Fantastikadan
reallığa
Reyhan Yusifqızının kosmik qəza nəticəsində
Yer planetinə düşmüş on iki yaşlı
yadplanetli qızın – Leminin sərgüzəştlərindən
bəhs edir. İlk dəfə Lemini görən uşaqlar
onun yad planetdən gəlməyinə inanmasalar da, onlarda bu barədə
təsəvvürlər olduğundan Leminin söylədiklərinə
şübhə etmir, əksinə, onunla dost olurlar.
Uşaqlar kainatın sirlərini
açmağa, başqa planetlərdəki sivilizasiyalardan bizim
fərqimizi aydınlaşdırmağa
çalışırlar. Leminin
gözlərində parlayan işıq onun fiziki təsir
gücünü göstərir. Ümumilikdə
bu kitab 12 yaşdan yuxarı uşaqlar üçün nəzərdə
tutulub. Baş verən hadisələr
müəllif tərəfindən elə nəql olunur ki, oxucu
yorumur, əksinə ona Lemi və onun dostlarının sərgüzəştləri
maraqlı olur.
Yadplanetli qız rastına çıxan ilk insanlarla tanış olandan sonra onun Yer planetində həyat
haqqında təsəvvürü yaranır. O, telepatiya
qabiliyyəti sayəsində insanların leksikonundakı
söz ehtiyatını öz beyninə
köçürür və onlarla danışmağa
başlayır.
Leminin dostları söhbət əsnasında başa düşürlər
ki, onun planetində sivilizasiya daha irəlidədir. Orada insanlar daha uzunömürlüdür,
maşınlar daha sürətlə gedir. Orada
sərhədlər yoxdur və planetdə bütün insanlar
eyni dildə danışırlar. Orada yalan
yoxdur. Şiddət və müharibələr
də yoxdur. İnsanlar planeti və
ekologiyanı qoruyurlar.
Uşaqlar Yer planetinin problemlərini
müzakirə edir, kainatın qanunlarını başa
düşməyə çalışırlar. Onlar insan
orqanizminin yüksək imkanlarına: hipnoz, telekinez, telepatiya,
keçmişi və gələcəyi görmək qabiliyyətinin
olduğuna inanırlar.
Dostlar birlikdə ulduz müharibələrinin
qarşısını almaq, Yerin ekologiyasını məhv
olmaqdan xilas etmək üçün yollar fikirləşirlər. Əsər
təbiət, kainat, astronomiyaya aid məlumatlarla zəngindir.
Bu da
uşaqlarda Kainat haqqında biliklərini daha da
artırmağa həvəs yaradır. Dostların köməyilə
bütün çətinliklərin öhdəsindən gələn
Lemi deyilən vaxtda görüş yerinə çata bilir və
öz planetinə qayıdır. Uşaqlar
söz verirlər ki, onu axtarıb tapacaqlar.
“Uzaq planetin sirri” əsəri 2018-ci ildə
tamamlanmışdır. Hadisələr Leminin
yaşadığı X planetdə baş verir. Əsərin qısa məzmunu belədir ki, Leminin
yaşadığı “X” planetinə bədbəxtlik üz
verir. Dostları isə darda qoymaq olmaz... Kənan
və Rüstəm Lemiyə kömək eləmək
üçün bir müddət uzaq “X” planetində
qalmağa qərar verirlər.
Yüksək texnologiyalar planetin simasını tamamilə
dəyişib: avtomatlaşdırılmış sistemlər,
“ağıllı ev”lər,
sürücüsüz maşınlar, insanları tam və ya
qismən əvəz edən ev robotları, işçi
kiborqlar və s. İlk
baxışda insanların həyatı xeyli yüngülləşib,
onlar firavan yaşayırlar. Lakin onların
yaratdığı süni zəka özlərinə
qarşı çevrilib. Kiborqlar üsyan
qaldırıb. Onlara
başçılıq edən Superintellekt daha insanlara tabe
olmur, onları son nəfərinədək başqa bir “Y”
planetinə köçürmək, sürgün etmək niyyətindədir. Superintellekt deyilən
ana kompüter üçün heç bir sərhəd yoxdur.
