Türkiyə
Cümhuriyyətini siyasi və hərbi tənhalıqdan
qurtaran ədəbiyyat professor - Fuad Köprülü
Türkiyənin NATO-ya daxil olması
üçün beynəlxalq miqyasda ən həlledici işləri
görən diplomat və bu münasibətlə ABŞ ilə
Türkiyə dövləti arasındakı müqaviləni
Türkiyə adından imzalayan (və Türkiyəni siyasi və
hərbi tənhalıqdan qurtaran) ədəbiyyat professoru Fuad
Köprülü.
Modern türk ədəbiyyatşünaslığının,
eyni zamanda Strohmeirə görə, modern türk tarix elminin də
qurucusu olan Köprülü, həm də müasir Türkiyəni
öz universal elmi zəkasıyla hasilə gətirənlərdən
biriydi.
Mən Fuad Köprülü barədə
ayrı-ayrı vaxtlarda bir neçə məqalə
yazmışam. Hətta yazılardan birini bilərəkdən,
həm də bir az ibrət olsun deyə,
"Professor" adlandırmışdım. Çünki Azərbaycanda
artdıqca-artan "professor" diplomlarının kölgəsində
ömür sürən "intellektual" barsızları
gördükcə, adi bir rüşdiyyə - orta məktəb
məzununun dünya elminin patriarxlarından birinə necə
çevrilə bilməsinin sehrli cazibəsi adama ayrıca bir
zövq yaşadır. Professor idi, amma necə
professor? Əsilzadəliyini elmi mühitin
davranış qaydalarına tətbiq etmiş, elmdə
aristokratik zehniyyət yaratmışdı. Nihat Sami Banarlı yazır ki, Fuad
Köprülünün "hələ 29-30
yaşlarındaykən, elmini, sənətini, xidmətlərini
və əsərlərini öymək yolunda Avropada
yarış başlamışdı". 1939-cu ildə
Sorbon (Paris) Universitetinin fəxri doktoru seçildiyi günlərdə
Köprülünün şərəfinə Sorbon
Universitetinin çatısında Türk bayrağı
dalğalanırdı... "Bu mənim elmi həyatımın
ən dəyərli mükafatı oldu. Sarbonna
üstündə Türk bayrağı dalğalanırkən,
universitetə Fransız Rəisicümhuru (Fransa prezidenti Alber
Lebren) girmişdi. Kəndilərinə məni
Türk alimi, - deyə təqdim etdilər. Əlimi sıxdı, nazikanə təbrik etdi".
Universitetin rektoru Sebastian Karlety "Osmanlı
imperatorluğunun quruluşu" əsərinin fransızca nəşrinə
yazdığı Ön sözdə etiraf edirdi ki:
"Köprülünün Sorbonnada verdiyi dərslər
getdikcə artan bir şöhrət və müvəffəqiyyətə
məzhər olmuşdur. Fuad Köprülü
çətin bir mövzunu təzələmişdir".
"Millətinin parlaq timsalı olan bu adam
Şərq zehniyyətinin bağlarından qurtularaq, fəqət
qüvvətli kültürlərlə dolu bir qüvvət
qaynağı olan milliyyəti tərk etmədən yeni və
hürr avropai zehniyyətə qovuşma vəzifəsini
öz qüdrətiylə və tamamən həll
etmişdir".
Brüssel Universitetinin professoru Paul Vittek bu sözləri
bir az sonra, Fuad Köprülü
Almaniyanın Heydelberq Universitetinin fəxri doktoru seçilərkən
söyləyəcəkdi.
Fuad Köprülü orta məktəbi bitirdikdən
sonra üç il hüquq fakültəsində
təhsil alıb və sonra da: "Mənim ixtisas almaq istədiyim
elm sahəsinin məktəbi yoxdur ki, mən oradan məzun ola
bilim... İdadiyədən sonra hüquq
fakültəsində böyük bir xəyal
qırıqlığına uğradım. Tədris son dərəcə fəna idi. Şərq dillərini, fransızcanı bəzi
müəllimlərimdən daha yaxşı bilirdim. Hətta bəzi dərsləri, bəzi bəhsləri
onlardan çox əvvəl və daha yaxşı öyrənmişdim.
Hüquqda qalmaq vaxt itirməkdən başqa bir
şey deyildi".
