Uşaqların
sevgi nəğməsi: Mən böyüyürəm, insanlar
Müəllifi Oğuz rayon Calut kənd tam orta məktəbinin
ibtidai sinif şagirdləri və onların sevimli müəllimi
Günel İbrahimova olan "Mən böyüyürəm,
İnsanlar!" kitabında on səkkiz kiçik hekayə yer
alır. Həyat
nərdivanının ilk pillələrini addımlayan
uşaqların cəmiyyətə mesajı, səslənişidir
bu hekayələr: "Biz özümüzə güvənimizi,
çox iş bacara biləcəyimizi niyə də hər kəsə
göstərməyək? Həyat hekayələrimizi
öz körpə təxəyyülümüzlə dərk
etdiyimiz qədər yorumlamayaq? Bu həvəslə
bir yola çıxdıq. Maraq, istək,
sevgi, inam dolu bir yola. Hələ yolun əvvəlindəyik.
Sonundan xəbərimiz yox. Amma
öz gerçək həyat hekayələrimiz, öz
baxışlarımız, kiçik ürəklərimizdəki
böyük arzularla gəldik görüşünüzə.
Bu gəlişimiz əbəs deyil. Bu
gün bütün dünyaya bəyan edirik ki, bizi fərq
edin! Tanıyın! Görün! Anlayın! Sevin! Biz
özümüzə inandıq! Siz də bizə
inanın!"
Kitabça çağdaş zamanımızın
uşaqlarının paklıq və gözəllikdən
yoğrulmuş xəyallarının məhsulu kimi əvəzolunmazdır. Pedaqoqların
fikrinə görə, "Bədii yaradıcılıq
estetik tərbiyənin tərkib hissəsidir, buna görə də
uşağın şəxsiyyətini inkişaf etdirməyin
ayrılmaz vasitəsi hesab olunur. Uşaqların
gözəlliklə əhatə olunması üçün
estetik mühit yaratmaq vacibdir". Balaca fidanların qəlbindəki
gözəllik duyğusu və onu qiymətləndirmək
bacarığı onların həmyaşıdlarına
"nümunə", "stimul" olmaq arzusu,
düşüncəsi ilə birləşərək hekayələşib.
Hər bir uşağın daxili aləmi, fərdi
xüsusiyyətləri, yaradıcılıq qabiliyyəti onun
mətnində ifadəsini tapıb. Kitabdakı ilk hekayə
II Qarabağ müharibəsi şəhidi Əmrahov Saməddinin
Vətənə əmanət qızı Hülyanın qələminin
məhsuludur. "Şəhidin əmanətləri"
adlanan bu parça kiçik yaşdan həyatın
acılarını qürurla qarşılayan
qızcığazın kövrək ürək
çırpıntılarıdır: "Bir gün ailəmiz
acı xəbər aldı. Atam Vətən
uğrunda Qarabağ döyüşlərində şəhid
olmuşdu. Bütün acılara baxmayaraq,
anam bizdən ən ağır günlərində sevgisini,
diqqətini əskik etmədi. Zaman
keçdikcə bu acıyla yaşamağa öyrəşdik.
Anam hər həftəsonu bizi atamın qəbrini
ziyarət etməyə aparır. Hər
zaman qardaşıma da, mənə də deyir ki, atamız bizə
göylərdən baxır, bizi izləyir. Biz bu sözlərdən güc alır,
atamızın varlığını hiss edirik. Mən
anamdan duyduğum bu kəlməni çox sevirəm: Biz
atanın Vətənə əmanətləriyik. Ona görə də dik durmalıyıq".
25 cümlədən ibarət hekayənin süjeti
aydın və uşaqların anlaya biləcəyi dildə
verilmişdir.
Hülyanın (eyni zamanda yüzlərlə
şəhid övladlarının) ovqatı, emosional vəziyyəti
və əhval-ruhiyyəsinə köklənmiş mətn həmyaşıdlarının
da milli qürur hissini və heysiyyətini yüksəldəcək.
"Samirin arzusu" (Elləzov Taleh), "Vətən
sevgisi" (Əliyeva Fəridə) hekayələri
balacaların böyük yurd sevgisindən yaranıb. Bu nümunələri
səciyyələndirən əsas cəhət onlardakı
müasirlik və vətənpərvərlik hissinin zamana
uyğun təqdimidir. Müstəqil Azərbaycanın
gələcəyi olan bu balacalara vətən
qarşısında məsuliyyətin vacibliyi aşağı
siniflərdən öyrədilmişdir. Bu,
əlbəttə ki, uşaqların təhsil aldıqları
məktəbin, onları vətənə sevgi və əzmkarlıq
ruhunda yetişdirən müəllimlərinin hünəridir.
