Xoşbəxtlik bu deyilmi?!.

 

Özbək şairi Çari Əvəz üçün xatirə notları

 

Ötən əsrin 60-cı illəri totalitarizmin gücünün zəifləməyə başladığı dövr idi. "Xruşşov mülayimləşməsi" deyilən ifadəni azad ruhlu sənət əsərləri diktə etmişdi. O dönəmdə Azərbaycanda da, Orta Asiyada da milli şairlər meydana gəldi. Azərbaycanda artıq milli şeirin ideoloji, poetik əsasları və platforması hələ ötən əsrin əvvəllərində yaranmışdı - Məhəmməd Hadi, Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq və əlbəttə, Səməd Vurğun. Səməd Vurğun və Hadi (eləcə də Cavid) tamamilə fərqli poetik və estetik düşüncənin daşıyıcıları idi. Amma mahiyyət etibarilə hər iki xətt Azərbaycan şeirini geniş magistrala çıxarmışdı.

Özbək şeirinin yaxın keçmişinə nəzər saldıqda, onlarda da oxşar proseslərin yaşandığını görürük. Cəfər Cabbarlı Azərbaycanda hansı missiyanın daşıyıcısı idisə, Həmzə Həkimzadə Niyazi də Özbəkistanda eyni işləri görürdü. Hər iki dramaturqun pyeslərindəki mövzular demək olar ki, üst-üstə düşür - cəhalət, fanatizm, nadanlıq, qadın azadlığı və sair.

60-cı illər poeziyasında özbək şeirində Abdulla Aripov, Erkin Vahidov, Rauf Pərvi kimi milli şairlər yetişdi. Azərbaycanda Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Məmməd Arazın poeziyası milli ruhu necə dirçəldirdisə, Vətən və Özgürlük duyğusunu necə ovxarlı saxlayırdısa, özbək şeirində bu yükü yuxarıda adlarını çəkdiyim şairlər daşıyırdılar. Azərbaycan-özbək ədəbiyyatlarındakı milli düşüncənin paralel surətdə inkişafı, müqayisəli ədəbi təhlili ayrıca tədqiqat mövzusudur.

Bu günlərdə şair dostum İntiqam Yaşar zəng vurdu ki, Rahmat Babacan Bakıya gəlir, vaxtın varsa, gedək, onu qarşılayaq. Rahmat Babacan bizim ədəbi mühitdə kifayət qədər tanınan şairlərdəndir və Özbəkistanda Azərbaycan ədəbiyyatının təbliği üçün böyük əmək sərf etməkdədir. Ramiz Rövşənin, Rüstəm Behrudinin şeir kitabları onun tərcüməsində Özbəkistanda çapa hazırlanır. Bu sətirlərin müəllifinin "Kəpənək vadisi" romanı da Rahmat Babacan tərəfindən özbək dilinə tərcümə olunmaqdadır. Rahmatın 25 yaşı var, enerjilidir, özbək ədəbi mühitində də böyük hörmət sahibidir. Yəqin ki, istedadına, çalışqanlığına, zəhmətsevərliyinə görə.

Rahmat Babacanla gələnlər sırasında gənc yaşda dünyasını dəyişmiş özbək şairi Çari Əvəzin xanımı Ziba Amanova da vardı. Məlum oldu ki, ertəsi gün Bakıdakı Mərkəzi Elmi Kitabxanada Çari Əvəzin bizim dildə nəşr olunmuş "Ürəyinizdə yaşayıram" kitabının təqdimatı olacaq. Ziba xanım mənə də kitab bağışladı və bizi səhərisi gün baş tutacaq tədbirə dəvət etdi. Özbək alimləri Nurbay Cabbarov, Əkrəm Nurmatov Çari Əvəz haqqında geniş bilgi verdilər. Hər dəfə Bakıya gəldiyində görüşdüyümüz klassik özbək poeziyasının dərin bilicisi, şair Akif Azalp dedi ki, Çari Əvəz Rauf Pərvi ədəbi məktəbinə mənsub şairlərdəndir. Onun ədəbi baxışlarının formalaşmasında Rauf Pərvinin böyük rolu olub. Cəmi 35 il ömür sürmüş şair vətəninin azadlığı uğrunda çarpışan mübariz şairlərdən olub. Onu öz vətənində "div ürəkli şair" adlandırırmışlar. Hakim sovet ideologiyasının qadağalarına baş əyməyən şair, əlbəttə, "div ürəkli" olmalıydı.