Hədsiz dərəcədə geniş və
parlaq zəkasıyla o, Türkiyənin heç bir məktəbinə
sığa bilmədi. Hamının
sığdığına "ağ üzlü, qara
saçlı, uzun kirpikli, yaşıl gözlü"
Köprülü sığmadı. Sığmadı,
amma ali təhsil almamasına rəğmən,
orta məktəb vəsiqəsilə 23 yaşında
İstanbul Universitetinin türk ədəbiyyatı tarixi
üzrə ilk professoru oldu. Cavan bir alimin elmdəki
qəfil şahlanışını istəməyənlər
də, onun bu şahanə uçuşuna gözləri
qamaşanlar da var. Nə üçün Köprülü?
Elmdə bəlli-başlı imzalar varkən, nə
üçün Ziya Gökalp professorluq vəzifəsini Fuad
Köprülüyə müsaidə edir?
Köprülü sinəsini qabağa verib müxaliflərinə
səslənir:
- Türkoloji sahəsində kim
özünə güvənirsə, buyurub gəlsin.
Köprülü onu istəməyənlərin
varlığına məhəl qoymadan türk və dünya
ictimai fikir tarixinə 23 yaşında qədəm qoyur.
Ardıyca ədəbiyyat fakültəsinin
dekanı seçilir. İlahiyyat fakültəsində
türk tarixindən, Mülkiyyə məktəbində siyasi
tarixdən, Gözəl Sənətlər məktəbində
mədəniyyət tarixi fənlərindən mühazirələr
oxuyur. Sonralar Türkiyədə ilk
türkoloji İnstitutu qurur, Türk Tarix Cəmiyyətinin
başqanı seçilir. 1935-43-cü illərdə millət
vəkili, 1946-cı ildə Adnan Menderes və Rəfiq
Koraltanla bir yerdə Demokrat Partiyanın qurucusu, 1950-56-cı
illər Türkiyənin Xarici İşlər naziri, 1956-57-ci
illərdə Dövlət naziri, Türkiyə Cümhuriyyəti
Baş nazirinin müavini...
Sinəsini dünya dövlətlərinin ordenləri bəzəyən,
Avropanın bir sıra Elmi Araşdırma institutlarında, o
cümlədən, ABŞ-ın Con Hopkins Universitetində
haqqında doktorluq dissertasiyaları yazılan... Fuad
Köprülü türkolojiyə dəxli olan dünya elmi təsisatlarının,
demək olar ki, əksəriyyətinin fəxri doktoru, yaxud
akademiki oldu... Saymaqla qurtarmaz:
İstanbul Universitetinin professoru, Heydelberq Universitetinin fəxri
doktoru, Sorbon Universitetinin doktoru, SSRİ Elmlər
Akademiyasının müxbir üzvü, Harvard Universitetinin
professoru, London Şərq və Afrika Dilləri Məktəbinin
fəxri üzvü, Macar Şərq Tədqiqləri Elm Cəmiyyətinin
müxbir üzvü, Alman Arxeoloji İnstitutunun professoru,
Çexoslovakiya Şərq Cəmiyyətinin müxbir
üzvü, Macarıstan Elmlər Akademiyasının akademiki,
Amerika Şərqşünaslar Cəmiyyətinin fəxri
üzvü, Amerika Tarix Qurumunun fəxri üzvü, Afina
Universitetinin fəxri doktoru, Kəraçi Universitetinin fəxri
hüquq doktoru, Ukrayna Universitetinin fəxri doktoru...
Bütün bunlara o, necə nail oldu? Müasirlərindən
Haqqı Süha Gezginin anlatdığı kimi:
"Türkolojini özünə ana məslək olaraq
seçdikdən sonra, Fuad köşəsinə çəkildi.
Artıq dostları arasında zövq və əyləncə
yerlərində ona rast gəlinmirdi. Soruşanların
bir-birlərindən aldıqları cavab: - Özünü elmə
verdi! - olurdu".
