Ədəbiyyatımızda Samur çayı

 

Azərbaycanın "Şimal qapısı" sayılan Qusar ərazisindən bir neçə çay axır. Bu çaylardan birinin - Samurun ikinci adı var - ona çox vaxt "Dostluq çayı" deyirlər. Coğrafi obyekt kimi bu çayın taleyinə Azərbaycan və Dağıstan respublikalarının hüdudlarını yaxınlaşdırmaq və həm də ayırmaq düşüb. Amma su ayrılıq ola bilməz. Su aydınlıqdır, xeyirdir, bərəkətdir. Su həyatdır.

Həyatda isə dostsuz yaşamaq çətindir. Şimaldan Azərbaycanın dostluq dünyasına yolu Samur çayının üzərindəki körpüdən keçir. Doğrudan da, real həyatda Samur ,sözün əsl mənasında, birlik çayıdır. Birlik, həqiqətən, böyük qüvvədir. Biz həmişə onun gücü ilə öyünmüşük. Azərbaycanlılar və dağıstanlılar üçün mehribanlıq və səmimiyyət bu çaydan başlanır. Çətin gündə onlar bir-birinin köməyinə bu çayın üzərindən tələsirlər. İllərin sınağı, ağrı-acıları və həyəcanlı anları xalqlarımızı daha da yaxınlaşdırıb, daha da mehriban edib. Çay nə qədər sevincin, şadyanalığın, toy-bayramın və təntənənin şahidi olub. İllər, əsrlər bir-birini əvəz edib dəyişdikcə nəsillər də dəyişib, çox şeyləri öz axarından çıxarıb. Dəyişməyən isə yalnız bir şey olub: bizim əbədi dostluğumuz! Ulularımızın bünövrəsini qoyduqları, ata-babalarımızın mərdliklə qoruduqları, nəvələrimizin ehtiramla keşiyində durduqları dostluğumuz, qardaşlığımız!

Azərbaycan şairləri dəli Kürü və xan Arazı necə böyük şövq və həvəslə tərənnüm etdikləri kimi, eləcə də dostluq rəmzi Samur çayına xoş sözlər, ürəkdən gələn isti kəlmələr həsr etmişlər. Şair Əli Cədid (1900-1950) "Samur" poemasını heç də təsadüfən qələmə almamış, bu hayqırtılı dağ çayını öz oxucularına ilhamını coşduran səbəb və mənbə kimi göstərmişdir. Xalq şairi Məmməd Rahimin "Samur" şeirinə xalq artisti Rauf Hacıyevin gözəl musiqi bəstələməsi də görkəmli yazar və bəstəkarın çaya olan sevgisindən, incə hisslərdən qaynaqlanmışdır. Klassiklərimizdən Əhməd Cavad və Almas İldırımın öz poeziyalarında Samura xüsusi yer ayırmalarını onların bir vaxtlar bu vadiyə yaxın ərazilərdə işləmələri və yaşamaları ilə əlaqələndirmək lazımdır.

Samur-Dəvəçi kanalının (SDK) - indi Samur-Abşeron kanalı adlanır - Qusar, Quba, Xaçmaz, Dəvəçi və Abşeron rayonları üçün müstəsna əhəmiyyəti olduğu kimi, Bakı və Sumqayıt şəhərlərinin iqtisadiyyatındakı xüsusi rolunu da ayrıca qeyd etməliyik. Belə ki, əsrlər boyu ilan mələyən, susuz, şoran torpaqlar əsl cənnətə, gülüstana çevrilmişdir. Üçüncü beşilliyin ən böyük tikintilərindən olan kanal Samur çayının orta axınından, Qullar kəndindən başlamaqla, çox zəruri suvarma kanalı sayılırdı. Kanalın relyefcə ən çətin sahəsi Qusar ərazisindən keçirdi. 1930-cu ildən start götürən tikintiyə təkcə Qusar rayonundan on min nəfər işçi, o cümlədən, 3500 komsomolçu cəlb edilmişdi...