O, nəhəng kompüter şəbəkəsi vasitəsilə
kosmosun dərinliklərinə nüfuz edir, ultrabənövşəyi
və ya infraqırmızı diapazonlarda ulduzları
müşahidə edə bilir, radiasiya
burulğanlarının səsini duyur. Bütün
planetə məxsus biliklər bazasını özündə
saxlayır. Onun qarşısında kim
dayana bilər? Yalnız bir nəfər –
robototexnika sahəsində böyük mütəxəssis
sayılan Doktor Fobo Vill. Saç-saqqalı
ağappaq olan şişman qoca alimə kömək emək
lazımdır. “Ağıllı ev”in himayəsi
altında olan Lemi, Kənan və Rüstəm kömək etməyə
hazırdırlar. Üstəlik, onlara sadiq Kibo adlı ev robotu da var.
Kənan və Rüstəm “X” planetində
maraqlı çox şey görürlər. Onlar 3D printerindən geyim əldə
eləyir, kosmik İnternetdən istifadə edir, meqapolisi
virtual səyahətə çıxırlar. Hətta
virtual olaraq Doktor Fobonun raket düzəldən mini-zavodunun
platformalarında olurlar. Hiperfəza və
sıçrayış haqda öyrənirlər.
Göründüyü kimi, fantastik
üslubda yazdığı bu əsərlərində Reyhan
Yusifqızı uşaq ədəbiyyatı tariximizdə təkrarolunmaz
izlər qoymağa nail olmuşdur.O, özünəməxsus
üslubu, yazı təxəyyülü vasitəsilə
uşaqların hüdudsuz düşüncə aləminin
daha da zənginləşməsinə vaqe olur. Uşaqlar
orijinal üslubda, dünya ədəbiyyatı nümunələrinə
bənzər, ancaq tariximizlə bağlı yeniliklərlə
tanış olur, elm və texnologiyanın
növbəti illərdə daha da təkmilləşəcəyini
fərz edir. Bu isə öz növbəsində
onların bu inkişafda maraqlı olmasını şərtləndirir.
Reyhan Yusifqızının Bakı Dövlət
Universitetində süni intellekt və soft kompütinq nəzəriyyələrindən
oxuduğu mühazirələr ona yeni texnologiyalar haqqında
maraqlı əsərlər yazmasına kömək edir. Müəllifin elmi-fantastik üslubda əsərlər
yazması bilavasitə onun pedoqoji fəaliyyəti ilə əlaqədardır.
Uşaqlar üçün əsərlər
yaradan yazıçı uşaq dünyasına dərindən
bələd olmalı, onun psixologiyasını bilməli, eyni
zamanda, ətraf aləmdə baş verən prosesləri, bu
proseslərin uşaq aləminə təsirini üzə
çıxarmalıdır. Yazıçı
yazdığı hadisələrə seyrçi mövqedən
yanaşmamalı, təqdim etdiyi mövzu və ideyanı elə
çatdırmalıdır ki, uşaq əsəri oxuyarkən
bunu anlaya bilsin. Görkəmli rus tənqidçisi
V.Q.Belinski yazırdı: “Uşaqlar son dərəcə həssasdılar,
belə ki, onların xilas və həlak olması bu qabiliyyətdən
asılıdır. Adam uşaqlıqda oxuduğu və xoşladığı
hər cür boş və mənasız bir şeyi
bütün ömrü boyu yadında saxlayır”.
Reyhan Yusifqızı
yaradıcılığında demək olar ki, hər yaş
qrupuna uyğun kitablara rast gəlirik. Müəllif
“Hamıdan qəşəng”, “Xoşbəxt arı”, “İki
gül”, “Ulduz pərisi”, “Kompüterin kələyi”, “Məstan
və Babu” kimi şəkilli kitablar dərc etdirmişdir. O, mətnlərində
sadaladığımız prinsiplərə əməl etməyə
çalışmış, uşaqların təfəkkür
və dünyagörüşünün formalaşması,
onlarda insani keyfiyyətlərin, dostluğun və
yoldaşlığın yaranmasını şərtləndirən əsərlər
yazmışdır.