Odur ki, qalib bir ölkədə yaşama hissini
fəxrlə ifadə etməyi bacarmışlar.
Şahquliyev
Nərminin "Mərhəmətli Ziba", Həsənli
Elifin "Mərhəmət" hekayələrində
gözəl davranış qaydalarının, insani
duyğuların qabardılması, fərdin mənəvi borcu
humanist ideyalar işığında həll yolunu tapır. Yağışlı bir gündə pişiyi
çöldə qoymayan Ziba, yaralı həmkəndlisinin həyatını
qurtaran Vüqar yadda qalan qəhrəmanlardır. Böyük şair Hüseyn Cavid demiş,
"Ən faydalı düşüncələr, ən ciddi
mühakimələr yalnız ədəbiyyat vasitəsilə
əldə edilə bilər". Uşaqların
hekayələrində bu missiyanın belə kiçik
yaşdan dərki heyrətamizlik doğurur.
Qəribov Sübhanın "Ana məhəbbəti",
Dünyamalı İslamın "Ana göyərçinin təşəkkürü",
İsgəndərli Xədicənin "Sədaqətli sərçə",
Məmmədli Əminənin "Ağıllı
Alabaş" hekayələri sirli-sehrli uşaq
dünyasının özünəməxsus şəkildə
dərk edildiyi maraqlı məqamlar üzərində qurulub. Yazı fəaliyyətində
şagirdlər hekayəyə girişlə başlama
bacarığına yiyələnmiş, mətni
düzgün qurmağa, təhkiyənin məntiqi
ardıcıllığını gözləməyə
çalışmış, hadisələrə olan həssas
münasibət, canlı dillə, ifadəli yazmağa cəhdlərlə
fərqlənmişlər.
Oruczadə
Məryəmin "Ən böyük zənginlik", Həsənzadə
Dənizin "Şahzadə və dostu", Həsənli
Cahidin "İki dost", Həsənli Əsmanın
"Balaca Nərgiz", Həsənli Leylanın
"Xurma", Əlimərdanlı Səkinənin
"Paxıllıq", Abbaslı Rahibin "Pulqabı",
Həsənzadə Yusifin "Peşmanlıq", Hüseynli
Məryəmin "Oğurluq" hekayələri müxtəlif
xarakterli, dünyagörüşlü dəcəl
uşaqların həyatından və düşüncələrindən
bəhs edən oxşar hadisələrdən ibarətdir.
Müəyyən kiçik qüsurlarının
olmasına baxmayaraq, mətnlərdə uşaqların
müşahidə qabiliyyəti, həyat hadisələrinə
emosional reaksiyası, fikir və məlumatları
düşüncəsinə uyğun formada ifadə etməyə
çalışması, demək istədikləri əsas məqamı
vurğulamaları, hadisələr arasında əlaqə
yaratma və yekunlaşdıra bilmə bacarığı
özünü büruzə verir. Ətrafdakı gözəlliklərdən
ruh alan uşaqların özlərinin də
yeni söz deməyə meyil etməsi sevindiricidir. Şagirdlərdəki bu istəyi bacarığa
çevirmək, tərbiyə etmək müəllimin üzərinə
düşür. Təbii ki, "Mən
böyüyürəm, İnsanlar!" kitabının ərsəyə
gəlməsi peşəsinə sonsuz məhəbbətlə
yanaşan Günel müəllimənin səbr və əzmkarlıq
tələb edən gündəlik fəaliyyətinin nəticəsidir.
Balacaların estetik tərbiyəsini uğurla təşkil
etməyi qarşısına məqsəd qoymuş Günel
müəllimə "inkişafetdirici mühit"
yaratmağı bacarmışdır. Onun məqsədi
balacalarda həyata, əməyə, ictimai fəaliyyətə,
təbiətə, incəsənətə estetik münasibət
formalaşdırmaqdır. Ən əsası isə,
Sözün gücünə inandırmaq! İnternet
əsrində, texnogen sivilizasiyanın indiki dönəmində
bunu bacarmaq ikiqat çətindir. Amma demək
ki, istək, təəssübkeşlik olduqda bütün
çətinliklər zamana və şəraitə tabe olur.
Bunun öhdəsindən gələn uşaqların da
üzünü bütün dünyaya tutub uca səslə bəyan
etməyə haqları çatır: "MƏN
BÖYÜYÜRƏM, İNSANLAR"!
İlhamə Ağazadə
Ədəbiyyat qəzeti 2024.-
1 iyun, №20.- S.21.