1925-ci ildə SSRİ Elmlər Akademiyasının
müxbir üzvü seçiləndə Fuad
Köprülünün 35 yaşı vardı və rus elminin
məşhurları - Bartold, Oldenburq, Kraçkovski etiraf
edirdilər ki: "...Köprülüzadənin tədqiqləri
sayəsində türkoloji elm sahəsi istər tarix, istərsə
də, linqvistika baxımından keçmiş vəziyyəti
ilə ölçülməyəcək dərəcədə
yüksəlmişdir". Akademik Qordlevskiyə görə,
"Köprülüzadə Məhməd Fuad bəy,
şübhəsiz ki, yeni Türkiyənin ən mühüm
simalarından biridir... Onun incə və parlaq bir üslubda
yazılan əsərləri mövzularının yeniliyi ilə
diqqəti cəlb etməsindən başqa, yalnız Türkiyə
üçün deyil, bütün avropalı
araşdırıcılar üçün də böyük
dəyər daşıyır..."
Qordlevski elə həmin il Rusiya Elmlər
Akademiyasının 200-cü ildönümü ilə
bağlı tədbirlərdə Köprülünün
iştirakını yada salıb deyirdi ki, rus şərqşünasları
XVII əsr Türkiyəsinin böyük vəzirlərinin nəvəsi
ilə o zaman tanış oldu. Bəli, Fuad
Köprülünün nəsil əsaləti vardı.
1948-ci ildə Stalinin qərarı ilə
Köprülü SSRİ Elmlər Akademiyasının
üzvlüyündən xaric edildi. Gün
doğmadan nələr doğur. 1950-ci illərdə
Türkiyənin Xarici İşlər Naziri vəzifəsinə
gətiriləndən sonra oğlu Orxan Fuad
Köprülünün bildirdiyinə görə, "ruslar
Ankaradakı səfirləri vasitəsilə onu yenidən eyni
Akademiyaya seçmək istədiklərini bir neçə dəfə
bildirmişlərsə də, Köprülü nazikanə bir
şəkildə bu istəklərin hamısını rədd
etmişdir".
1948-ci ildə Stalin Köprülünü
niyə hədəfə aldı? Bunu indi
çoxları unudub. O zaman Gürcüstan Elmlər
Akademiyasının alimləri sovet mətbuatında Türkiyə
torpaqlarının bir qisminin sovet Gürcüstanına aid
olması iddiası ilə çıxış edirdilər...
Fuad Köprülü gürcü alimlərinə cavab olaraq
"Vətən" qəzetində "Gürcü alimlərinə
cavab", "Tarix yalançı şahid olamaz",
"Tarix deyil, əfsanə", "Əfsanə deyil,
tarix" sərlövhəli silsilə məqalələrini
yazmış, dünya ictimai fikrini Türkiyənin xeyrinə
yönəldə bilmişdi. Tarix elmləri doktoru Anatoli Milier
elə həmin il Moskvada nəşr olunmuş "Kratkaə
istoriə Turüii" kitabında yazırdı ki, 1948-ci
ilin 12 noyabrında SSRİ Elmlər Akademiyasının
ümumi yığıncağında Sovet İttifaqına
qarşı "düşmənçilik və böhtan
ruhlu" çıxışlarına görə türk
professoru Fuad Köprülü Akademiyanın əcnəbi
müxbir üzvləri sırasından xaric edilmişdi.
Digər tərəfdən, Fuad
Köprülü həm də II Dünya müharibəsində
Türkiyənin Almaniyaya qarşı müharibəyə
qatılmasına əngəl olan siyasətçilərin
sırasında əsas simalardan biri kimi çıxış
etmişdi.
Köprülünün siyasi həyatı
da elmi həyatının ayrılmaz tərkib hissəsiydi. O, Türkiyəni
mənəvi və siyasi uçuruma aparan təkpartiyalı
sistemə "Yox!" - demək
üçün elmdən siyasətə adlamağı
vaxtında bacardı. Yəni Türkiyədə təkpartiyalı
sistemə qarşı çıxanların da ilk
sırasında Köprülü dayanırdı... Bir ədəbiyyat
professorunun nə üçün siyasətə
qatıldığını çətin anlayanlara, yaxud
heç anlamayanlara Köprülü belə səslənmişdi:
"Övladı dənizə düşən bir insanın,
onu qurtarmaq üçün, başqa bir adamı gözləməyə
səbri çatmaz, suya özü atılar".