"Mən zamanın ruhuyla ərsəyə yetdim" deyən şair bir az da mənə qısa ömür yaşamış böyük şairimiz Əli Kərimi xatırlatdı. Fərqli poetik platformada təmsil olunsalar da, tale oxşarlığı onları bir müstəviyə çəkir. Əslində bundan da təbii nə ola bilər?! Bu iki şair türk ruhunun müxtəlif məkanlarda fərqli təcəllisi idi. Çari Əvəzin Azərbaycan dilində kitabının çıxması əlamətdar hadisədir. Tədbirin aparıcısı, filologiya elmləri doktoru, özbək ədəbiyyatının tədqiqatçısı Almaz Ülvi şairin tale yolundan danışdıqca, onun şeirlərindən parçalar səsləndirdikcə onun vəfalı ömür-gün yoldaşı Ziba Amanovanın yol çəkən gözləri diqqətimdən yayınmadı. Otuz ildən artıqdır ki, Çari Əvəz haqq dünyasındadır. Yaradıcılığının bulaq kimi çağlayan zamanında dünyadan ayrılan şair öz poetik dünyası ilə yaddaşlarda qalmağı bacarıb. Kim bilir, Ziba xanım onunla birlikdə keçən bəxtiyar günləri xatırlayarkən nələri düşünürdü...

 

Sən varsan,

Ömrümün hər anı bahar.

Bahar küləkləri keçir əlindən.

Sənin hüzuruna gəlməkçün təkrar

Günün tez bitməsin gözləyirəm mən.

 

Bu misraları Ziba xanıma yazıb. Ziba xanım şairi öz ürəyində, yaddaşında, ruhunda yaşatmaqla onun yaradıcı irsinin də qayğısını çəkir, onun kitablarının nəşriylə, yayımı ilə məşğul olur. Azərbaycanda Çari Əvəzin kitabının təqdimat mərasimi Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixinə əlavə olunası, mühüm faktdır. Bu ədəbi fakt gələcəkdə, yəqin ki, özbək ədəbiyyatının tədqiqatçıları tərəfindən həmişə xatırlanacaq. Bu yazı da tarixi yaddaş təriqi ilə yazılıb.

Çari Əvəz 1957-ci ildə Özbəkistanın Qaşqadərya vilayətinin Güzar rayonunun Tacik kəndində, fəhlə ailəsində dünyaya gəlib. Daşkənd Dövlət Universitetinin özbək filologiyası fakültəsini bitirib. Müxtəlif nəşriyyatlarda redaktor kimi fəaliyyət göstərib. Tərcüməçi kimi də çalışıb, Akutaqava Rünöskenin, Yannis Ritsosun əsərlərini özbək dilinə çevirib. Özbək ədəbiyyatşünası Vəfa Feyzullah yazır ki, "Çari Əvəz anadangəlmə ədəbiyyatşünas idi. Təəssüf ki, cəmi dörd-beş essesi qalıb. Bu esselər təkrarsız ədəbi abidələrdir. Ədəbiyyatşünaslığımız onun timsalında qiymətli bir tədqiqatçını itirdi".

