Yazıçılar
Birliyində Puşkinin anadan olmasının 225 illiyi - qeyd
olunub
Mayın 30-da Azərbaycan Yazıçılar Birliyində
Aleksandr Sergeyeviç Puşkinin 225 illiyi münasibətilə
tədbir keçirilib.
Tədbirdə çıxış edən Rusiyanın
Azərbaycandakı səfirliyinin birinci katibi Pavel
Mixayloviç Kuznetsov şairin yaradıcılığı
ilə bağlı Bakıda təşkil olunan kitab təqdimatlarında
iştirak etdiyini və məmnunluq duyduğunu bildirib.
“Aleksandr
Ostrovski, Fyodor Dostoyevski və rus ədəbiyyatının digər
klassiklərinə həsr olunan kitab təqdimatında
iştirak etmişəm. Bu kitabları
şübhəsiz ki, müəllifin qəhrəmanlarına
olan sevgi birləşdirir. Mən görkəmli
şair Puşkinə həsr olunan “Bəşəri
poeziyanın əbədiyyət günəşi”
kitabının müəllifi Reyhan Mirzəzadə ilə
artıq uzun müddətdir tanışam. Poliqrafik üslubda nəşr edilən nəfis
şəkilli kitabda qüdrətli şairin həyat və
yaradıcılığı, onun Azərbaycan ədəbiyyatına,
ədəbi mühitinə təsirindən geniş bəhs
olunur. Kitabda şairin həyatının
maraqlı məqamlarından söz açılır.
İndiyədək oxuculara məlum olmayan və yaxud az məlum olan məsələlərə
toxunulur. Ümid edirəm ki, Puşkinə həsr olunmuş
yeni nəşr təkcə rus deyil, həm də dünya mədəniyyətini,
poeziyasını sevənlər üçün eyni dərəcədə
faydalı və maraqlı olacaq”, - deyə o, sözlərinə
əlavə edib.
Puşkinin Azərbaycan üçün doğma şair
olduğunu vurğulayan AYB-nin sədri, Xalq
yazıçısı Anar Puşkini Azərbaycanla iki
yüzillik ənənələrin bağladığını
söyləyib. Bu yaxınlıq XIX əsrdə
başladı. Böyük ədib Mirzə
Fətəli Axundzadə Puşkinin ölümündən təsirlənərək
ilk böyük əsərini onun ölümünə həsr
edib. Bu əsər fars dilində
yazılan “Puşkinin ölümünə Şərq
poeması”dır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə diqqətə
çatdırıb ki, vətəndaş cəsarəti, xəlqilik,
milli iftixar, vətənpərvərlik ruhu ilə şöhrət
qazanan şair dünya mədəniyyətinin zəngin ədəbi
xəzinəsinə dəyərli töhfələr bəxş
edib. Klassiklərin
müxtəlif xalqları və millətləri bir araya gətirən
ümumbəşəri məbədin sütunları hesab
olunduğunu söyləyən deputat deyib ki, istedad və təfəkkür,
zehniyyət və yaradıcılıq potensialı ilə
söz, fikir tarixində özünəməxsus yeri olan rus
klassiklərini haqlı olaraq ziddiyyətli, mürəkkəb
və ədəbi mübarizələr dövrünün qəhrəmanları
adlandırırlar: “Rus realist istiqamətinin əsasını
qoyan, bəşəri poeziyanın korifeyi kimi sevilən
Aleksandr Sergeyeviç Puşkinin əsərləri bu gün də
bütün dünyada sevgi və rəğbətlə oxunur.
Bu əsərlər bəşər mənəvi
və mədəni xəzinəsinin ən qiymətli sərvətlərindən
hesab olunur”.
Yazıçı-publisist Zöhrə Əsgərovanın
fikrincə dahi şari dünyada sevdirən əsas xüsusiyyəti
onun ədalətsizliyə qarşı mübarizəsidir. Yazıçı
bildirib ki, Puşkin nəinki Rusiyanın, bütün
dünyanın pərəstiş etdiyi şairdir.
AYB-nin katibləri
Səlim Babullaoğlu, Çingiz Abdullayev, Azərbaycan
Dövlət Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət
işçisi Ədalət Hacıyev, Xalq artisti Cənnət
Səlimova, Xalq şairi Nəriman Həsənzadə dahi
şairin yaradıcılığına toxunub, onunla
bağlı fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində, həmçinin
Puşkinin “Kapitan qızı” və “Motsart və Solyeri” əsərlərindən
səhnəciklər nümayiş olunub.
Ədəbiyyat qəzeti
2024.- 1 iyun, ¹20.- S.21.