Əzəli
və əbədi missiya
Onun
bir sıra şeirlərini oxumuşdum, poeziyasındakı
özünəməxsusluğa, lakonizmə, qeyri-adi ədəbi
azadlıq ab-havasına bələd idim; xüsusilə,
uşaq poeziyası sehrli səslər, çapar
çağırışlarla qapımı
döymüşdü, hansısa bir yazı
yazılmağını istəmişdi... Dostumuz Aydın
Tağıyev vasitəsi ilə göndərdiyi yeni hekayələr
kitabını ("İlk məhəbbətin
intiqamı", Bakı, "Şirvannəşr", 2024)
birnəfəsə oxudum və yazılmayan yazının
köhnəlməyən köhnə kədəri
duyğularımda yenidən tüstüləndi...
Xaqani,
Nəsimi, Seyid Əzim, Sabir kimi nəhənglər, əlçatmaz,
ünyetməz zirvələr yetirən Şirvan ədəbi
mühitinin çağdaş nümayəndəsi Qəşəm
İsabəylidən, onun bənzərsiz şeiri və nəsrindən,
poeziyası və prozasından danışıram. Günlərin
bir günü rəhmətlik Qabil
yarızarafat-yarıgerçək mənim iş
otağımda ondan söz düşəndə demişdi ki,
"Özünə demə, Qəşəm İsabəyli
balacaların böyük şairidir". Və mən bu
sözləri yaza-yaza onu da düşünürəm ki, az
qala, əlli illik yaradıcılığımda ilk dəfədir
şifahi sitatdan istifadə edirəm.
***
Oyaq
istedad, ciddi ədəbi nəfəs, bulaq kimi qaynar
yaradıcılıq ruhu olan yerdə janrlar texniki vasitədən
başqa bir şey deyil. Qəşəm İsabəylinin
şeirlərini oxuyanda belə
düşünmüşdüm, yeni hekayələr
kitabıyla tanış olanda da eyni duyğuları yaşadım.
Kiçik hekayələrin böyük dünyasında məni
ilk cəlb edən qeyri-adi həyat nəfəsi, birbaşa,
canlı yayımda olduğu kimi redaktəsiz yaşantılar,
diri həyat mənzərələri oldu; sanki həyatın,
saat əqrəbləri kimi irəliləyən zamanın
müəyyən məqamları qayçı ilə kəsilib
parça-parça təqdim olunur; hekayələri oxuduqca
özünü həyatın eniş-yoxuşunda, bəzən
sakit, susqun çöllərində, bəzən qabaran
dalğalarında, bəlalı burulğanlarında hiss edirsən,
bəzən həyatın bu qədər yaxın, bəzən
zamanın əbədiyyət qədər uzaq olduğuna heyrətlənirsən;
əlahəzrət söz duyğuların, düşüncələrin
əlindən tutub gedər-gəlməz yollarla üfüqlərdən-üfüqlərə
çəkib aparır. Hadisəçilik, əhvalatçılıq,
təsvirçilik "azarı"ndan azad olan, bütöv
dialoqlar üstündə qurulan adi mətn qeyri-adi
möcüzələr yaradır, sanki heçdən yaranan,
yoxdan var olan ədəbi cazibə, sənət sehri oxucunu
tilsimləyir. Və qəfildən ədəbiyyatın qadir
qüdrətinə qərq olursan, ruhunda sənətin qələbə
sevincləri sayrışır...
Qabildən
gətirdiyim şifahi sitat yenidən yadıma düşür
və bu yazını oxuyacaq möhtərəm oxucuların
qulağına pıçıldayıram ki, özü bilməsin,
Qəşəm İsabəyli kiçik şeirlərində
olduğu kimi, kiçik hekayələrində də ədəbi
qələbələr sahibidir.
İki-üç
səhifəlik "Ehtiras" hekayəsi, az qala, bir
romanın yükünü təqdim edir. Narkotik alverçisi,
qayda-qanun gözətçisi, prokuror, azadlığa can atan həyat
eşqi, zalım, zülümkar pul, vasitəyə dönən
bacı, qadın, namus alveri... Və həyatın
bütün bu dəhşətli mənzərələrini
sözün, sənətin qiyam qapısında məhşər
ayağına çəkən soyuqqanlı sənətkar
mövqeyi; nə ağlaşma, nə zəmanədən
şikayət, nə qan-qadalı qarğış
ritorikası, nə vətənpərvərlik pafosuna
bürünmüş çağırışlar
burulğanı; son abzasda ölçü-biçi, mizan-tərəzi
işə düşür, həyatın ahəngdar ritmi bərpa
olunur, ədəbi həqiqət həyat həqiqətinə əsil
mənzərəni təqdim və
təlqin edir, oxucunu qəflət yuxularından oyadır, əzəli
və əbədi harmoniyaya səsləyir. Oxucu görür,
duyur və qəbul edir ki, həyatın azadlıq kabinetində
oturan, narkotikdən daha qanlı, pul və namus alverinə
qurşanan prokuror daha dözülməz, daha qada-qanlı
türmə, zəlil zindan sakini imiş; hekayə oxucu qəlbində
bu inam və ümidin sönən,
söndürülən çıraqlarını
yandırır, ruhun əbədiyyət yollarında
sayrışan şəfəqlərdən söz
açır; azadlığın pullu, bərbəzəkli
kabinetlərində yaşanan gerçək,
ömürlük türmə, zavallı zindan həyatı
qara-qışqırıqsız lənətlənir, əsil
azadlıq bərəkətli sükut zəmilərində
sözsüz-sədasız alqışlanır, İnsanı,
Həqiqəti dar ağacına, çarmıxa göndərən
prokuror Ponti Pilatlar sənətin tanrısal məhkəməsində
yenidən məğlub olur və sənət qalib gəlir;
bu, kiçik hekayənin böyük roman
ağırlığında qələbəsidir; bu, bulaq suyu
kimi qaynayıb axan mətn-dialoqun Qəşəm İsabəyli
fenomenidir.
