoluna tərəf
qaçaraq gəlirdi. Nəcməddin onu görən
kimi oturacaqdan qalxıb qarşısına qaçmağa
başladı.
- Məhərrəm dayı, - ucadan dedi ki, eşitsin. Onlarda böyüklərə hörmət olaraq
kişilərə "dayı", qadınlara "xala"
deyə müraciət edirdilər. Hər
halda valideynləri Nəcməddini belə öyrətmişdilər.
- Mən burdayam, Nəcməddin.
Məhərrəm əvvəlcə əlini
ürəyinin üstünə qoyub dərindən nəfəs
aldı. Sonra asta addımlarla yaxınlaşıb
Nəcməddinə əl uzatdı. Əyilib
onun üzündən öpdü.
- Mən də elə bilirdim, balaca uşaqdır. Sən daha böyük oğlansan, - deyə onun
başını sığalladı. Nəcməddin
gülümsədi. - Əvvəla,
bağışla ki, gecikdim. Yolda
maşının təkəri buraxdı. Dəyişməli
oldum. Bunun üçün də damkrat
axtarırdım, özümdə yox idi. İkinci də,
sənə əhsən ki, heç yana
getməmisən, burda durub məni gözləmisən. Görünür, təhlükəsizlik
qaydalarını bilirsən.
Nəcməddin gülümsündü,
baxmayaraq ki, bunu birinci dəfə idi eşidirdi. Amma
o, şəhərdən gəlirdi. Kənddə
yaşayan bibisinin ərinin yanında özünü elə göstərdi
ki, guya bunların hamısını bilir.
- Üçüncüsü isə, sənə
iradlarımı bildirirəm. - Məhərrəm dayı ciddi
görkəm aldı, - Sən axı məni əvvəllər
heç vaxt görməmisən, hardan bildin ki, mənəm sənin
arxanca gələn? Bəlkə mən uşaq
oğrusuyam, banditəm?
- Bəs mən neyləməliydim? - Nəcməddin
çiyinlərini çəkib dodaqlarını büzərək
soruşdu.
- Mən özüm sənə müraciət edənə
kimi lazım idi gözləyəsən. Bu halda
da bir qayda var. Əgər mən sənə öz adınla
müraciət etsəydim, onda hər şey aydın
olardı. Bilərdin ki, arxanca gələn
mənəm. Heç bir aydın olmayan məsələ
qalmazdı. Bir də əgər sən
soruşsaydın ki, mənim adım nədir, burada qəribə
heç nə olmazdı. Mən sənə
sayıqlığına görə təşəkkür edərdim.
Sən özün məni
çağırdın. Həm də bu azmış kimi
öz adını dedin. Mənim yerimə
oğru, bandit olsaydı da, fürsətdən istifadə edib
deyərdi, "hə, bu mənəm, gəl, gedək".
Baxmayaraq ki, onun adı da, məqsədi də başqa cür ola bilərdi.
- Bəlkə elə mən özüm də
fırıldaqçıyam. - Qəflətən Nəcməddin
əks sual verdi, - Siz bunu haradan və necə
biləcəkdiniz?
- Çox düzgün sualdır. - Məhərrəm
dayı gülümsündü. - Bu halda vəziyyət necədir?
Daha çox təhlükə kimdən ola
bilər, yaşca böyükdən kiçiyə, yoxsa,
kiçikdən böyüyə? Ona görə
də sən məni mütləq yoxlamalıydın. Aydındırmı?
- Aydındır! - Nəcməddin sakitcə cavab verdi və başının işarəsi ilə
dediyini təsdiqlədi.
Məhərrəm dayı bir əli ilə
Nəcməddinin çantasını götürüb, digər
əli ilə onun əlindən tutaraq vağzala tərəf
getdilər. Qapıdan içəri
keçəndə qəribə mənzərə ilə
rastlaşdılar. Vağzalın binası
adamla dolu idi.
- Bu nədir? - Nəcməddin soruşdu.
- Qatarların yoladüşmə vaxtını dəyişiblər.
İndi əlində bileti olan adamlar
vağzalın binasında ən azından bir saat yarım
gözləməli olacaqlar.
Məhərrəm bunu deyib Nəcməddini
qabağa buraxdı. Qabaqda Nəcməddin, arxada isə Məhərrəm
adamların arası ilə keçib getdilər. Nəcməddin
kürəyinin arxasından ancaq: "düz, sağa,
sola" sözlərini eşidirdi. Nəhayət,
onlar vağzalın ikinci qapısına
yaxınlaşdılar. Küçəyə
çıxan kimi Məhərrəm yenə də Nəcməddinin
əlindən tutub onu saxladı.
- Belə vəziyyət üçün də bir qayda
var, - dedi. - Kütlənin, izdihamın içindən necə
keçmək lazımdır? Əlbəttə
ki, kütlə sıx olsaydı, mən qabaqda gedib yol
açmalı idim. Amma burada seyrəklik
idi. Həm də mən sənin
çantanı götürmüşdüm. Odur ki, səni qabağa buraxdım və
böyrü üstə gələrək gözdən
qoymamağa çalışdım.
Onlar həyətdə dayanan
maşınlardan birinə yaxınlaşdılar. Məhərrəm
dayı cibindən açar çıxardıb
maşının qapısını açdı. Nəcməddinin çantasını arxa
oturacağın üstünə qoydu. Sükan
arxasına keçib mühərriki işə saldı.
Nəcməddin də keçib arxa oturacaqda
oturduqdan sonra yola düşdülər.
- Bax, sən düz elədin ki, arxa oturacaqda oturdun. - Mərkəzi
küçəyə çıxmışdılar ki, Məhərrəm
dayı dilləndi: - Bu da bir cür qaydadır. Yaxşı, Nəcməddin,
de görüm, izdihamın içində bir-birimizi itirsəydik,
sən nə edərdin?
- Bilmirəm. - Nəcməddin çiyinlərini çəkdi.
- Çalışardım ki, dayanam durduğum yerdə. Bu mümkün olmadıqda qayıdardım
qapının ağzına, yəni həmin yerə. Hansı ki izdihamda hərəkətimizi
başlamışdıq.
- Çox düzgündür, - Məhərrəm
dayı əlinin birini sükandan ayırıb yuxarı
qaldırdı. Baş barmağı ilə "əla"
işarəsini verdi: - Alqışlar olsun,
sənə.
Yolboyu Məhərrəm dayı söhbət edir, Nəcməddin
isə yalnız bir şey barədə
düşünürdü: "Görəsən, Məhərrəm
dayı rayonda təsərrüfat saxlamaqla, qoyun otarmaqla təhlükəsizlik
qaydalarını hardan bilir?"
Göygöl şəhərinin
yaxınlığında fərdi təsərrüfat saxlayan
bibisi Narıngül oğlanları ilə onları
qarşılamaq üçün məhəllənin
qabağındakı yola çıxmışdılar.
- Gəlib çatdıq. - Məhərrəm dayı
onların yanına çatıb maşını saxladı və
dönüb hələ də fikir-xəyal aləmindən
ayrılmayan Nəcməddinə baxdı: - İnanıram ki,
burda çox gözəl bir yay tətili keçirəcəksən.
Həm də yeni təhlükəsizlik
qaydalarını öyrənəcəksən. Axı kəndin də öz təhlükəsizlik
qaydaları var.
Əli bəy Azəri
Ədəbiyyat qəzeti 2024.-
1 iyun, №20.- S.15.