O, Cümhur başqanı İsmət İnönüyə
daha çox dil məsələsində müxalif oldu. Türk dilinə İsmət İnönünün
aşkar biganəliklə həyata keçirdiyi və
böyük qarğaşaya səbəb olmuş qondarma dil
siyasətinə qarşı müqavimətini ləyaqətlə
sürdürdü. Milli tarixin və elmin mərdanəlik
səhifəsinə öz möhtəşəm
imzasını qoydu. Bütün
ümummilli məsələlərdə olduğu kimi, bu dəfə
də susmadı, danışdı. İsmət
İnönünün təkəbbürlü
davranışına "Yox!" - dedi: "Müstəbid
və çılğın bir hökmdarın, yaxud din və
məzhəb təəssübünün, yaxud da milli təəssüb
və təhəkkümlərin və ya sinif diktatorluğunun
yapdığı bu hərəkətlər asan izah oluna bilər.
Lakin bizim bugünkü rəsmi arqonu yaradan
zorakı hərəkatın bir bənzərinə rast gəlinməz.
Bir hökumət, öz məktəblərində uşaqlara
zorla uydurma bir dil öyrətsin, bir millət məclisi, həyata
keçirməli minlərcə vacib iş dururkən bir
akademiya vəzifəsi icra edərək uydurduğu arqonu
bütün millətə qəbul etdirməyə
qalxsın... İnsanlıq tarixində bu qədər
mənasız, zərərli bir işin bənzərini
tapmağa imkan yoxdur".
Milli tədqiqlərin çağdaş
modelini yaratdı. Türk tarix və ədəbiyyatşünaslıq
elmini orta əsr təzkirəçiliyindən, özü
demişkən, "orta çağ
qalıntılarından" təmizlədi. Türkiyə humanitariyasına XX əsrin müasir
üslubunu qazandırdı.
"Şəxsiyyətin tamamilə ictimai
bir məhsul olması" düşüncəsinə inanan
Fuad Köprülü şəxsiyyətlərə ictimai və
milli rakursdan baxdığı üçün İstanbulda
bir Bethovenin, Qanuni Süleymanın sarayında bir Şekspirin,
Hotantolar arasında bir Füzulinin yetişə bilməyəcəyi
qənaətində israr etdi.
Fuad Köprülü yazırdı ki, hər
hansı bir millətin müəyyən bir zamandakı müəyyən
bir zümrəsinin ədəbi ehtiyaclarını ilk dəfə
hiss edərək onları uğurla təbliğə müvəffəq
olan sənətkara ədəbi şəxsiyyət deyə bilərik. Bu
mənada, Məhməd Fuad Köprülünün özü
ədəbi şəxsiyyətin parlaq və bənzərsiz
timsallarından biridir. Dünyanı daha
geniş görmək və dəyərləndirə bilmək
ehtirasından məhrum zümrə Köprülünü
sözdə dəyərləndirə bilər, etiraf edə
bilər, amma köprülüzadəlik edə bilməz.
Əhməd Yəsəvini, Yunus Əmrəni türk ədəbiyyatına
qazandıran da, elmi tədqiqlərə Avropa tərzini gətirən
də, Anadolu səlcuqluları tarixinin yerli qaynaqlarını
ilk dəfə tədqiqata cəlb edən də, Bartoldun
kiçikhəcmli "İslam mədəniyyəti" əsərinə
290 səhifəlik izahlar və təshihlər yazaraq onu daha
bitkin bir əsər halına gətirib "İslam mədəniyyəti
tarixi" adı ilə nəşr etdirən də, öz
elmi şəxsiyyətini XX yüzil türk mədəni fikir
tarixinin patriarxı səviyyəsinə yüksəldən də
odur. Ondakı fikir zənginliyinə, onun erudit zəkasına,
zehniyyətində iki dünyanı birləşdirə bilmək
bacarığına yalnız heyrətlənmək olur.
"Türk ədəbiyyatında ilk mütəsəvviflər"
əsərində yazırdı: "Tənzimatdan bəri ədəbiyyat
tariximiz haqqında heç bir elmi qiyməti haiz olmayaraq
yazılan xırda-para şeylər arasında, xalq mütəsəvvüflərinin
mövcudiyyətini bildirən bir sətir belə
bulunamaz".