Hekayə janrında da əsərlər yazan Reyhan Yusifqızı “Ad
günü”, “Arximed niyə gülürdü” adlı əsərlərində
də həmin motivlərə toxunmuşdur. “Ad
günü” hekayəsinin qəhrəmanı Zeynəb öz
doğum günündə sinif yoldaşlarını qonaq
çağırır, lakin o öz yaşına uyğun
olmayan biçimdə onların qarşısına
çıxır. Zeynəbi bu vəziyyətdə
görən uşaqlar ona gülür. Bu
zaman bərk dilxor olan Zeynəb nə edəcəyini bilmir.
Ancaq Arzu adında sinif yoldaşı Zeynəbə
bu çıxılmaz vəziyyətdə kömək edir,
uşaqları əyləndirmək üçün bir oyun
qurduqlarını söyləyir. Müəllifin
bu hekayəsi qısa olsa da, əslində uşaqları tərbiyələndirmək
baxımından maraqlı süjet xətti üzərində
qurulmuşdur. Burada qloballaşan
dünyamızda, elm və texnika əsrində həm
uşaqların öz yaşlarından böyük
görünmək istəyi tənqid olunur, həm də onlara
dostluğun önəmi, sevgi və mərhəmət hissi
aşılanır.
Reyhan Yusifqızı “Zümrüd”, “İki qardaş”,
“Mister Bebbic”, “Büllur vazada yasəmən”, “Mən və nənəm”
adlı hekayələrin müəllifidir.
“Mister Bebbic” hekayəsinin qəhrəmanı Fərid öz
otağında qəribə geyimli yaşlı bir kişi ilə rastlaşır. Kişi
özünü kompüterin yaradıcısı kimi təqdim
edir. O, bu əşyanı yaratdığından
peşiman olduğunu söyləyir. Çünki
“onlar artıq kitab oxumur, heç nə öyrənmir,
heç nə düşünmürlər”. Kompüterdən yalnız əylənmək
üçün istifadə edirlər. Bu
sözlərlə müəllif əslində acı olan
reallıqları oxucularına çatdırır.
Çağdaş zəmanəmizin qlobal problemi olan internet və
ondan asılılıq uşaqların az
mütailə eləməsinə, kitabdan uzaq düşməsinə
səbəb olmuşdur.
Reyhan Yusifqızı uşaqlar üçün
elmi-kütləvi kitablar da yazmışdır: “Riyaziyyat əyləncəli
ola bilərmiş” və “Kompüterin qəribə tarixi” əsərləri
haqqında bəhs etdiyimiz mövzuya nümunədir.
Müəllif bu əsərlərdə çətin
mənimsənilən fənlərdən olan riyaziyyatın
uşaqlar tərəfindən sevilməsinə
çalışır, bunun üçün maraqla
qarşılana biləcək əsər yaradır. Bu kitab riyaziyyatı
sevən və sevməyən uşaqlar üçün nəzərdə
tutulmuşdur. Riyaziyyatı sevənlər bu kitabdan maraqlı
məlumatlar əldə edə bilir, riyaziyyatçı alimlərin fikirləri
ilə tanış olur, ciddi fənn olan riyaziyyatı əyləncəli
şəkildə öyrənməyin mümkün olduğunu
görürlər. Riyaziyyatı sevməyənlər
isə bu kitab vasitəsilə riyazi qanunları əyləncəli
şəkildə öyrənib yadda saxlamağın
yollarını öyrənir, riyazi oyunlarla ətrafdakıları
təəccübləndirməyin sevincini yaşayırlar.
