Aşiyan
könüllər
1-ci
Türk İnteqrasiya Olimpiadası və ondan geri qalan sıcaq
xatirələr haqqında
Bu günlərdə 1-ci Türk İnteqrasiya
Olimpiadası münasibətilə ölkəmizə təşrif
buyuran doğma soydaşlarımızdan, onların gəlişi
səbəbi ilə təşkil olunan törənlərdən
yazmağa nə var ki?! Türk qardaşlarımıza qucaq açan, Turan
yolçuluğuna hazır olan Bakının - başkəndimizin
sıcaq qəlbini türk ellərindən gələn
yavruların könlünə aşiyan etməsindən
gözəl nə ola bilər?!
Mayın 27-də 1-ci Türk İnteqrasiya
Olimpiadasının bağlanış törəninə bəndənizin
də dəvət olunması Cümhuriyyət
bayramımız ərəfəsində mənə ən
böyük hədiyyə oldu. Türk
coğrafiyasını qapsayan bu olimpiadanın həm də elm
müstəvisində təşkil olunması
istiqbalımız üçün yandırılan
çıraqların nə qədər atəşli, sönməz
olmasının bəşarətçisidir. Ayrıca,
türkçülük məfkurəsi üçün
münəvvər şəxslərimizi - Xalq şairi Sabir
Rüstəmxanlını, şair Rüstəm Behrudini,
akademik Nizami Cəfərovu və başqalarını bu
ortamda görmək məni xeyli məmnun etdi. Bağlanış
tədbirində rejissorumuz Bəhram Yaqublu ilə
hazırladığımız video-çarxın təltif
olunması, doğma Azərbaycan Televiziyasının əməyinin
qiymətləndirilməsi də qürurverici anlardandır.
Türkiyə türklərini, Quzey Kıbrıs
yavrularını, qazax, qırğız, özbək,
türkmən, kərkük məktəblilərini bu
olimpiadada görməyim, müxtəlif türk ölkələrindən
gələn müsafirlərimizlə baş-başa şam etməyimiz
hafizəmdə unudulmaz anlar buraxdı. Bu
çocuqların timsalında, sanki Əl-Fərabi, Mahmud
Kaşğari, Çingiz Aytmatov kimi türk nəhəngləri
ilə görüşmüş oldum. Xüsusən,
Türkmanelinin kərkük balalarının uzaq masadakı,
amma doğma nəfəslərini duymağım məni fərəhləndirdi.
Darmacalda onların masasına
yaxınlaşdım, o çocuqların üzlərindən
öpdüm, yanaşı şəkil çəkdirdim.
İndi
isə yemək ziyafətindən keçirəm, söz ziyafətinə:
Kayı,
Bayat, Alka-Bölük, Qara bölük, Yazır, Döyər,
Dodurğa, Yaparlı, Əfşar, Salur - çoxuq...Oğuz
tayfalarının bir qisminin adlarıdır bunlar. Birimiz köy deyərik, birimiz kənd, nə fərq
edər ki?! Birimiz qamusu deyərik, birimiz
hamısı, birimiz hepsi. Nə fərq edər
ki?! Hamısı bizik arxadaşlar, hamısı bizik!
Türk
dünyası! - Dünya içrə dünyamız -
dünyadan böyük dünya!
Türk dünyası dünəndən bu günə,
bu gündən sabaha uzanan bir işıq yolunu ifadə edir.
Bəli, bu gün 1-ci Türk İnteqrasiya
Olimpiadasının işığına toplaşanlar da məhz
bizim yavrular, bizim məktəblilərdir. Bir arada
bulunanlar da məhz bizim çocuqlar, bizim məktəblilərdir.
Zatən, "Elm ağılın
çırağıdır", - deyən müdrik
babalarımızın bu deyiminə haqq qazandırır
bugünkü Türk İnteqrasiya Olimpiadası. Ortaq elmimizin, ortaq
kamalımızın münəvvərləri sayılan
Şeyx Nizaminin, Əl-Biruninin, İbn Sinanın,
Əl-Fərabinin elm marşrutuna sakin olanlardır bu
Olimpiadanı gerçəkləşdirənlər. Ortaq mədəniyyətimizin
dünyaya bəyanı sayılmalıdır bu gediş-gəlişlərimiz.
Bunlar,
Cavid əfəndinin:
Turana
qılıncdan daha kəskin, ulu qüvvət,
Yalnız
mədəniyyət, mədəniyyət, mədəniyyət!
- misralarının ərşə bülənd
olması, niyyətimiz uğrunda atdığımız
növbəti addımlarımızdır.
Bir halda
ki, məramımız ortaq hədəflərimizə
çatmaqdır, onda Hədəf Şirkətlər Qrupnun təşkil
etdiyi Fənlərin Dostluğu Olimpiadası əsasında
yaranan Olimpiadanın ideya müəllifi və layihə rəhbəri
dosent Şəmil Sadıqın da adını çəkməyə
dəyər!
Azərbaycan,
Türkiyə, Gürcüstan, Qazaxıstan,
Qırğızıstan, Türkmənistan, Şimali Kipr
Türk Cümhuriyyəti, Tatarıstan, Krım,
Qaraçaylar, Qaqauziya, Çuvaşıstan, Özbəkistan,
Kərkük türklərinin iştirakı ilə gerçəkləşən
Olimpiada 10-a yaxın ölkədən 100-ə yaxın
şagirdə qucaq açdı.
- Bəs
ümdə amacımız, əsas amalımız nə?
- Türk
xalqlarının ortaq dil, əlifba, dərslik ideyasına dəstək
vermək, birgə tərəfdaşlığın
inkişafı, işdə, dildə, əməldə birliyin
fərqinə varıb da daim irəliyə yürüməkdir.
Bu bilgi mübadiləsində nə üçün elm
günəşi Azərbaycan yurdundan zühur etməsin,
diyarımız türk birliyinin, türk vəhdətinin
beşiyi olmasın?!
Türk
dünyası inteqrasiya olimpiadasının yeni - uğurlu bir
başlanğıc olacağına inamımız tamdır! İnamımız tamdır ki, hər türkün
elmi uğuruna görə Uluqbəyin, Kaşğarlı
Mahmudun, Fərabinin, Tusinin ruhu şad olur.
Bilginlik Türkə çox yaraşır - xarakterimizə,
şərəf-şanımıza, tarixi gələnəklərimizə
çox uyğundur.
Zatən, Azərbaycan Respublikasının
yürütdüyü dövlət siyasəti Türk Dövlətləri
Təşkilatına baxışımızı aydın
şəkildə ehtiva edir. 14 fevral 2024-cü ildə
keçirilmiş Azərbaycan Respublikası Prezidentinin
Andiçmə mərasimində bu vacib məqamı
vurğulayan cənab Prezident İlham Əliyev Türk Dövlətləri
Təşkilatını yeganə ailəmiz adlandırdı:
İlham Əliyev:
Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü
çox yaxşı hiss edirik. Bütün
Türk Dövlətləri Təşkilatına üzv
ölkələrlə qardaşlıq münasibətimiz var və
bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını
gücləndirməkdir. Bu, böyük
coğrafiyadır, böyük ərazidir, böyük hərbi
gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir,
nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir
və bir soydan, bir kökdən olan xalqlardır.
- Bundan
güclü birlik ola bilərmi?!
- Əlbəttə
ki, yox!
Turan Uğur
Ədəbiyyat qəzeti 2024.-
1 iyun, №20.- S.20.