***
"İlk
məhəbbətin intiqamı" kitabının
"Özüm, sözüm, həyatım" adlı
"Ön söz"ündə müəllif yazır:
"40-a yaxın kitabım işıq üzü
görüb...
London,
Moskva, Belarus, Ukrayna, Qırğızıstan və Türkiyədə
jurnallarda əsərlərim çap edilib. Moskvada məşhur
"Murzilka" jurnalında 2 səhifə şeirlərim
verilib.
Həm
uşaq və yeniyetmələr, həm də böyüklər
üçün şeir və nəsr əsərlərimi
eyni həvəslə yazıram".
"Ön
söz"ü oxuyuram, 75 yaşını adlayan istedadlı
şair, nasir, fədakar nəşriyyat xadimi, daim qəlbi vətənlə,
doğma Azərbaycanla bir vuran böyük ziyalı Qəşəm
İsabəylinin zəngin bioqrafiyası ilə daha ətraflı
tanış oluram, onun ciddi ədəbi uğurlarına qəlbən
sevinirəm və elə bu sevincin yanındaca qəfil bir
göynərti ruhumu üşüdür. Dünya Uşaq və
Gənclər Kitabı Şurasının (İsveçrə)
2014-cü ildə verdiyi Andersen Şərəf Diplomu və
"Qızıl Kəlmə" (2015-ci il) mükafatından
başqa, o, heç bir ödül, fəxri ad almayıb.
Əlbəttə, deyə bilərlər ki, fəxri ad,
ödül almaq əsas məsələ deyil, əsası
ciddi uğurlar qazanılması, mənsub olduğun vətənə,
xalqa, dövlətə şərəflə xidmət göstərməkdir.
Bu da düzdür, lakin mənsub olduğun xalqın, dövlətin
təqdirini qazanmaq, ad və ödüllərini almaq da sənətkar
üçün mənəvi stimuldur, fəxarət, ruhi
rahatlıq qaynağıdır...
***
Mənsub
olduğu ədəbi nəslin seçilmiş nümayəndələrindən
olan, uğurlu poeziya və prozası ilə, eləcə də
"Yazıçı", "İşıq",
"Şur", "Şirvannəşr" nəşriyyatlarında
layiqli fəaliyyəti ilə Azərbaycan ədəbiyyatına,
mədəniyyətinə sanballı töhfələr verən
Qəşəm İsabəyli bu gün də ədəbi
işini, naşir missiyasını layiqincə davam etdirir. O,
asta yazan, usta yazan sənətkarlarımızdandır. İstər
nəsrdə, istər şeirdə özünəməxsus ədəbi
üslub, bənzərsiz ədəbi dil sahibidir. Pafosdan,
qışqıran ritorikadan, kosmetik, reklamçı bəzək-düzəkdən
uzaqlığı, lakonik ifadə, realist təsvir, təqdim tərzi
ilə seçilən həmin üslub, ədəbi dil ciddi
elmi, filoloji tədqiqat materialı ola bilər.
Bütövlükdə çağdaş Azərbaycan, eləcə
də ümumtürk ədəbiyyat təhlil və tədqiqatlarında
Qəşəm İsabəyli irsi unudulmamalı, bəlkə
ilk məqamlarda yada salınmalı, monoqrafik
araşdırmalara cəlb edilməlidir. Onun "Ay külək,
nə əsirsən?!", "Cin nağılı",
"Əkil-Bəkil", "Hii... aaa...", "Boz sərçələrlə
Oğrubaşı Qara Pişiyin ölüm-dirim
savaşı", "Ölü bilər, mən bilərəm",
"Leyləyin intiqamı", "Bu şəhər mənə
göz dağı olub", "İlk məhəbbətin
intiqamı" və başqa çoxsaylı kitabları buna haqq verir. Haqlının
haqqını vermək, haqqı olanın haqqını
tanımaq bütün dövrlərin və zamanların ən
ədalətli, ən mərdanə missiyasıdır.
Tale
elə gətirib ki, mənim 2003-cü ildə 928 səhifəlik
"Sükutun sonu" adlı romanlar, povestlər, hekayələr
kitabım Qəşəm İsabəylinin rəhbərlik
etdiyi "Şirvannəşr"də çap olunub.
Böyük alimimiz, professor Yaşar Qarayev "Qalın və
qalan kitab" məqaləsi ilə o kitabı müjdələmişdi.
Təxminən, iyirmi il keçəndən sonra o kitab üstündəki
gərgin əməyinə görə naşir Qəşəm
İsabəyliyə minnətdarlığımı bildirirəm.
Və bu sözləri yaza-yaza mənim özümün də
haqlının haqqını verməkdə iyirmi il gecikdiyimə
qəlbən təəssüflənirəm. Nə etmək
olar, haqlının haqqını vermək və almaq məsələsi
dünya yaranandan, Habil-Qabil savaşından üzü bəri
həmişə aktual olub. Haqq tərəzisinin bir
gözü, adətən əyilib. Bəlkə buna görədir
ki, Adəmdən Xatəmə Allah əmanəti olan söz
qaranlıqdan işığa, əyrilikdən düzlüyə,
haqsızlıqdan haqqa can atıb, insanın qələbəsi
naminə döyüşüb. Bu, ədəbiyyatın əzəli
və əbədi missiyasıdır.
Şabran,
22
may 2024-cü il
Sadıq Elcanlı
Ədəbiyyat qəzeti 2024.- 1 iyun, №20.- S.26.