Kanalın birinci növbəsi Dəvəçinin Qızılburun məntəqəsinədək, ikinci növbəsi Abşeronun Ceyranbatan qəsəbəsinədək 109 kilometr uzunluqda nəzərdə tutulmuşdu.

Kanal bel və külünglə qazılmaqla başlanmış, torpaq xərək və əl arabaları ilə daşınmışdır. Tikintidə iş günü bütöv sutka idi. Yüksək fədakarlıq, səy, qayğı, həvəs, maddi və mənəvi maraq nəticəsində kanal ən qısa müddətdə başa çatdırıldı.

1939-cu ildə kanalın açılış bayramında SSRİ MİK sədri, Ümumittifaq ağsaqqalı M.J.Kalinin, respublikanın partiya və hökumət rəhbərləri, çoxlu qonaqlar iştirak edirdi. Samur-Dəvəçi kanalının açılış mərasiminə Səməd Vurğun dəvət olunmayıbmış. Təntənəli açılış günü şair özü ora gedir. Yığıncağın başlanmasına beş-on dəqiqə qalmış Azərbaycan KP MK-nin birinci katibi Mircəfər Bağırov Səmədi görüb, təəccüb və kinayə ilə:

- Sən nə əcəb gəlmisən? - deyə soruşur.

Səməd Vurğun özünü itirmədən, qorxub-çəkinmədən deyir:

- Gəldim ki, xalqın təntənəsini, şadlığını öz gözlərimlə görüm, onların sevincinin şahidi olum.

- Onda bu təntənəyə gərək mütləq şeir oxuyasan - deməkdən başqa Bağırovun əlacı qalmır.

Səməd Vurğun elə oradaca yazdığı "Samur" şeirini oxuyur:

 

2

 

Samur çayı, sən axdıqca susuz yanan çöllərə,

Dalğaların baş əydikcə bizim ağır ellərə

Boz təpələr çiçəklənir, atlas geyir yamaclar,

Bu şöhrətin dastan olur ağızlara, dillərə.

 

Boz çöllərin ciyərinə işlədikcə axar su,

Yayılacaq reyhanların, nanələrin qoxusu.

İnsan oğlu öyünəcək göstərdiyi hünərlə,

Təbiətin gözlərindən çəkiləcək yuxusu.

 

Dolanacaq Abşerona Samurçayın kəməri,

Al yaşıla bürünəcək bizim Bakı şəhəri.

İlk səhərin şəfəqiylə yuyunacaq səhralar,

Qızılgüllər qoxuyacaq ana yurdun səhəri.

 

Açılış bayramında təltif edilənlər, mükafat alanlar çox olub və mərasim misli-bərabəri olmayan bir şənliklə başa çatıb.

Samur-Dəvəçi kanalının istismara verilməsi münasibətilə 1939-cu ildə Azərbaycan Dövlət Nəşriyyatı "Samur çayı" adlı kitab buraxmışdır. Həmin kitabda Səməd Vurğunun, Rəsul Rzanın, İlyas Əfəndiyevin əsərləri oxuculara təqdim edilib. Sevindirici haldır ki, məcmuədə, həmçinin Qusarda çıxan "Sosializm tempi" qəzetinin məsul katibi, gənc şair Sabir Piroğlanovun "Samur" şeiri də çap olunub.

1941-ci ildə vətənimizin üstünü qara buludlar alanda S.Piroğlanov da qələmini avtomat silahla əvəz elədi. Cəbhədən həyat yoldaşına göndərdiyi məktubunda belə yazırdı: "Vətən uğrunda həlak olsam belə, bu şərəfli yolda xoşdu ölüm..."

Kim bilir, yaşasaydı, bəlkə də ədəbiyyatımızın klassiklərindən biri olardı Sabir müəllim. "Çünki döyüşçü şairin aşağıda sizə təqdim etdiyimiz "Samur" şeiri belə deməyə əsas verir:

 

Geniş Vətən torpağında

Salınacaq yolun sənin.