Tədqiqlərini Türküstan arealına,
Türküstan dərvişliyinin mahiyyətinə yönəldən
Köprülü nə etdiyini, məşğul olduğu sahələrin
milli, siyasi və dövləti proseslərə zəmin
hazırlamış olduğunu bilirdi
(düşündürücü, maraqlı və həzindir
ki, 1919-cu ildən başlayaraq Köprülüyə
dünyada elmi etibar və nüfuz qazandıran ilk əsəri
"Türk ədəbiyyatında ilk mütəsəvviflər"
olduğu kimi, 1964-cü ildə yazdığı son
araşdırması da "Orta Asiya türk dərvişliyi
haqqında bəzi notlar" adlanırdı).
Türküstan piri Əhməd Yəsəvini
unutqanlıq tozanağından xilas edib türk
düşüncəsinin təməl qaynaqlarından biri kimi
ilk dəfə tədqiqata o cəlb etdi. Əhməd
Yəsəvinin türk mədəniyyətinə irfan və
Turan müstəvisindən cəlb olunması
Köprülünün simasında bütün türklərin
milli və elmi zəfəri oldu. Yəsəvi
mövzusunda rus alimi Qordlevski ilə mübahisəsinin aspektini
nəzərdən keçirərkən milliyyətçi hədəfləri
aşkar sezilən Fuad Köprülü Əhməd Yəsəvinin
məzarı ətrafında yaranmış Yəsəvi
kultunu İran təmayülünə bağlamaq istəyən
opponentini öz sərrast və məntiqli elmi üslubuyla tərksilah
edirdi: "Timur zamanında - hətta daha əvvəl və
daha sonra - zəngin vəqflərə malik olan bu müqəddəs
məzar civarında gömülmək özbək-qazaxlar
üçün bir idealdır. Bilhassə böyük və
orta ordalara mənsub özbək-qazax zənginləri, hələ
sağlıqlarında, türbə yaxınlığında
bir parça torpaq alır; qışda ölsələr belə
cəsədləri bir keçəyə salınaraq bir
ağaca asılır və ilk baharda Yəsiyə
aparılaraq öz təbirləriycə Qara Əhmədin, yəni
Əhməd Yəsəvinin məzarı civarına dəfn
olunurlar. Rus alimi Qordlevski buradakı Yəsəvi
kultunda şəhərin türkləşməsindən əvvəlki
irani bir kultun davamını görmək istəyirsə də,
bu iddia heç bir dəlilə söykənməməkdədir".
Anatoli Millerin yuxarıda
xatırlatdığım kitabında "türk
professurasının ifrat sağçı qanadına mənsub"
Fuad Köprülüzadənin adı SSRİ-nin siyasi rəqibləri
sırasında hallanırdı. Milliyyətçiydi.
Amma özünün də dediyi kimi, hər
cür irqçilikdən uzaq, insanpərvər bir milliyyətçiydi.
Bu mühüm amil onun elminə də, şəxsiyyətinə
də sirayət etmişdi. Burda Köprülünün
görüşləri ilə bağlı həssas bir məqama
toxunmaq istəyirəm. Azərbaycan ədəbiyyatı
ilə bağlı tədqiqlərinə Füzulinin iraqlı
bir kürd olmasını iddia edən Vladimir Krımskinin,
Gelman Huartın və Vladimir Minorskinin görüşlərini
təkzib etməklə başlamasını nəzərdə
tuturam. "Füzuli ədəbi təsirinin davamı və
genişliyi etibarı ilə olduğu qədər, şeirlərinin
bədii qiyməti baxımından da, hətta ən
böyük türk şairi sayıla biləcək müstəsna
bir şəxsiyyətdir... Cağatay ədəbiyyatı
da daxil olmaqla, türk ədəbiyyatının bir çox
sahələrində qüvvətli təsir və nüfuzu
mövcud olmaqla bərabər, onu azəri və osmanlı ədəbiyyatlarının
müştərək bir şəxsiyyəti ədd etmək,
ədəbiyyat tarixi baxımından zəruridir" deyirdi.
Münazirə poetik formasının ərəb və İran
ədəbiyyatına türk xalq ədəbiyyatının təsiri
ilə və əslən türk olan İran şairləri tərəfindən
keçdiyini, türk şeirindəki qitə şəklinin
fars ədəbiyyatındakı rübai şəklinin sələfi
olduğunu, ermənilərin, gürcülərin,
ukraynalıların, macarların, serblərin qədim xalq ədəbiyyatları
üzərində türk xalq ədəbiyyatının
danılmaz nüfuzunu ilk dəfə o irəli sürür və
dünya elmi ictimaiyyətini buna inandırmağı
bacarırdı.