2015-ci ildə işıq üzü görmüş
“Kompüterin qəribə tarixi” kitabında əsas ideya ondan
ibarətdir ki, müəllif balacalara kompüter erasına qədəm
qoyana qədər bəşər elminin keçdiyi inkişaf
yolundan, bu yolda insanların göstərdiyi fədakarlıqdan
bəhs edir. Təqdim olunmuş həmin kitabda
kompüterlərin ta qədimdən bizim dövrlərə qədər
keçən tarixinin inkişaf mərhələləri, bir
çox maraqlı epizodlar, məşhur kəşflər, qəribə
faktlar, alim və ixtiraçılar, onların həyatı
haqqında məlumatlar vardır. Bu kitab sayəsində
uşaqlar hesab maşınları və onların tarixi ilə
daha yaxından tanış olurlar.
Reyhan Yusifqızı yaradıcılığında
vətənpərvərlik
mövzusundan da yan keçməyib. Həm
də onun vətənpərlik mövzusunda yazdığı
mətnlər uzaqgörən notlarla zəngindir. Məsələn, “Təranənin
arzusu” hekayəsində göyərçinə öz
arzusundan bəhs edən Təranə deyir: “Həm də mən
tək deyiləm axı. Müharibədə yüzlərlə
cəsur oğullarımız şəhid olub, məndən
də yaxşı oğlanlar ömürlük əlil
qalıblar. Müharibə amansızdır.
Amma nə edək, müharibəni biz başlamamışıq.
Biz işğalçı deyilik ki. Biz torpaqlarımızı qoruyuruq.
İnşallah, Qarabağı alandan sonra bizim üçün
müharibə bitəcək.
Təranə evə qayıtdı. O, artıq
Göyərçindən nə istəyəcəyini bilirdi. Çəhrayı lələyi sığalladı
Təranə. Göyərçin onun
otağında peyda oldu.
- Qarabağı istəyirəm! - dedi Təranə. -
Torpaqlarımızı işğaldan qurtarmaq istəyirəm.
İstəyirəm ki, biz daha heç vaxt
müharibə görməyək.
Ağ Göyərçin bu balaca
qızcığazın belə böyük ürəyi
olduğunu təxmin eləməmişdi. O dedi:
- Sənin arzun o qədər böyükdür ki, onu
yerinə yetirməyə mənim gücüm çatmaz. Amma mən nə edəcəyimi bilirəm. Mən
sənin ürəyindəki o böyük Vətən
sevgisini bütün Azərbaycana yayacağam! O zaman ki, hər
kəsin ürəyi Vətən sevgisi ilə dolacaq, onda
Qarabağ azad olacaq. Və siz daha heç vaxt
müharibə görməyəcəksiz.
Ağ Göyərçin uçub getdi. Qızcığaz
onun ardınca baxıb əl elədi.
O gündən Təranə gözləyir.
Gün gələcək, hər kəsin
ürəyi Vətən sevgisi ilə dolacaq və Qarabağ
azad olacaq!”
O gün doğrudan da gəldi. Təranə
və onun kimi uşaaqların arzusu çin oldu. Aydın səma altında azad və hürr
yaşamaq şansına sahib oldular.
Yazıçının
yaradıcılığına nəzər salanda kiçikhəcmli
hekayələrin üstünlük təşkil etdiyini
görürük. “Mən və nənəm”, “İki
qardaş”, “Musanın əhvalatı”, “Şəhrizad
nağıl axtarır”, “Dəcəl ilbizlər”, “Ən
gözəl”, “Leyla və Günəş”, “Boz bala
dovşanın qulaqları niyə əsirdi”, “İgid
şahin” kimi yığcam hekayələrdə
müxtəlif mövzu və motivlərə toxunan Reyhan
Yusifqızı hər bir əsərdə yeni problem ifadə
edir, uşaqların maraqlarına uyğun məzmunda,
oxunaqlı bədii əsərlər yaradır . Mövzunun
uğurlu seçimi, süjet xəttinin ardıcıl
quruluşu,
uşaqların ruhuna yaxınlığı həmin
əsərlərin sevilə-sevilə oxunmasına səbəb
olur və onların şəxsiyyətinin
formalaşması, bir fərd kimi yetişməsində əhəmiyyətli
rolunu təcəssüm etdrir.
Gülnar Qəmbərova
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı
şöbəsinin böyük elmi işçisi
Ədəbiyyat qəzeti
2024.- 1 iyun, ¹20.- S.18.