Özbək yazıçısı Abdulla Qədirinin "Ötən günlər" romanı haqqında yazdığı "Ölüm - eşq təlimçisi" essesini oxuyanda, Çari Əvəzin nə qədər zəngin intellektə malik olduğu açıq-aşkar görünür. Çari Əvəz özbək şeirinin klassiki Rauf Pərvinin yaradıcılığını da tədqiq edib və Vəfa Feyzullah qeyd edir ki, Çari Əvəzin bu yazısı istisna olmaqla, Rauf Pərvi yaradıcılığı hələ də ədəbiyyatşünaslıq baxımından tədqiq olunmayıb. Onun poeziyası haqqında ciddi bir tədqiqat əsəri hələ də ortaya qoyulmayıb. Bu yerdə bir məsələni də qeyd etmədən keçmək olmur. Özbək poeziyasının qüdrətli nümayəndələri olan Abdulla Aripovun, Rauf Pərvinin, eləcə də digər tanınmış özbək şairlərinin hələ də Azərbaycan dilində kitabları nəşr olunmayıb. Onların bir çox şeirlərini bəndəniz Rahmat Babacan vasitəsilə bizim ədəbi mətbuatda yayımlayıb. Çox yaxşı olardı ki, hər iki şairin küll halında kitabları Azərbaycanda da nəşr olunaydı.

Belə görünür ki, Çari Əvəz ustadları qabaqlayıb. Onun öz vətənində "Gərilmiş kaman", "Payız səhəri", "Xoşbəxtlik bu deyilmi?" kitabları nəşr olunub. Bu gün isə, Çari Əvəz Azərbaycan oxucusuna "Ürəyinizdə yaşayıram" deyir. Şeirləri dilimizə Şahməmməd Dağlaroğlu çevirib. Kitabın redaktorları Kərim Məmmədzadə və Rahmat Babacandır.

Akif Azalp Çari Əvəzi həyatda görmüş, onunla ünsiyyətdə olmuş insanlardandır. Deyir ki, istedadına rəğmən, son dərəcə təvazökar adam idi Çari Əvəz. Özbək ədəbiyyatına çox böyük töhfələr verə bilərdi, səd heyif, əcəl aman vermədi... Böyrəkləri ona xəyanət etdi, gənc ömrü xəzana döndü...

 

Sən ey uzaqlara gözünü dikib

Ümidlər ardınca yeriyən adam,

Onu unutma ki, hər bir cığırdan

Sənə yoldaş olub gedən mən varam.

 

Çari Əvəz bizə yoldaş olmağa gəlib. Özünün poetik dünyası ilə, zərif duyğuları ilə... Böyük Turan yolunda hamımız yoldaşıq, qardaşıq. Təbii, poeziya da bu yolda öz səsini ucaldır. Çari Əvəzin səsi hər zaman qulaqlarımızda səslənir:

 

Gün gələr, məni də nişan verər səs,

Mən yola düşmüşəm,

Bu yolun sonuna yetməkdi arzum.

 

Çari Əvəz uzun yaşamayacağını öncədən bilirdi. Bu öncəgörmə hər insana verilməyən ilahi bir xüsusiyyətdir. Tanrı tərəfindən seçilmiş insanlar bir çox sirlərdən hali olurlar. Çari Əvəz də bu qəbil seçkin insanlardan idi. Şeirlərindən birində belə yazır:

 

Ölsəm,

təəccüblənməyin,

uzun yaşamaqçün

doğulmamışam...

 

İnsanda intuisiya, fəhm bu qədər güclü olarmış... Bəlkə buna görə bütün varlığı ilə qələmə sarılıbmış, yazır, yazır, ürəyindəki bütün sözləri kağıza köçürməyə tələsirmiş... O məşum həqiqət ona öncədən əyan imiş. Buna görə dünyaya sözünü deyib bitirmək istəyirdi...

 

Gəl, mənə həmdəm ol, gəl, məni düşün,

Çox yox, bir anını ayır mənimçün.

 

Biz də bəlli bir zamanı onun üçün ayırdıq. Dünyadan gənc yaşda köçmüş şairi xatırladıq. Daha doğrusu, şeirləri onu nişan verdi... Bir də vəfalı can yoldaşı Ziba Amanova... Çari Əvəzi bizdən otuz illik bir zaman ayırır. Amma kitabının adına baxın: "Ürəyinizdə yaşayıram". Doğrudan da, xoşbəxtlik bu deyilmi?!

Bu, bir tanıtım yazısıdır. İnanırıq ki, Çari Əvəzin yaradıcılığı gələcək tədqiqatçıların da diqqətini cəlb edəcək.

 

Kənan Hacı

 

Ədəbiyyat qəzeti 2024.- 1 iyun, №20.- S.13.