Jak de Morqan kimi fransız alimlərinin erməni
aşıqlarını Homerlə müqayisə etmələrinə
qarşı yüksək elmi və tarixi məntiqlə cavab
verən Fuad Köprülünün "Türk ədəbiyyatının
erməni ədəbiyyatına təsiri" əsərindən
sonra Avropada inanmağa başladılar ki, erməni
aşıq ədəbiyyatı türk aşıq ədəbiyyatının
təqlidindən başqa bir şey deyilmiş.
Köprülü dünya alimlərinin
diqqətini türk ədəbiyyatının üzərinə
yönəldə bildi. Banarlı bir məqaləsində
qeyd edir ki, başda Harvard və Kolombia universitetləri olmaqla,
Amerikanın 15 institutu Amerika hökumətinin dəstəyi ilə
türk dili, türk tarixi, türk incəsənəti,
türk hüquq və iqtisad tarixi, türk sosial həyatı üzrə
elmi tədqiqatlar aparmaq üçün İstanbulda, Fuad
Köprülünün evində türkoloji institut açmaq
niyyətində olub.
Yazını yazdıqca yazmaq, davam etdirmək
istəyirəm. Köprülü bitib-tükənmir... Məsələn, türk ədəbiyyatşünaslığında
heca vəzni barədə ilk elmi mülahizələr də
Fuad Köprülü tərəfindən irəli
sürülüb. 1915-ci ildə
yazırdı ki, "...Heca vəzni bizim ruhumuzdan qopmuş, səmimi,
milli bir məhsuldur; Mərmərə sahillərindən Tibet
hüdudlarına qədər milyonlarca türk nəşə
və kədərini bu vəzn ilə tərənnüm edir.
Artıq buna qarşı əcəm şairlərinin
əski ahənglərini (qəzəl ahəngini - A.T.)
yaşatmaq istərsək, türkün ruhuna tamamən
yabançı qalmaqdan əbədilik qurtula bilmərik".
Yahya Kamal Bayatlıya görə, Türkiyədə, vəzni
Köprülü qədər usta bilən başqa birisi yoxdu.
Vəzn məsələsinə milli bir məsələ
olaraq baxan Köprülüyə görə isə,
"Bozkırların, dağların vəhşi və təsənnüsüz
səslərini qaval və qopuzla inlədən ədəbiyyat
nasıl doğrudan-doğruya həyatdan doğmuşsa"
... qəzəl və qəsidə ədəbiyyatı da
"o qədər həyatdan uzaqdır. Qəzəl
və qəsidənin dili xalqın dilindən bambaşqa
olduğu kimi, vəzn və mövzu da xalq ilə heç təmas
etməyəcək qədər ayrıdır".
Heca vəzni haqqında ilk elmi mülahizələr
onun tədqiqat sferasında göründüyü kimi,
türk ədəbiyyatşünaslığında əruzla
bağlı ilk araşdırmalar da, əruzun türk ədəbiyyatına
gəlişi və inkişafı barədə ilk tədqiqlərin
də müəllifi odur. Heca və
əruz vəznləri barədə Köprülünün
mülahizələri məfkurəvi səciyyə
daşıyırdı. 1915-ci ildə
yazırdı ki, "yabançı təsirlər altında
qaldığımız uzun əsrlər əsnasında əruz
vəzninin yüksək siniflər arasında heca vəzninə
qarşı çox üstünlük
saxladığını, böyük sənətkarların əlində
əsrlərcə işləndiyini inkar edə bilmərik".
Buna rəğmən, hecaya
çağırış Köprülünün milli
problemi idi. Özü də heca vəznində
"Akınçı türküləri" kimi gözəl
şeirlər yazırdı:
Tuna boylarında sıra sərvilər,
Dan yeli əsdikcə səssiz ağlarmış;
Gül bağçalarında bayquşlar ötər...
Şu viranəliklər əski bağlarmış!
Söyüd dallarında xəstə sərçələr
Əski akın dastanını
hecalar...
Tuna ağlayırmış bəzi gecələr:
Köksündə kəfənsiz şəhidlər
varmış!