Kolxozçular içəcəklər

Ovuc-ovuc suyun sənin.

Çiçək kimi açılacaq,

Uzanacaq boyun sənin.

Bol su səndən, əmək məndən -

Qanadlanaq, uçaq, Samur!

Tay-tay sarı sünbülləri

Yığaq qucaq-qucaq, Samur!

 

Həzrə kəndinin ayağında geniş bir düzənlik var. "Həzrə dugunu" adlanan, ucu-bucağı görünməyən bu sahə bağ-bağat diyarı, ceyran-cüyür, qırqovul-turac məkanıdır. Bu yerlərlə çoxu maraqlanmışdır. Xalq şairi Səməd Vurğunun da bu səfalı yerlərin əziz qonağı olduğu vaxtlar çox olmuşdur. Şairin Samurun, sanki yolunu azıb gah bu, gah da o biri sahili döyəcləyən köpüklü sellərinin hayqırtılı sıçrayışına maraqla baxaraq düşüncələrə daldığı anlar az olmamışdır. Onun həvəslə Samur sahillərinə ova çıxdığı, lakin yaşıl çöllərin yaraşığı olan gözəl heyvanlara, quşlara qıymayıb güllə atmadığı günlər də olmuşdur.

 

3

 

Samur çayının sahilləri Səməd Vurğunun ən çox sevdiyi yerlər idi. Ovdan dostlarının yanına qayıdanda yazdığı "Ləzgi qızı" şeirini oxuyarmış:

 

Ətəyini çirməyərək

Samur çaydan keçəndə sən

Xəfif-xəfif əsən külək

Öpdü sənin gül üzündən.

 

Tonqal başında kabab çəkərkən və onu ən çox sevdiyi ləzgi xərək çörəyinin arasına qoyub sıxarkən, bu yerlərə baxmaqdan, Samur çayının şırıltısına, gah coşmasına, gah da sakit axmasına qulaq asmaqdan doymamış bizim Səməd.

Şair dəfələrlə Samur çayının qıraqlarındakı meşələrdə olmuş, buranın təkrarsız təbiətini böyük məhəbbətlə qələmə almışdır. Ceyran-cüyür, kəklik, qırqovul məskəni Samur sahili şairə ilham, mənəvi qida verirdi. "Bəxt məni bu yerə qonaq göndərdi" deyən böyük şairin çox sevdiyi və mənim də tez-tez seyr etdiyim Samur çayının sahilindəyəm. Bura məni Səmədin ruhu çağırıb. Qəlbimin dərkedilməz, sehrli bir qüvvəsi çəkib gətirib məni bura. Samura baxdım, Səmədin əllərinin, qəlbinin hərarətini, ürəyinin döyüntülərini duydum. Mən onun canlı simasını, erkən dən düşmüş saçlarını, qartal baxışlarını gördüm. Samur çayı kimi ləngərli, axar-baxarlı səsini eşitdim...

 

Hansı könül ilham almaz bu mənalı gözəldən?

Bir tamaşa yaranmışdır onun hüsnü, əzəldən.

Bu gün mənəm Samurçayın sahilində dayanıb,

Xəyalımın dünyasında söz dastanı düzəldən.

 

Birdən mənə elə gəldi ki, çağlayan, coşan Samurun özü şair Səməd Vurğundur. Bədahətən aşağıdakı misralar keçdi mənim sinəmdən:

Kükrəyən çay axır Qusar elində,

Öpüb sahilləri, oxşayır Samur.

Səmədi yaşadır coşqun selində,

Vurğun sevgisində yaşayır Samur...