Köprülü həm də
tarixçiydi. Yazının əvvəlində Strohmeirə
istinadən bildirmişdim: modern türk tarix elminin qurucusu o
idi. Tarixçi kimi yazdığı əsərlər
də dünya üçün xüsusi önəm kəsb
edir. O, Avropa alimlərinin çox ciddi səhvlərini təshih
etməyi bacardı. Osmanlı dövlətini Bizans
imperatorluğunun davamı kimi dəyərləndirən Qərb
alimlərinin osmanlı sistemi ilə
bağlı yanlış fikirlərini kökündən təkzib
etdi. Osmanlı imperatorluğunun qurulması tarixini və
imperatorluq sistemini keyfiyyətcə yeni - Avropa modelini tətbiq
edərək araşdıran Fuad Köprülü həmin
aspektdə elmə əsaslandırılmış yeni
düşüncə dalğası gətirdi: "Bizans
müəssisələrinin Osmanlı müəssisələrinə
təsiri" əsərində gəldiyi qənaət, əslində,
dünya elminin inanıb və bir daha bu barədə
mübahisə etmədiyi son nəticə oldu: "Osmanlı
dövlətinin hakimiyyət tələqqisi və idarə
sistemi üzərində Bizansın həmən heç bir təsiri
olmamışdır... Osmanlı dövləti,
Anadolu səlcuqlu səltənətinin idari ənənələrinə
varis olmuş, ilhanlıların və məmlüklərin təsiri
altında qalmış bir türk-islam səltənətidir".
Yaxud, Köprülüyə qədər beynəlxalq elmi
çevrələrdə mövcud olan "Osmanlı dövlətinin
hüquq sistemi islam hüquq sisteminin təkrarıdır"
hökmünü o, 1937-ci ildə keçirilən İkinci
Türk Tarix konqresində əsaslı dəlillərlə təkzib
etdi və islam hüququndan əvvəl türklərin öz
xalq hüquq sistemi vardır, - deyə məsələni birdəfəlik
həll etdi...
O, işıqlı, sevimli bir Köprülüdür. "Səsi ahənglidir. Bu səsdə...
elmi bir hakimiyyətin yalçın ədası... sezilməz.
Ən dərin... mövzulardan bəhs edərkən
də səsində yenə şakıyan ahəng,
aydınlıq, su axışını andıran bir xəfiflik
duyulur".
Yuxarıda Köprülünün əsalətindən
bəhs edərkən, Qordlevskinin fikirlərini
xatırlatdım. Rusiya Elmlər Akademiyasının
200-cü ildönümü ilə bağlı tədbirlərdə
Köprülünün iştirakı rus alimlərinə XVII
əsr Türkiyəsinin sədr-əzəmlərinin nəvəsi
ilə tanış olmaq fürsəti
vermişdi. Bir neçə kəlmə də
bu barədə yazmağa ehtiyac yaranır. Osmanlı sultanlığının 1656-cı ildən,
yəni Sultan IV Məhmədin zamanından etibarən sədr-əzəm
(baş nazir) vəzifəsində, adətən
Köprülüzadələr çalışıb. Bu nəsildən ilk sədr-əzəm Mehmet Paşa
Köprülü olmuşdu. Sultan 15
yaşındaydı, ölkəni idarə edəcək
gücdə deyildi. Sədr-əzəmin isə
78 yaşı vardı. 15 yaşlı sultanın 78
yaşlı qocanı sultanlığın ən yüksək
vəzifəsinə gətirməsi səltənət
çevrələrində birmənalı
qarşılanmır: "Oxuyub-yazmağı bilməyən
78 yaşlı qocanın özünü idarə etmək gərəkirkən,
o özü bu məmləkəti necə idarə edəcək?"
Amma hökumətin qoca başçısı, nəinki məmləkəti,
hətta gənc sultanın özünü belə idarə
edir... Gözlənilməz addımlar atır, asilik edən
yeniçəri paşalarını, sipahiləri əzir,
hüquqi islahatlar həyata keçirir, osmanlı
imperatorluğunu içəridən vurmağa cəhd edən
yunan patrikini edam etdirir...
Qasırğa tarixin dibindən əsir. Türk
tarixinin şərəf qaynağı olan köprülülər
XX yüzilə Məhməd Fuad Köprülü ilə daxil
olur.
Aristokratik zehniyyəti, əsilzadəliyi
elmdə də öz işini gördü.
Müxtəlif türk soylarının ədəbiyyatını
araşdırmalarının vahid predmetinə çevirənlər
arasında Fuad Köprülü hələ də birinciliyini
(və müstəsnalığını) qoruyub saxlayır. Ortaq
türk ədəbiyyatının dövrləşdirmə
konsepsiyası onun adı ilə bağlıdır. Bu gün, nəinki ortaq türk ədəbiyyatının
varlığı, ümumiyyətlə, türklərin mənəvi
geniologiyası barədə Fuad Köprülünü
oxumadan, öyrənmədən fikir söyləmək
mümkün deyil. Azərbaycan ədəbiyyatına gəlincə,
baxmayaraq ki, "Azəri ədəbiyyatına aid tədqiqlər"
əsəri 1926 və 1996-cı illərdə Bakıda nəşr
olunmuşdur, amma etiraf etməliyik ki, Köprülünün
çox geniş bir müstəvidə Azərbaycan ədəbiyyatı
ilə bağlı apardığı araşdırmalar
(Füzuli ilə bağlı yazdıqları istisna) təəssüf
ki, bizim milli ədəbiyyatşünaslığın diqqətindən
bu və ya digər dərəcədə kənar
qalmış və hələ də qalmaqdadır. Baxmayaraq ki, Köprülü Azərbaycana çox
bağlı bir türk alimidir. O da Ziya Gökalp kimi,
Əli bəy Hüseynzadəni özünə ustad bilənlərdəndir.
1912-ci ildə "Türk Ocağı"nda, 1913-cü ildə
Türk Bilgi Dərnəyinin qurucuları sırasında,
1918-ci ildə Türk Ocaqlarının elm heyətində, yenə
həmin il Rusiyadakı əsir türklərin
taleyini müzakirə etmək üçün Avropa dövlətlərində
bir yerdəydilər. 1926-cı ildə Bakıda
keçirilən Birinci Türkoloji Qurultaya da bir yerdə gəlmişdilər.
Köprülü Bakıda olduğu günlərdə
"Yeni Avropa" otelində Hüseynzadə ilə eyni otaqda
qalmış, vaxtının çoxunu isə Əli bəy
Hüseynzadənin ailə üzvləri ilə bir yerdə və
onların evində keçirmişdi. O günlərin
yadigarı olan çoxlu fotoşəkilləri də var.
Gəncliyində Stalinin qəzəbinə
gəldi. 1960-cı ildə Camal Gurselin hərbi
çevrilişindən sonra üç ay Yassıadada dustaq həyatı
yaşadı, edam olunacağı
günü gözlədi. Amma bütün hər
şeyə rəğmən, tarixə həkk olunmuş elmi
imzasının şərəfini sonacan qorudu. Fuad Köprülünün həbsdən azad olunması
üçün Amerika universitetlərinin dünyada tanınan
məşhur doqquz professoru əsli Camal Gurselə, surəti
Türkiyənin bütün qəzetlərinə məktub
göndərdilər. Amerikalı professorlar
"dünyalarca ünlü, doğruluğu inkar
götürməz, dövlət idarəsində mahir və
Türkiyənin Şimali Atlantik Paktı təşkilatına
girməsini təmin edən şərəfli
arkadaşları professor Fuad Köprülünün"
azadlığa buraxılmasını israrla tələb edirdilər...
Dünya alimlərinin güclü təzyiqi
qarşısında Gursel geri çəkildi. Baş
Nazir Menderes asılsa da, Xarici İşlər naziri
Köprülü azad edildi.
Sonra altı il yaşadı. 1966-cı ilin iyununda Ankarada avtomobil qəzasında
sümükləri sındı və həyatını
itirdi.
***
Hər dəfə İstanbula yolum düşəndə
Ayasofyanın, Sultan Əhməd Camesinin, Topqapı
Sarayının, Gülhanə parkının... civarında
yerləşən, az qala, iki minillik dünya tarixinə
ağuş açmış Divanyolu caddəsindəki
Köprülüzadələr külliyyəsini ziyarət
edirəm... Fuad Köprülü burdadır.
Köprülüzadələr aşiyanında...
Azər Turan
Ədəbiyyat qəzeti 2024.- 1 iyun, №20.- S.16-17.