 

Və sevimli xalq yazıçımız Qılman İlkinin təbirincə desək, şimal küləyi, Şalbuz dağın gətirdiyi sərinlik dostluqdan, eləcə də bürkülü yay havasından isinmiş qəlbimdə xoş ovqat, gözəl duyğu, qəribə bir rahatlıq yaradır. Sirrimi Samura açır, arzu-diləyimi çatdırır, sevincimi onunla bölüşürəm. Coşan dalğalar qəm-qüssəmi dağıdır, dərd-sərimi aparır özüylə, qoluma güc, dizimə təpər verir və həyatımı şeir-sənət istiqamətinə yönəldir...

 

Axır qıjıltıyla yüyrək dağ çayı,

Nəğmələr söyləyir ana dilimdə.

Dostluq timsalıdır, bundan savayı,

"Şair çay" deyirlər ona elimdə.

Dəryalar içində gözəldi Samur,

Yoxdur bərabəri, özəldi Samur!

4

 

 

Loğman havası var sahillərində,

Uzadır ömrümü dirilik suyu.

Gözüm yox dünyanın heç bir yerində,

Yaşaram burada həyatım boyu.

Vəfalı sirdaşım, yarımdı Samur,

Tükənməz sərvətim, varımdı Samur!

 

Gözəl təbii mənzərələr: yaşıl meşələr, qartallı dağlar, gen dərələr, dişgöynədən bulaqlar məskəni Samur torpağı S.Vurğuna xüsusi ilham verib, sinəsində söhbəti-sözü çoxaldıb; ürəyində bu yerlərə yenidən qonaq gəlmək arzusu baş qaldırıb. Şair heç vaxt verdiyi vədinə xilaf çıxmayıb, qayıdıb qonaq olub bu el-obada. Qusarın müdrik ağsaqqallarıyla, gülərüz cavanlarıyla əyləşib söhbət edib, ömür-gündən, xoş güzərandan söz açıb. Dost-tanışlarıyla görüşəndə fərəhlənib, şahanə gözəlliyinə malik Samurun qonaqpərvər, istiqanlı camaatına, həqiqi mənada, məhəbbət bəsləyib, ürəkdən bağlanıb. Hər gəlişi toy-bayrama çevrilib şairin. Hər kəsin ürəyinə kövrək xatirə izi salıb.

Bir şair ömrü neçə-neçə insan qəlbində yaşayır indi. Camaat şairi ən əziz adamı kimi unutmayıb, yaddaşında həkk edib.

S.Vurğun buralarda şeirdən, sənətdən söhbət açar, el sənətkarlarını arayıb-axtarar, aşıqların duzlu-məzəli söhbətlərindən, gözəl saz havalarından mənəvi zövq alar, böyük ilhamla onlara qulaq asardı. Eh, necə gözəl günlər idi...

Bənzərsiz səliqə-səhmanlı Qusar torpağı yenə öz yerindədir. Samur çayının sahilində qərar tutan eyniadlı qəsəbənin şöhrəti onun hüdudlarından çox-çox uzaqlara yayılıb. Camaatın saza-sözə, şeir-sənətə həvəsi əvvəlkindən də güclüdür. Amma bir həsrət dolaşır bu gün el-obada. Bu da şair və yazıçılarımızın bu mahala az-az gəlməsidir. Görkəmli yazıçı və şairlərimiz, məşhur elm və mədəniyyət xadimlərimiz xalq şairi Səməd Vurğunun bu gözəl ənənəsini davam etdirərək gəlişlərini daha da canlandırsalar - Qusarda poeziya gecələri, ədəbi görüşlər keçirsələr, yerli yazarlarla maraqlansalar, bu qədim el, bu ulu xalq, bu bərəkətli torpaq bugünkü sənəkarlarımıza heç vaxt borclu qalmaz. Odur ki, böyük məmnuniyyətlə yazarlarımızı sərin bulaqlar başına, yaşıl meşələr qoynuna, çiçəklərdən xalçası, buludlardan örpəyi olan coşqun Samurun sahillərinə səsləyirik. Onlardan bu yurda layiq yeni sənət əsərləri gözləyirik.

Tarixi romanlar müəllifi, xalq yazıçısı Əzizə Cəfərzadənin Azərbaycan Səfəvilər dövlətinin qüdrətlənməsi yolunda atılan addımlardan, Şah İsmayıl Xətainin sərkərdə və şair kimi həyatından bəhs edən "Bakı-1501" romanından sətirlər: "Samur çayı vadisində ağaclar yarpaq açmış, çayın hər iki yamacı yamyaşıl çəmənliklərə bürünmüşdü. Yamaclarda xeyli əsgər müvəqqəti qərargah ətrafında çalışırdı. Sənətsizlər Həzrə meşələrindən odun qırıb gətirir, şatırlar sacı ocağa çevirir, aşbazlar bütöv qoyun, dana cəmdəklərini nəhəng millərə keçirib iri tonqal közünün üstündə bağara kimi firlandıra-firlandıra qızdırırdılar".

İstedadlı şair, ədəbiyyatşünas alim Adil Cəmil yazır:

 

Cığırlar Şahdağından,

Yollar Samurdan keçir.

Hardasız, darıxmışam,

Günlər ömürdən keçir,

Mənim ləzgi dostlarım.

 

Təbiət şairi O.Rza deyir ki, Samur, sanki simfonik əsərdir, mirvari ləpələrdir musiqinin notları:

 

Samur - simfoniya, axır Xəzərə,

Ürəkdən heyranam mən bu əsərə.

 

5

 

Samuru Qusar boyda sərgi salonunun dövrəsindəki mavi bir lentə bənzədən Oqtay müəllim təsəvvüründə haqlıdır.

Kələntər Kələntərli və Ramiz Qusarçaylının Samur sevgisi o qədər inandırıcıdır ki, səmimiyyətinə, təbiiliyinə vurulmamaq qeyri-mümkündür. K.Kələntərlini dinləyək:

 

Kimə ləzzət verməz baharı, yayı?!

Gedər bulaq üstə qızlar alayı.

Şırhaşır axdıqca gur Samur çayı,

İlhamım çay kimi çağlar Qusarda.

 

Xınalıqlı şair Rəhim Alxas da Samur sahillərinin pərəstişkarı idi. Onun "Qartal yuvaları" kitabını vərəqləyirik. "Samur" adlı lirik şeiri bu füsunkar çayın səfalı yaylaqlarına, büllur bulaqlarına və mərd insanlarına həsr olunmuşdur.

Ümumiyyətlə, Azərbaycan ədiblərinin Samur haqda yazdıqları əsərlər təkcə vəsf və tərənnüm yazıları olmayıb, həm də ictimai məzmunlu, siyasi kəsərli, xalq ruhlu, təbiət ətirli, insan nəfəsli bitkin və yetkin yaradıcılıq nümunələridir. Onları oxuduqca, oxucunun gözləri qarşısında Samur dünyasının ecazkar və unudulmaz mənzərələri açılır. Yeri gəlmişkən, onu da əlavə edim ki, çoxmillətli qonşu Dağıstan Respublikasının istedadlı qələm ustalarından eləsini tapmaq çətindir ki, yaradıcılığında dostluq çayı Samura olan tükənməz sevgisini nəzm, nəsr və ya dramaturgiya dilində izhar eləməsin. Bu isə başqa bir söhbətin mövzusu olduğundan sonraya saxlayırıq.

Bəli, xeyir-bərəkət simvolu, saflıq, güc-qüvvət rəmzi Samur, şübhəsiz, elə bir əhatəli, vacib və gərəkli mövzudur ki, haqqında yazılmış və gələcəkdə yazılacaq gözəl əsərlər həmin çay kimi axarlı, bitib-tükənməz olacaq, o taylı-bu taylı yazarlarımızın ilhamını, romantik hisslərini coşduracaq, xalqlar arasında dostluq, ədəbi-mədəni əlaqələrinin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.

 

Həsən Xasiyev

 

Ədəbiyyat qəzeti  2024.-  1 iyun, ¹20.- S. 24-25